Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 
23
- Beləliklə, düz beş il harın, pullu kişilərin oyuncağına çevrildim. Əldən-ələ ötürüldüm, 
çeynəndim, didildim, həyatdan da, özümdən də iyrəndim, bezdim. Dəfələrlə ölüm arzuladım, 
qaçmaq istədim, alınmadı. Hara qaçaydım, kimə pənah aparaydım. Mənasız, məqsədsiz bir ömrün 
dalınca sürünürkən Mahirlə tanış oldum. İndi mənimlə əylənən kişi heç demə Mahirin dostuymuş. 
Məni Mahirin ad günündə ona hədiyyə kimi bağışladı. Deyəsən Mahir də mənim kimi mənasız bir 
həyatın məcburi daşıyıcısı idi. Ovunmağa hamıdan çox ehtiyacım olsa da, ona ürəyim yanırdı, 
ovutmağa, küsdüyü həyatla barışdırmağa çalışırdım. Beləcə günlər ötdükcə biz bir-birimizi daha 
yaxından tanıyır, təsəlli olurduq. Onun ailə dramından xəbərdar idim. Çox vaxt evindən hirslənmiş, 
yıxılmış  vəziyyətdə yanıma gələr, dərdini, ağrısını  mənimlə bölüşərdi. Öz dərdim yadımdan 
çıxmışdı. Onu ovutmağa, yaşatmağa çalışırdım. Bir vaxt ayıldıq ki, bir-birimizi sevirik və ayrılıqda 
yaşaya bilmərik. Mahir bir otaqlı ev aldı, ev əşyaları aldı. Rahat, sakit bir həyata qovuşdum. Bircə 
problemimiz var idi ki, Mahirin arvadı boşanmaq istəmirdi. Vallah, mən onların arasına 
girməmişəm. Mənə qədər onların münasibəti pozulmuşdu. Mənim heç bir günahım yox idi. Mahirin 
arvadının vəzifəli, imkanlı atası, evi, uşaqları var. Mənimsə Mahirdən başqa heç nəyim, heç kimim 
yoxdur. Mənə bu həyatdan heç nə düşmür? Axı, mən olmasam da Mahir onunla yaşamayacaq. 
Onlar bir-birini heç vaxt sevməyiblər. O qadın mənim acığıma boşanmaq istəmir. Əslində bu evlilik 
deyil. Formal bir bağlılıqdır. Mahirin valideynləri də  məni qəbul etmir. Təkcə bacısı  mənimlə 
danışır, Hərdən xəlvət bizə  gəlir. Biz bir-birimizlə xoşbəxtik. Niyə bizi rahat buraxmırlar? Axı 
mənim küçələrə düşməyimdə günahkar mən deyiləm, anamdır. Anamın cinayətinin cəzasını niyə 
mən çəkməliyəm, niyə?  
Mən heç nə deyə bilmirdim. Bir sözüm də yox idi. 
 
 
 
TOYDAN SONRA... 
 
Payızda könlüm ərköyün uşaq kimi kövrək və  ağlağan olur. Onu ovutmaq üçün dəridən-
qabıqdan çıxsam da nə sızıltısı kəsir, nə göz yaşı quruyur. Bu payız da könlüm kimi kövrək gəlirdi. 
Bağ-bağat xiffətdən saralmışdı, buludlar bir himə  bənd qəmli-qəmli göy üzündə sürünürdü. 
Buludlara qoşulub ağlamaq istədiyim günlərin birində qəfildən yığışıb getdim kəndə. Belə anlarda 
məni kənddən başqa heç nə tutub saxlaya bilməzdi. Bu payız sazağında küləklərə qarışıb itməmək 
üçün ayağım torpaqda, əllərim ağac budaqlarında olmalıydı. Kənd məni balası üçün qəribsəmiş ana 
kimi basdı bağrına. Sanki iki həsrətli qovuşmuşdu. Göyün də qaş-qabağı açılmışdı. Bağlarda hələ 
nar, heyva ağacların budağında saralmış yarpaqlara sığınaraq gizlənib qalmışdı. Ağacın son barının 
dadı bütün dadlardan şirin və  əziz olur. Az qala hər ağacı, hər kolu sevə-sevə, öpə-öpə bağda 
dolaşmaqdan duyduğum ləzzəti heç nəyə dəyişmərəm. Aran yerinin payızı çox gözəl və ruhoxşayan 
olur. Qızmar istidən sonra həzin sərinlik təbiəti qızılı-sarı rəngə boyayır, yolların toz-tozanağı yatır, 
ağır zəhmətdən, istidən yorulmuş insanların dincəldikcə bətbənizləri açılır, gözləri gülür və bütün 
bunlar insanda ruh yüksəkliyi, könül xoşluğu yaradır. Hələ toy-büsatları demirəm. Kənddə yay 
sovuşandan, əl-ayaq yığışandan sonra toylar başlayır. Şəhər toyları zəngin süfrəsi ilə seçilirsə, kənd 
toyları zəngin şənlikləri, gözəl adətləri ilə seçilir. 
Bəxtimdən kənddə  hər gün toy şənliyi qurulurdu. Demək olar ki, hamısına dəvət olunurdum. 
Cavanlara xeyir-dua verməyi də xahiş edirdilər. Mən də çalışırdım camaatın xətrinə  dəyməyim, 
arzularına  əməl eliyim. Bu toylardan həmişə zövq alırdım desəm yalan olar, heç siz də buna 
inanmazsınız. Bu səs-küydən, qarma-qarışıqlıqdan yorulduğum, bezdiyim anlar daha çox olurdu. 
Amma kimsənin qəlbini qırmaq istəmirdim, az da olsa toylarda otururdum, söz də deyirdim, rəqs də 
eləyirdim. Amma hər halda elimin-obamın içində olmaqdan, onlarla deyib-gülməkdən məmnun 
idim. 
Növbəti toy yaxın qohumumun idi deyə erkən getməli, istədim-istəmədim sonacan iştirak 
etməliydim. Toy mağarında çox qala bilmirdim, çay qaynadılan, xörək bişirilən yerlərdə  fırlanır, 
qohum-əqrəba ilə söhbətləşirdim. Qadınlar qollarını  çırmalayıb böyük həvəslə biş-düş edir, gələn 


 
24
qonaqlara vaxtında və layiqli qulluq edilməsi üçün canfəşanlıq göstərirdilər.  Şəhərin (mənə görə) 
quru, rəsmi həyatından isti, məhrəm, doğma kənd həyatına düşməyim qəlbimdə elə şirin, elə kövrək 
hisslər oyatmışdı ki, özümü cənnətdəki kimi rahat hiss eliyirdim. Birdən toy mağarındakı səs-küy 
diqqətimi çəkdi. Maraq məni mağara gətirdi. Hündürboy, cavan bir oğlan ortalıqda qızmış pələng 
kimi vurnuxur, yaxın gələni sinəsindən itələyir, çalğıçılara tərəf dartınıb bağırırdı: 
- Mənim havamı çalın, tez olun, yoxsa burda qan eliyəcəm. 
Toybəyi yazıq irəli gəlməkdən qorxsa da, elə kənardan onu sakitləşdirməyə çalışırdı: 
- Ə qadan alım, havanın adını de da, bu yazıqlar nə bilsin ki, sənin havan nədi. 
Oğlansa ipə-sapa yatmırdı ki, yatmırdı: 
- Bilməlidirlər axı, niyə bilmirlər. Tez olun çalın mənim havamı. 
Kimsə camaatın içindən dedi ki, ayə onun anasını çağırın, bəlkə o bilər oğlunun havasını. Tez 
qabağında önlük qabyumaqla məşğul olan məzlum görkəmli bir qadını mağara gətirdilər. Mən bu 
qadını tanımırdım, deməli bizim kənddən deyildilər. Oğlanı tanımamağım mənə adi görünürdü, 
çünki kənddən çoxdan çıxmışdım və cavanları tanımaya bilərdim, amma yaşlıların hamısını 
tanıyırdım. Yanımdakı qohumların birindən soruşdum ki, bu kimdir? Dedi ki, bəs qaçqındılar, Laçın 
rayonundan gəlib bizim kəndə  sığınıblar. Ana yazıq  əllərini önlüyünə silə-silə mağarın ortasında 
valaylanan oğluna yaxınlaşıb: 
- Allah sənin cəzanı versin, bala məni yenə el içində biabır elədin. Üzün qara olsun, məni niyə 
üzüqara eliyirsən-deyə-deyə onu mağardan çıxarmağa başladı. 
Toybəyi: 
- Ay Qızbəs bacı, onun havasının adını bilirsənsə de çalsınlar, oynasın çıxsın-deyəndə ana 
yazıq-yazıq: 
- A bala, Məhəbbət Kazımov bir “Laçın” mahnısı oxuyur ey, onu çalın-dedi çalğıçılara. 
Çalğıçılar “Laçınım” mahnısını çalmağa başladılar. Oğlan ortalıqda fırlanmağa başladı. Hər 
dəfə  fırlandıqca turşumuş  tər iyi də mağarı  fırlanırdı.  Əynindəki ağ köynəyin qollarının altı 
kürəyəcən sap-sarı  tər ləkəsi olan bu gəncin yanında burnunu tutmadan dayanmaq olmazdı. Bir 
azdan oğlan yenidən qışqırdı: 
- Ə niyə oxumursan hıy? Dilin qabar olmaz ki, bir Laçınım desən, oxusan.  
Yazıq müğənni başladı oxumağa. Müğənni canı dildən oxuyur, sərxoş  oğlan da ortalıqda  əl-
qolunu ata-ata oynayırdı. Qəlbimdə bir sızı, bir ağrı vardı  və Laçına yazığım gəlirdi. Bu bəxtsiz 
torpaq orda erməni tapdağında inləyir, burda da bizim təhqirimizə dözürdü. Anası bir zülümlə 
oğlanı toyxanadan çıxararaq götürüb getdi. 
Oyun növbəsini gözləyən bir dəstə cavan çıxdı ortalığa.  İnsafən qəşəng oynadılar. Bir xeyli 
oynayandan sonra iki nəfərdən başqa ortalıqda cavan qalmadı, camaata, çalğıçılara təzim edərək 
çıxdılar. İki nəfərdən biri çalğıçılara pul verib mahnı sifariş elədi: 
- Ə qağa, bir “Cimi” çal, oxu. 
Mən əvvəlcə bunun nə olduğunu anlamasam da, musiqi səslənəndə məhşur bir hind filmindən 
olan mahnını tanıdım. Oğlanın biri ortalıqda gah meymun kimi atılıb-düşür, gah da əzilib-büzülür, 
ilan kimi qıvrılırdı. Yazıq müğənni üç-dörd kəlmə sözü təkrar-təkrar oxuyur, oğlansa hərdən: 
- Ə, düz-əmməlli oxu da, bu necə oxumaqdır?- deyərək təzədən qışqırırdı. 
Bu mənzərə  əvvəlki  əhval-ruhiyyəmi bircə anda dəyişmişdi. Ürəyimi sanki iki əl bərk-bərk 
tutub sıxırdı. Nəfəsim təngidi və özümü mağardan bayıra güllə kimi atdım. Evimiz toy evinə yaxın 
idi. Evimizə gəlib, baxçada dоlaşmağa başladım. Qorxurdum, qorxurdum ki, düşmən əlindən torpaq 
almalı, vətən qorumalı  oğullarımız hamısı beləcə “Cimi” havasına oynaya-oynaya qınından çıxa, 
yad bir qına, dona girə və Qarabağ adını unuda, torpaq iyini yadırğaya. Əllərimi göyə uzadıb: 
- Allah, sən özün kömək ol – dedim. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə