163
əvvəl deyil, 5-10 il əvvəl itirdiyimiz soydaşlarımıza və ən başlıcası,
hər şeydən qiymətli
torpaqlarımıza beləcə yana biləydik.
Elə problemiər də var ki, ümumi xarakter daşıyır və hər iki ölkədə eyni səviyyədədir. Məcburi
nüsxələrin qeyri-tamlığı belə problemlərdəndir. Bizdə olduğu kimi, onlarda da məcburi nüsxələrin
komplektləşdirilməsi 70, 75%-i təşkil edir. Bütün bunlara nəzarət etmək isə çox çətindir.
Fondların köhnə, öz aktuallığını itirmiş ədəbiyyatdan təmizlənməsi məsələsi də rusiyalı
həmkarlarımız tərəfindən peşəkarcasına həll olunmuşdur. Rusiyanın 7 bölğəsində Repozitar Mərkəz
yaradılıb. Gec-gec soruşulan, az istifadə olunan, lakin əhəmiyyətli hesab olunan ədəbiyyat seçilir və
bu mərkəzlərdə toplanaraq, istifadəsi təmin olunur.
Mütəxəssis kadrların hazırlığı, ixtisasının artırılması məsələsi də ön plandadır. Kitabxanaçılıq
fakültəsi hər il 25 nəfər məzun buraxır və onların da əksəriyyəti qeyri-sahələrdə işləməyə gedirlər.
Kitabxanalarda isə başqa ixtisas sahibləri işləməli olur. Onların isə ixtisas təhsilinə ehtiyacı
olduğunu nəzərə alıb, ixtisasartırma kursları fəaliyyət göstərirlər. Həm
də kitabxanalarda da dövrün
tələbi ilə yeni-yeni ixtisaslar yaranır. Məsələn, referent-analitik, kitabxanaçı-biblioqraf-pedaqoq,
texnoloq-biblioqraf, biblioqraf-menecer kimi ixtisaslara yiyələnmək üçün mütləq oxumaq lazımdır.
«Mədəniyyət» qəzеti, 7 may 2005-ci il №16 (379)
ÖZ HÜQUQUMUZU ÖZÜMÜZ QОRUYAQ
Dünyada yəqin ki, müharibəyə ən çox nifrət edən, müharibə sözündən ən çox dəhşətə gələn
məxluq qadındır. Çünki bütün müharibələrdə ən çox itirən də qadındır. Qadın ata itirir, qardaş itirir,
oğul itirir muharibədə. Bəlkə, bu itkilərin göynəyidir müharibəyə sonsuz nifrəti yaradan, sülhə
yana-yana səsləyən bəşəriyyəti. Qadın müharibədən kənarda qala bilmir. Döyüşəni də,
döyüşməyəni də müharibə adlı «səhnədə» əsas, aparıcı rol oynayır. Kişilər döyüşən qadınlara baxıb
daha da döyüşkən, mübariz olurlar. Döyüşməyən qadınlar da döyüşə yola saldıqları ərlərin,
oğulların
ürəyində əzm, güc yaradan varlıq kimi ön cəbhədə vuruşurlar.
Qadın üçün müharibə xoşbəxtlik, səadət sarayını uçuran, insan ömrünün ən xoş anlarını udan,
qana susayan, qan qusan əjdahadır. Bu əjdahaya can verən, qol-qanad verən insanlardır və bu
insanlara qarşı üsyan edir, onları insafa, ədalətə, insanlığa çağırır qadınlar. Sülhün, əmin-amanlığın
bərqərar olması üçün qadın bütün həyatını verər. Təki əzizləri, doğmaları xoşbəxt yaşasın.
Ana ürəyinin ağrılarını,
İçini qovuran yanğılarını
Dəqiq ölçə bilən,
Göstərə bilən
bir cihaz ixtira
olunsa əgər,
Bəlkə də son qoyar
Bu qana bəşər.
Çox təəssüf ki, 10 ildən yuxarıdır ki, Azərbaycan qadını müharibə dəhşətini yaşayır, müharibə
yaralarını, ağrılarını daşıyır. Atəşkəs güllə səslərini, kütləvi qırğınları dayandırıbsa da, müharibəni,
onun od-alovunu söndürməyib. Müharibə anaların
ürəyində, qəlbində qırğınlar törədir, qanlar
axıdır. Vətən həsrətinə, yurd itkisinə dözməyib dünyadan vaxtsız köçən insanlar müharibə
qurbanları deyilmi? Didərginlik, qaçqınlıq möhnətindən erkən qocalan, qəddi əyilən cavanlar, yetim
dərdindən beli bükülən gəlinlər, ailə qurmaq, ana olmaq səadətindən məhrum olan qızlar müharibə
qurbanları deyilmi? Kim deyir ki, qurtarıb
müharibə, kəsilib qan? Çoxlarının bu müharibədən
xəbəri yoxdur, bu qanı görmür. Çünki mərkəzlərdə müharibədən xəbər verən, mübarizəyə səsləyən,
vətənpərvərlik hissini coşduran təbliğat qənaətbəxş səviyyədə deyildir. Nə yaxşı ki, president
seçkiləri ərəfəsində televiziya kanalları bu mövzuya ötəri, müvəqqəti də olsa toxunurdular, seçkilər
qurtardı, sanki müharibə də «qurtardı». Küçələrdə, metrolarda, televiziya
və radioda nəyin istəsən
164
reklamını görə bilərsən. Təkcə anası ölmüş Vətəndən, tapdaq altında inləyən Qarabağdan başqa.
Hər kəs sayəsində böyük sərvət tоpladığı malını reklam elətdirir, onun üçün pul xərcləyir. Bəzi
televiziya kanalları şit, bayağı verilişləri, əttökən reklamları ilə mənəviyyatımıza ziyan vurur. Sonra
xalqın mənəviyyatına vurulan ziyanı düzəltmək çox çətin olur, bəzən də mümkünsüz olur.
Dünyada insan haqlarını qoruyan, hüquqlarını müdafiə edən gözəl-gözəl qanunlar mövcuddur.
Bu qanunların keşiyində duran təşkilatlar da çoxdur. Belə qanunlar, belə təşkilatlar artır. Hər kəs öz
hüququnu bilib onun keşiyində dayana bilsə qanunu pozanlar qarşısında gücsüz olmazlar.
«Yaddaş» qəzеti, 8 may 2004-cü il №9 (12)
GƏRƏK DÜNYA SÜLH DЕSİN!
Uzun əsrlər boyu bəşəriyyətin ən parlaq ağıl, zəka sahibləri sülh fəlsəfəsini işləyib
əsaslandırmağa can atsalar da, bəşəriyyətin sülh haqqında arzusu əlçatmaz ucalıq, fəth
edilməmiş zirvə, şirin bir röya olaraq qalmışdır. Bu röya gerçəkləşməsə dünyanın sabahına
ümid get-gedə azalır. İllər, əsrlər ötdükcə müharibələrin vurduğu ziyanlar artır. Əgər XIX
əsrdə müharibə nəticəsində hər 1000 nəfərdən 15-i həlak olurdusa, XX əsrdə həlak olanların
sayı 90-a çatırdı. XXI əsr də ürəkaçan nəticələr vəd etmir. Qəribə, təəccüblü bir təzad
qarşısında mat qalırsan. Bəşəriyyətin bir əli qurub yaradır, bir əli isə vurub-dağıdır. Bu
qurub-yaradanla vurub-dağıdan əllərin mübarizəsi isə bitib tükənmir. Məğlub kimdir, qalib
kim? Anlamaq çətindir.
Dünyanın bu təzadlarla dolu vaxtında «dünyanı gözəllik xilas edəcək» ifadəsinə inanmaq və
razılaşmaq çox çətindir. Bu qanlı çaxnaşmalarda, siyasi intriqalarda
ilk növbədə məhv olan elə
gözəllikdir. Gözəlliklər diyarı Azərbaycanın cənnət Qarabağının başına gətirilənlər bunu bir daha
təsdiq edir. Xalqların əsrlər boyu yaratdıqları milli-mənəvi sərvətləri bircə anda yox edən, xalqın
tarixini yaşadan tarix-mədəniyyət abidələrini, təbii sərvətlərini dağıdan müharibələr hələ ki, cövlan
edir, onun qabağını alacaq qüvvə isə görünmür.
Hər dəfə ulu keçmişimizdən soraq verən, tariximizi, mənəviyyatımızı əks etdirən abidələrimizin
aqibətini düşünəndə, İncəsənət Muzeyinin
həyətində dahi Üzeyir bəyin, Bülbülün, Natəvanın
güllələnmiş heykəllərini görəndə özümü alçalmış, təhqir olunmuş hiss edirəm. Ağır bir hiss qəlbimi
əzir, qürurumu sındırır. Bu heykəllərə atılan güllə bütöv Azərbaycan xalqına atılmış, bir xalqın
ürəyini dəlib keçmiş güllədir. Dünyada hüququ tapdalanmış, heysiyyəti alçaldılmış tək Azərbaycan
xalqı deyil, bir çox xalqlar var ki, illərdir öz hüququnu müdafiə edib, azad, rahat həyata qovuşa
bilmir. Hər zamanın, dövrün müharibəyə, sülhə öz yanaşma metodu olub və təəssüf ki, bu
metodların heç biri özünü doğrultmayıb. Bizim zamanımız isə tamam başqa bir yanaşma metodu
tələb edir. Dünyanı yalnız
bu gün humanist, insanpərvər ideyalar və onların həyata keçirilməsi xilas
edə bilər. Bugünkü reallıq bəşəriyyətin birdəfəlik məhv olmaq təhlükəsini diqtə edir. Yox olmamaq
naminə əbədi və dönməz sülhə nail olmaq bəşəriyyətin ilkin vəzifəsidir. Bunun üçün birinci
növbədə ürəkləri və beyinləri sülhə hazırlamaq lazımdır. Bu hazırlıq prosesində qadınlar başlıca rоl
oynamalıdır.
Müasir dövrün müharibəyə qarşı ən gözəl üsulu sülh mədəniyyətini dünya miqyasında
formalaşdırmaq və inkişaf etdirməkdir. Müharibə mədəniyyəti insanlar tərəfindən düşünülərək
tapılıb inkişaf etdirilmişsə, məhz həmin insanların özləri də sülh mədəniyyətini də düşünüb taparaq
inkişaf etdirə bilərlər. Hər hansı sosial məqsədə nail olmaq üçün bu sahədə maarifləndirmə tələb
olunur. Sülhə nail olmaq istəyən dünya sülh mədəniyyətinin vacib bir sahə kimi bütün təhsil
ocaqlarında tədrisinə başlamalıdır. Sülh mədəniyyətinə o zaman nail olmaq mümkün olacaq ki,
dünya vətəndaşları qlobal
problemləri başa düşsünlər, insan haqları, irqi bərabərlik üzrə beynəlxalq
standartları bilsinlər və onlara uyğun yaşasınlar, mədəniyyətlərin müxtəlifliyini dəyərləndirsinlər.
Yer kürəsinin bütövlüyünə hörmət etsinlər. Belə birliklərə məqsədyönlü, davamiyyətli sülh təhsili
keçilmədən nail olmaq mümkün deyil. Bu təhsilin vacibliyi hələ YUNESKO-nun üzvü olan