96
anlamaq üçün, onların yaradıcısı olan insanın mahiyyətini hərtərəfli dərk etmək tələb olunur ki, bu
azadlığın dərindən və hərtərəfli araşdırılmasından kənarda qeyri-mümkündür. Məhz azadlıq sosial
subyektin başlıca səciyyəsi olmaqla, ictimai fəaliyyətin özülünü və mənbəyini təşkil edir. Nəzərdə
tutulmalıdır ki, demokratikləşmə, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu dövründə
azadlıq öz inkişafında yeni keyfiyyət mərhələsinə daxil olur, onun mahiyyəti dərinləşir, məzmunu
və miqyasları sürətlə genişlənir. Buna müvafiq olaraq, ictimai fəaliyyətin bütün sahələrində
azadlığın rolu və təsir dairəsi artır. Azad seçim, qərar qəbul etmə və onu müstəqil həyata keçirmək,
sosial subyektlərin yüksək yaradıcı fəallığının və güclü mənəvi potensialının dolğun reallaşmasının
zəruri şərtinə çevrilir.
Buradan aydın olur ki, azadlıq problemini obyektiv və hərtərəfli elmi təhlil etmək, onun
araşdırılmasında mühüm töhfələr vermiş klassik fəlsəfi irsə arxalanmaqla, müasir sosial reallığın
yaratdığı yeni cəhətləri və meyilləri dərindən öyrənib, ümumiləşdirmək sosial fəlsəfənin qarşısında
duran ən aktual vəzifələrdəndir.
Hər şeydən əvvəl qeyd olunmalıdır ki, ümumbəşəri universal dəyərlər sistemində xüsusi yer
tutan azadlıq, ümumi və mücərrəd məzmuna malik olmayıb, konkret-tarixi səciyyə daşıyır, onun
mahiyyəti və məzmunu, reallaşması miqyası, mövcud ictimai quruluşun xarakteri və inkişaf
səviyyəsi ilə şərtlənir. Bu mənada yanaşdıqda, müasir dövr azadlığın məzmunu və həyata
keçirilməsində keyfiyyətcə yeni, daha yüksək pilləni ifadə edir. Yaşadığımız açıq, demokratik
cəmiyyət şəraitində bütöv bir tam kimi götürülən ictimai həyatın bütün tərəflərində baş verən əsaslı
transormasiya prosesləri, totalitarizmin qətiyyətlə aradan qaldırılması, köhnə ictimai strukturların
ləğv edilməsi və sosial həyatın təşkilinin yeni formalarının tətbiqi miqyasının genişlənməsi,
insanların müxtəlif sahələrdə real azadlıqlarının inkişafında yeni-yeni üfüqlər açır. Müstəqil vətəni-
mizin daxili siyasətinin əsas strateji məqsədlərinin – demokratik cəmiyyət, hüquqi dövlət və
vətəndaş cəmiyyəti qurmaq yolunda qazanılan uğurlar azadlığın məzmununun genişləndirilməsi və
həyata keçirilməsi üsullarının təkmilləşməsi ilə müşayiət olunur. Müasir Azərbaycan dövlətinin
yeritdiyi uzunmüddətli düşünülmüş səmərəli xarici siyasəti, dünya birliyi ölkələrinə getdikcə daha
möhkəm inteqrasiya olunma xətti, buna əlverişli beynəlxalq təminat yaratmaqla yanaşı, azadlığın
reallaşmasında dünya təcrübəsindən səmərəli bəhrələnmək, onu xalqımızın və regionun tarixi, milli
özünəməxsusluqları və xüsusiyyətləri ilə düzgün əlaqələndirməyi tələb edir. Bu vəzifənin uğurlu
həlli, müvafiq elmi axtarışların intensivləşməsinə zərurət yaradır.
Azadlıq, insanların gündəlik həyatı və fəaliyyəti ilə bilavasitə bağlıdır. O eləcə də hər bir
insanın maraqlarından və ümumilikdə cəmiyyətin mənafelərindən ayrılmazdır. Buna görə də
cəmiyyətin bütün üzvləri azadlığa dərin maraq göstərirlər. Lakin cəzbedici ideya və ümumbəşəri
dəyər olan azadlığın real həyatı tərəfini dəqiq və hərtərəfli təsəvvür etmək üçün, ilk növbədə onun
elmi-nəzəri anlamına malik olmaq tələb olunur. Fəlsəfi və ictimai fikir tarixində azadlıq ideyasına
münasibət bildirməyən mütəfəkkir demək olar ki, yoxdur. Bununla yanaşı qeyd edilməlidir ki, o,
son dərəcə geniş məzmuna və mürəkkəb mahiyyətə malik olduğundan, tarixi prosesdə dəyişkən və
çevik xarakter daşıdığından, çox müxtəlif mənalarda (hətta bəzən bir-birinə zidd) izah olunmuşdur.
Azadlığın bu keyfiyyətini vurğulayaraq Hegel yazırdı:
“Heç bir ideya haqqında azadlıq barəsində olduğu qədər tam hüquqla demirlər ki, bu ideya
qeyri-müəyyəndir, çoxmənalıdır, ən böyük anlaşılmazlıqlar doğura bilir və buna görə həqiqətən də
doğurur” (3, s. 291).
Azadlıq, sosial-fəlsəfi anlayılar və kateqoriyalar sistemində xüsusi yer tutur. Bu, hər şeydən
əvvəl onunla şərtlənir ki, həmin anlayış insanın mahiyyətinin özülünü təşkil edən həyati tələbatı
ifadə edir. Söhbət, sosial yaradıcı və fəal subyekt olan insanın obyektiv zərurəti öz azad iradəsi
vasitəsilə dərk etməyə, qarşısına qoyduğu məqsədi reallaşdırmağa olan tələbatından gedir.
Sözügedən mənada azadlıq, insanın mahiyyət qüvvələri sırasında son dərəcə yüksək əhəmiyyətə
malikdir. Əslində, ondan kənarda insanın öz sosial fəal mahiyyətini reallaşdırması, irəli sürdüyü
məqsədi yerinə yetirməsi və şəxsiyyət kimi inkişafı praktiki olaraq qeyri-mümkündür. Ümumilikdə
götürdükdə azadlıq ictimai münasibətlər sistemində müstəsna dərəcədə böyük rol oynamaqla,
insanın nəsli mahiyyətini və sosial keyfiyyətini təmərküzləşmiş formada səciyyələndirir.
Fəlsəfə, azadlıq anlayışının qnoseoloji və sosioloji təhlilini verərkən, onları nisbi müstəqil,
97
eyni zamanda bir-birilə ayrılmaz vəhdətdə götürür. Birinci səpgi, həmin anlayışa, insanlar arasında
real münasibətlərin və obyektiv asılılığın əks olunması səviyyəsi kimi yanaşır, bu inikasın
mahiyyətini və adekvatlıq dərəcəsini müəyyən edir. Azadlığın sosioloji planda təhlili isə, onun
ictimai hadisələr və münasibətlər sistemində, sosial subyektlərin inkişafında yerini, rolunu və
əhəmiyyətini açır.
Azadlığın obyektiv elmi təhlilinin başlıca metodoloji prinsipini, onu ifadə edən qnoseoloji
inikasın spesifikliyinin, təbiəti və mexanizminin, sosial həyatda rolunun mövcud ictimai
münasibətlər sistemi və cəmiyyətin inkişafı səviyyəsi ilə ayrılmaz əlaqədə götürülməsi təşkil edir.
Ümumilikdə fəlsəfədə azadlığa dərk olunmuş zərurət kimi yanaşılması ənənəsi geniş
yayılmışdır. Onun kökləri B. Spınozanın elmi yaradıcılığına gedib çıxır (4, s. 132). Sonralar bu fikir
F.Engels tərəfindən “Anti-Dürinq” əsərində yenidən vurğulanmışdır. O, azadlığın mahiyyətini
aşağıdakı kimi ifadə edirdi: “Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı olmamaqda deyil,
bütün qanunları dərk etməklə və bu biliyə əsaslanmaqla, təbiət qanunlarını planlı surətdə müəyyən
məqsədlərə yönəltmək imkanları əldə etməkdədir. Bu, həm xarici təbiət qanunlarına, həm də
insanın cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir” (5, s. 116).
F.Engels qeyd edirdi ki, azadlıq zərurət haqqında biliklərə əsaslanır. Təbiətin və cəmiyyətin
inkişaf qanununauyğunluqlarının dərk olunması azadlığın özülündə durur.
Müasir sosial-fəlsəfi ədəbiyyatda azadlığın ümumi tərifi demək olar ki, yoxdur. Müəlliflərin
böyük əksəriyyəti onu dərk olunmuş zərurət kimi göstərməklə məhdudlaşırlar. Fikrimizcə, belə
yanaşma müəyyən elmi maraq kəsb etsə də, onunla kifayətlənmək olmaz. Əvvəla, bu halda
zərurətin nə olduğu və onun necə dərk edildiyi məsələsi açıq qalır (qeyd edək ki, onun özü də
birmənalı və eyni səviyyəli proses olmayıb, müxtəlif daxili pillələrdən keçir). Digər tərəfdən,
azadlığın zərurət ilə münasibətləri ön plana çəkilir, həmin anlayışın daxili məzmunu, mühüm və
fərqləndirici əlamətləri lazımi dərəcədə üzə çıxarılmır.
Ümumilikdə fəlsəfi ədəbiyyatda azadlıq anlayışının izahında iki baxış (həddən artıq məhdud
və həddən ziyadə geniş) mövcuddur. Birinci öz ifadəsini “Fəlsəfə ensiklopediyası”nda verilən
aşağıdakı tərifdə tapmışdır: “Azadlıq dərk olunmuş zərurət və insanın hərəkətlərinin öz biliklərinə
müvafiq olması, hərəkətlərində seçim imkanları və seçmə qabiliyyəti deməkdir” (6, s. 559).
Göründüyü kimi, burada azadlıq anlayışı yalnız dərk olunmuş zərurət və insanın malik
olduğu biliklər əsasında seçim etmə qabiliyyəti kimi səciyyələndirilmişdir. Başqa sözlə deyilsə,
azadlığı şərtləndirən obyektiv və subyektiv amillər açılmamış, eləcə də onun sosial-psixoloji
sövqediciləri kənarda qalmışdır.
Digər ifrad hədd azadlığın həddən geniş mənalandırılması mövqeyi, ona L.Stoloviçin
verdiyi tərifdə əks olunur:
“İstənilən fəaliyyət növü – dünyanın dəyişdirilməsi, onun dərk olunması, dəyərlərin
mənimsənilməsi, hətta insanlar arasında ünsiyyət də azadlıq kimi göstərilə bilər. Azad fəaliyyət
zərurətin dərk olunmasını, nəyinsə məharətlə və incə şəkildə yaradılmasını, əmək materiallarının və
vasitələrinin xassələrinin, habelə fəaliyyətin yönəldiyi istiqamətin düzgün müəyyənləşdirilməsini
nəzərdə tutur” (7, s. 67).
Bu tərifə diqqətlə nəzər saldıqda məlum olur ki, o hər şeyi əhatə edir. Sosial həyatda heç nə
ondan kənarda mövcud deyildir. Fikrimizcə, azadlığa bu cür yanaşılması da özünü doğrultmur,
çünki o qeyri-aşkar şəkildə olsa da, belə bir səhv təsəvvür yaradır ki, guya sosial elmdə
“azadlıqdan” başqa anlayış yoxdur və lazım da deyildir.
Azadlığa tərif vermək çətin olsa da, onun məna yükünün müəyyənləşdirilməsinə cəhd
göstərmək, olduqca vacibdir. Fikrimizcə, azadlığın sosial-fəlsəfi məzmununun açılması baxımından
bizim təklif etdiyimiz aşağıdakı tərif məqbul hesab oluna bilər.
“Azadlıq mövcud cəmiyyətin yaratdığı şərait və imkanlar çərçivəsində insanın, biliklərə və
sosial təcrübəyə əsaslanmaqla, malik olduğu potensial həyat qüvvələrini, öz tələbatlarını,
maraqlarını və arzularını aktiv və sərbəst reallaşdırmaq qabiliyyətidir”.
Bu tərif ona görə elmi maraq doğurur ki, onda azadlığın məzmununu müəyyən edən bütün
əsas əlamətlər sadalanır. Bununla yanaşı, məntiqi vurğu iki başlıca tərəf üzərində mərkəzləşir.
Birinci, insan yalnız o vaxt müəyyən istiqamətdə azad seçim edə və fəaliyyət göstərə bilər ki, bunun
Dostları ilə paylaş: |