Dumanlı dağlar (kino-pritça)



Yüklə 164,97 Kb.
tarix26.10.2017
ölçüsü164,97 Kb.


Akif ƏLİ


Dumanlı dağlar

(kino-pritça)

1) Ən müqəddəs mübarizə – Azadlıq uğrunda mübarizədir.

2) ...Şərin təcavüzü getdikcə şiddətlənir və genişlənirdi.

Daha Tanrı Türkü İblisdən qoruya bilmirdi.

Türk indi özü özünü qorumalı idi...

...Zil qaranlıq.

Qara fonda ağ əllər nə isə axtarırdı.

Birdən əllər harasa toxunub dayandı. Döşəmənin ən uzaq küncündə yerə düzülmüş keramik plitələrdən birinin ətrafını dırnaqları ilə qazmağa başladı. Üstdəki plitəni çıxardıb kənara sürüşdürdü. Bir əl plitənin çıxdığı qaranlıq çökəyin içərisinə doğru uzandı, döşəmənin altında görünməz oldu.

Sonra əl çökəklikdən çıxdı və özü ilə nəyisə çəkib gətirdi. Döşəmənin altından çıxartdığı bükülünü ehtiyatla açdı.

Mahud parçanın arasında üstü gümüşü naxışlı qədim bir xəncər vardı.

Əllər xəncərin naxışlarında bir-bir gəzdi, oxşadı, xəncərə sığal çəkdi, xəncəri iki ovcunda bərk-bərk sıxdı, dartıb qınından çıxartdı... Xəncər par-par parıldadı. Barmaqlar ehmalca qədim xəncərin tiyəsinin itiliyini yoxladı.

Nəhayət, əllər xəncəri büküb bir kənara qoydu və əvvəlki ehtiyatla keramik plitəni yerinə sürüşdürdü. Bərkidəndən sonra döşəmədəki kilimlə üstünü örtdü. Mahuda bükülü qədim gümüşü xəncəri götürüb qaranlıqdan çıxdı...

***
...Füsunkar gözəllər və gözəlliklər diyarı Qarabağ.

Başı dumanlı uca dağlardan şığıyıb gələn göz yaşı kimi dumduru, saf sulu ensiz çay aşağılarda nazlana-nazlana sakitcə axıb gedir, meşəliyin, kolluğun, çəmənliyin bir-birinə qovuşduğu yol ayrıcına çıxırdı.

Burada qovuşan yolların hər biri bir istiqamətdən dolanıb keçsə də, sonucda hamısı yolçunu qədim gözəl bir şəhərə aparıb çıxarırdı.


...Dostlar yol ayrıcına çatıb dayandılar. Kədərlə bir-birlərinə baxdılar. Gənclərin üçü də ciddi və kədərli idi.

Bəstəboy, sarışın, eynəkli oğlan çiyninə aşırdığı səfər çantasından balaca bir bükülü çıxartdı. Bu - üçrəngli Azərbaycan bayrağı idi. Uca boylu, qaraqaş, qaragöz, zəhmli dəstə başçısı bayrağı alıb dodaqlarına yaxınlaşdırdı. Onu öpüb Qıza verdi. Qız da bayrağı hörmətlə öpüb yenidən bayraqdara - bəstəboy, sarışın, eynəkli oğlana qaytardı.

Bayraqdar çox da böyük olmayan bayrağı səliqə ilə büküb iti addımlarla yol kənarındakı iri gövdəli qocaman palıd ağacına tərəf getdi. Bayrağı palıdın gövdəsində olan dar koğuşa qoydu. Sonra əli ilə onu dərinə itələyib bərk-bərk gizlətdi və dostlarının yanına qayıtdı.

Onlar yenə üz-üzə dayanıb sanki son dəfə bir-birlərinə baxdılar.

Sükutu dəstə başçısı pozdu. O, çiynindəki xaki rəngli əsgər çantasını sahmanlayıb uşaqları uğurlayırmış kimi “Ya Allah!” deyərək sərt hərəkətlə dönüb meşəyə tərəf getdi. Başçı bir an sonra ağacların arxasında görünməz oldu.

Ondan sonra sarışın, eynəkli Bayraqdar qətiyyətli addımlarla çay boyu uzanan yılğın kollarının arasına girib gözdən itdi.

Qəmli baxışlı zərif qızcığaz bir müddət yerində qalıb oğlanların arxasınca baxdı. Sonra o da yavaş-yavaş ensiz cığırla şəhərə doğru yollandı.
Uzaqlardan radio səsi gəlirdi. Xan əminin yanıqlı nəğməsi külli-Qarabağın üzərində dolaşırdı...
Şuşanın dağları başı dumanlı,

Qırmızı qoftalı, yaşıl tumanlı,

Dərdindən ölməyə çoxdur gümanlı...

Ay qız, bu nə qaş-göz, bu nə tel?

Ölərəm dərdindən, onu bil,

Danışmasan da, balam, barı gül...
***
Otaq.

Hər tərəf dağınıq, tör-töküntü içindədir.

...Azadə dizin-dizin geriyə sürünərək çarpayının altından çıxdı. Ayağa qalxıb əlindəki balaca qara çantanı stolun üstünə qoydu. Üz-gözünə tökülmüş şəvə saçlarını qolu ilə geri itələdi, üst-başını çırpıb təmizlədi, əynindəki göy güllü çit donun yaxasını səliqəyə saldı. Pəncərəyə yaxınlaşıb pərdəni azacıq araladı. Koppuş dodaqlarını bir-birinə sıxıb ilahidən sürmə çəkilmiş qara gözləri ilə diqqətlə küçəni nəzərdən keçirtdi. Sakitlik idi. Qız pəncərənin pərdəsini örtüb yan otağa keçdi.

Yolüstü şifonerin açıq qapısını itələyib örtmək istəyəndə gözü qapıdakı bədənnüma güzgüyə sataşdı. Ayaq saxladı. Özünə baxdı. Çarpayının altında pörtüb qızarması sanki qızın cazibədarlığını daha da artırmışdı. Onun təbiətdən sürməli gözlərinə dərin kədər çökmüş, sifətində yaşına uyğun olmayan bir ciddilik, ötkəmlik və məğrurluq yaranmışdı.

Azadə bir anlıq hər şeyi unudub diqqətlə üzünü, gözünü, bədənini süzdü. Əlini belinə qoyub güzgünün qabağında nazla o tərəf-bu tərəfə fırlandı. Donunun yaxasına, qoluna, ətəyinə sığal çəkdi...

Ancaq birdən-birə özü-özündən utanıb güzgüdən gizləndi. Cəld yan otağa keçdi. Hirsli-hirsli əynindəki güllü donunu sıyırıb başından çıxartdı, çarpayının üstünə atdı. Sonra alt köynəyini, corablarını da soyunub tulladı.

Və qız daha da gözəlləşdi...

***


Yan otaqdan çıxanda o artıq tamam başqa qiyafədə idi, əynində oğlan paltarları vardı: cins şalvar, uzunqol kişi köynəyi və kurtka; ayağına yüngül idman ayaqqabısı geyinmişdi. Qız indi daha çox içəri otaqda divardan asılmış ailəvi fotoşəkildəki oğlana oxşayırdı.

Qəribə idi ki, oğlan paltarları Azadəni daha da cazibədar göstərirdi. Sanki sadə çit donun altında gizlənmiş incə bədəninin füsunkarlığı kişi geyimində, şalvar-köynəkdə daha qabarıq nəzərə çarpırdı. Sifəti daim kədərli, baxışları qəmli, gözləri hüznlü olsa da, hərəkətlərində və davranışında bir qıvraqlıq, qətiyyət, qürur vardı.

Qız darağı götürüb pırtlaşıq saçlarının dolaşığını açmaq istədi. Ancaq bir-iki cəhddən sonra bu işin çox uzun çəkəcəyini görüb hövsələsizliklə darağı atdı, qapının arxasından tünd göy rəngli oğlan kepkasını götürüb başına keçirtdi. Saçlarını alta yığıb kepkanı gözünün üstünə çəkdi.

Yan otağın qapısında durub çarpayının baş tərəfində asılmış ailəvi fotoşəkilə baxdı. Böyüdülüb taxta çərçivəyə salınmış fotoşəkildə hamısı bir yerdə idi: Atası, Anası, Qardaşı və Azadə özü. Qız bir xeyli bu yadigar şəkilə baxdı. Ötən xoş günlərin həyəcanı onu kövrəltdi, gözləri doldu... Amma tez də özünü ələ alıb başın yana çevirdi. Hirslə stolun üstündəki qara çantanı götürüb çiyninə keçirtdi. Son dəfəymiş kimi bir daha tör-töküntülü, darmadağın edilmiş otağa göz gəzdirdi. Başını buladı. Dərindən köks ötürüb iti addımlarla çıxdı. Dəhlizdəki balaca taxta qapını açıb pilləkənlərlə aşağı endi.


***
Yarıqaranlıq zirzəmi.

Uzaq küncdə zəif-zəif çıraq şölələnir. İçəridə ağır, əslində ölü bir sükut var.

Ortalıqda yerə salınmış köhnə palazın üstündə kimsə uzanıb. Üzü örtülüdür. Zirzəminin ölü sükutunu arabir eşidilən zəif pıçıltı və inilti səsləri pozur.

Azadə pilləkənlərlə zirzəmiyə enib yerdə uzanmış adama yaxınlaşdı. Qara çantasını çiynindən yerə qoyub dizi üstə çökdü. Əlini astaca uzadıb adamın üzünə çəkilmiş yaşıl ipək yaylığı qaldırdı.

Bu – içəri otaqda divardan asılmış ailəvi fotoşəkildəki həmin oğlan idi: Azadənin qardaşı Azad.

O, yerdə uzanıb sanki yatırdı. Solğun bənizində, boyun-boğazında, bir-birinə sıxılmış nazik dodaqlarının arasında qan laxtaları qurumuşdu. Alnında, gözlərinin altında, çənəsində, sinəsində, əllərinin üstündə qan ləkələri vardı. Hər yeri qan-qançır, partlaq-partlaq idi...

Qız barmaqları ilə astaca qardaşının donuq sifətinə, yumulu gözlərinə, sıxılı dodaqlarına toxundu, dağınıq saçlarını oxşadı. Sanki ona təsəlli verirmiş kimi: “Can qardaş!”- dedi. Və nəyisə yadına salıb fikrə getdi...
***
Yaddaş axarında:

...Azadın bədəninə dalbadal təpik zərbələri dəyirdi.



Bir dəstə hərbi geyimli adam onu yumruqla, təpiklə, “kalaşnikov”un qundağı ilə vurur, ermənicə söyür, isterika içində qışqırırdılar: “Ara, Turkes, Karabax naş! Naş! Naş!”

Zərbələr Azadın başına, sifətinə, çənəsinə dəyirdi, üz-gözünü partladırdı. Oğlan büsbütün qan içində idi. Vuranlar çox olduğundan o nə müqavimət göstərə bilir, nə də düşdüyü dairədən çıxıb qurtula bilirdi.

Bu hadisəni uzaqdan, gizləndiyi yerdən müşahidə edən Azadənin az qalırdı ürəyi partlasın, gözləri böyüyüb hədəqəsindən çıxsın. O həm əsəbdən, həm qəzəbdən, həm də qorxudan tir-tir əsirdi.

Qız daha qardaşına verilən işgəncələrə dözə bilməyib gözlərini yumdu...”
***
Zirzəmi.

Gözləri yumulu qeyri-ixtiyari barmaqlarını öz sinəsində, boyun-boğazında gəzdirə-gəzdirə qardaşının faciəsinə yanan, ağı deyən, için-için ağlayan Azadə titrəyib xəyaldan ayıldı, bu dəfə and içirmiş kimi: “Can qardaş!” – dedi, dərindən ah çəkdi, gözlərini açdı, amma daha qardaşına baxa bilməyib yaşıl güllü ipək yaylığı onun sifətinə çəkdi. Meyidin üstünü örtüb uzaq küncə sarı baxdı, astaca: “Ata... Ata!...” – pıçıldadı və bir müddət gözlədi. Ancaq hay gəlmədi.

Qaranlıqdan yalnız dua pıçıltıları eşidildi.

Qız astadan sanki öz-özünə: “... Sabah gedərik...” - deyib çantasını yerdən götürdü, yorğun-arğın qalxıb yenə pilləkənlərlə yuxarı çıxdı...


Zirzəmidə köhnə palaz üstündə uzadılmış Azadın nəşi, bir də uzaq küncdəki çırağın yanında əyləşib başını divara söykəyərək dua oxuyan qoca Ata qaldı.

Qocanın solğun sifətində çarəsizlikdən doğan bir qorxu hissi donmuşdu və o yəqin ki, sifətindəki elə bu iztirablı ifadələrlə də tezliklə bu dünyadan köçüb gedəcəkdi. Qoca, xəstə Ata bu dərdlə çox yaşaya bilməzdi. Onun büzüşmüş gözlərinin dərinliyində sezilən ağrılı ifadələrdə açıq-aydın bir nifrət vardı. İlk növbədə özünə qarşı nifrət: “İlahi, mən niyə bu qədər kimsəsizəm! Niyə bu qədər köməksizəm, İlahi!”


...Azadə zəif inilti və dua pıçıltılarını yarıqaranlıq zirzəmidə qoyub arxasınca ağır taxta qapını örtəndə zirzəmidəki yeganə işıq şöləsi də ləngər vurub söndü.

Qocanın arxadan iniltili səslə nəsə dediyi eşidilməz oldu.

Və qaranlığa səssizlik çökdü...

***
Gecə idi.

Şəhərin küçələri kimsəsiz, bomboş.

Mərmi zərbələrindən uçulub dağılmış, alovun yandırıb qarsdığı evlərin qara-qara siluetləri fantastik görüntülər yaradır, gecənin bağrında dəhşətli vahimələr oyadırdı.

Göydə milyonlarla ulduz sayrışırdı. Bu dağ şəhərində səma nə qədər dərin-dibsiz idi və burada səma necə də yerə yaxın idi!

Qaranlıqda silueti sezilən uçuq şəhər məscidinin cüt minarələri sanki imdad diləyən çarəsiz adamların Allaha doğru uzanmış qolları idi ulduzlu səmaya ucalırdı.

Sirlərlə dolu yuxarılardan, üst qatlardan zülmət içində kimsəsiz qalmış bu nur məmləkətinə yalnız Ay və Ulduz səssiz-səssiz işıq payı axıdırdı. Ay da, Ulduz da qaranlıq gecədə pırıl-pırıl yanır, yanır, yanırdı...
***

Azadə zirzəmidən çıxıb həyətdəki kolluğun arası ilə hasara tərəf getdi, taxtaların arasından küçəyə baxdı. Tam sakitlik idi.

Qız ehmalca çəpərin boşluğundan sivişib küçəyə çıxdı. Addımlarını ölçə-ölçə divarın dibi ilə qaranlıq küçə boyunca irəlilədi. Fikirli olmasına baxmayaraq sayıqlığını əldən verməməyə çalışırdı. Tez-tez o tərəf-bu tərəfə boylanır, evlərə, həyətlərə, mağazaların sınıq vitrinlərinə, əyilmiş işıq dirəklərinə, üstündən tank keçmiş uşaq arabasına, küçələrdə atılıb qalmış əzik-üzük maşınlara, yanmış, güllələnmiş ağaclara baxa-baxa irəliləyirdi. Hər an qulağı səsdə, gözü yolda idi...

O bu yolla əvvəllər məktəbə gedərdi. Sonra bazara-dükana, sonra iş yerinə... sonra... sonra... İndi bu qədər acınacaqlı görkəmə düşmüş bu yol onun sevimli şəhərindəki ən gözəl küçələrdən biri idi. Ən yaraşıqlı, ən abad, ən ağaclı, kölgəli, gül-çiçəkli, gözəl evləri, yaraşıqlı binaları, dükanları olan küçə idi bu küçə...

Xəyalından ötüb keçənlər qızı kövrəldir, qəhərləndirir, gözlərini yaşla doldururdu.
***

Yaddaş axarında:

...Aləm bir-birinə qarışmışdı. Erməni şəhərə girmişdi.



Qaçan qaçır, qalan qalıb döyüşürdü. Erməni əsgərləri bir-bir məhlələri, həyətləri gəzir, adamları güllələyir, əsir götürür, ev-eşiyi dağıdır, talan edirdilər...

Şəhərdə qızğın atışma gedirdi.

Tanklarda, “BTR”-lərdə köməyə gələnlər əsas işi görüb aradan çıxandan sonra arxadan gələn saqqallı erməni quldurları işğal olunmuş məntəqələrdə “təmizləmə” əməliyyatı aparırdılar: dəstə-dəstə məhəllələrə soxulur, həyətlərə girir, evləri gəzir, hər tərəfi darayırdılar. Qarşılarına çıxan kişiləri dərhal güllələyir, qız-qadınları, qocaları, uşaqları qovub tutur, əsir götürür, maşınlara doldurub aparırdılar...

Bir quldur dəstəsi də Azadəgilin həyətinə girmişdi. Onlar “Turkes! Turkes!” deyə bağıra-bağıra həyətdə Azadın arxasınca düşmüşdülər. Cavan oğlan var gücü ilə qaçıb canını qurtarmağa çalışırdı.

Eyvanda əlil arabasında oturmuş xəstə Ata insanın bu dərəcədə vəhşiləşə bildiyindən heyrətə gəlib dəhşət içində oğlunun izlənməsinə baxırdı. Kişi ciddi-cəhdlə oturduğu arabadan qalxıb köməyə atılmaq, oğlunu xilas etmək istəyirdi, ancaq ağır xəstə olduğundan yerindən tərpənə bilmirdi. Var gücü ilə qışqırırdı, amma səsi çıxırdı. O yalnız inildəyə bilirdi. Və indi bu fani dünyada bu xəstə qocadan köməksiz bir kimsənin olmadığını dərk edib daha böyük qəzəblə dartınırdı...”

***


Şəhərin küçələri.

Azadə yaddaşına hopmuş bütün dəhşətli anları dönə-dönə xatırladıqca həm kövrəlir, həm də hiddətlənirdi, hirsindən dişini-dişinə sıxıb daha böyük inadla irəliləyirdi. O gedə-gedə ətrafa baxır, hər xırda səsə, xışıltıya diqqətlə qulaq verirdi.


...Haradansa lap uzaqlardan səs gəldi. Kimsə ucadan danışırdı. Sonra səs get-gedə yaxınlaşdı.

Qız cəld divara qısılıb sakitcə yerə çökdü. Divarın dibi ilə sürünə-sürünə gedib özünü qarşıdakı uçuq evin xarabalığına saldı. Qaranlıqda hara düşdüyünü bilməsə də tərpənmədən beləcə yerində dondu. Ayaqlarını altına yığıb pişik kimi büzüşdü.

Lap yaxınlıqda ağır çəkmə tappıltıları eşidildi. Bir dəstə erməni aylı-ulduzlu gözəl gecənin romantika dolu bu sakitliyində ucadan, lap çox ucadan danışa-danışa gedirdi. Qorxu və həyəcan içində çantasını bərk-bərk sinəsinə sıxmış Azadə onların yalnız səkidən keçən qara, kobud çəkmələrini görürdü.

Bu kobud çəkmələr ürək çəkən bir ağırlıqla nəhayət ki keçib getdi və qara-qura səsləri də özü ilə apardı. Onlar xeyli uzaqlaşsalar da qız tərpənmədən bir müddət gözlədi.

Bu arada küçə boyunca ağır yük maşınları keçib getdi.

Sonra yenə qaranlığa qərq olmuş küçə səssizliyə də qərq oldu və düşmən tapdağında qalan şəhərə yenidən ölüm sükutu çökdü.

Ətrafdakı qaranlığın və sakitliyin içində həyat nişanəsi olaraq təkcə Azadənin ağır-ağır nəfəs alması duyulurdu.
***

Yaddaş axarında:

...Azadə evlərinin arxa həyətə baxan pəncərəsindən eyvana tullandı. Yerə düşəndə ayağı büdrədi, az qaldı yıxılsın. Bu zaman kimsə əlini atıb onun qolundan tutdu, yıxılmağa qoymadı. Azadə diksindi, qorxa-qorxa qəfil qarşısına çıxan adama baxdı. Həyətdəki erməni dəstəsinin başçısı, yüksək rütbəli zabit idi.



Əli tapançalı yekəpər zabit kefi kök halda bir əlini qızın belinə dolayıb özünə tərəf çəkdi. “Axçi, yeksteğ!” Qız çırpınıb çıxmaq istədi, ancaq zabit güclü idi, gülə-gülə qızın belini daha da bərk qucaqladı, özünə sıxıb boynundan öpdü.

Zabitin həyasızlığından ürpənib diksinən Azadə geri dartındı, onu yumruqlamağa başladı. Armen isə sanki qızın bu şıltaqlığından daha da coşdu, əlindəki tapançanı qobura basıb qızı iki əlilə bərk-bərk qucaqladı, boyun-boğazından öpə-öpə əynindəki nazik çit donunu dartışdırmağa başladı.

Azadə nə qədər qışqırıb çabalasa da zabitin cəngindən qurtula bilmirdi.

Həyətdə əsgərlər o tərəf-bu tərəfə qaçır, hindən toyuq-cücəni, tövlədən mal-qaranı qovalayıb çıxarır, evə girib otaqları gəzir, qab-qacağı dağıdır, şkafları töküşdürüb qızıl-gümüş axtarırdılar.

Erməni zabitinin kobud əlləri qızın zərif belini bərk-bərk qucaqlamışdı. O, vəhşicəsinə dartıb Azadənin əynindəki göy güllü çit donun yaxasını cırdı. Qızın döşləri pırtlayıb bayıra çıxdı. Sinəsində nazik qızıl zəncir parladı. Erməni zabiti manyak kimi bu mənzərədən daha da coşdu, vəcdə gəlib sevinclə bağırdı, ucadan nəsə dedi, şaqqanaq çəkib güldü...

Qız isə hey qışqırıb çabalayır, ermənini yumruqlayır, üz-gözünü cırmaqlayırdı. Lakin heç cür canını bu murdarçılıqdan qurtara bilmirdi.

Qızın sakitləşmədiyini görən zabit hirslə qolunu onun boynuna dolayıb özünə sıxdı, ağzını yumub susdurmaq istədi. Zabitin bu vəhşi hərəkətindən xilas yolu axtaran Azadə ani fürsəti qaçırmadı. Sonrakı anda nələr olacağının fərqinə varmadan gözləri hədəqəsindən çıxmış halda ağzını geniş açıb erməninin qolundan yapışdı. Var gücü ilə zabitin qolunu dişlədi və dişlərini sıxdı. O sanki kəlbətinlə nəyisə dartıb qoparırmış kimi gücəndi, qıcandı, bütün hirsini-hikkəsini dişlərinə tökdü...

Armendən qopan vəhşi bağırtı az qala dağı-daşı silkələdi. Zabit ucadan “Vay maaa!!!” deyə böyürərək qızı buraxdı. Vəhşinin əlindən qurtulan Azadə dərhal özünü eyvandan aşağı atdı, həyətdəki qızıl gül kollarının arasına girib yox oldu.

Zabit Armen qolunu qucağına sıxıb bağıra-bağıra onun arxasınca tullandı.

Azadə öyüyə-öyüyə, yerə tüpürə-tüpürə kolların arası ilə arxa həyətdəki kiçik qapıya tərəf qaçdı. Qapıya çatha-çatda ayağı həyətdə atılıb qalmış köhnə su şlanqına ilişdi, qız səndirləyib üzü üstə yerə gəldi. Bu zaman arxadan özünü yetirən Armen qıza təpik atdı. Qəzəblənmiş zabitin təpiklərindən qorunmaq üçün Azadə cəld sıçrayıb dizi üstə qalxdı və Armenin ayaqlarını qucaqlayaraq var gücü ilə özünə tərəf çəkdi. Bu dəfə müvazinətini saxlaya bilməyən zabit arxası üstə yerə dəydi...

Lakin dərhal da bir idmançı çevikliyi ilə qalxdı...

Daha doğrusu qalxmaq istədi... Cəhd elədi...

Bir də... bir də...

Amma nəsə alınmırdı. Erməni dikələ bilmirdi və özü də buna təəccüb edirdi ki, niyə yerdən qalxa bilmir?! Sanki kimsə onun belindən bərk-bərk basıb qalxmasına mane olurdu.

Zabit nə baş verdiyini anlamaq üçün uzanılı halda başını döndərib geri boylandı. Düz gözlərinin qarşısında ayaqqabı gördü. Kimsə ayağını onun çiyninə qoymuşdu. Və sanki həqiqətən onu həşərat kimi torpağa basıb batırmaq, yerə qarışdırmaq istəyirdi. Böyük bir qəzəblə ermənini əzir, əzir, əzirdi...

“Ara!... Vaa!” Zabit heç bir şey başa düşmədi. Hiddətlə nəsə dedi: “...eli?” Başını qaldırıb yuxarı baxmaq, nə isə anlamaq istədi. Ancaq gec idi. Daha vaxtı qalmamışdı. Çənəsinə dəyən möhkəm təpik zərbəsi onu arxası üstə aşırtdı:

“Oğraş!!!”

Bu Azad idi. Azadənin qardaşı.

O, quldurların əlindən qurtulub qaçsa da, sonradan erməninin bacısına hücum etdiyini görüb geri qayıtmış, çəpərdən aşaraq köməyə gəlmişdi və indi ayağını yerə yıxılmış erməni zabitinin kürəyinə basaraq onu qalxmağa qoymurdu.

“Binamus... kopoyoğlu!..” – Azad qəzəblə dişini-dişinə sıxıb təkrar elədi. – “Sənin ananı da... bacını da ... var-yoxunu da...”

O nifrətlə yuxarıdan aşağı erməni zabitinə baxırdı. Erməni də bir müddət geri boylanıb key-key Azada baxdı, baxdı və birdən ucadan bağırdı: “Aaaaa!!!” O qorxusundan ora-bura çabaladı, sürünüb birtəhər aradan çıxmaq istədi. Ancaq Azadın təpiyi onun səsini kəsdi...

Sonra Azad əyilib gül dərirmiş kimi bacısını yerdən qaldırdı:

Qorxma, bacım, qalx!”



Və bacı-qardaş əl-ələ tutub cəld arxa qapıdan keçərək həyətdən çıxdılar.
...Onlar gedən kimi bayaqdan hasarın üstündə oturub müdrikanə nəzərlərlə həyətdə baş verənləri izləyən qəribə adam da tüstü-dumanın arxasında yox oldu.
Qabaq bağçada isə talan gedirdi: işğalçılar ora-bura şütüyür, əllərinı keçən qiymətli əşyaları yük maşınına daşıyırdılar. Komandirləri yaddan çıxmışdı.

Bu vaxt erməni döyüşçülərindən biri qucağında xalça-palaz, pal-paltar tövşüyə-tövşüyə içəridən eyvana çıxdı. O qucağına yığdığı qənimətləri zorla aparırdı. Eyvanda əlil arabasında oturmuş Qoca Atanı görər-görməz bir göz qırpımında yaxınlaşıb arabanı onun altından çəkdi. Xəstə qoca böyrü üstə döşəməyə yıxıldı. Erməni döyüşçü qucağındakı əşyaları arabaya qoyub tələm-tələsik qapıdakı yük maşınına tərəf sürdü.
...Kapitan Armen ağız-burnu qan içində arxa həyətdə uzanıb qalmışdı.

Bacı-qardaş qaçıb gedəndən sonra o handan-hana özünə gəldi, dikəlib ufuldaya-ufuldaya o tərəf-bu tərəfə baxdı. Heç kim yox idi. Qalxıb oturdu. Birdən gözünə yerdə bir işartı dəydi. İməkləyə-iməkləyə yaxınlaşıb baxdı. Bu – bayaqkı dava-dalaş vaxtı Azadənin yaxasından qopub düşmüş qızıl zəncir idi. Zabitin gözləri parıldadı. Ağrıları yaddan çıxdı. Tez zənciri yerdən götürüb tozunu sildi, üstündəki aypara fiqurunu təmizlədi. Sonra çirkli əlləri ilə ağız-burnunun və qolundakı dişlək yarasının qanını silə-silə ayağa qalxdı. Fərəhlə öz-özünə mızıldandı: “Ax serumem Aykanuş-can...” Və əlini salıb kitelinin döş cibindən sevimli Aykanuşunun şəklini çıxartdı: “Vot tebe drevniy Armyanskiy podarok, matağa...” – deyib şəkli öpdü və təzədən döş cibinə qoydu. Yerdən tapdığı qızıl zənciri də şəklin yanına atdı, qürrələndi: “... İz naşeqo drevneqo Karabaxa!”

Zabit yalnız bundan sonra ağrısını xatırlayıb ufuldadı, qanayan qolunu tuta-tuta yoldaşlarına tərəf getdi...”
***
Gecə.

Şəhərdə tam sakitlikdir.

Hardasa bayquş uladı.

Lap uzaqlarda erməni keşikçiləri bir-birlərini səslədilər.

Qara çantasını sinəsinə sıxıb divarın dibinə qısılan Azadə diqqətlə qulaq verdi. Sonra cəld qaçaraq küçəni o biri tərəfə keçib üzbəüz məhəlləyə girdi. Divara qısıla-qısıla irəlilədi.

Yenə bayquş uladı.

İt hürüdü.

Ermənilər qışqırışdılar.

Avtomat güllələri şaqqıldadı...

Azadə cəld üzüquylu yerə atılıb başını əlləri ilə tutdu.

Atəş səsləri getdikcə yaxınlaşırdı. Hətta küçənin o biri başında qısa müddətə şiddətli atışma getdi və səngidi.

Azadə ehtiyatla atışma gələn tərəfə boylandı.

Bəstəboy, eynəkli bir oğlan sürətlə qaçaraq küçəni keçdi. Azadə onu Bayraqdara oxşatdı. Oğlan qaça-qaça çiynindəki çantadan əl qumbarasını çıxarıb arxaya tulladı və cəld gözdən itdi. Onun dalınca qaçan saqqallı quldurlar avtomatlardan aramsız atəş açır, söyüş söyür, heyvərə səslərlə bağırışırdılar.

Saqqallılar küçənin tininə çatanda dəhşətli gurultu qopdu.

Bayraqdarın atdığı qumbara partlamışdı.

Bir anlıq dünya işıqlandı. Uçuq evlərin, yanmış ağacların, dağıdılmış məscidin siluetləri parlayıb söndü.

Quldurlardan bir neçəsi bağırıb yerə sərildi. Qəlpələr vıyıltı ilə ətrafa səpələndi. Goydən yerə qol, qıç, bədən parçaları yağdı. Arxadan gələnlər tez özlərini yerə atdılar, bir qədər gözləyib yenə qalxdılar və əyilə-əyilə, güllə ata-ata, söyüş söyə-söyə irəli cumdular.
Qız uzandığı yerdən asta-asta başını qaldırıb ətrafa boylandı. Heç kim yox idi.

Yenə bayquş uladı.

Yenə it hürüdü.

Yenə ermənilər qışqırışdılar.

Yenə avtomat güllələri şaqqıldadı...

Və yenə Azadə başını əlləri ilə bərk-bərk tutub nəm torpağa sığındı.


...Uzaqda gərgin hadisələr cərəyan edirdi, möhkəm çaxnaşma vardı.

Bir azdan quldurlar partizan oğlanı tutub sürüyə-sürüyə gətirdilər. Onlara qumbara atan gənci sürüklədikcə həm də “Turkes-Turkes” deyə-deyə söyür, döyür, təpikləyirdilər.

İşğalçı əsgərlər yaralı partizanı da götürüb gözdən itdilər.

Ətrafa nisbi sakitlik çökdü.

Azadə başını qolları arasında gizlədib üzüquylu tərpənməz qaldı.
***
Yaddaş axarında:

...Azadəgilin qapısında içi adamla dolu hərbi yük maşını dayandı.



Erməni əsgərləri bir neçə nəfərlə birgə Azadı da tutmuşdular. Onu maşından düşürüb döyə-döyə həyətə gətirdilər. Kapitan Armen özündən razı halda əlləri cibində arxadan gəlirdi. Qolu sarıqlı idi.

Ermənilər qızılgül kollarının arasından keçib eyvanın pilləkənlərinə yaxınlaşdılar. Qoca Ata eyvanda dizi üstə durub gələnlərə baxırdı.

Qəflətən quldurlardan kimsə “Ara, Qurban bayram!!!”- deyə hayqırıb Azadı arxadan itələdi. Azad yerə yıxıldı. Saqqallılardan biri dərhal ov bıçağını çıxarıb oğlanın sinəsinə çökdü. Atasının gözləri qarşısında bıçağı oğlunun boğazına sürtməyə başladı.

Ata inildədi. Nəsə dedi, amma səsi çıxmadı. Yerindən qalxmaq istədi, ancaq iflic ayaqları sözünə baxmadı.

Bıçaq Azadın boğazının dərisini sıyırdı. Qan görünən kimi ermənilər xorla “Uuu!” qışqırıb hayqırdılar, əllərini igid döyüşçülərinin çiyninə vurdular. O da “əməliyyatı” bitmiş bilib gülə-gülə ayağa qalxdı, bıçağın ağzını Azadın paltarına sildi. Kapitan Armen yaxınlaşıb Azadın qarnına möhkəm bir təpik ilişdirdi. Dərhal ətrafdakılar cuşə gəlib “düşmən Türkü” təpikləməyə başladılar. Dörd-beş döyüşçü Azadın ətrafında fırlana-fırlana onu daha amansızlıqla vururdu. Ermənilər “Ka-ra-bax! Ka-ra-bax!” deyə-deyə atılıb-düşür, vəhşi bağırtılarla rəqs edir, əylənirdilər. Qocanın altından çəkib həyətə tulladıqları əlil arabasında bir-birlərini növbə ilə o baş-bu başa sürürdülər...

Eyvanda tərpənə bilməyən iflic Atanın gözləri dəhşət içərisində az qalırdı hədəqəsindən çıxa. O hirsindən tir-tir əsirdi. Var gücü ilə qışqırıb haray çəksə də, səsi çıxmırdı.

Əsgərlər Azada daha bir neçə təpik ilişdirib kənara çəkildilər. Kapitan Armen istehza ilə Qoca Ataya baxa-baxa döş cibindən çıxartdığı qızıl zənciri oğlanın sifətinə yaxınlaşdırdı. Ayparalı zənciri saat kəfkiri kimi Azadın başı üstündə o tərəf - bu tərəfə yellədi.

Oğlu gözünün qarşısında döyülən, qızı təhqir edilən, ev-eşiyi dağıdılan Ata hey inildəyir, sızıldayır, bəlkə də daha çox öz gücsüzlüyünün ağrı-acısını, əzabını çəkərək zingildəyirdi.

Azadə daha ermənilərin vəhşiliyinə baxa bilməyib gözlərini yumdu, başını içəri çəkib zirzəminin qapısını örtdü.

Ermənilər əli-qolu bağlı yaralı Azadı amansızlıqla döydülər. Təpiklə, yumruqla, avtomatın qundağı ilə... Və sanki onlar qan gördükcə daha da quduzlaşırdılar.

Qocanın əlil arabasında oturub kənardan “döyüş” səhnəsini izləyən kapitan Armen psixikası pozulubmuş kimi hey kirli cib dəsmalı ilə ağız-burnunu və qolundakı dişlək yarasını silir, arabir gözaltı uşaqların şücaətinə baxıb “Laves! Laves!” deyirdi və sonra yenə ufuldaya-ufuldaya “dəsmallanma əməliyyatını” davam etdirirdi.

Azad palçığın, qanın içində o üz-bu üzü üstə qıvrılıb nəhayət hissiz-huşsuz düşüb qaldı. Bədəninə dəyən aramsız təpik zərbələrinə reaksiya verməyə artıq heyi yox idi.

Düşmən Türkün” tərpənmədiyini görən əsgərlər bir anlıq dayanıb ləhləyə-ləhləyə kapitana sarı boylandılar.



Kapitan Armen onlara daha hansı “döyüş əmri” vermək barədə düşündüyü vaxt birdən uzaqdan gözünə nə göründüsə, arabadan qalxıb mırıldana-mırıldana Azadın üstünə cumdu. Yerə əyilib onun paltarının qolundakı üçrəngli kiçik bayrağı dişləri ilə dartıb qopartdı. Ürəyi soyumadı, Azərbaycan bayrağını hirslə didişdirib çeynədi, cırıq-cırıq eləyib tüpürdü.

Sonra quldurlar Azadın ayaqlarından yapışıb palçığın içi ilə o tərəf-bu tərəfə sürüdülər, Qoca Ataya tərəf baxa-baxa bir xeyli oynaşdılar...

Ata eyvanda dizi üstə durub quldurlara yalvara-yalvara inildəyirdi...

Azadə qaranlıq zirzəminin pilləkənlərində domuşub tir-tir əsirdi...
Nəhayət, “Erməni Teatrının” tamaşası başa çatdı. Atılıb-düşməkdən yorulan saqqallı oyunçular yenə “rekvizitləri” qapıdakı hərbi maşına yüklədilər. Kapitanlarını əlil arabasına otuzdurub məzələnə-məzələnə çıxışa tərəf apardılar. O, arabada gedə-gedə dönüb uzaqdan Azadın atasına əl elədi. Və dörd qoluzorlu döyüşçü araba qarışıq komandiri yerdən götürüb maşına qoydu. Özləri də şən əhval-ruhiyyə ilə maşına doluşdular. Maşın getdi.

Eyvanda dizi üstə düşüb çarəsiz-çarəsiz oğlunu aparan hərbi maşının arxasınca baxan Atanın yalvarışlarına məhəl qoyan olmadı. Əsəbləri gərilən Qocanın hönkürməkdən başqa əlacı qalmadı... ”
***

Gecə. Küçə.

Motor uğuldadı. Uzaqdan nərilti ilə tank gəlirdi.

Tələsə-tələsə gedən Azadə yenə addımlarını yavaşıdıb divarın dibinə qısıldı. Səs getdikcə artırdı və gecənin bağrında vahiməli uğultu-gurultu qopara-qopara yaxınlaşırdı. Qız cəld sıçrayışla yaxınlıqdakı iri gövdəli tut ağacının arxasına atıldı. Ağaca qısılıb qupquru qurudu, ağaca döndü.

O, düz gözünün qarşısında, ağacın gövdəsində yazı gördü. Ancaq qaranlıq olduğundan yazını oxuya bilmədi.

Küçənin yuxarı başından tank gəlməkdə davam edirdi. Yaxınlaşdıqca projektorunun gur işığı hər yanı işıqlandırır, evləri, ağacları aydınladır, otları, yarpaqları par-par parıldadırdı.

Azadə tankın projektorundan düşən işığın altında ağacdakı yazını gördü. Vaxtilə bu xeyirxah ağacın gövdəsinə sığınmış başqa bir adam öz duyğularını cib bıçağının köməyi ilə burda əbədiləşdirmişdi, cızdığı böyük ürək şəklinin içindəki “E.+H.” heroqlifləri ilə ömrünün ən xoşbəxt anlarını yaşatmışdı.

Qız xəfifcə gülümsündü. Sonra kövrəldi. Asta-asta ağac boyunca sürüşüb yerə çökdü. Nifrət dolu baxışlarını uzaqdan gələn nəhəng hərb maşınına zillədi. Əlini qeyri-ixtiyari qara çantasının içinə salıb düşmənin hərəkətlərinə göz qoymağa başladı. Bu gənc, zərif qızcığaz indi hücuma atılmağa və nataraz rəqibini dişi-dırnağı ilə didib-parçalamağa hazır qos-qoca bir aslan kimi idi, od saçan baxışlarını nifrətlə qarşıdan gələn düşmənə dikmişdi.

Tank sürətlə yaxınlaşırdı. Birdən nə baş verdisə o uğultu-partıltı ilə yolun ortasında dayandı, yerində nərildəməyə başladı.

Azadə tez başını geri çəkib ağacın arxasında gizləndi.

Tankın işıqları söndü. Gecənin qaranlığında o nəhəng qorxulunun vahiməli uğultusu gəlirdi. Bədheybət tank sanki canlı idi. Arxasından tüstü qalxırdı. Tankın üstünə yapma qalaq kimi erməni döyüşçüləri doluşmuşdular. Qır-qır səsləri motor səsinə qarışmışdı. Ermənilər şən əhval-ruhiyyədə nəyisə adətlərincə çox ucadan qızğın-qızğın müzakirə edirdilər.

Bir azdan tank yenidən işıqlarını yandırıb nərildədi. Maşın yerində hərlənməyə başladı və sanki dabanı üstə fırlanan əsgər kimi nəhəng tırtılları üzərində geri döndü. Başqa səmtə getməyə başladı. Demək yolu səhv salıbmış...

Azadə dərindən nəfəs aldı. Əlini çantasının içindən çəkib halsız-halsız yerdə oturdu, kürəyini ağacın gövdəsinə söykədi.

Tank nərilti sala-sala uzaqlaşdı.

Ətrafa fağır bir sükut çökdü. Dünya öz axarına qayıtdı.

Gərginliyin üzüb əldən saldığı qızcığaz arxası üstə otluğa uzandı, qollarını geniş açdı. Göyə baxdı. Başının üstündə səmanı, ayı, ulduzları gördü. Göydə qəribə mənzərə gördü: üzü yuxarı vüqarla dayanmış parlaq Ay xan qollarını irəli uzadıb qarşısında sayrışan Ulduz xanımı sanki qucmağa can atırdı. Azadə Aylı-Ulduzlu bu əfsanəvi lövhəni heyran-heyran seyr elədi. Dərin xəyallar içində uzun-uzadı Aya baxdı, Ulduza baxdı, səmanın ənginliyinə baxdı. Nə qədər ulduz səpələnmişdi göy üzünə! Yüzlərlə, minlərlə, milyonlarla...

Və Yer üzündən fərqli olaraq oralarda, o uzaq ulduzlar arasında milyon illərdi heç nə dəyişməmişdi: külli-aləm yaranışından necə gözəl idisə, yenə yaradıldığı kimi gözəl qalırdı...

Dəyişən yalnız Yer üzündəki insanlar idi.


...Azadənin göz qapaqları yavaş-yavaş yumuldu. Qulaqlarına haralardansa çox uzaqlardan, bəlkə də ulduzların arasından səda gəldi. Xan əminin oxuduğu həzin nəğmənin kövrək sədaları sanki bütün Qarabağ mahalının üstündə qərib-qərib dolaşırdı...
Şuşada axşamlar doğar yıldızlar,

Onlardan gözəldir gəlinlər-qızlar

Oturub yol üstə, yarını gözlər.

Ay qız, bu nə qaş-göz, bu nə tel?

Ölərəm dərdindən, onu bil,

Danışmasan da, balam, barı gül...
***
...Azadə gözlərini açanda göydə ulduzları görmədi. Qız hövlnak qalxıb oturdu. Ətrafına baxdı. Artıq alatoranlıq idi. Demək gecə ağacın dibindəcə yuxu onu aparıb...

Hər yan necə də sakitlik, səssizlik içində idi. Hamı, hər şey dərin yuxuya dalmışdı. Adamlar, ağaclar, maşınlar, binalar, evlər, quşlar, itlər, pişiklər, silahlar, əsgərlər, zabitlər, generallar, tanklar, tüfənglər... hamı və hər şey yatırdı.

Qız yuxulu gözlərini ovuşdurdu. Soyuqdan büzüşdü. Ağır-ağır qalxıb ağacın dibindəki çökəklikdən çıxdı. Divar boyu ehtiyatla yoluna davam etdi.

Sakinlərin silah qorxusu altında tərk etdiyi bu gözəl şəhərin keçmişi gözəl küçələri bomboş və kimsəsiz idi. Nə ins vardı, nə cins.

Böyük bir binanın yanından keçəndə uzaqdan əlil arabasını gördü. Atasınınkı idi. Quldurlar gətirib bura atmışdılar, yanı üstə düşüb qalmışdı. Qız nifrətlə evin damındakı ağ-qara-qəhvəyi rəngli dama-damalı “Arsax” bayrağına baxdı. Dərdli-dərdli köks ötürüb üzünü çevirdi.

Vaxtilə ziyalılar məhləsi sayılan bu küçəni tələsik keçdi. Bir qədər də irəliləyəndən sonra Azadə ikimərtəbəli həyət evinə çatdı. Kənardan müşahidə etməyə başladı. Qapı ağzında keşik çəkən saqqallı bir döyüşçü “Patrul” maşınının qapısına söykənib mürgüləyirdi. Sürücü də sükan arxasında yatmışdı.

Qız bir müddət durub baxandan və keşikçilərin tərpənmədiyinə əmin olandan sonra səssizcə sürünüb taxta çəpərə yaxınlaşdı. Balaca bir yarıqdan sivişib həyətə girdi. Ehtiyatla gül kollarının arasından keçib arxa tərəfdən evə yaxınlaşdı. Məhəccəri aşıb eyvana düşdü. Taxta döşəməyə sığındı, nəfəsini içəri çəkib gözlədi...

Azadənin bütün bədəni əsirdi. O, əlini uzadıb titrəyən uzun barmaqları ilə arxa otağın pəncərəsini ehmalca itələdi. Bağlı idi. Qız o biri pəncərəyə tərəf süründü. Ora da bağlı idi. Üçüncü pəncərəyə keçdi...

Birdən xışıltı eşidib həyəcanla həyət qapısına boylandı, diqqətlə qulaq verdi. Səs-səmir yox idi, həyət-bacada tam sakitlik idi. Təkcə gilas ağacının bir budağı yüngülcə yellənirdi...

Nəhayət, qız cəsarətini toplayıb üçüncü pəncərəni itələdi və tez aşağı çökdü.

Pəncərə açıldı...
***



Yaddaş axarında:

...Zirzəmi. Sakitlikdir. Şam zəif-zəif şölələnir.



Qız döşəmədə oturub kürəyini divara söykəmişdi. Ağır-ağır nəfəs alırdı. Sanki havası çatmırdı.

Xəstə Atası da yanında döşək üstündə əyləşmişdi. O da kürəyini divara söykəyib tərpənmirdi.

Hər ikisi şamın alovuna baxa-baxa fikrə dalmışdılar.

Birdən qız sövq-təbii kiminsə ona baxdığını hiss elədi. Qaranlıqda o tərəf-bu tərəfə göz gəzdirdi. Heç kim yox idi. Sonra balaca pəncərəyə tərəf döndü.

Bayır tərəfdən kimsə alnını zirzəminin balaca çirkli pəncərəsinə dayayıb içəri baxırdı. Azadə diksindi. Bayırdakı adam tez barmağının işarəsi ilə qızı çağırdı. Qız qeyri-ixtiyari qalxıb çıxışa doğru getdi.
...Arxa tərəfdə zirzəminin pəncərəsini örtən sıx kolların arasından hamletvari dalğın görkəmli, məğrur baxışlı qəribə bir adam çıxdı. Gözlərini qıyıb diqqətlə qıza baxdı. Adamın əynində köhnə, nimdaş paltar vardı. Boynundan iri bir torba asılmışdı. O bir qədər zəndlə qızı seyr edəndən sonra əli ilə “arxamca gəl” işarəsi verdi. Azadə hipnozlu kimi qeyri-iradi Hamletin arxasınca düşdü.

...Onlar artıq şəhərdən çıxmışdılar. Yol boyu bu qəribə adam bir dəfə də dönüb geri baxmadı. O irəlidə, qızsa arxasınca gedirdilər.

Ətrafda heç kəs yox idi.

Bir neçə gün öncə “böyük qardaşlar” Qarabağdakı bu mühüm strateji əhəmiyyətli məntəqənin də işğalını təmin etdikdən sonra, ermənilərdən əraziyə komendant təyin edib, bir-iki tankla beş-on növbətçi əsgər qoyaraq irəli getmişdilər. Yerli əhalinin əksəriyyəti isə şəhəri çoxdan tərk etmişdi.

İndi orda-burda tək-tük könüllü batalyonun döyüşçüləri güllə atırdı. Cavabında isə hər dəfə ermənilər səs gələn tərəfə bütöv bir daraq boşaldır, qumbara, mərmi tullayır, top atəşinə tuturdular. Azərilərdən fərqli olaraq onların silah-sursatı çox idi, sanki tükənməz qədər çox idi... Hey atırdılar.

Azadə Hamletin arxasınca yürüdükcə həm təngnəfəs olur, həm də acından ürəyi bulanırdı. Ancaq dözürdü və gedirdi.

Nəhayət, onlar şəhər kənarındakı bir təpəliyə çatdılar. Hamlet təpənin üstünə qalxıb əli ilə aşağını göstərdi.

Azadə də təpəciyin üstünə qalxıb o tərəfə baxdı. Və heyrətdən az qaldı qışqırsın. Lakin ağzını açmağa macal tapmamış Hamlet tez əlini atıb onun ağzını qapadı. Barmağını dodağına qoyub göyləri göstərdi: “Ssss!”

Azadə titrəyə-titrəyə için-için, xısın-xısın ağladı.

...Təpəciyin o üzündəki yarğanda Azərbaycan döyüşçülərinin meyidləri qalaq-qalaq bir-birinin üstünə yığılmışdı. Sanki şəhərin bütün kişilərini qırıb bura atmışdılar. Ya da gətirib elə burada güllələmişdilər...

Azadə ağlaya-ağlaya özünü aşağı atdı, ölülərin arasında döyükdü. Çoxu demək olar ki tanıdığı şəhər adamları idi. Biri qohum idi, biri qonşu idi, biri dost, tanış...

Budur, o da buradadır.

Azad!

Qız həyəcandan az qala sevincək olub özünü qardaşının meyidinə tərəf atdı. Üstündəki başqa meyidləri kənara itələyib, nəhayət, qardaşına çatdı, onu qucaqladı, başını sinəsinə sıxdı, üz-gözündən öpdü, ağladı, qoxladı, oxşadı. Azadın sifəti büsbütün qan içində idi. Üzü-gözü əzik-əzik, paltarları cırıq-cırıq, bədəni qan-qançır olmuşdu. Qız dəhşət içində hıçqıra-hıçqıra əlini atıb quru otlardan, yarpaqdan yoluşdurdu, onun sifətini silmək istədi. Amma qan çoxdan quruduğundan təmizlənmirdi.

Hamlet xəndəyin kənarında oturub yola baxırdı.

Külək hey vıyıldayırdı.

... Azadə bir xeyli ağlayıb-sızlayandan, oxşayandan sonra, nəhayət, başını qaldırıb yazıq-yazıq Hamletin üzünə baxdı. O dərhal qızı başa düşdü. Ayağa qalxıb qaça-qaça yolu keçdi, o tərəfdə atılıb qalmış zibil arabasını gətirdi. Araba lap balaca bir tabuta bənzəyirdi.

Onlar köməkləşib Azadın meyidini güc-bəla xəndəkdən çıxartdılar. Sürüyə-sürüyə aparıb əl arabasına qoydular. Sonra hərəsi arabanın bir qulpundan yapışıb tüstülənən şəhərə tərəf sürməyə başladılar.

Artıq axşam düşürdü.

Araba xırçıltı sala-sala irəlilədikcə arxasınca yaş torpağın üstündə qanlı təkər izləri qalırdı...”
***
Sərin meh ağaclara, güllərə, kollara, otlara layla çalırdı. Bağ-bağça sakit-sakit, mışıl-mışıl uyuyurdu... Yaz səhərinin havası hər tərəfə şeh çiləmişdi.

Bu idillik mənzərəni seyr edən Azadə təbiətin necə də füsunkar olduğunu bir daha bütün varlığı ilə görürdü, duyurdu...

O, xəyallardan ayrılıb ehmalca ayağa qalxdı, açıq pəncərədən içəri boylandı. Səs gəlmirdi. Özünü toparlayıb yavaşca pəncərəyə qalxdı, sürüşüb içəri düşdü. Barmaqlarının ucunda orta otağa doğru getdi.

Arada bir dayandı, dinlədi. Sonra yenə irəlilədi. Otaqlar arasındakı açıq qapıdan ehtiyatla boylandı. Çarpayıda yatan adama baxdı...

Və dərhal geri çəkilib divara qısıldı. O idi!

Qızın bütün bədəni uçundu, dərindən nəfəs aldı. Bir də baxdı.

Dəqiq o idi...

Erməni zabiti kapitan Armen!

Qız özünü ələ almağa çalışsa da, halı dəyişir, bədənində qanı coşur, az qala gizləndiyi yerdən çıxıb zabitin üstünə atılmaq istəyirdi. Ancaq Allaha yalvara-yalvara özünü ələ ala bildi. Bir qədər sakitləşdi. Asta-asta barmaqlarının ucunda otağa daxil olub arxa tərəfdən çarpayıya yaxınlaşdı. Çarpayıda çox arxayın-arxayın yatan zabitin başı üstündə əlini gəzdirdi və cəld pərdənin arxasına çəkildi. Yox, zabit tərpənmədi, bərk yatmışdı.

Qız pərdənin arxasından diqqətlə Armenə baxdı. Gözü zabitin sarıqlı qolunu sataşdı, fikrindən nə keçdisə halı dəyişdi, udqundu, öyüdü, tez əli ilə ağzını tutub özünü sakitləşdirdi.


...Adətən insanlar yuxuda olanda məsum görünürlər, kənardan baxanlarda mərhəmət, bəlkə də yazıqlıq hissi oyadırlar. Ancaq kitelinin yaxası açıq, paltarlı-paltarlı arxası üstə təmiz yorğan-döşəyə uzanıb xoruldayan bu çirkli-pasaqlı murdar zabit böyük günah işlətmiş məxluq təsiri bağışlayırdı. Kənardan baxanda sifətindəki iblis görkəmi aydınca sezilirdi...
***

Yaddaş axarında:

...Meyidin bir əli arabadan çıxıb yerlə sürünə-sürünə gedirdi.



Hamlet yaxınlaşıb onu qaldırdı, meyidin sinəsinə qoydu.

Qız artıq yorulsa da dayanmadan arabanı irəliyə aparırdı.

Hamlet gah səylə qıza kömək edir, gah da irəli-geri qaçır, ora-bura baxır, yenə qayıdıb arabanı itələyirdi. Azadə bir anlığa nəfəsini dərmək üçün dayananda Hamlet onu yamsılayırdı: dahiyanə pozada durub guya dərindən nəfəs alır, guya dincəlirdi.

Onlar bir müddət yanaşı getdilər. Heç biri danışmadı.

Artıq şəhərə çatmışdılar. Tabut-arabanı arxa küçələrdən keçirib evə apardılar. Qız yorulub əldən düşmüşdü, təngnəfəs olmuşdu.

Budur, öz məhəllələri. Tini burulub həyətə tərəf döndülər. Azadə bir anlığa ayaq saxlayıb alnının tərini sildi, dərindən nəfəs alıb yenə dəhşətli yükünü daşımağa davam etdi.

Hamlet kənardan əli qoynunda kədərli-kədərli ona baxırdı.
Həyət qapısı taybatay açıq idi. Hər tərəf darmadağın edilmiş, ev əşyaları həyət-bacaya səpələnmişdi.

Azadə tabut-arabanı evin arxa tərəfinə sürüdü. Oradakı gizlin qapıdan zirzəmiyə enməzdən öncə qəribə adama təşəkkür etmək üçün geri döndü. Ancaq o yox idi. Sanki heç olmamışdı.

Hamlet “kölgə” sayağı qəfil gəldiyi kimi də, qəflətən qeybə çəkilmişdi...”

***


Otaq.

Azadə asta-asta gizləndiyi pərdənin arxasından çıxdı.

Qız kepkanı başından çıxarıb saçlarını çiyninə tökmüşdü. Köynəyinin yaxasını, boyun-boğazını geniş açmışdı. Və daha da gözəlləşib əsil xanım olmuşdu...

O yavaş-yavaş çarpayıya yaxınlaşdı. Bir an belə gözlərini zabitdən çəkmədən ehmalca əyilib stulun üstündəki qoburdan tapançanı çıxartdı, çantasına qoydu. Sonra asta-asta çarpayının ayaq tərəfinə keçib gözlərini zabitə zillədi və beləcə dinməz-söyləməz durub gözləməyə başladı.


Fısıltı ilə yatan Armen yuxuda nədənsə narahat idi. Sifəti əyilirdi, üz-gözü əzilib-büzülürdü. Boğazını arıtladı. Arxası üstə çevrilib gərnəşdi, gözlərini ovuşdura-ovuşdura nəsə dedi, öz-özünə danışdı... Kimisə söydü...

Azadə gözünü qırpmadan iti nəzərlərlə Armenə baxır və səbrlə gözləyirdi.


...Nəhayət, zabit yuxusuna girən qadın baxışlarının təzyiqinə dözmədi, gözləri açıldı. Qarşısında həqiqətən çox gözəl bir qız gördü. Yuxulu-yuxulu zəndlə baxdı, baxdı... Ancaq əhəmiyyət verməyib gözünü yumdu.
...Sonrakı anda yüz kiloluq iri gövdə ilan vurmuş kimi yerindən dik atıldı. Böyük sürətlə yataqdan sıçrayıb qalxdı, yerin içində oturdu. Key-key gözlərini çarpayının o başından üstünə axan nəzər selinə zillədi. Çaş-baş halda nə isə anlamağa çalışdı.

Qız bir əli çantanın içində bütün varlığı ilə zabitə diqqət kəsilmişdi. Birdən o, süni tərzdə gülümsündü. Zabit sevindi, o da gülümsündü, sanki ovsunlanmışdı. Qızın gülümsəməyindən xoşhallanıb bu gözlənilməz sürprizi öz kişiliyinin qələbəsi sandı, məmnun halda başını yellədi. Ədəbaz-ədəbaz yorğanı kənara çəkib əlini döşəyə vurdu...

Ancaq Azadənin növbəti sürprizi Armeni yenə diksindirdi. Qız erməni

zabitinin həyasız eyhamının qarşılığında ani hərəkətlə əlini çantanın içindən çıxardıb sərt şəkildə irəliyə uzatdı. Armen çaşıb özünü itirdi. Donub qaldı. Gözünün ucu ilə stulun üstündəki qobura tərəf baxdı. Boş idi...

...Tapança qızın əlində idi.

Azadə nifrət dolu nəzərlərini təmiz çarpayıya çıxmış bu kirli məxluqa dikmişdi. İndi bu zərif qızcığazın bütün ruhu, bütün gücü-qüvvəsi, qəzəbi, hirsi-hikkəsi, intiqam istəyi, hamısı cəm olub qarşısı alınmaz qüvvətli enerji kimi bir nöqtədə - təbiətdən sürməli gözəl, mənalı, cazibədar gözlərində toplanmışdı. Onlar sanki alışıb-yanır, od püskürüdü. Hətta Azadənin yaddaş axarından keçən bütün dəhşətli fraqmentlər də sanki qığılcım saça-saça bu gözlərdə əksini tapırdı...


***
Yaddaş axarında:

Qız qışqırdı...



Zabit onun donunu cırıqladı...

Qoca Ata inildədi...

Qız özünü xilas etməyə çalışdı. Zabit onun belini qucaqladı...

Həyətə tullanan qardaşı bir ayağını erməni zabitinin belinə basıb qəzəblə onu tapdadı, torpağa qarışdırmaq istədi...

Qardaşı gül dərirmiş kimi əyilib yerdən bacısını qaldırdı...

Oğlanı darvazanın ağzındakı hərbi maşından düşürüb sürüyə-sürüyə həyətə gətirdilər...

Karabax naş!” deyə-deyə meyidi təpiklədilər...



Qucağı xalça-palazla dolu erməni döyüşçüsüsü Qoca Atanı itələyib əlil arabasından yerə yıxdı...

Əsgərlər gülə-gülə komandirlərini əlil arabasında sürüb həyətdən çıxartdılar...

Qız qardaşının cəsədini balaca tabut-arabaya yükləyib çəkə-çəkə evə, Atasının yanına apardı...

Qoca Ata zirzəminin qaranlıq bir küncündə oturub məchul nöqtəyə baxa-baxa dua oxuyurdu...”

***


...Ovsunlanmış zabit gözünü qızın əlindəki silahdan çəkə bilmirdi. Çox gözəl olan bu qızın əlində çox da təhlükəli bir “oyuncaq” vardı. Zabit bunu dərk edirdi və bu gözəl təhlükəni necə sovuşdurmaq barədə düşünürdü. Yuxulu gözlərilə qarşısındakı zərif gözəlliyi heyran-heyran süzürdü. Saçları çiyninə tökülmüş, yaxası açıq, sinəsi par-par yanan Azadə həqiqətən çox cazibədar, sehirli və ovsunlayıcı idi. Zabit özü ilə nə baş verdiyini anlaya bilmirdi. Gördükləri bir yuxu idimi, ya gerçəkdimi – ayırd edə bilmirdi.

Handan-hana zabitin baxışları bir cüt təbiətdən sürməli qara gözlərlə toqquşdu. İldırım çaxdı, qığılcımlar parladı və dəhşətli qorxu hissi Armenin bütün bədənini sardı. Üzərinə zillənmiş bu qapqara şəvə gözlər odlu silahdan daha yandırıcı, daha atəşli və daha qorxulu idi... Zabit dərk etdi ki, təhlükə çox yaxına gəlib!

O artıq qızı da tanımışdı, odur ki, öz aqibətini təxmin edirdi. Ancaq indi bu yad evdə, yad yataqda, yad bir qızın qarşısında əli silahsız nə edəcəyini, nə etmək lazım olduğunu bilmirdi, xilas olmağın yollarını axtarırdı...

Azadə isə əllərini irəli uzadıb tapançanı düz zabitin sifətinə tuşlamışdı və beləcə dayanıb durmuşdu.

Armen qarşısındakı real təhlükəyə baxa-baxa hipnozlu adamlar kimi gözünü qıyıb başını yellədi. Bütün bədəni uçundu, yırğalandı. Zabit qeyri-ixtiyari əllərini qıza tərəf uzadıb qarmaqarışıq dildə nələrsə dedi, danışdı, izahat verdi, yalvardı, hətta kövrəlib ağlamsındı da... O artıq aman diləməkdən başqa çarə görmürdü.

Azadə isə dara düşəndə yazıq və bədbəxt görkəmi almaq adəti qanında olan bu vəhşiyə diqqətlə baxsa da, daha onu görmürdü. Onun aqibətini artıq həll olunmuş sayırdı. Və gözlərinin qarşısında neçə gündür həm ona, həm xəstə Atasına dinclik verməyən başqa mənzərələr canlanırdı:



“Əsgərlər oğlanı təpikləyirlər...

Azadın sifətinə bir-birinin ardınca təpik zərbələri dəyir...

Sir-sifəti büsbütün qan içində olsa da, ermənilər onun ölüsünü də təpikləməkdə davam edirlər...

Erməni zabiti kapitan Armen ədəbaz-ədəbaz gülümsəyərək bacının yaxasından qopub düşən ayparalı qızıl zənciri saat kəfkiri kimi qardaşın qanlı sifəti üstündə yellədir...

...və oğlanın al qana bulanmış sifətinə daha bir təpik ilişdirir...

Güclü bomba partlayır...

Dağlarda torpaq göyə sovrulur...”

Bu gərgin psixoloji mübarizədə mənən daha dözümlü çıxan Azadə acı-acı gülümsünərək əlindəki tapançanı qəflətən çarpayının üstünə atdı. Zabit əvvəlcə qorxusundan əlləri ilə başını tutdu, ancaq sonra güllə səsinin gəlmədiyini görüb altdan-altdan qıza baxdı. Yorğanın üstündəki tapançanı gördü. Azadənin fikrini yayındırmaq üçün süni təbəssümlə güldü...

Sonrakı anda isə...

Zabit qıvraq hərəkətlə yorğanın üstündəki silahı qapıb qıza tərəf tuşladı və heç düşünmədən dərhal tətiyi çəkdi, dalbadal bir-neçə dəfə atdı... atdı... atdı...

Ancaq yenə güllə səsi gəlmədi. Zabit duruxdu, təəccüblə əlindəki tapançaya baxdı. Öz tapançası idi. Bəs onda...

Erməni öz axmaqlığını yalnız indi anladı: təbii ki silahda daraq yox idi. Çıxarılmışdı. Bunu görən Armen pərt halda ucadan çox pis söyüş söydü. Hətta hirsindən gözlərini bərəldə-bərəldə dünyanın ən pis söyüşlərini qıza yağdırdı.

Onun bu vəhşiliyindən ürpənən Azadə dişini-dişinə sıxıb pıçıltı ilə: “Kökünüz kəsilsin!...Vəhşilər!!..” – dedi. Və qızın dilindən qopan ittihamla eyni anda cəzası da gəldi: Azadə ani hərəkətlə çiynindəki qara çantadan ağır nəsə çıxarıb var gücü ilə erməniyə tərəf atdı.

...Həmin an ildırım çaxdı və söndü.

Armen şok içində donub qaldı, gözlərinə qaranlıq çökdü, nə baş verdiyini anlamadı. Yerindəcə qurudu... Səsi çıxmadı... Bədəni bir anlıq silkələndi, titrətdi... Heyrətlə ağzını yumub-açdı, qarşısındakı gözəl xanıma baxdı... Maddım-maddım baxdı... Key-key baxdı... baxdı... baxdı...

Və birdən erməninin iri, tərli-piyli cəmdəyi tappıltı ilə çarpayının üstündən yerə aşdı.


...Çox dəqiq və da çox sərrast atılmış qədim gümüşü xəncər özgə ocağına soxulub mədəniyyətsizlik edən vəhşi boşboğaz erməni zabitinin xirtdəyinə saplanmışdı.

Xəncəri belə sürətlə aparan təkcə qızın qol gücü deyildi, həm də və daha çox xəncərin iti ucuna toplanmış azadlıqsevər insanın mübarizlik ruhu, əyilməz iradəsi, cəsarəti, namusu-qeyrəti, düşmənə sonsuz nifrəti, qəzəbi, intiqam hissi idi. Bunlar hamısı bir yerə cəm olub yay kimi gərilmiş, babaların atdığı ox kimi irəli şığıyıb qədim gümüşü xəncəri düşmənin üzərinə aparmışdı...

Armenin boğazından fışqıran ağ-qara-qəhvəyi rəngli qatı qan xəncərin tiyəsini bürüdü. Yatağa, divara, pərdəyə sıçradı... Döşəməyə yayıldı... Və erməni zabitinin sinəsindəki müqəddəs xaçı da ağ-qara-qəhvəyi rəngli xəstə qana buladı...
***
Artıq dan yeri sökülürdü...

Şəhər hələ yatırdı. Küçədəki itlər-pişiklər, ağacdakı quşlar, qapıdakı qarovulçular yatırdı. Hər tərəf dərin sükut içərisində uyuyurdu.

Azadə təpəsi üstə döşəməyə düşüb qan gölməçəsinin içində qalan meyidə yaxınlaşdı. Ayaqqabısının burnu ilə cəsədi itələdi. Armen arxası üstə aşdı. Hünəri yalnız silahında olan zəhmli zabitin gözləri sonuncu dəfə söyüş söyə-söyə baxdığı kimi bərələ, ağzı açıla qalmışdı, eybəcər burnu daha da şişib tapança kimi dik durmuşdu...

Azadə halsız-halsız qədim gümüşü xəncəri dartıb çıxartdı, qınına taxıb mahud parçaya bükdü və çiynindəki qara çantaya qoydu.

Sonra ovcunda tutduğu qızılı rəngli tapança güllələrini bir-bir zabitin sifətinə, üzünə-gözünə, sinəsinə səpələdi.

Ehmalca əyilib iki barmağı ilə zabitin kitelinin döş cibindən görünən qızıl zənciri tutub çəkdi. Ayparalı qızıl zəncir özü də sanki tezliklə öz yerinə qayıtmaq üçün böyük məmnuniyyətlə sivişib yad adamın cibindən çıxırdı. Zəncir çıxanda isə ona ilişmiş balaca fotoşəkil də zabitin cibindən sürüşüb döşəməyə düşdü...

Azadə məğrur-məğrur yuxarıdan aşağı zabitə baxa-baxa ayparalı qızıl zənciri boynuna taxdı, yaxasını düymələdi, saçını topalayıb kepkanın altına yığdı və yenə laqeydcəsinə, süst, heysiz halda üzünü çevirib səssiz-səmirsiz otaqdan çıxdı. Gəldiyi pəncərədən arxa həyətə düşdü. Qızıl gül kollarının arasından keçdi.

Həyətdə, küçədə, məhlədə tam sakitlik idi. Sübh şəfəqləri şəhərin üstünə yayılmaqda idi. Açılan sabah külli-Qarabağın ən ağrılı, ən kədərli mənzərələrindən birini yaradırdı. Keçmişi gözəl, həm də çox gözəl, indisi yandırılmış, dağıdılmış, vəhşicəsinə məhv edilmiş şəhərə daha bir qara gün gəlirdi...


***
...Azadə çantası çiynində yorğun-arğın küçə boyunca gedirdi.

Uçuq bir evin qarşısından keçəndə tüstü-dumanlar arasından yenə Hamlet peyda oldu. Qəribə adam evin xarabalıqlarında hisli-paslı, yanıq daşların üstündə mütəfəkkir pozada oturub dərin düşüncələr içində başını sinəsinə əymişdi. Diqqətlə əlində tutduğu quru kəllə sümüyünə baxırdı. Üstü qanlı tabut-araba da yanında idi...

Hamlet başını qaldırıb qızı gördü, gülümsündü, əli ilə yaxınlıqdakı hündür binanın damını göstərdi. Azadə başını qaldırıb baxdı. Ağ-qara-qəhvəyi rəngli dama-damalı bayraq damda yox idi. Qız gülümsündü. Hamlet əlindəki quru kəlləni atıb-tutdu, oynatdı. Sonra əlini tapança sayağı tutaraq kəlləni “güllələdi” – Tax, tax, tax!.. Və onu boynundan asdığı kirli torbanın içinə atdı.

Küləyin gətirdiyi tüstü-duman arxasında Hamlet yenə görünməz oldu.

Azadə gülümsəyib yoluna davam elədi...
***

Qız zirzəminin qapısını açıb pilləkənlərlə aşağı düşəndə nəsə ürəyi sıxıldı. Tələm-tələsik qaranlığa girib Atasına tərəf getdi. “Ata! – həyəcanla çağırdı, - Ay ata...”

Ancaq Atasından hay gəlmədi... Qoca axşam oturduğu yerdəcə divara söykəli qalmışdı. Azadə heyrətlə gah Atasına, gah da yerdə uzanan Azada baxdı. Dodaqları qeyri-ixtiyari pıçıldadı: “...Qalx gedək, başına dönüm!..”

Ancaq qaranlıq zirzəmidə indi yalnız ruhlar dolaşırdı.

Atanın və Oğulun günahsız ruhları...
***
...Azadə qəmli-qəmli dar cığırla şəhər kənarındakı çaya tərəf endi.

O, çayın sahilindəki yolayrıcına çatanda uca boylu, qaraqaş-qaragöz, zəhmli dəstə başçısı artıq orada idi. Dostlar mehriban görüşdülər, hal-əhval tutdular.

Oğlan çiynindən asdığı xaki rəngli əsgər çantasını açıb içərisindən qara-qəhvəyi bir əski parçası çıxartdı.

Azadə də çantasındakı bağlamanı çıxardıb üstü qanlı qədim gümüşü xəncəri başçıya göstərdi, nəsə izah elədi, xəncəri oğlanın əlindəki əskiyə sildi.

Dəstə başçısı əski parçasını bir qədər də geniş açdı. Qızın gözlərinin qarşısına tutdu. Bu – gecə şəhərdəki böyük binanın üstündə yellənən ağ-qara-qəhvəyi rəngli dama-damalı “Arsax” bayrağı idi. Azadə bayrağa baxıb ürpəndi. Xəncərin ucu ilə onu gözlərinin qarşısından kənar elədi.

Oğlan birdən qəfil hərəkətlə əlindəki düşmən bayrağını ikiyə böldü. Sonra daha iki yerə böldü, sonra dörd parça elədi. Və bayrağın kiçik bir parçasını çiynindən asdığı xaki rəngli əsgər çantasına atıb qalan hissələrini yenə hirslə, qəzəblə, əsəbiliklə cırıq-cırıq elədi, tikə-tikə doğradı, yerə atdı, tapdaladı, ürəyi soyumadı, təpiklə vurub dörd bir tərəfə səpələdi...

Sonra dəstə başçısı yolun kənarındakı iri gövdəli qocaman palıd ağacına yaxınlaşıb ağacın koğuşundan üçrəngli Azərbaycan bayrağını çıxartdı. Öpüb qoynuna qoydu. Cəld hərəkətlə palıd ağacının ən hündür bir yerinə qalxıb bayrağı orada budaqdan asdı. Aşağı enib qızın yanına gəldi. Başı dumanlı uca dağlar qoynunda yellənən Azərbaycan bayrağını qürurla seyr elədi. Qız da gülümsünüb sinə dolusu nəfəs aldı. Sonra başını qaldırıb masmavi göylərə, yamyaşıl dağlara tərəf baxdı. Üçrəngli bayraq bu dağlara həqiqətən çox yaraşırdı. Lap çox!
...Dostlar yanaşı çay aşağı getdilər.

Arabir dönüb yolayrıcına baxırdılar. Amma üçüncü yol boş idi. O yolla əməliyyata gedən dostlardan biri - bəstəboy, sarışın, eynəkli Bayraqdar oğlan gəlib çıxmamışdı...

Azadə fikirli-fikirli xeyli getdikdən sonra bir də dönüb arxaya baxdı. Və...

Üçüncü yolla kimsə gəlirdi. Qız diqqətlə baxanda Hamleti tanıdı. Bu qəribə adam tüstü-dumanın içindən çıxıb aram-aram onların arxasınca gəlirdi...

Qız qeyri-ixtiyari yanındakı oğlana sığındı. Ürkək-ürkək dönüb bir də baxdı – bu dəfə yol boş idi. Hamlet qəfil peyda olduğu kimi, qəfil də qeybə çəkilmişdi.

Boş yolda isə yalnız ağ-qara-qəhvəyi bayrağın xırda tikələri görünürdü: tikə-tikə bölünmüş əski parçalarını külək vurub göyə sovurur, meşəyə, ağacların, kolların üstünə yayır, aparıb dağa-daşa çırpırdı...


***

Füsunkar gözəllər və gözəlliklər diyarı Qarabağ.

Başı dumanlı uca dağlardan şığıyıb gələn göz yaşı kimi dumduru, saf sulu ensiz çay nazlana-nazlana üzüaşağı axıb gedirdi. Sanki tezliklə öz arzusuna qovuşmaq üçün irəliyə can atan dağ çayı onu müşaiyət edən gəncləri də öz axarı ilə irəliyə aparırdı.

Onlar aşağılara, Aran tərəflərə endikcə Xan əminin yanıqlı səsi üstündə yayılan külli-Qarabağın qərib nəğməsi daha çox uzaqlarda, başı dumanlı dağlarda qalırdı:



Şuşanın hər yanda vardır sorağı,

Tərifə layiqdir İsa bulağı -

Dağların dilbəri, qızlar oylağı.

Ay qız, bu nə qaş-göz, bu nə tel?

Ölərəm dərdindən, onu bil,

Danışmasan da, balam, barı gül...

SON.


---------------------------------------------

5 dekabr 2007






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə