Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 2,02 Mb.
səhifə6/32
tarix06.02.2018
ölçüsü2,02 Mb.
#26419
1   2   3   4   5   6   7   8   9   ...   32

1. Meyvələr. Burada toxumlu meyvələr (alma, armud, heyva, əzgil, üvəz və yemişan) və çəyirdəkli meyvələr (gilas, albalı, ərik, şaftalı, gavalı, göyəm, cır gavalı, alça, zoğal) bir qrup daxilində verilir.

2. Giləmeyvələr. Burada həqiqi giləmeyvələr (üzüm, qarağat, firəng üzümü, quşüzümü, qaragilə, mərsin, cır mərsin, çaytikanı, zirinc və s.), mürəkkəb giləmeyvələr (moruq, bö­yurt­kən, şimal moruğu, sarı böyürtkən və s.), qeyri-həqiqi gilə­mey­vələr (bağ və meşə çiyələyi) və yabanı halda yetişən və müa­licəvi məqsədlə istifadə olunan bir çox giləmenyvələr haqqında məlumat verilir.
M E Y V Ə L Ə R
Albalı, gilənar Вишня Cerasus vulgaris Mill. Al­balı cinsinin 240 növü var. Gülçiçəklilər (Rosaceae) fəsilə­sin­dəndir. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağı­da­kılardır:

- mərmərik albalı;

- mahaleb albalısı;

- çöl albalısı.

Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur.

Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə uzun saplaq üzərində əmələ gəlir. Meyvələri iyulun axırı və avqustda yetişir. Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd qırmızı və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı acı olur, hər 3-4 ildən bir bol məhsul verir.

Tərkibində 12% şəkər (sadə şəkərlər), 2%-ə qədər üzvi turşu (alma və limon), karotin, C, B1, PP vitaminləri, fol tur­şusu (Bc vitami), aşılayıcı və pektinli maddələr vardır.

Meyvələri kompot, kisel, şirə, şərbət, şərab, mürəbbə və spirtsiz içkilər istehsalında işlədilir.

Albalının yarpaqları, tərəvəzləri duza və sirkəyə qoy­duqda istifadə edilir. Çəyirdəyi və ləpəsi ətriyyat sənaye­sində, bəzi sabunların ətirləndirilməsində tətbiq olunur.

Müalicəvi məqsədlə albalının meyvələrindən alınmış ekstraktdan, yarpaqlarından və meyvə saplağından istifadə edi­lir. Yarpaqlarından alınmış sulu tinktura sarılığa qarşı, meyvə saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq olunur.

Albalının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xalq təbabətində albalının südlə birlikdə oynaqların iltihabı zamanı qəbul edirlər. Həmçinin, nəfəs yollarının iltihabında bəlğəm­gətirici kimi tətbiq edilir.

Albalı həm də balverən bitkidir. 1 hektar albalı sa­həsindən arılar 15-53 kq bal hasil edə bilir.



Albalının müalicəvi xassələri. Albalı təzə, qurudulmuş və konservləşdirilmiş halda yeyilir. Ondan kompot, mürəbbə, şərbət, ekstrakt, konfet, nastoyka, nalivka, şərab və spirtsiz iç­kilər hazırlanır. Albalı yarpaqlarından xiyarın və bəzi tərə­vəz­lərin turşudulmasında və sirkəyə qoyulmasında istifadə olunur. Albalı çəyirdəyindən və nüvəsindən alınan yağ əl-üz sabunlarının və digər ətriyyat məhsullarının ətirləndirilməsində tətbiq olunur.

Albalı iştahanı yaxşılaşdırır və pəhriz məhsulu kimi qiy­mətlidir. Tərkibində dəmir nisbətən çox olduğundan albalıdan və onun emalı məhsullarından qanazlığında istifadə olunması məsləhət görülür. Albalı tinkturası (nastoy) susuzluğu daha tez ya­tırdır və qızdırmalı vəziyyətdə olan xəstələrə verilir. Al­ba­lının ətliyi və şirəsi antiseptik təsirə malikdir. Xroniki qəbiz­likdə albalı zərif yumşaldıcı kimi tətbiq olunur. Xalq təba­bə­tində südlə albalı artritdə, orqanların iltihabında, albalı şirə­sindən isə bəlğəmgətirici vasitə kimi nəfəs yollarının xəs­təlik­lərində istifadə olunur. Albalı yarpağının süddə hazırlanmış həlimindən sarılıqda, xırdalanmış yarpaqlarından və ondan alınan həlimdə isladılmış tampondan qankəsici kimi burun qan axmalarında və dəri zədələrinin sağalmasında istifadə olunur.

Elmi cəhətdən isbat olunmuşdur ki, albalı saplaqlarından ha­zırlanmış həlim sidikqovucu kimi və ishala qarşı istifadə olu­nur. Həlimi bəzən qantəzyiqini aşağı salmaq üçün hipertoniklər də içirlər. Bu məqsədlə 10 q xammaldan 1 stəkan suda həlim hazırlanır və gün ərzində bir neçə dəfə içilir. Podaqrada və sidik kisəsində daş xəstəliklərində albalı çəyirdəyindən alınmış emulsiya sidikqovucu vasitə kimi tətbiq olunur. Lakin albalı çə­yir­dəyindən istifadə olunması onun tərkibində zəhərli amiq­dalin qlükozidinin olması ilə təhlükəlidir. Onun dozasının ar­tı­rılması və digər dərmanların əvəzinə istifadə olunması or­qanizmin zəhərlənməsinə səbəb ola bilər. Çünki amiqdalin parçalandıqda kəskin zəhər olan sinil turşusu əmələ gətirir.

Alça – АлычаPrunus divaricata Ledeb. Gülçiçəklilər (Rosaceae) fəsiləsinin gavalı cinsinə aiddir. 30-dan çox növü vardır. Yabanı alça Qafqaz, Orta Asiya və Zaqafqaziyada geniş ya­yılmışdır. Azərbay­canda ən çox Quba və Xaçmaz ra­yonlarında, Dağlıq Qarabağda bitir.

Alça yarpaqlamazdan bir az əvvəl mart-may aylarında çiçəkləyir. Çiçəkləri ağ və xırdadır. Yabanı alçanın meyvələri iyun ayından başlamış sentyabrın axırına qədər müxtəlif vaxtlarda yetişir. 4-7 yaşında bar verir. 100-120 il ömürü olur. Meyvələri əksəriyyətlə yumrudur. Yastı-yumru və bir qədər oval şəklində olanları da vardır. Bir meyvənin çəkisi 2-6 qr-dır. Ətliyi çəyirdəyindən ayrılmır. Meyvələri sarı, qırmızı, çəhrayı, tünd bənövşəyi, yaşıl və ağ rəngdə olur. Meyvələri, həmçinin, öl­çüsünə, dadına, formasına və yetişmə müddətinə görə fərq­lənir.

Yabanı alçanın tərkibində 3,12-5,96% şəkər, 1,32-3,97% üzvi turşu (ən çox limon), 0,46-1,39% pektinli maddə, karotin və C vitamini vardır.

Təzə halda yeyilir. Yabanı alça qurudulur, kompot, mü­rəbbə, povidlo, pastila hazırlanmasında istifadə edilir. Şirə­sindən spirtsiz içkilər üçün cövhər hazırlanır. Ətlik hissəsindən hazırlanan lavaşana aşpazlıqda geniş tətbiq olunur. Meyvələri (həmçinin, kal meyvələri) bəzi xörəklərin hazırlanmasında istifadə edilir ki, nəticədə hazır xörək turşməzə dadlı olur. Çə­yir­dəyində yağ vardır, lakin ondan təcrübi olaraq hələlik isti­fadə edilmir.

Xalq təbabətində alça lavaşanası sinqaya qarşı tətbiq olunur. Boğaz ağrısında alça ekstraktından istifadə edilir. Al­çanın qabıq hissəsindən alınan qatran öskürəyi zəiflətmək məqsədilə işlədilir.

Alçadan kompot, dadlı şərbətlər, mürəbbə, cem, alça şi­rə­sindən spirtsiz içkilər, şərab və nalivka (meyvə şirəsindən ha­zır­lanan spirtli içki) hazırlanır. Tərkibində pektinli maddə nis­bətən çox olduğundan alçadan ətirli və davamlı jele alınır. Alçadan tamlı qatmalar – alça məti, alça pastası (Şəkidə bu məhsul «coo» adlanır), lavaşana, alçaşərab (Gürcüstanda tkemali sousu) hazırlanır.

Azərbaycanın bəzi bölgələrində yabanı alçanın püre­sindən alınan qatı alça turşusunu «palçıq turşu» adlandırırlar. Xörəyə «palçıq turşusu» əlavə edilir – dedikdə adama pis təsir edir. Axı, palçıq bataqlıqdakı sulu torpağa da deyilir. Yaxşı olar ki, alça pastası, turş alça püresi və sadəcə coo adlandırılsın.

Lavaşana hazırlamaq üçün alçadan alınan püre bir qədər qatılaşana qədər qaynadılır, sonra yastı qaba (mis məcməyi, sini, emallı dövrəyə) tökülüb gün altında qurudulur.



Alçanın müalicəvi xassələri. Xalq təbabətində lava­şanadan sinqa xəstəliyinə qarşı istifadə edirlər. Alça şirəsinin kamfora ilə qarışığından gec sağalan yaralara islatma qoyulur. Alça həlimindən və tinkturasından öskürəyə və boğaz ağrılarına qarşı istifadə olunur. Azərbaycanın bəzi bölgələrində alça ağacının qabığında toplanan kamedlər çeynənilərək öskürək tutmalarının yumşaldılmasında istifadə olunur.

Alma – Яблоня домашняяMalus domestica Borkh. Alma Gülçiçəklilər (Rosaceae) fəsiləsin­dən olub, 30-dan çox növü vardır. Yabanı formalardan meşə, Şərq, Sibir, Çin və ya gavalıyarpaq alma növləri daha çox yayılmışdır. Azərbaycanda, əsasən Şərq alması bitir. Vətəni Kiçik Asiyadır.

Böyük və Kiçik Qafqaz sıra dağlarının, həmçinin, Talış dağ­­larının meşələrində alma ağacları çoxdur. Bunlar meşə ağac­ları içərisində ya qarışıq və ya da xalis almalıqlar şəklində bitir. El arasında «almalıq» adı ilə tanınmış bir neçə meşə sahələri vardır.

Yabanı alma aprelin axırı, mayın əvvəllərində çiçəkləyir. Eyni zamanda, yarpaqlar da əmələ gəlir. Meyvəsi sentyabrın sonu, oktyabrın əvvəllərində yetişir. Ağacı 5-10 yaşından mey­və verir. Alma çarpaz tozlandığından yabanı almaların müxtəlif formaları vardır. Əsasən yumru, yastı-yumru, yumurtavarı və başqa formalarda olur. Yabanı almanın diametrə görə ölçüsü orta hesabla 2 sm-dir (1-dən 2,5 sm-ə qədər). Iri ağaclar orta he­sabla 30-50, bəzən isə 100 kq-a qədər məhsul verir. Mey­vələri yaşıl, ağ-sarımtıl, qırmızı və ya qarışıq, əsasən də yaşıl-sarı rəngdə olur. Əsas rəngdən başqa, üzərlərində qırmızı yanaq və ya xətlər olur. Qabığının altında müxtəlif rəngli xallar, nöqtələr ola bilər. Dad və ətrinə görə müxtəlif formalar bir-birindən fərqlənir. Dadı turşa-şirin, ətirlidir. Ətliyi bərk, tam yetişdikdə isə yumşaq və pürevarı olur. Meyvə yuvacığında bir neçə arakəsmələr var. Onların hərəsində bozumtul-qəhvəyi rəngli bir toxum yerləşir.

Almanın tərkibində orta hesabla 6,5-11,8% fruktoza, 2,5-5,5% qlükoza, 1,5-5,3% saxaroza, 0,2-0,7% azotlu maddə, 1,05-1,49% pektin maddəsi, 0,02-0,2% aşı maddəsi, 0,9% sellüloza, 0,5-1,0% pentozan, 0,2-0,4% mineral maddə və 0,2-0,6% üzvi turşu, eyni zamanda 20-40 mq% C vitamini və az miqdarda B1, B2 və PP vitaminləri də olur.

Yabanı almanın tərkibində 7-14% şəkər (fruktoza, qlü­koza, saxaroza), 2,4% üzvi turşu (alma, şərab, limon və s.), 3%-dən çox pektinli maddə, 30-80 mq% C, B1, B2 vitaminləri, ka­rotin (provitamin A), aşılayıcı maddələr, dəmir, fosfor və kal­sium duzları, toxumunda isə 23-33% yağ vardır. Üzvi tur­şuların çox olması yabanı almadan təzə halda istifadəni məh­dud­laşdırır. Lakin uzun müddət saxladıqda biokimyəvi pro­seslər nəticəsində dadı yaxşılaşır.

Yabanı almadan şirə, kvas, şərbət, ekstrakt, mürəb­bə, po­vidlo və həmçinin, meyvə-giləmeyvə şərabları (məsə­lən, sidr) hazırlanır. Tərkibində pektinli maddə çox olduğu üçün onu marmelad, pastila və jele istehsalında qiymətli xammal kimi istifadə edirlər. Yabanı alma qurusu çay və qəhvə içkilərində də işlədilir.

Almanın oduncağının rəngi və forması gözəl olduğundan böyük təsərrüfat əhəmiyyəti vardır. Alma, həmçinin, bahar fəslində bol nektar verən bal bitkisi də hesab edilir.

Almanın müalicəvi xassələri. Alma təzə və emaledilmiş şəkildə yeyilir. Isladılmış və sirkəyə qoyulmuş alma çox dadlı-tamlı məhsuldur. Almadan kompot, püre, mürəbbə, povidlo, pastila, marmelad, sirkə, kvas, sidr və şərab hazırlanır.

Yabanı alma xalq təbabətində geniş tətbiq olunur. Ondan mədə-bağırsaq xəstəliklərinə, qanazlığına və başqa xəstəliklərə qarşı istifadə edilir. Bişirilmiş alma və ya onun çayı soyuq­dəy­məyə və öskürəyə qarşı effektli dərmandır.

Tərkibində pektinli maddə çox olduğundan təzə alma püresi ishala qarşı ən yaxşı vasitədir. Təzə alma püresi ilə uşaqlarda xroniki kolit və digər bağırsaq xəstəlikləri, Qafqazın xalq təbabətində isə alma şirəsi və sidr içkisi ilə mədə-bağırsaq xəstəlikləri müalicə olunur. Almanın müalicəvi xassəsi onun antimikrob və antiseptik xassələri ilə izah edilir.

Almanın tərkibindəki fitonsid xassəli maddə ondan ba­ğırsaq xəstəliklərinin müalicəsində istifadə etməyə imkan verir. Lakin, bu zaman almanın şirin sortlarından istifadə etmək daha yaxşıdır, çünki turş almalar bağırsağın arzuolunmaz peris­tal­tikasını artırır.

Alma ürək-damar xəstəliklərində faydalıdır. Almanın az kaloriliyi ondan kökəlməyə qarşı pəhrizlərdə qiymətli və keyfiyyətli məhsul kimi istifadə olunur. Bu məqsədlə həkimlər həftədə bir dəfə yüngülləşdirici alma günü (gündə 1,5-2 kq almanı bərabər hissələrə bölüb, 5-6 dəfəyə yemək) təyin edirlər. Almanı əqli əməklə məşğul olan və digər az hərəkətdə olan insanlar üçün də hər gün qəbul etmək məsləhət görülür.

Almada az da olsa, C vitamini vardır. Lakin Anton, Ağ naliv, Titovka və digər orta zonada yetişən alma sortları vi­taminlik cəhətdən daha üstündür. Lakin uzun müddət sax­ladıqda almada C vitamini azalır. Məsələn, Anton almasını 100 gün saxladıqda C vitamininin miqdarı ilk miqdardan 28%-ə qədər azalır. Konservləşdirilmiş almada və alma kompotunda C vitamini uzun müddət yaxşı qalır. Iki il saxlanılmış alma kompotunda C vitamini 70% qorunub saxlanmışdır.

C və P vitaminləri ateroskleroz və hipertoniya xəstə­liklərində orqanizmə yaxşı təsir göstərir. Lakin bu vitaminlər Kulon-Çin, Naliv, Renet, Qızıl-Əhməd və Qəndil-Sinap al­malarında lazımi qədərdir. Bəzi sort almalarla alma pəhrizi apa­rıl­dıqda başağrıları azalır, qantəzyiqi aşağı düşür, baş­gi­cəllənmə və başda səs-küy azalır. Xalq təbabətində almanın yabanı sortlarından da istifadə olunur.

Alma qanazlığında da faydalıdır. 100 ml alma şirəsinə 2 mq dəmir həbi əlavə etdikdə dəmir-turş alma ekstraktı alınır ki, bundan da qanazlığının müalicəsində istifadə olunur.

Çiy, bütöv bişirilmiş almadan sidikqovucu kimi və şişlərə qarşı istifadə olunur. Alma həlimi və ya çayı öskürəyi yum­şaldır. Almada olan kalium duzları və tanin orqanizmdə sidik turşusunun əmələ gəlməsini ləngidir. Ona görə də, almadan hazırlanmış həlim və çaylar podaqra və böyrəkdaşı xəstə­lik­lərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Alma qabığından hazırlanmış çay sakitləşdirici vasitə kimi, eyni zamanda kö­kəlməyə qarşı da istifadə edilir.

Almadan xalq təbabətində xaricdə olan yaralara qarşı istifadə edirlər. Bu məqsədlə təzə alma dilimləri və təzə alma püresi yanıqlarda, donmuş əl və ayaqlarda və uzun müddət sa­ğalmayan yaralara yaxırlar. Dodağın çatlaması, döş uclarının sıyrıntısı və çatlamasında alma püresi ilə kərəyağından hazır­lanan məlhəm sürtülür. Şəkər xəstəliyinin zəif formalarında almanın köklərindən istifadə olunur. Çünki almanın köklərində olan qlükozid florisin qanda və sidikdə şəkərin miqdarını aşağı salır.

Xalq təbabətində soyuqdəyməyə və səs tutulmasına qarşı 1:10 nisbətində quru alma yarpaqlarından hazırlanmış tink­turadan hər 2 saatdan bir 0,5 stəkan ilıq halda içmək məsləhət görülür.

Armud – Груша домашняя Pyrus domestica Medic. Armud Gülçiçəklilər (Rosaceae) fəsiləsindən­dir, 30-dan çox növü vardır. Bu armudun ən çox yayılmış növlərindən Rus, Qafqaz, Ussuriya, Çin, söyüdyarpaqlı və kirkan armudunu gös­tərmək olar. Azərbaycanda ən çox Qafqaz meşə armudu, bəzi rayonlarda isə söyüdyarpaqlı armud (Şabran, Şirvan, Cənubi Qarabağ meşələrində) və Kirkan armudu (məsələn, Talışda) yetişir. Qafqaz armudu Böyük və Kiçik Qafqaz dağlarının meşələrində böyük sahələri tutur. Armud eramızdan 1000 il əvvəl Yunanıstanda mədəni halda becərilmişdir. Lakin bəzi təd­qiqatçılar tərəfindən armudun Qafqazda daha əvvəllər məlum olduğu qeyd edilir.

Yabanı armud aprelin axırlarında çiçəkləyir. Çiçək­ləri ağdır. Yarpaqları ilə birlikdə əmələ gəlir. Meyvələri payızda yetişir (6-10 yaşından bar verir). Hər ağacın 10-40 kq və daha çox meyvəsi olur. Tumları ilə çoxalır. Yabanı armud ağacının 50-80 il, bəzən 150-300 il ömrü olur. Mey­vələri armudu, yumru və konusvarı olur. Rəngləri yaşıl, sarı, bəzən qırmızımtıl ya­naqlı və yaxud pas ləkəlidir. Saplağı armudun özündən uzun­dur. Ətliyində çoxlu daşlaşmış toxumalar vardır. Dadı şirin, turş və ya meyxoşdur. Yabanı armud meyvəsinin formasına, rənginə, dadına və başqa xassələrinə görə müxtəlif formalar yaradır. Beş hissədən ibarət meyvə yuvasının hər birində 1-2 ədəd boz və ya parlaq qara rəngli toxumu olur. Meyvələr də­rildikdən sonra yetkinləşir, xüsusi dad və ətir kəsb edir.

Armudun tərkibində orta hesabla 81-84% su, 6,2-18,7% şəkər, 0,1-0,5% turşu, 0,1-0,3% pektin maddəsi, 0,3-0,6% mi­neral maddələr, 0,02-0,17% aşı maddəsi, 0,9% sellüloza, ya­banı sortlarda 12-21 mq% və mədəni sortlarda 3-17 mq% C vitamini vardır. Şəkərlərdən 6,9-9,7% fruktoza, 1-3,7% qlükoza və 0,4-2,6% saxaroza vardır. Üzvi turşulardan limon və alma turşusu rast gəlnir.

Yabanı armudun tərkibində 6-13% şəkər (əsasən, qlü­koza və fruktoza), 0,12-0,19% (bəzən 1,3%-ə qədər) üzvi tur­şu (alma və limon) , azotlu, aşılayıcı və rəngləyici, pektinli və mineral maddələr, karotin, C və B1 vitamini vardır. Toxumunda 12-21% yağ olur.

Yabanı armud kompot, meyvə içkiləri üçün cövhər, kvas, meyvə şərabı, sirkə və s. məhsulların istehsalında istifadə edilir. Yabanı armudun tərkibində 4%-ə qədər pektinli maddə oldu­ğundan, ondan povidlo, sukat, marmelad, pastila, karamel üçün içlik və eləcə də mürəbbə hazırlamaq mümkündür. Qovrulmuş tumları qəhvənin, qurudulmuş meyvəsi isə çayın əvəzedicisi kimi işlədilir.

Armudun oduncağı ağır, elastiki, qırmızı-qonur rəngli olub, yaxşı parlaqlaşdırıla bilir. Ondan keyfiyyətli mebel, mu­siqi alətləri və bir çox məmulat hazırlanır. Armudun oduncağı yaxşı qatlanır və çatlamır.

Armud, həmçinin, balverən bitki kimi də məşhurdur. Çi­çəklərinin pis ətri olmasına baxmayaraq, bahar fəslində arılar üçün yaxşı nektar və çiçək tozcuğu mənbəyi hesab edilir. Ar­mudun ağac qabığından qəhvəyi, yarpaqlarından isə sarı rəngli boyaq (parça üçün) alınır.

Armudun müalicəvi xassələri. Xalq təbabətində ar­mud­dan ishal əleyhinə və sidikqovucu kimi böyrək xəstəliklərində istifadə olunur. Armudun tərkibində fitonsidlər də tapılmışdır.

Armud qurudulur, ondan mürəbbə, povidlo, sukat, armud balı – bəkməz, kompot, kvas, meyvə içkiləri üçün cövhər, sidr və şərab hazırlanır. Armudun qurudulmuş toxumları qəhvə içkilərinin tərkibinə qatılır.

Xalq təbabətində quru armuddan hazırlanmış həlimdən titrəmədə, öskürəyə və ishala qarşı tətbiq edirlər. Ishala qarşı armud həliminin istifadə olunması ondakı aşı maddələrinin çox olmasından irəli gəlir. Armudun bu xassəsi yabanı armud sortlarında daha kəskin özünü göstərir. Qarını bərkidici vasitə kimi uşaqlara armud tinkturası, armud kiseli və ya kompotu verirlər. Bunun üçün quru armudla vələmirdən hazırlanan həlim də içmək məsləhət görülür.

Armud şirəsi sidikqovucu vasitə kimi də təyin edilir. Armud həlimi də sidikqovucu xassəyə malikdir. Armud şirəsi və həlimi yalnız sidik ifrazını artırmır, o, həm də antibakterial təsirə malik olduğu üçün sidiyin rənginin açılmasına səbəb olur.

Cavan armud yarpaqlarında hind alimləri yeni fenol mad­dəsinin olduğunu müəyyən etmişlər ki, bu da orqanizmə tə­sirinə görə arbutinə yaxındır.

Daryarpaq iydə – Лох узколистый – Elaeganus angustifolius L. İydə (Elaeagnaceae) fəsiləsinin iydə cinsinə mənsubdur. 45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. İydə yabanı halda Şimali Qafqazın şərq ra­yon­larında, Azərbaycanın Kür və Araz çaylarının kənar­la­rında geniş sahələr tutur. Bu bitkinin yararlı mədəni sortları Azər­baycanın aran hissələrində olduqca çoxdur.

İydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol halında bitən formaları vardır. Yabanı ağacları balaca ti­kanlıdır. Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir.

May-iyunda çiçəkləyir. Çiçəkləri ətirli olub, 1-3 ədəd yar­paq qoltuğunda açılır. Dördləçəklidir. Ləçəyin xarici hissəsi parlaq gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi vardır.

İydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyir­də­yinin üzərini meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-oval şəklindədir, ətliyi şirin və azacıq turşməzədir. Yabanı iy­dələrin meyvələri dadsız və gər (büzüşdürücü) olur. Mey­vəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə, unlu ətliyə yapışmır, yeyiləndə kənar edilir. Sortlarından Xurmayı, İnnabı və Didivar qədimdən becərilir.

İydənin meyvəsi çox qidalı və uzun müddət saxlanılmağa davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, o cümlədən 20% fruktoza, 10% azotlu maddə, üzvi turşu, rəngləyici maddələr, kalium və fosfor duzları vardır. Yarpaqlarında 350 mq% C vitamini, oduncaq qabığında və çə­yirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda yeyilir, on­dan hazırlanmış unu çörəyə, şorbaya və başqa yeməklərə qa­tırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr spirt almaq olar.

İydənin tərkibində su az olduğundan uzun müddət sax­lanıla bilər. Təzə halda yeyilir və ev şəraitində müxtəlif unlu məmulatların və qidaların hazırlanmasında istifadə olunur.



İydənin müalicəvi xassələri. İydənin tərkibindəki aşı və kalloid maddələrin konsentratından tibbidə büzüşdürücü vasitə kimi istifadə olunur. Bu preparatdan iltihaba qarşı istifadə olunduqda bağırsaqdakı qidanın hərəkətini fəallaşdırır və yerli qıcıqlandırıcı təsir göstərir. O nazik və yoğun bağırsaqların xəstə­liklərində, eləcə də ağız boşluğunun iltihabi xəstə­lik­lə­rində qarqara etmək üçün işlədilir. Xalq təbabətində bişirilmiş mey­vələrdən ishala qarşı istifadə olunur. Bu məqsədlə yemək­dən sonra 2 xörək qaşığı iydə həlimi (30 q iydə 1 stəkan suda) içmək məsləhət görülür.

İydədən hazırlanmış həlim bəlğəmgətirici kimi nəfəs yolları xəstəliyində içilir. Ondan sidikqovucu və qurd əleyhinə də istifadə edilir. 1:10 nisbətində su və ya araqda iydə çi­çək­lərindən hazırlanmış tinkturanın tərkibində efir yağları oldu­ğundan, yuxarı nəfəs yollarının iltihabında və ürəyin fəa­liy­yətinin gücləndirilməsində istifadə olunur. İydənin xırdalanmış yarpaqları köhnə yaraların üstünə səpilir ki, çirkdən daha tez azad olub sağalsın. Radikulit, revmatizm, podaqrada buxara veril­miş yarpaqları nazik parçaya büküb xəstə yerlərə təpitmə qoyurlar. Homeopatiyada yetişmiş iydə meyvələrindən hazır­lanmış nastoykadan istifadə olunur. Tibbidə bəzi dərmanların ha­zırlanmasında iydənin tərkibində olan kamedlərdən də isti­fadə edilir.

Qarın xəstəlikləri üçün iydə unundan hazırlanmış horra olduqca xeyirlidir. İydə həm də balverən bitkidir.

Ərik – Абрикос – Armeniaca vulgaris Lam. Gül­çi­çəklilər (Rosaceae) fəsiləsindəndir. Ərik cin­sinin 10 müxtəlif yabanı forması vardır ki, bunun da 3 növü – adi, Sidir və Mancuriya əriyi daha çox yayılmışdır. Bu növlərdən adi ərik daha çox yayılmış və təcrübəvi əhəmiyyətə malikdir. Adi ya­banı ərik Orta Asiyada və Qafqazda bitir. Əriyin vətəni Tyan-Şan dağlarıdır. Orta Asiyada, Iran və Qafqazda daha çox becərilir.

Adi ərik mart-apreldə çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılır. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqustda yetişir. Meyvələri birçə­yirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir.

Adi əriyin tərkibində 20%-ə qədər şəkər (əsasən, sa­xa­roza), 2,6% üzvi turşu (alma, limon və az miqdarda salisil, şərab), 1%-ə qədər pektin, karotin, B1 və B2 vitaminləri vardır. Çəyirdək ləpəsində 40%-ə qədər badam yağına oxşar quru­mayan yağ, 20%-ə qədər zülali maddə, 10% karbohidrat vardır. Yabanı halda bitən əriklərin çəyirdək ləpəsində 1-3% miq­darında acı amiqdalin qlükozidi olur. Ona görə də qida məq­sədlərilə işlədilmir.

Adi ərik təzə halda istehlak edilir. Ondan kompot, şirə, mürəbbə, cem, marmelad, pat, pastila, jele, povidlo, sukat, ka­ramel üçün içlik və şərab hazırlanır, həmçinin, qurudulur. Çəyirdəyi ilə birlikdə qurudulduqda uryuk, çəyirdəksiz bütöv qurudulduqda qaysı, iki yerə bölünüb qurudulduqda isə kuraqa adlanır. Qurudulmuş ərikdən tamlı qatqı kimi bir çox xörəklərin hazırlanmasında istifadə olunur. Çəyirdəyinin qabığından aktivləşdirilmiş kömür, budaqlarının ifraz etdiyi qatranlardan isə yapışqan (kley) hazırlanır. Balverən bitki kimi az məş­hur­dur. Çünki çox qısa müddətdə çiçəkləyir. Yabanı ərik qiymətli calaq materialı hesab edilir. Mədəni sortların yetişdirilməsində onun böyük əhəmiyyəti vardır.

Uzun müddət saxlamaq üçün ərik konservləşdirilir, dondurulur, qurudulur.

Əriyin müalicəvi xassələri. Quru əriyin – kuraqanın kaloriliyi 300 kkal-dır. Ərik şirəsi də insan orqanizmi üçün fay­da­lıdır. Kiçik uşaqlara da ərik şirəsi vermək məsləhət görülür. 150 ml ərik şirəsi insanın gündəlik A vitamininə olan tələbatını ödəyir. Ərikdə dəmirin çox olması, ondan qanazlığına qarşı istifadə olunmasını təmin edir. Ərik ətliyində kaliumun çox olması ondan ürək-damar xəstəliklərində və pəhriz qida­lanmasında istifadə olunmasını əsaslandırır. Təzə ərikdə 330 mq%, qurudulmuş ərikdə – kuraqada 1717 mq% kalium vardır. Ona görə də ürəyin fəaliyyətinin yaxşılaşdırılmasında gündə 3 dəfə 3-4 ədəd ərik qurusu yemək məsləhətdir. Lakin şəkər xəs­tə­liyində ərik qurusundan çox istifadə etmək məsləhət gö­rülmür.

Əriyin şirin ləpələrindən qənnadı məmulatı hazırlan­ma­sında badamın əvəzedicisi kimi istifadə edirlər. Çin xalq təba­bə­­tində əzilmiş ərik ləpəsindən hazırlanmış emulsiyadan ös­kürəyə və hıçqırığa qarşı istifadə edilir. Ərik ləpəsindən digər dər­manlarla birlikdə nəfəs yolları xəstəliklərinin və nefritin müalicəsində istifadə olunur. Günəş yanmalarına qarşı əzilmiş ərik püresindən kosmetik maskalar hazırlanır.

Ərik ləpəsindən alınan yağdan bəzi dərmanlar hazırlanır. Ərik yağı ilə duru məlhəmlər, acı ərik ləpəsindən isə badam suyu hazırlanır. Ərik ağacının qabığından kamedlər, çəyirdək qa­bığından aktivləşdirilmiş kömür və kömürlənmiş ərik qa­bığından qara tuşa oxşar boya maddəsi alınır. Ərik meyvələri mədə-bağırsaq xəstəliklərində həzmi yaxşılaşdırır və ürəyə qüvvət verir.


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə