Dövlət qeydiyyatına alınmışdır


TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ



Yüklə 0,62 Mb.
səhifə2/9
tarix11.04.2018
ölçüsü0,62 Mb.
#37873
1   2   3   4   5   6   7   8   9

TARİF-İXTİSAS XÜSUSİYYƏTLƏRİ
I. RƏHBƏRLƏR İDARƏ, TƏŞKİLAT, MÜƏSSİSƏ RƏHBƏRİ

(BAŞ DİREKTOR, DİREKTOR, MÜDİR, RƏİS)

MÜƏSSİSƏ DİREKTORU
Əmək funksiyası. Müəssisəyə rəhbərlik edir. Onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır. Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir.

İstehsalat vahidləri, sex və başqa struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir. Onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir.

Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.

Müəssisəni digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil edir.



Bilməlidir: müəssisənin aid olduğu sahənin iqtisadi və sosial inkişafına yönəldilən əsas istiqamətlərini müəyyən edən hökumət qərar və fərmanlarını; yuxarı orqanların və müəssisənin profilinə aid olan digər təşkilatların qərar, sərəncam, əmr və göstərişlərini; müəssisənin və sahənin texniki, iqtisadi və sosial inkişafı perspektivlərini; təsərrüfatçılıq və idarəetmə metodlarını, təsərrüfat müqavilələrinin bağlanılması və yerinə yetirilməsi qaydasını, elm və texnikanın nailiyyətlərini və qabaqcıl müəssisələrin təcrübəsini; iqtisadiyyatın, istehsalın, əməyin təşkili və idarə olunmasını; qanunvericiliyin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali təhsil və müəssisənin fəaliyyətinə uyğun olan sahələrdə rəhbər vəzifədə 5 ildən az olmayaraq iş stajı.

18-ci dərəcə: I qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;

17-ci dərəcə: II qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;

16-cı dərəcə: III qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;

15-ci dərəcə: IV qrup müəssisə rəhbərinin vəzifə borcunu yerinə yetirdikdə;

14-10-cu dərəcələr: Müvafiq olaraq daha aşağı qrupa aid edilən müəssisə, idarə, təşkilat rəhbərinin vəzifə borclarını yerinə yetirdikdə.



Qeyd: Birliyin (istehsalat birliyinin) baş direktorunun əməyin ödəniş dərəcəsi həmin birliyin tərkibinə daxil olan müəssisələrin direktorlarının əməyinin ödəniş dərəcəsindən bir dərəcə yuxarı təyin edilir.

BAŞ MÜTƏXƏSSİSLƏR BAŞ İQTİSADÇI

Əmək funksiyası. Müəssisənin iqtisadi fəaliyyətinin təşkili və təkmilləşdirilməsini həyata keçirir. İqtisadi anlayış, nəzəriyyə və operativ metodların təkmilləşdirilməsi və inkişafı üzrə tədqiqatlar aparır. Müəssisənin bütün bölmələrinin iqtisadi və sosial inkişafının perspektiv planlarının tərtibinə metodiki rəhbərlik edir və fəaliyyətini əlaqələndirir.

Müəssisənin təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət olunmasına təminat yaradır. Müəssisənin iqtisadi cavabdehliyini, təsərrüfat müstəqilliyini, əmək məhsuldarlığını artıra bilən tədbirlər hazırlayır.

Müəssisənin istehsalat təsərrüfat fəaliyyətini, iqtisadi təhlili və yekununa qiymət verilməsi işini təşkil edir.

İqtisadiyyat elminin nailiyyətlərinin praktikada tərtib edilməsi üçün tədbirlər görür.

İqtisadi hesablamalar apararaq yeni texnikanın və texnologiyanın tətbiqi üzrə, istehsalatın, əməyin və idarəetmənin yeni növ məhsulun yaranması və mənimsənilməsi, səmərələşdirici təkliflərin və elmi kəşflərin tətbiqinin effektivliyini araşdırır. Müəssisənin iqtisadi göstəriciləri ilə başqa müəssisələrin göstəricilərinin müqayisəli təhlilini aparır, iqtisadı sahədə qabaqcıl təcrübəni tətbiq etməyə rəhbərlik edir. Müəssisənin iqtisadi göstəricilərinin yaxşılaşdırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edir. Müəssisənin iqtisadi fəaliyyətinin yekunları barədə hesabatın yuxarı təşkilatlara vaxtında verilməsinə nəzarət edir, Müəssisənin iqtisadi işlə məşğul olan struktur bölmələrinə rəhbərlik edir, istehsalatın idarə olunmasına iqtisadi cəhətdən məqsədəuyğun qərarların tətbiqinə təsir göstərir.

Bilməlidir: sahənin inkişafını istiqamətləndirən hökumət qərarlarını və qətnamələrini, yuxarı təşkilatların qərar, əmr və sərəncamlarını, digər rəhbər, metodiki və normativ materialları; müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü, texniki və iqtisadi inkişafın perspektivlərini; proqnozlaşdırma işinin təşkili, formaları və metodlarını; material, əmək və maliyyə sərfinin normativlərinin işlənməsi qaydasını; təsərrüfat müqavilələrinin bağlanması qaydalarını; elm və texnikanın nailiyyətlərini, müəssisələrin iqtisadiyyat sahəsindəki qabaqcıl təcrübələrini; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali iqtisadi və ya mühəndis iqtisadi təhsil və müəssisənin profilinə uyğun rəhbər və iqtisadi vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

BAŞ MÜHƏNDİS

Əmək funksiyası. Müəssisənin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir.

İstehsalatın texniki hazırlıq səviyyəsinin vaxtaşırı yüksəldilməsini, onun səmərəliliyinin artırılmasını, məhsul istehsalına və işlərə (xidmətlərə) maddi, maliyyə və əmək sərfinin azaldılmasını, istehsal fondlarından və bütün ehtiyatlardan səmərəli istifadə edilməsini təmin edir. Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir.

Elm və texnikanın müasir nailiyyətlərini, patent tədqiqatlara, həmçinin qabaqcıl təcrübələrə əsaslanaraq buraxılan məhsulun assortimentinin yaxşılaşdırılması, yeniləşməsi, prinsipcə yeni növ məhsul, texnika və texnologiya yaradılması, istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə işləri təşkil edir. Layihə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət edir.

Texniki sənədləşmənin vaxtında hazır olmasını təmin edir. Sənədlərin patentləşdirməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.

Elmi-tədqiqat, layihə təşkilatları və ali təhsil müəssisələri ilə yeni texnika və texnologiyanın işlənib hazırlanması, müəssisələrin yenidən qurulması, avadanlıqların yeniləşdirilməsi, istehsal proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələrin işlənib hazırlanması üzrə müqavilələr bağlayır, onların işlənməsinə və tətbiq edilməsinə nəzarət edir. Müəssisənin texniki xidmət işçilərinə rəhbərlik edir. Elmi tədqiqatların və eksperimentləri, yeni texnika və texnologiyanın sınaqdan keçirilməsini, elmi-texniki informasiyanı, təbliğatı, səmərələşdirici təklifləri və kəşfləri, qabaqcıl istehsalat təcrübəsini və yaradıcı təklifləri istiqamətləndirir. Elmi texniki qərarların (tapşırıqların) tətbiq edilməsi üzrə işin vacibliyini müdafiə edir, sənədlərin patentləşməyə hazırlanması və lisenziya alınması işlərini təşkil edir.

Müəssisənin texniki xidmətinə rəhbərlik edir, onların işlərini, əmək və istehsalat intizamını nəzarət altında saxlayır.



Bilməlidir: işlədiyi sahəyə aid olan hökumətin qərar və qətnamələrini, yuxarı təşkilatların qərar, göstəriş, əmr və digər rəhbər və normativ sənədlərini, müəssisənin ixtisas və spesifik xüsusiyyətlərini, sahə və müəssisənin iqtisadi, texniki və sosial perspektivlərini, məhsul istehsalının texnologiyasını, təsərrüfatçılıq və idarəetmə metodlarını; təsərrüfat müqavilələrinin bağlanması və icra edilməsi qaydalarını; qabaqcıl təcrübələri, elm və texnikanın nailiyyətlərini; istehsalın və idarəetmənin əsaslarını, əməyin, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali-texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

BAŞ TEXHOLOQ

Əmək funksiyası. Mütərəqqi, iqtisadi cəhətdən əsaslandırılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlayır. İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını, xammala, materiala, əmək sərfinə qənaət, məhsulun, işlərin (xidmətlərin) keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil edir.

Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnoloji sənədləşdirmənin hazırlanması, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin onlarla təmin edilməsinə nəzarət edir.

Məmulatların hazırlanması, elm və texnikanın nailiyyətlərinin, mütərəqqi texnologiyanın tətbiqi, texnoloji sistemlərin layihələşdirilməsi, istehsalatın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması, qeyri-standart avadanlığın, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edir.

Müəssisələrin yenidən qurulması, yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması, istehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir.

Yeni maşın və mexanizmlərin, mexanikləşdirmə və avtomatlaşdırmanın istehsalata tətbiqi və sınaq işlərində, sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.

Texnoloji şöbənin işçilərinə rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir.



Bilməlidir: yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, istehsalın texnoloji hazırlığı üzrə metodiki və normativ materialları; müəssisənin spesifik xüsusiyyətlərini, istehsal gücünü və iş rejimini; maşın və mexanizmlərin istismar qaydalarını; xammala, materiala və hazır məhsula qoyulan texniki tələbləri; texniki sənədləşdirmənin aparılması və hazırlanması üzrə əsasnamə, təlimat və başqa rəhbər materialları; yeni texnikanın və texnologiyanın tətbiqinin iqtisadi səmərəliliyinin müəyyən edilməsi metodlarını, elm və texnikanın nailiyyətlərini, eyni tipli məhsul buraxan sahələrin qabaqcıl təcrübələrini; iqtisadiyyatın, istehsalın, əməyin və idarəetmənin əsaslarını; əmək qanunvericiliyini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texnoloji və ya mühəndis-texnoloji təhsil və müəssisənin profilinə uyğun rəhbər və texnoloq vəzifələrində 5 ildən az olmayaraq iş stajı.
BAŞ MEXANİK

Əmək funksiyası. Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir.

Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak edir.

Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsinə rəhbərlik edir. Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil edir. Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edir və onların təmirini növbələşdirir.

Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi, bina və qurğuların yenidən qurulmasında iştirak edir.

Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir.

Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflərə rəy verir, onların tətbiqinə kömək edir. Şöbənin işçilərinə, avadanlıq, bina və qurğulara təmir xidməti göstərən işçilərə rəhbərlik edir.



Bilməlidir: yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları; müəssisənin spesifik xüsusiyyətlərini, onun inkişaf perspektivlərini; müəssisədə təmir xidmətinin təşkilini; avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını; defektlər üzrə cədvəl, pasport, ehtiyat hissələrinin rəsmi albomunu; təlimatların tərtib edilmə qaydasını; avadanlığın təmirdən sonra qəbul və təhvil verilmə qaydasını; iqtisadiyyatın əsaslarını, əməyin elmi təşkili tələblərini, istehsalatın, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş stajı.

BAŞ KONSTRUKTOR

Əmək funksiyası. İstehsalatın fəaliyyətdə olan konstruksiya məmulatlarının (kompleks, maşın, aparat, cihaz və mexanizmlər) modernləşdirilməsinə və yeniliklərin yaradılmasına rəhbərlik edir, onların yüksək texniki səviyyəsini, müasir elm və texnikaya, texniki estetikaya və daha səmərəli texnologiyaya uyğunlaşdırılmasını təmin edir,

İstehsalatda perspektiv konstruktor layihələrini qəbul edir; yeni materialların, elm və texnikanın geniş tətbiqi üzrə tədbirlər görür.

Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını, qeyri-standart avadanlıqların, obyektlərin yenidən qurulması üzrə, istehsalatın avtomatlaşdırılması və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işləri təşkil edir.

Yeni və modernləşdirilmiş konstruksiyaların texniki tapşırıqlara, standartlara, əməyin elmi təşkilinin tələblərinə, əmək təhlükəsizliyi normalarına uyğun olmasını təmin edir və onların yerinə yetirilməsinə nəzarət edir.

Sifarişçilərlə birlikdə layihələşdirmə üzrə texniki tapşırıqların işlənib hazırlanmasını; eskiz, texniki və işçi layihələrin müvafiq qaydada müdafiə edilməsini, yuxarı təşkilatlarla razılaşdırılmasını və təsdiqə təqdim edilməsini həyata keçirir.

Avtomatlaşdırılmış layihə sisteminin tətbiqini təşkil edir.

Sınaq üçün nümunələr hazırlanmasını, onların eksperiment yoxlanışın, ilk sənaye buraxılışını təşkil edir, maya dəyərinin, əmək tutumunun və material tutumunun azaldılmasını təmin edir.

Yeni konstruksiyaların qurulması, sınağı, işə salınmasında iştirak edir. Məmulatların hazırlanması və istismarı üzrə müəllif nəzarətini həyata keçirir. Kəşflərə və səmərələşdirici təkliflərə baxıb, rəy verir. Şöbənin işçilərinə rəhbərlik edir, ona tabe olan bölmələrin fəaliyyətini istiqamətləndirir və əlaqələndirir.



Bilməlidir: yuxarı təşkilatların əmr, göstəriş, qərarlarını və istehsalatın konstruktor hazırlığında digər metodiki və normativ materialları; müəssisə strukturunun xüsusiyyətlərini və ixtisaslaşdırılmasını, sahə və müəssisənin texniki perspektivlərini; müəssisənin məhsul istehsalı texnologiyasını; layihələşdirmənin sistem və metodlarını; sahədə, müəssisədə konstruktor hazırlığının təşkilini; avadanlıqların istehsal güclərini, iş rejimini, texniki, konstruktiv xüsusiyyətlərini, istismar qaydalarını; texniki hesabların, texniki estetikanın bədii konstruktiv hazırlıq və erqonomikanın əsaslarını; standartları, konstruksiya sənədləşdirilməsinin tərtibi üzrə digər materialları; standartlaşdırılmanın və patentləşdirilmənin əsaslarını, hesablama işlərinin mexanikləşdirilmə vasitələrini; konstruksiya sənədlərinin surətinin çıxarılması və çoxaldılması işlərini; əməyin təşkilini, elm və texnikanın nailiyyətlərini, qabaqcıl təcrübələri; iqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin təşkili, əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: ali texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə kostruktor işi üzrə 5 ildən az olmayaraq iş stajı.

BAŞ MÜHASİB

Əmək funksiyası. Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil edir. Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib edir.

İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.

Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görür. Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edir.

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik edir.

Bilməlidir: yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini; müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını; müəssisənin strukturunu, onun prespektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesablarının forma və qaydalarını; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını; pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını; yoxlanış və sənədli təftişin qaydalarını; müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi; təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı.

Bütün adlardan olan baş mütəxəssislərin ödəniş dərəcələrinə olan tələblər:

13-cü dərəcə: IV qrup müəssisədə baş mütəxəssis vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: III qrup müəssisədə baş mütəxəssis və IV qrup müəssisədə baş mühəndis, baş mühasib vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: II qrup müəssisədə baş mütəxəssis və III qrup müəssisədə baş mühəndis, baş mühasib vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: I qrup müəssisədə baş mütəxəssis və II qrup müəssisədə baş mühəndis, baş mühasib vəzifəsini yerinə yetirdikdə;

17-ci dərəcə: I qrup müəssisədə baş mühəndis, baş mühasib vəzifəsini yerinə yetirdikdə.



MENECER (BAŞ MENECER DƏ DAXİL OLMAQLA)

Əmək funksiyası. Müəssisənin müəyyən fəaliyyət sahəsi üzrə işləri təşkil edir. İşəgötürənin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işləri yerinə yetirir. İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edir. Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsini təşkil edir. Rəhbərlik etdiyi fəaliyyət sahəsinin struktur bölmələri və ya işçiləri arasında iş bölgüsünü aparır. Həmin bölmələrin rəhbərləri ilə birgə sahənin fəaliyyət dairəsinə aid olan məsələləri müzakirə edir, onların həll edilməsi üçün tapşırıqlar verir. Sahənin işinin təşkili üçün zəruri olan kadrları seçir və əmək müqaviləsi bağlanılmaq üçün rəhbərliyə təqdim edir. Struktur bölmələrin işinə nəzarət edir. Onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrini tələb edir. Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsini tələb edir. Tabeliyində olan işçilərin əmək haqlarının artırılması və vəzifədə irəli çəkilməsi, eləcə də zəruri hallarda onlara intizam tənbehinin verilməsi barədə rəhbərliyə təqdimatlar verir.

Bilməlidir: rəhbərlik etdiyi sahənin fəaliyyətini tənzimləyən normativ aktları və rəhbərliyin əmr, qərar və sərəncamlarını; iqtisadiyyatın, idarəetmənin, əmək qanunvericiliyinin, marketinqin əsaslarını; rəhbərlik etdiyi sahənin işçilərinin əməyinin ödənilməsi sistemini; rəhbərlik etdiyi sahənin istehsal texnologiyasını; respublikanın və xarici ölkələrin aidiyyəti sahə üzrə qabaqcıl təcrübəsini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri: müvafiq sahə üzrə ali ixtisas təhsili və müvafiq iş üzrə 5 ildən az olmayaraq iş təcrübəsi;

13-cü dərəcə: IV qrup müəssisədə menecer vəzifəsini yerinə yetirdikdə;

14-cü dərəcə: III qrup müəssisədə menecer vəzifəsini yerinə yetirdikdə;

15-ci dərəcə: II qrup müəssisədə menecer vəzifəsini yerinə yetirdikdə;

16-cı dərəcə: I qrup müəssisədə menecer (və ya baş menecer) vəzifəsini yerinə yetirdikdə.
ŞÖBƏ RƏİSİ (MÜDİRİ)

Əmək funksiyası. (əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi timsalında əsas şöbə kimi) Əməyin təşkili və istehsalatın idarəetmə, əmək haqqının forma və sistemlərinin təkmilləşdirilməsi, müəssisənin işçilərinin maddi və mənəvi həvəsləndirilməsi üzrə işlərin yerinə yetirilməsini təmin edir. Əmək və əmək haqqı üzrə əməyin elmi təşkili bölmələrinin, idarə aparatının saxlanılması üzrə xərclər smetası və məhsulun maya dəyərinin aşağı salınması üzrə perspektiv və illik planların hazırlanmasına rəhbərlik edir. Əməyin ödənilməsinin maddi və mənəvi həvəsləndirilməsinin fəaliyyətdə olan forma və sistemlərini təhlil edir, onların təkmilləşdirilməsi üzrə tədbirlər işləyib hazırlayır. İstehsal proseslərini, əməyin təşkili və əmək şəraitinin öyrənilməsi, əmək məhsuldarlığının artım ehtiyatlarının aşkar edilməsi işlərinə rəhbərlik edir. İş vaxtından istifadənin yaxşılaşdırılması, əməyin fənd və metodlarından istifadə, ağır, fiziki əməyin aradan qaldırılması, iş şəraitinin yaxşılaşdırılması və əməyin elmi təşkilinin bütün istiqamətlərindən istifadə edilməsi işlərini təşkil edir. Əməyin normalaşdırılması, normalara vaxtında yenidən baxılması, texniki əsaslandırılmış normaların tətbiq edilməsi, iş yerlərinin attestasiyası işlərini təşkil edir.

İdarənin struktur bölmələrinin təkmilləşdirilməsi, rəhbər işçilərin və qulluqçuların əməyinin təşkili və ödənilməsi, ştat cədvəli, müəssisələrin struktur bölmələri üzrə əsasnamələrin və təlimatların işlənib hazırlanması üzrə iş aparır.

Əmək haqqı fondundan səmərəli istifadə edilməsinə nəzarəti təşkil edir, istehsalın idarə edilməsi üzrə təkliflər hazırlayır. Müəssisənin genişləndirilməsi və yenidən qurulması layihələrində əməyin elmi təşkili və istehsalatın idarəetmə məsələlərinin həllində iştirak edir. Müəssisənin müvafiq bölmələri, həmkarlar təşkilatı və əmək kollektivi ilə birlikdə istehlak fondundan istifadə smetasının layihəsini, onun xərclənməsi istiqamətlərini, Kollektiv müqaviləni, yuxarı təşkilatların əmək sahəsində qərar və sərəncamlarına riayət olunmasına nəzarət edir, əmək göstəricilərinin uçotunu və statistik hesabatların tərtib olunmasını təmin edir, şöbənin işçilərinə rəhbərlik edir, onların fəaliyyətini istiqamətləndirir və əlaqələndirir, müəssisənin bütün bölmələrinə əməyin təşkili və onun ödənilməsi məsələləri üzrə metodiki köməklik göstərir.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə