165
dövlətlər tərəfindən 1974-cü
ildə göstərilmiş, 1994-cü ildə Sülh, İnsan Haqları və Demokratiya
təhsili üzrə Bəyannaməsi və Vahid Fəaliyyət Proqramında təsdiqlənmiş, 1999-cu ilin mayında
vətəndaş cəmiyyəti tərəfindən keçirilən Haaqa Sülhə Çağırış Konfransı tərəfindən bütün təhsil
ocaqlarında tədris olunması üzrə kompaniyaya başlanması təklif olunmuşdu. Bu sahədə bircə an
gecikmək, bircə addım geriləmək böyük fəlakətlərin artması deməkdir. Bütün dünya bir ağızdan
sülh deməsə, insan haqları tapdalanacaq, dövlət hüquqları pozulacaq, təbiət təhqir olunub dağılacaq,
bir sözlə anamız Yer ayağımızın altından qaçacaq, göylər də pənah durmayacaq.
Göylər bezib anaların ahından,
Nigaranam dünyanın sabahından,
Diləyim var, tanrının dərgahından,
İnsanlığı hürriyyətə səsləsin,
Bütün dünya bir ağızdan sülh desin.
«Yaddaş» qəzеti, 10 nоyabr 2004-cü il №19-20 (23)
166
TARİX YAZANLAR TARİXDƏ QALACAQ
Yazıçı-publisist Mustafa Çəmənlinin yaradıcılığı barədə оxucu sözü.
Hər bir insanın mütaliə mədəniyyəti formalaşdıqca onun maraq dairəsi, obyekti də
müəyyənləşir. Kimisi macəra ədəbiyyatına, kimisi məhəbbətdən, qəhrəmanlıqdan bəhs edən
ədəbiyyata daha çox maraq göstərir. Özümü dərk edib, mütaliə vərdişlərinə yiyələnən
gündən
poeziyaya və tarixi əsərlərə xüsusi meylim olub. Oxuduğum tarixi əsərlər içərisində məni ən çox
özünə çəkən, həyəcanlandıran əsərlər Qarabağ, onun keçmişinə aid yazılanlardır. Bəlkə də bu,
ömrümün ən gözəl illərinin o dilbər guşədə, gözəl yurdun qoynunda keçməsilə bağlıdır. Qarabağın
hər daşı, bulağı, gülü, çiçəyi mənə ulu tarix kimi möcüzəli və cazibəli gəlib. Oxuduğum əsərlər də
hərəsi mənə bir cür təsir edib. Elə əsərlər olub ki, onu oxumamışam, su kimi içmişəm. Onu da
deyim ki, bu təkcə mövzunun ürəyimcə olması ilə bağlı olmayıb. Bəzən xoşladığın bir mövzuda
olan kitabı çətinliklə oxuyub başa çatdırırsan. Çünki dili qüsurlu olur, adamı çəkib apara bilmir.
Müəllifın xoşbəxtliyi, əsərin uğuru ondadır ki,
dili bulaq suyu kimi şəffaf, sadə, rəvan və axıcı olur.
Oxucunu öz cazibəsinə salıb, axıracan şirin və həzin bir yolla apara bilir.
Belə xoşbəxt müəlliflərdən biri də Mustafa Çəmənlidir. Mən «Xallı gürzə» tarixi romanını
oxuyanda Mustafa müəllimi şəxsən tanımırdım. Amma elə bu əsərindən onun portretinin cizgilərini
görə bilmişdim. Azərbaycanı sevən, Qarabağa bağlı, onun hər daşı üstündə əsən, tarixini yaşatmağa
can atan bir vətəndaş kimi təsəvvür etdiyim Mustafa müəllimi tanıyanda zənnimdə yanılmadığıma
sevindim. Bəzən şəxsiyyətlə sənət üst-üstə düşmür və illərlə sevib rəğbət bəslədiyin sənətkar bircə
anda gözündən düşür. Nə yaxşı ki, bu dəfə belə olmadı. Mustafa müəllimin söhbətlərini dinlədikcə
xəyalımdan başı qarlı uca dağlar, sinəsi sözlə-söhbətlə dolu ağsaqallarımız, ulu yurdun ulu tarixi
vərəq-vərəq, sətir-sətir gəlib keçir.
Tarixi əsər yazmaq təkcə ictimai-siyasi hadisələri ardıcıllıqla köçürmək deyil. Tarix yazmaq
daha çətin, daha məsuliyyətli bir işdir. Bütün sənətkarlar öz dövrünün tarixini yazır. Rəssam
rəsmlərində, yazıçı bədii əsərlərində, musiqiçi öz musiqilərində dövrünün həqiqətlərini, hiss və
həyəcanlarını əks etdirir. Son illər yaranan əsərlərin əksəriyyətinin mövzusu Qarabağdan götürülüb.
Qarabağ həmişə söz-söhbət mövzusu olub.
Vaxt olub ki, yetirdiyi sənətkarları ilə, vaxt da olub, (elə
indiki kimi) bəlaları, dərd-sərilə. Qarabağın bugünkü tarixini yazan müəlliflərdən biri də məhz
Mustafa Çəmənlidir. Mən onun «Muğam dünyasının Xanı» adlı kitabını oxuyandan sonra bir
müddət başqa aləmdə oldum. Təmiz, saf, isti-ilıq, şirin, həzin bir dünyadan, əsrarəngiz səslə,
qəlbləri ehtizaza gətirən sözlə dolu bir dünyadan qopmaq çox çətin idi. Bu kitab indi də
təsəvvürümdə möhtəşəm, əzəmətli, bünövrəsi büllur kimi saf sənətdən tökülmüş, divarları əsrlərin
sınağından çıxmış bir muğam sarayı kimi qalıb. Bu sarayın salonlarını Azərbaycan musiqisi,
Azərbaycan muğam sənətinin ən parlaq incilərinin solmaz boyalarla işlənmiş portretləri bəzəyir. Bu
kitab təkcə Xan Şuşinski haqqında deyil, bütövlükdə Azərbaycan musiqisi, Azərbaycan muğamı
haqqında tarixi bir əsərdir. Bu kitab korifey sənətkarların obrazlar qalereyası ilə zəngin olan
möhtəşəm bir sərgi salonudur. Muğam sənətinin dünənini,
bu gününü, sabahını əks etdirən salon!
Bu kitab həm də Qarabağ tarixidir, çünki Xan Şuşinski də elə müəyyən mənada Qarabağ deməkdir.
Mustafa Çəmənli bu kitabla Xan əminin ən böyük vəsiyyətini və arzusunu yaşadır. «Muğamatı
ölməyə qoymayın» deyən Xan Şuşinski bilirdi ki, muğamat ölsə, millət də öləcək, Qarabağ da əldən
gedəcək. «Mənsuriyyə»yə qulaq asmayan millət necə mübariz ola bilər, necə torpaq qoruya bilər?
İndi muğamatı yad, bayağı diringilərə dəyişirlər. Belə bir zamanda bu kitabın dəyəri ölçüyə
gəlməzdir.
Mustafa Çəmənlinin növbəti kitabı «Burdan bir atlı keçdi...» adlanır. Bu kitabda da müəllif öz
ideyasına sadiq qalıb. Əziz Qarabağının, doğma Ağdamınıın dünənini,
bu gününü və həm də
gələcəyini şirin, yaddaqalan boyalarla əbədiləşdirib. Adi bir el ağsaqqalının yaddaşının xatirələrlə
zəngin səhifələrini vərəqləyərək şirin bir dillə oxucusuna danışır. Yadımıza uşaqlığımız, nənə-
babalarımızın nağıllı dünyası düşür. Nağıl kimi dinlədiklərimiz isə onların yaddaşında ağrılı-acılı
izlər salan tarixi həqiqətlərdir. Ağsaqqallarımız, ağbirçəklərimiz azaldıqca bu tarixi həqiqətlərin izi
də get-gedə pozulur. Bu xatirələri qələmə almaq, xalqın malına çevirmək ən böyük savabdır. Bizə
167
bu gün tarix yazmaq daha çox vacibdir. Çünki uzun müddət tariximiz təhrif olunub, həqiqətlər qara
pərdələrə bürüdülərək gizlədilib. Bu həqiqətləri qara pərdələrdən azad edib, tarixin səhvlərini bərpa
etmək ən müqəddəs bir işdir. İnanıram ki, hər kənddə, hər obada yaddaşında ulu tarix uyuyan İsa
kişilər var. Sadəcə, bu yaddaşı oyatmaq, qaynar bulağın gözünü açmaq lazımdır. Ona da inanıram
ki, bu işi ləyaqətlə görə biləcək Mustafa Çəmənlilər də var.
Mustafa müəllimə xeyirxah və dəyərli yaradıcılıq yolunda uğurlar,
yeni gözəl əsərlər
arzulayıram. Vaxt gələcək bu əsərlərin dəyəri və qiyməti lazımi səviyyədə bilinəcək. Sadəcə olaraq,
zaman öz qəhrəmanını sevib qiymətləndirə bilmir. Bunun üçün müəyyən vaxt keçməlidir.
Qəhrəman özü bunu görməsə də, gələcək nəsillər görəcək. Qəhrəmanlığın bir şərti də bəlkə elə
budur. Bircə onu bilirəm ki, tarix yazanların adı mütləq tarixdə qalacaq. Belə xoşbəxtlik isə hər kəsə
nəsib olmur. Belə xoşbəxtliyinizə mübarək deyirik, Mustafa müəllim! Qarabağ haqqında uğurlu
yazılar, uğurlu döyüşlər qədər vacibdir. Qarabağ yоlunda uğurlu döyüşlər!
«525-ci qəzеt», 8 aprеl 2003-cü il, çərşənbə axşamı
KÜRDƏMİRDƏ MƏDƏNİYYƏT ŞƏHƏRCİYİ
Artıq üç ildir ki, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Treninq
Mərkəzinin əməkdaşları Açıq Cəmiyyət Institutu Yardım Fondunun maliyyə dəstəyi ilə
«Müasir kitabxanalar və onların vəzifələri» proqramı ilə respublikanın müxtəlif bölgələrində
seminarlar keçirir. Növbəti səfərimiz Kürdəmir rayonuna idi.
Təbiəti kasıb оlan bu rayondan çox şey ummaq da ədalətsizlikdir. Ancaq əksər
marşrutların nəqliyyat xətti olan Kürdəmir camaatının sadəliyi, qonaqpərvərliyi,
mehribanlığı ötənin, keçənin qəlbində həmişə xoş təəssürat oyadıb.
Biz bu köhnə rayonun mərkəzində təzə, müasir standartlara uyğun, kiçik də olsa, böyük
təəssürat oyadan mədəniyyət şəhərciyini görəndə heyrətli bir sevinclə köks dolusu nəfəs aldıq.
«Uşaq yaradıcılıq evi», «Şəkil qalereyası», «Uşaq kitabxanası», «Mərkəzi kitabxana» binaları bu
şəhərciyin yaraşıqlı övladlarıdır. Şəhərcikdə yeni salınmış gözəl, kiçik xiyaban indi rayon
camaatının ən çox can atdığı istirahət yeridir. «Şəkil qalereyası»nda nümayiş olunan sənət əsərləri
gələni-gedəni valeh edir. Bunu «Rəy və təkliflər» kitabına yazılmış xoş sözlər də təsdiq edir.
Rayon mədəniyyət şöbəsinin müdiri Vaqif Alıyevin dediyinə görə, bu kompleks cəmi 204 günə
tikilib istifadəyə verilib. Bu işə şəxsən rayon icra hakimiyyətinin başçısı Nazim Babayev rəhbərlik
və nəzarət edib. Kürdəmir mədəniyyət işçilərinin
bəxti onda gətirib ki, rayona təzə təyin olunmuş
Nazim müəllim mədəniyyətsevər, onun inkişafına xüsusi fikir verən insandır. Bu çox böyük şərtdir.
İkinci şərt rayonda mədəniyyət, kitabxana fədailərinin olmasıdır. Mədəniyyət şöbə müdirinin
işgüzar, mütaliəli və dünyagörüşlü insan olduğu ilk dəqiqədən bilinir. MKS-in direktoru Şahalı
Şıxəliyev bütün ömrünü kitabxana işinə sərf etmiş, kitabxananı doğma evi bilən, həyatı sayan bir
insandır. Ən fərəhlisi odur ki, Şahalı müəllim tək deyil, onun bu işə məhəbbətindən bəhrələnən
onlarla Dürriyə, Aidə, Növrəstə kimi işçiləri var». Bölgələrdə belə həmkarlarımızın olmasından
duyduğumuz fərəh hələ də bizi tərk etməyib. Müasir dövrün maliyyə qıtlığına, əli işdən soyudan
sosial çətinliklərə baxmayaraq, Kürdəmir kitabxanaçıları sabaha ümidlə baxırlar. Kitabxananın
binası da qənaətbəxşdir, oxucusu da kifayət qədərdir. Ancaq kitabxanaya yeni ədəbiyyatın
alınmasındakı çətinlik görülən işlərin lazımi bəhrə verməsinə mane olur. Əgər
kitabxana öz
fondunu yeni ədəbiyyatla komplektləşdirə bilmirsə, öz funksiyasını itirərək köhnə kitab anbarına
çevrilir. Yeri gəlmişkən, deyim ki, bu təkcə kürdəmirlilərin problemi deyil. Bütün bölgələrin
kitabxanaları bu dərdi yaşayır, bu ağrını çəkir. Hər bir sahə öz dərdini özü yaxşı bilir və öz
prolemini özü həll etsə yaxşı olar. Kitabxana işinə barmaqarası baxan insanlardan nə ummaq olar
axı?