Dünyada hərənin öz xarakteri, öz dünyası olan çoxlu sayda insan-lar var


«Mədəni-Maarif» jurnalı, 8-9 (150-151) 2003-cü il



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/60
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49479
1   ...   34   35   36   37   38   39   40   41   ...   60

 
131
 
«Mədəni-Maarif» jurnalı, 8-9 (150-151) 2003-cü il 
 


 
132
 
XATİRƏLƏRLƏ ОVUNAN ÖMÜR 
 
İnsan yaşa dolanda, həyatı  qədər sevdiyi, bütün ömrünü sərf etdiyi sənətdən ayrılanda 
yeganə  həmdəmi  о illərlə bağlı xatirələr olur. Əl işdən, ayaq köçdən qalan vaxtda həzin, 
kövrək xatirələrlə ovunur, bədənə ruh, ürəyə taqət gətirən bu xatirələri danışmağa, deməyə 
də ehtiyac duyur. 
 Azərbaycan Respublikasının əməkdar artisti, ömrünün 55 ilini səhnəyə həsr etmiş Leyla xanım 
İbrahimova da indi bu çətin, keçməkeşli, mənalı səhnə həyatının unudulmaz xatirələrinin istisi ilə 
ovunur, işığı ilə yaşayır. 
Yaxşı yadındadır, «Radiokomitet»də oxumağa başlayanda cəmi-cümlətani 16 yaşı vardı. 
Əvvəlcə işə götürmək istəmirdilər. Dahi Üzeyir bəy bu balaca qızdakı sonsuz həvəsi və istedadı hiss 
etdiyi üçün onu işə götürməyi məsləhət bilir və bu xeyir-dua bütün ömrü boyu Leyla xanımın 
həyatında unudulmaz və  işıqlı bir iz qoyur. Uzun müddət «Radiokomitet»in xorunda solist kimi 
işləyərək C.Cahangirovun «Laylay», F.Əmirovun «Vətən» mahnılarını özünəməxsus şirin səslə ifa 
etmişdir. Ailə qurandan sonra iki il səhnədən ayrı yaşayan Leyla xanım o iki ili ömründən saymır. 
Səhnəsiz yaşaya bilməyəcəyini hiss edən gənc ana həyat yoldaşının «ya mən, ya səhnə» tələbinin 
qarşısında fıkirləşmədən səhnəni seçir və 6 aylıq oğlu ilə bərabər çətin bir həyatın qucağına atılır. 
Yenidən səhnəyə qayıtdığı o illərin xatirəsində gözəl bir insanın, unudulmaz bir sənətkarın siması 
üzünə gülür, qəlbində xoş, şirin bir məhəbbət oyadır. Bu insan çoxlarına əl tutmuş, yol göstərmiş 
böyük sənətkar – Bülbül idi. Leyla xanım məhz Bülbülün məsləhəti ilə M.F.Axundov adına 
Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlamışdır. Nə az, nə çox – düz 40 il bu 
müqəddəs səhnədə, saysız-hesabsız tamaşalarda yaddaqalan obrazlar yaradıb.  
İlk rolu rejissor Soltan Dadaşovun quruluş verdiyi «Aşıq Qərib» operasında Qəribin bacısı olub. 
Sonralar «Leyli və  Məcnun»da ana, «Gəlin qayası»nda Tutu, «Aşıq Qərib»də ana kimi təsirli 
obrazlar yaradıb. «Leyli və  Məcnun»da Leylinin anası obrazını oynaması da xoş bir təsadüf və 
teatrın ikinci rejissoru Kamil Sultanovun köməkliyi ilə olmuş  şirin bir xatirə kimi yaddaşlarda 
əbədiləşib. Teatrın 60 illik yubileyində «Leyli və  Məcnun» operası oynanılan gün Leylinin anası 
rolunu oynayan aktrisa qəflətən xəstələnir və yaradıcı heyət çaş-baş qalır. Teatrda kimin nəyə qadir 
olduğunu çox gözəl bilən Kamil Sultanov tərəddüd etmədən Leyla xanıma geyinib səhnəyə çıxmağa 
göstəriş verir. Dirijor Ə.Bədəlbəyli çox narahatlıq və nigarançılıq keçirir. Xoşbəxtlikdən rolun 
sözlərini və musiqisini gözəl bilən Leyla xanımın çıxışı o qədər təsirli və səmimi alınır ki, nəinki 
narahatlıq yox olur, hətta o gündən bu rolun ifası Leyla xanıma tapşırılır. Leyla xanımın özünün də 
sevdiyi və özünəməxsus koloritlə yaratdığı bir ana obrazı da «Aşıq Qərib» operasında Qəribin 
anasıdır. 300 dəfədən çox oynayıb bu rolu. Hətta təqaüdə çıxandan sonra da bu rolun ifası üçün teatr 
məhz Leyla xanımı çağırıb. Çünki bu rolu onun kimi ifa edən hələ ki, yoxdur. Ümumiyyətlə, Leyla 
xanımda səhnəyə, sənətə olan məhəbbət çoxlarında yoxdur. Sənət fədakarlıq sevir. Böyük 
məsuliyyət hissi və  sənət yanğısı onu cərrahiyə  əməliyyatı aparılacaq gün xəstəxanadan qaçmağa 
məcbur edib. Afişası asılmış bir tamaşanın təxirə salınmaması üçün xəstəxanadan qaçan Leyla 
xanım nəticədə gözünün birini itirməli olur və bundan peşiman deyil. 
Adı Azərbaycan incəsənətində  əbədi yaşayacaq neçə-neçə  sənətkarlarla işləyib, tərəf-müqabil 
olub. Respublikanın çox bölgələrində qastrollarda olub. Ən çox xatırladığı 1973-cü ildə  Şuşada 
«Leyli və  Məcnun»u böyük sənətkarlar Arif Babayev və Zeynəb Xanlarova ilə birgə oynadıqları 
gündür. Gözəl Şuşanın musiqisever və duyumlu insanlarının məhəbbət və işıq dolu baxışları, sürəkli 
alqış səsləri hələ də saysız-hesabsız xatirələr sarayının tacıdır. Amma bu gün bu xatirələr Şuşanın 
yoxluğundan qəlbini qanadır, gözünü yaşardır. 
Kinostudiyadakı  fəaliyyəti də xatirə qatında xüsusi yer tutur. «Dəli Kür», «Nəsimi», «Liftçi 
qız», «Alma-almaya bənzər», «Evdə kişi var», «Araqarışdıran» filmlərində yaratdığı epizodik 
rolları da eyni həvəslə, ürəklə oynayıb. «Mosfılm»in istehsal etdiyi «Qanuni nigah» və ərəb filmi 
«Qaçqınlar»da təbii və səmimi oyunu ilə yadda qalıb. 


 
133
Uzunmüddətli və faydalı  əməyinə görə  Fəxri Fərmanlar, mükafatlar alıb. 1991-ci ildə 
respublikanın  əməkdar artisti fəxri adına layiq görülüb. Ömrünün 78-ci pilləsinə ucalan Leyla 
xanım Mədəniyyət Naziri Polad Bülbüloğlundan çox razılıq edir. Deyir ki, maddi və mənəvi kömək 
üçün üz tutduğum insanlar içərisində  təkcə Polad müəllim bütün müraciətlərimə müsbət cavab 
verib, qəlbimi sevindirib. Eynən atasına çəkib, atalar nahaq deməyib ki, ot kökü üstə bitər. 
Bu çətin və kasad zamanda nə yaxşı ki, xatirələr bolluğu var. Hər bir çətinliyi unutduran, 
ağrıları ovudan xatirələr olmasa ömrün mənası itərdi. 
 
«Mədəni-maarif» jurnalı, №4 (146) 2003-cü il 


 
134
ƏN BÖYÜK DÜŞMƏNİMİZ 
UNUTQANLIĞIMIZDIR 
 
Unutqanlıq hər bir xalqın bəlasıdır. Bundan ən çox ziyan çəkən isə  bəlkə  də Azərbaycan 
xalqıdır. Yaddaşlarımız korşaldıqca, yaralarımız qaysaqladıqca düşmənə nifrətimiz azalır və yeni-
yeni itkilərə, faciələrə yol açmış oluruq. Bir əsrdə bir əl ilə dönə-dönə sinəmizə  çəkilən dağda, 
ürəyimizə vurulan yarada özümüzün nə qədər günahımız var. Unutmuşuq, bağışlamışıq, yeni gələn 
nəsildən həqiqəti müxtəlif səbəblər üzündən gizlətmişik, hətta qanımıza susayan ən qatı 
düşmənimizə qardaş da demişik, qucaq da açmışıq. Vəhşi soyqırımlarla dolu tariximizi bu gün də 
unuduruq. Bu gün əsrin  ən böyük faciəsi olan Xocalı soyqırımının tarixini unudanlar var. Hətta 
hansı rayonlarımızın işğal altında olduğundan bixəbərlərimiz də az deyil. Bir vaxtlar tariximizin 
təhrif olunmasında, həqiqətlərin pərdələnməsində imperiya siyasətini günahlandırırdıq, bəs bu gün 
kimdir günahkar? 
70 il saxtalaşdırılmış, təhrif olunmuş tariximizin qaranlıq qatları müstəqillik qazandıqdan sonra 
işıqlanmağa başladı. Bir çox həqiqətlər üzə çıxdı, tərsinə yazılmış tarix düzəlməyə başladı. 
Uzun illərdən bəri bizə «şanlı inqilabçıların» əks inqilaba qarşı mübarizəsi kimi təbliğ olunmuş 
1918-ci ilin mart qırğınının da əsl mahiyyəti məhz son illərdə aydın oldu. Bu qırğın xalqımıza qarşı 
təsadüfi deyil, əvvəlcədən düşünülmüş, məqsədli soyqırım siyasəti idi. Bu siyasəti başda 
S.Şaumyan olmaqla erməni millətçiləri, daşnaqsütun partiyasının üzvləri aparırdılar. Himayədarları 
isə «böyük qardaş» deyib illərlə baş əydiyimiz rus imperiyası idi. 
Hələ  əsrin  əvvəllərində 1905-1906-cı illərdə erməni  şovinistləri «Böyük Ermənistan», 
«Dənizdən dənizə imperiya» xülyalarını reallaşdırmaq üçün Çar Rusiyasının hakim dairələrinin 
himayədarlığı ilə Azərbaycanda görünməmiş  vəhşiliklər törətdilər. Türk-müsəlman qanının 
şirinliyindən doymamış qaniçənlər öz fitnəkar siyasətlərini həyata keçirmək üçün yeni məqam 
gözləyirdilər. Tarixi hadisələrin qarışıqlığı  və azərbaycanlıların ürəyiyumşaqlığı, humanizmi belə 
bir fürsəti düşmənlərin  əlinə verdi. 1918-ci il martın 31-də saat 5 radələrində misli görünməmiş 
vəhşiliklər başladı. Tarixçilərin dediyinə görə, martın 31-dən aprelin 3-nə kimi davam edən bu 
qırğın zamanı  təkcə Bakıda 12 min əhali qətlə yetirilmişdi. Azərbaycanlıların sıx yaşadığı 
məhəllələrdə  uşaqdan böyüyə hamı süngüdən keçirilir, körpə  uşaqlar diri-diri yandırılırdı. Arxiv 
sənədləri təsdiq edir ki, şəhərin bir yerindən burunları, qulaqları  kəsilmiş 57 müsəlman qadınının 
meyidi tapılmışdır. Gənc qadınları diri-diri divara mıxlayırdılar. Aprel ayının ilk günlərindən 
etibarən Bakıda törədilən cinayət  Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabul və 
Salyanda davam etdirildi. Qanlı faciələr yaşamış Şamaxı şəhəri uzun müddət özünə gəlmədi. 1918-
ci ildə 15 min əhalisi olan Şamaxıda 1921-ci ildə vur-tut 1700 nəfər yaşayırdı.  Əhalinin  əksər 
hissəsi ermənilər tərəfindən qırılmışdı. Çox təəssüf ki, xalqımız bu fəlakəti unutdu, daha doğrusu 
unutdurdular. O qanlı hadisələrin şahidləri olan nənə-babalarımız öz övladlarına pıçıltı ilə, qorxa-
qorxa danışdıqlarını bizlər «qorxulu nağıl» kimi dinləyər, bu nağılı tarix kitablarından axtarardıq. 
Kitablar isə bizi ağ günə çıxaran «şanlı tarixdən» dəm vururdu. Amma həqiqət elə bir işıqdır ki, onu 
gizlətmək, ört-basdır etmək olmaz. Nə vaxtsa bu işıq süzəcək və qaranlıqlar aydınlaşacaq. 
Azərbaycan xalqına qarşı ən böyük tarixi haqsızlıq, təhqir isə bu qırğında erməni şovinistlərinə 
dəstək olan S.M.Kirovun mart qırğını şəhidləri üstündə heykəlinin qoyulması idi. 
Tarix dibi görünməyən dəryadır. Təlatümlər, qasırğalar, tufanlar görən bu dərya dalğalandıqca, 
ləpələndikcə  həqiqətlər, yalanlar üzə  çıxır, haqsızlıqlar nifrətlə  kənara atılır. Bu gün nifrətlə 
baxdığımız heykəlin zəbt etdiyi yer xalqımızın  ən müqəddəs ziyarətgahına çevrilib. Çünki orda 
müqəddəs amallar uğrunda həlak olan şəhidlərimiz uyuyur. Onlar təkcə son illərin deyil, həm də 
1918-ci ilin mart faciəsinin qurbanlarıdır. Şəhidlər Xiyabanını ziyarət edən soydaşlarımız bunu heç 
vaxt unutmamalı, onları da yad etməli və ruhlarına dualar oxumalıdır. O tarixləri, o qurbanları 
unutmağa heç birimizin mənəvi haqqı yoxdur. 
 
«Mədəni-Maarif» jurnalı, №3 (145) 2003-cü il 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə