132
XATİRƏLƏRLƏ ОVUNAN ÖMÜR
İnsan yaşa dolanda, həyatı qədər sevdiyi, bütün ömrünü sərf etdiyi sənətdən ayrılanda
yeganə həmdəmi о illərlə bağlı xatirələr olur. Əl işdən, ayaq köçdən qalan vaxtda həzin,
kövrək xatirələrlə ovunur, bədənə ruh, ürəyə taqət gətirən bu xatirələri danışmağa, deməyə
də ehtiyac duyur.
Azərbaycan Respublikasının əməkdar artisti, ömrünün 55 ilini səhnəyə həsr etmiş Leyla xanım
İbrahimova da indi bu çətin, keçməkeşli, mənalı səhnə həyatının unudulmaz xatirələrinin istisi ilə
ovunur, işığı ilə yaşayır.
Yaxşı yadındadır, «Radiokomitet»də oxumağa başlayanda cəmi-cümlətani 16 yaşı vardı.
Əvvəlcə işə götürmək istəmirdilər. Dahi Üzeyir bəy bu balaca qızdakı sonsuz həvəsi və istedadı hiss
etdiyi üçün onu işə götürməyi məsləhət bilir və bu xeyir-dua bütün ömrü boyu Leyla xanımın
həyatında unudulmaz və işıqlı bir iz qoyur. Uzun müddət «Radiokomitet»in xorunda solist kimi
işləyərək C.Cahangirovun «Laylay», F.Əmirovun «Vətən» mahnılarını özünəməxsus şirin səslə ifa
etmişdir. Ailə qurandan sonra iki il səhnədən ayrı yaşayan Leyla xanım o iki ili ömründən saymır.
Səhnəsiz yaşaya bilməyəcəyini hiss edən gənc ana həyat yoldaşının «ya mən, ya səhnə»
tələbinin
qarşısında fıkirləşmədən səhnəni seçir və 6 aylıq oğlu ilə bərabər çətin bir həyatın qucağına atılır.
Yenidən səhnəyə qayıtdığı o illərin xatirəsində gözəl bir insanın, unudulmaz bir sənətkarın siması
üzünə gülür, qəlbində xoş, şirin bir məhəbbət oyadır. Bu insan çoxlarına əl tutmuş, yol göstərmiş
böyük sənətkar – Bülbül idi. Leyla xanım məhz Bülbülün məsləhəti ilə M.F.Axundov adına
Azərbaycan Dövlət Opera və Balet Teatrında işləməyə başlamışdır. Nə az, nə çox – düz 40 il bu
müqəddəs səhnədə, saysız-hesabsız tamaşalarda yaddaqalan obrazlar yaradıb.
İlk rolu rejissor Soltan Dadaşovun quruluş verdiyi «Aşıq Qərib» operasında Qəribin bacısı olub.
Sonralar «Leyli və Məcnun»da ana, «Gəlin qayası»nda Tutu, «Aşıq Qərib»də ana kimi təsirli
obrazlar yaradıb. «Leyli və Məcnun»da Leylinin anası obrazını oynaması da xoş bir təsadüf və
teatrın ikinci rejissoru Kamil Sultanovun köməkliyi ilə olmuş şirin bir xatirə kimi yaddaşlarda
əbədiləşib. Teatrın 60 illik yubileyində «Leyli və Məcnun» operası oynanılan gün Leylinin anası
rolunu oynayan aktrisa qəflətən xəstələnir və yaradıcı heyət çaş-baş qalır. Teatrda kimin nəyə qadir
olduğunu çox gözəl bilən Kamil Sultanov tərəddüd etmədən Leyla xanıma geyinib səhnəyə çıxmağa
göstəriş verir. Dirijor Ə.Bədəlbəyli çox narahatlıq və nigarançılıq keçirir. Xoşbəxtlikdən rolun
sözlərini və musiqisini gözəl bilən Leyla xanımın çıxışı o qədər təsirli və səmimi alınır ki,
nəinki
narahatlıq yox olur, hətta o gündən bu rolun ifası Leyla xanıma tapşırılır. Leyla xanımın özünün də
sevdiyi və özünəməxsus koloritlə yaratdığı bir ana obrazı da «Aşıq Qərib» operasında Qəribin
anasıdır. 300 dəfədən çox oynayıb bu rolu. Hətta təqaüdə çıxandan sonra da bu rolun ifası üçün teatr
məhz Leyla xanımı çağırıb. Çünki bu rolu onun kimi ifa edən hələ ki, yoxdur. Ümumiyyətlə, Leyla
xanımda səhnəyə, sənətə olan məhəbbət çoxlarında yoxdur. Sənət fədakarlıq sevir. Böyük
məsuliyyət hissi və sənət yanğısı onu cərrahiyə əməliyyatı aparılacaq gün xəstəxanadan qaçmağa
məcbur edib. Afişası asılmış bir tamaşanın təxirə salınmaması üçün xəstəxanadan qaçan Leyla
xanım nəticədə gözünün birini itirməli olur və bundan peşiman deyil.
Adı Azərbaycan incəsənətində əbədi yaşayacaq neçə-neçə sənətkarlarla işləyib,
tərəf-müqabil
olub. Respublikanın çox bölgələrində qastrollarda olub. Ən çox xatırladığı 1973-cü ildə Şuşada
«Leyli və Məcnun»u böyük sənətkarlar Arif Babayev və Zeynəb Xanlarova ilə birgə oynadıqları
gündür. Gözəl Şuşanın musiqisever və duyumlu insanlarının məhəbbət və işıq dolu baxışları, sürəkli
alqış səsləri hələ də saysız-hesabsız xatirələr sarayının tacıdır. Amma bu gün bu xatirələr Şuşanın
yoxluğundan qəlbini qanadır, gözünü yaşardır.
Kinostudiyadakı fəaliyyəti də xatirə qatında xüsusi yer tutur. «Dəli Kür», «Nəsimi», «Liftçi
qız», «Alma-almaya bənzər», «Evdə kişi var», «Araqarışdıran» filmlərində yaratdığı epizodik
rolları da eyni həvəslə, ürəklə oynayıb. «Mosfılm»in istehsal etdiyi «Qanuni nigah» və ərəb filmi
«Qaçqınlar»da təbii və səmimi oyunu ilə yadda qalıb.
133
Uzunmüddətli və faydalı əməyinə görə Fəxri Fərmanlar, mükafatlar alıb. 1991-ci ildə
respublikanın əməkdar artisti fəxri adına layiq görülüb. Ömrünün 78-ci pilləsinə ucalan Leyla
xanım Mədəniyyət Naziri Polad Bülbüloğlundan çox razılıq edir. Deyir ki,
maddi və mənəvi kömək
üçün üz tutduğum insanlar içərisində təkcə Polad müəllim bütün müraciətlərimə müsbət cavab
verib, qəlbimi sevindirib. Eynən atasına çəkib, atalar nahaq deməyib ki, ot kökü üstə bitər.
Bu çətin və kasad zamanda nə yaxşı ki, xatirələr bolluğu var. Hər bir çətinliyi unutduran,
ağrıları ovudan xatirələr olmasa ömrün mənası itərdi.
«Mədəni-maarif» jurnalı, №4 (146) 2003-cü il
134
ƏN BÖYÜK DÜŞMƏNİMİZ
UNUTQANLIĞIMIZDIR
Unutqanlıq hər bir xalqın bəlasıdır. Bundan ən çox ziyan çəkən isə bəlkə də Azərbaycan
xalqıdır. Yaddaşlarımız korşaldıqca, yaralarımız qaysaqladıqca düşmənə nifrətimiz azalır və yeni-
yeni itkilərə, faciələrə yol açmış oluruq. Bir əsrdə bir əl ilə dönə-dönə sinəmizə çəkilən dağda,
ürəyimizə vurulan yarada özümüzün nə qədər günahımız var. Unutmuşuq, bağışlamışıq,
yeni gələn
nəsildən həqiqəti müxtəlif səbəblər üzündən gizlətmişik, hətta qanımıza susayan ən qatı
düşmənimizə qardaş da demişik, qucaq da açmışıq. Vəhşi soyqırımlarla dolu tariximizi bu gün də
unuduruq. Bu gün əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının tarixini unudanlar var. Hətta
hansı rayonlarımızın işğal altında olduğundan bixəbərlərimiz də az deyil. Bir vaxtlar tariximizin
təhrif olunmasında, həqiqətlərin pərdələnməsində imperiya siyasətini günahlandırırdıq, bəs bu gün
kimdir günahkar?
70 il saxtalaşdırılmış, təhrif olunmuş tariximizin qaranlıq qatları müstəqillik qazandıqdan sonra
işıqlanmağa başladı. Bir çox həqiqətlər üzə çıxdı, tərsinə yazılmış tarix düzəlməyə başladı.
Uzun illərdən bəri bizə «şanlı inqilabçıların» əks inqilaba qarşı mübarizəsi kimi təbliğ olunmuş
1918-ci ilin mart qırğınının da əsl mahiyyəti məhz son illərdə aydın oldu. Bu qırğın xalqımıza qarşı
təsadüfi deyil, əvvəlcədən düşünülmüş, məqsədli soyqırım siyasəti idi. Bu siyasəti başda
S.Şaumyan
olmaqla erməni millətçiləri, daşnaqsütun partiyasının üzvləri aparırdılar. Himayədarları
isə «böyük qardaş» deyib illərlə baş əydiyimiz rus imperiyası idi.
Hələ əsrin əvvəllərində 1905-1906-cı illərdə erməni şovinistləri «Böyük Ermənistan»,
«Dənizdən dənizə imperiya» xülyalarını reallaşdırmaq üçün Çar Rusiyasının hakim dairələrinin
himayədarlığı ilə Azərbaycanda görünməmiş vəhşiliklər törətdilər. Türk-müsəlman qanının
şirinliyindən doymamış qaniçənlər öz fitnəkar siyasətlərini həyata keçirmək üçün yeni məqam
gözləyirdilər. Tarixi hadisələrin qarışıqlığı və azərbaycanlıların ürəyiyumşaqlığı, humanizmi belə
bir fürsəti düşmənlərin əlinə verdi. 1918-ci il martın 31-də saat 5 radələrində misli görünməmiş
vəhşiliklər başladı. Tarixçilərin dediyinə görə, martın 31-dən aprelin 3-nə kimi davam edən bu
qırğın zamanı təkcə Bakıda 12 min əhali qətlə yetirilmişdi. Azərbaycanlıların sıx yaşadığı
məhəllələrdə uşaqdan böyüyə hamı süngüdən keçirilir, körpə uşaqlar diri-diri yandırılırdı. Arxiv
sənədləri təsdiq edir ki, şəhərin bir yerindən burunları, qulaqları kəsilmiş 57 müsəlman qadınının
meyidi tapılmışdır. Gənc qadınları diri-diri divara mıxlayırdılar. Aprel ayının
ilk günlərindən
etibarən Bakıda törədilən cinayət Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Hacıqabul və
Salyanda davam etdirildi. Qanlı faciələr yaşamış Şamaxı şəhəri uzun müddət özünə gəlmədi. 1918-
ci ildə 15 min əhalisi olan Şamaxıda 1921-ci ildə vur-tut 1700 nəfər yaşayırdı. Əhalinin əksər
hissəsi ermənilər tərəfindən qırılmışdı. Çox təəssüf ki, xalqımız bu fəlakəti unutdu, daha doğrusu
unutdurdular. O qanlı hadisələrin şahidləri olan nənə-babalarımız öz övladlarına pıçıltı ilə, qorxa-
qorxa danışdıqlarını bizlər «qorxulu nağıl» kimi dinləyər, bu nağılı tarix kitablarından axtarardıq.
Kitablar isə bizi ağ günə çıxaran «şanlı tarixdən» dəm vururdu. Amma həqiqət elə bir işıqdır ki, onu
gizlətmək, ört-basdır etmək olmaz. Nə vaxtsa bu işıq süzəcək və qaranlıqlar aydınlaşacaq.
Azərbaycan xalqına qarşı ən böyük tarixi haqsızlıq, təhqir isə bu qırğında erməni şovinistlərinə
dəstək olan S.M.Kirovun mart qırğını şəhidləri üstündə heykəlinin qoyulması idi.
Tarix dibi görünməyən dəryadır. Təlatümlər, qasırğalar, tufanlar görən bu dərya dalğalandıqca,
ləpələndikcə həqiqətlər, yalanlar üzə çıxır, haqsızlıqlar nifrətlə kənara atılır.
Bu gün nifrətlə
baxdığımız heykəlin zəbt etdiyi yer xalqımızın ən müqəddəs ziyarətgahına çevrilib. Çünki orda
müqəddəs amallar uğrunda həlak olan şəhidlərimiz uyuyur. Onlar təkcə son illərin deyil, həm də
1918-ci ilin mart faciəsinin qurbanlarıdır. Şəhidlər Xiyabanını ziyarət edən soydaşlarımız bunu heç
vaxt unutmamalı, onları da yad etməli və ruhlarına dualar oxumalıdır. O tarixləri, o qurbanları
unutmağa heç birimizin mənəvi haqqı yoxdur.
«Mədəni-Maarif» jurnalı, №3 (145) 2003-cü il