115
Bu proses dəfn abidələrində özünün aydın əksini tapır. Əliköməktəpədəki varlı
qəbir, ola bilsin ki, qəbilə başçılarından birinə məxsus imiş. Nəzərə çarpacaq varidatı
ilə icmanın, qəbilənin imtiyazlı şəxslərinə mənsub qəbirlər də seçilir. Onların sırasına
daha qiymətli bəzək əşyaları verən Şəki kurqanlarından birini də aid etmək olar.
Beləliklə, məlum olur ki, dövrün bəzi qəbirləri kasıbdır, digərləri nisbətən varlıdır və
ya çox varlıdır. Ancaq başlıcası budur ki, qəbirlərdə dəfn olunanlar tək-təkdir; yerli
cəmiyyətin ictimai inkişafı hələ o səviyyəyə çatmamışdır ki, o zaman başçıları axirət
dünyasına yola salarkən onları qul, kəniz və s. şəxslərlə birlikdə basdırsınlar. Ancaq
bu dövrün cəmiyyəti artıq ibtidai icma quruluşunun son mərhələlərindən birinə gəlib
çatmışdır.
Sinifli cəmiyyət mövcud olan Ön Asiya vilayətləri ilə qonşuluq ölkənin sosial-
iqtisadi inkişafına müəyyən təsir göstərirdi, yeni texniki və mədəni nailiyyətləri
mənimsəməyə imkan verir, əlaqələri və mübadiləni genişləndirirdi. E.ə. III—II
minilliklər ərəfəsində Azərbaycana və Cənubi Qafqaza müntəzəm olaraq qalay daxil
olmağa başlayır və bu dövrdən metal əşyaların istehsalında əsas qatma element olur.
Dulus çarxında hazırlanmış bir qisim boyalı saxsı məmulatının meydana çıxması,
uzunqulağa, qoşqu atına eyni vaxtda rast gəlinməsi Qədim Şərq ölkələri ilə əlaqələri
əks etdirir. Bu, həm də orta tunc dövründə Zaqafqaziyada borulu nizə ucluqlarının,
dəstəyi çərçivəli xəncərlərin və bir sıra Ön Asiya bəzək əşyalarının yayılması ilə
sübuta yetirilir.
Göytəpədə, Qızılvəngdə "ayrıcılar" adlanan yastı dördkünc muncuqların bir
neçə nümunəsinə rast gəlinmişdir ki, onlar Mesopotamiyada hurri mərkəzi Nuzidən
(Yorqantəpə) məlum olan əşyalarla eyniyyət təşkil edir. Şortəpədəki qara, yaşıl, sarı
və bənövşəyi rənglə naxışlanmış boyalı qab-qacaq Zaqafqaziyada çox nadir hal
olmaqla Şimali Azərbaycanın cənubla əlaqələrini əks etdirir. Dövrün bəzi abidələri
Azərbaycan qəbilələrinin Şimali Qafqazla əlaqələrindən xəbər verir. Muğanda
(Əliköməktəpə) varlı qəbirlərdən birində Şimali Qafqazda yayılmış kabardin-balkar
adı altında tanınan daş balta var idi. Abşeronda Gürgan kurqanlarından birindən
formasına görə Şimali Qafqazın bir çox abidələrində özünə oxşarlıq tapan xəncər
tiyəsi əldə edilmişdir. Ön Asiya mənşəli bəzəklər tapılmış Şəki kurqanlarının dəfn
adətində və kurqanların inşa quruluşunda Şimali Qafqazın mərkəzi rayonlarının, o
cümlədən Kabarda-Balkariyanın həmdövr abidələri ilə tam eyniyyət olması
Azərbaycan və Böyük Qafqazın o biri tərəf qəbilələri arasındakı etnomədəni əlaqələr
barədə qiymətli məlumatdır.
Beləliklə, orta tunc dövrü abidələri Azərbaycan əhalisinin həm Ön Asiya, həm
də Qafqazın qonşu ölkələri ilə əlaqələrini aşkara çıxarır.
Mənəvi mədəniyyət. İbtidai icma quruluşu dövrü qəbilələrinin mənəvi
mədəniyyətinin ətraflı öyrənilməsinə ehtiyac vardır. Arxeoloji material əsasında onun
işıqlandırılması böyük çətinliklərlə bağlıdır. Lakin güman etmək olar ki, istehsal
116
təsərrüfatının təşəkkül və inkişafı dövründən insanların ideologiyasında əkinçilik və
maldarlıqla bağlı ayin və etiqadlar mühüm rol oynayırdı. Başqa ayinlər də mövcud
idi, onların içərisində ehtimal ki, səma, günəş, qadın və sairə ilə bağlı ayinlər
olmuşdur. Azərbaycanın orta tunc dövrü qəbilələrinin etiqadlarını əks etdirən bəzi
abidələr bizə gəlib çatmışdır. Bu baxımdan Üzərliktəpə yaşayış yerində ocaq
kənarında döşəmə üzərində əldə edilən tapıntı diqqətəlayiqdir. Daşla əhatələnmiş
ocağın kənarlarında yanmış taxıla, gildən dairəvi kökəyə və gildən qadın heykəlciyinə
rast gəlinmişdir. Məhsuldarlıq rəmzi olan gildən qadın fiqurları hələ əkinçiliyin sübh
çağlarında yayılmışdır. Qadın obrazında təcəssüm etdirilən məhsuldarlıq, əmin-
amanlıq ideyası əkinçi əhalinin dini təsəvvürlərində orta tunc dövründə əhəmiyyətli
rol oynamaqda davam edirdi.
Nəhacirdən əldə edilən qab üzərində təsvir olunmuş səhnə müəyyən maraq
doğurur. Qırmızı anqoblu (şirəli) bu qabda qara boya ilə xırdabuynuzlu heyvanın
(keçi?) boğazına bağlanmış ipdən tutan kişi təsvir olunmuşdur. Rəsmdə adamın
duruşu elədir ki, burada bəsit təsərrüfat-məişət səhnəsini güman etmək çətindir. Ə
N
başlıcası odur ki, kişinin əlləri yuxarıya, səmaya qaldırılmışdır. Elə təəssürat yaranır
ki, o, hansısa ayin hərəkətini ifa edir, bəlkə də yalvararaq göyə müraciət edir. Göygöl
rayonunda sonrakı dövrə aid bir qabda da eyni görkəmdə kişi təsvir olunmuşdur.
Burada əllərini göyə qaldırmış kişinin qarşısında bir neçə heyvan dayanmışdır.
II Kültəpədə tapılmış boyalı qab parçasında bir-birinə yaxın dayanmış iki
adam fiqurunun yuxarı hissəsi qalmış, birinin başında küləkdən dağılmış saçları və
yaxud lələkdən düzəldilmiş çələng vardır. Onlar əllərini yuxarı qaldırmışlar. Ola
bilsin ki, burada da ayinlə əlaqədar səhnə əks olunur.
Əvvəllər olduğu kimi, bu dövrdə də axirət dünyası ilə əlaqədar dini görüşlər
əhalinin ideologiyasında müəyyən yer tuturdu. Bəzən ölüyandırma adəti tətbiq
olunurdu. Ümumiyyətlə, dəfnə çox diqqət verilirdi. Dəfn səylə düzəldilmiş qəbirlərdə
aparılır və üzərlərində bir çox hallarda kurqan qurulurdu, qəbirə ölü ilə bərabər
heyvan əti, başqa ərzaq və avadanlıq qoyulurdu.
Qəbirlərdə əmək alətinə, müxtəlif silahlara, bəzək əşyalarına tez-tez rast
gəlinir. Görünür, axirət dünyasında həyatın davam etməsi, orada ərzağın, istifadə
olunan başqa şeylərin labüdlüyü barədə təsəvvürlər insanların şüurunda kök salmışdı.
Orta tunc dövrü incəsənəti, hər şeydən əvvəl, qaracilalı və boyalı qab-qacaqda
öz əksini tapır. Qaracilalı qablar düz, sınıq və dalğalı xətlərdən yarımdairə və başqa
həndəsi naxışlarla bəzədilirdi. Belə naxışların müxtəlif birləşmələri ilə qabların bütün
səthi örtülürdü. Üzərliktəpədəki boyalı qablarda naxışlar yalnız həndəsi şəkildədir.
Başqa boyalı qablarda isə az da olsa quş, insan və heyvan təsvirləri çəkilmişdir.
Urmiya gölü hövzəsi və Naxçıvanın boyalı qablarında həndəsi naxışlar adətən qabın
yuxarı yarısını əhatə edən üfüqi xətlər arasında çəkilirdi.