qumlanması, ardıcıl ottökmə və növbəli əkin, gübrələrin (o
cümlədən yaşıl gübrələmə) və pestisidlərin tətbiqi,
daşlardan təmizləmə, terraslar salmaq, süni sututarlar və
göllər yaratmaq və s. tədbirlərdən ibarətdir. Torpağa
edilən müsbət təsirlər onun morfogenetik xassə və
xüsusiyyətlərinin dəyişməsində mühüm rol oynamaqla
onun tərkibinin optimallaşdırılmasına, ümumi halda bioloji
məhsuldarlığın yüksəlməsinə gətirib çıxarır.
BMT-nin və Yuneskonun “İnsan və biosfera”
beynəlxalq proqramında torpağın mühafizə edilməsi və
münbitliyini yüksəltmək üçün daha təsirli tədbirlər nəzərdə
tutulmuşdur. Bu məsələdə kənd təsərrüfatı mütəxəssisləri
daha fəal iştirak edirlər.
10.2. İnsan cəmiyyətinin başqa fəaliyyət
dairələri üçün torpağın əhəmiyyəti.
Torpaq və əhalinin sağlamlığı. Torpaq mühüm
sanitar – gigiyena və tibbi əhəmiyyətə malikdir. Bunu
V.V.Dokuçayev ilk dəfə Peterburq rayonunu fiziki – coğrafi
cəhətdən kompleks şəkildə öyrənərkən daha düzgün
müəyyən etmişdir. Torpaq insanda xəstəlik törədən
minlərlə ibtidai heyvan və mikroorqanizmlərinin həyatı
üçün əlverişli mühitdir. ABŞ-da, Hindistanda bir sıra
xəstəliklərin törəməsi müxtəlif torpaqlarda yaşayan
göbələklər, infeksiya törədən mikrobları ilə əlaqədardır.
Misal üçün, Hindistan alimləri müəyyən etmişlər ki, Qərbi
Benqalinin kənd rayonlarında
əhalinin xolera
xəstəliyindən ölmələrinin səbəbi burada torpaq örtüyünün
xarakteri ilə əlaqədardır. Belə ki, burada əhalinin ən çox
ölüm halları hidromorf torpaqlarda (allüvial, delta, bataqlı
və s.) müşahidə edilmişdir. Bu da çox güman ki, həmin
rejimli torpaqlarda xolera infeksiyasının əlverişli inkişafı ilə
əlaqədardır.
129
Torpaq həm də xəstəliktörədicilər üçün məkan
deyil, eyni zamanda infeksion xəstəliklərin yayıcısı olan
heyvanlar üçün də əlverişli mühitdir.
İnsanların sağlamlıq vəziyyətinə torpağın kimyəvi
tərkibi güclü təsir göstərir. Bəzən torpaqda ayrı – ayrı
kimyəvi elementlərin çatışmaması, ya həddən çox olması
insanların sağlamlığında özünü kəskin biruzə verir.
Əhalinin sağlamlığında bioloji aktiv maddələrin tərkibinə
daxil olan kimyəvi elementlərin, həyat proseslərini tənzim
edən vitaminlərin, fermentlərin və hormonların
çatışmaması xüsusilə kəskin olunur. Məsələn, torpaqda
kalsiumun, dəmirin, yodun, ftorun çatışmaması (yodun
çatışmaması zob xəstəliyi, ftorun çatışmaması diş
xəstəlikləri və s. törətməsi) bu qəbildən diqqəti cəlb edir.
Ədəbiyyatda belə yolla yaranan xəstəlikləri endemik
(yunanca endemos - məhəlli, yerli deməkdir) xəstəlik
adlandırırlar. Bitki və heyvanlar arasında endemik
xəstəliklər müşahidə olunan belə yerli geokimyəvi
xüsusiyyətlərlə müəyyən edilən vilayətləri A.P.Vinoqradov
bir geokimyəvi provinsiyalar adlandırmışdır. Bu
geokimyəvi provinsiyalarda çatışmayan elementlər
həmişə planlı şəkildə insanların qida rasionlarına əlavə
edilir (məs: xüsusi yodlaşdırılmış xörək duzu şəklində).
10.3. Faydalı qazıntı yataqlarının axtarışı üçün
torpağın əhəmiyyəti.
Torpaqda baş verən proseslərin öyrənilməsi
geokimyəvi üsullarla axtarışları təkmilləşdirməkdə çox
mühüm əhəmiyyət kəsb edir. Xalq təsərrüfatının mineral
xammala olan ehtiyacının artması ilə əlaqədar bu üsullar
xüsusi əhəmiyyətə malikdir.
Belə ki, torpaq havasının tərkibini oyrənməklə neft
və qazın, həm də radioaktiv elementlərin toplanmasını
müəyyən etmək mümkündür. 30-cu illərdə geokimyaçılar
130
müəyyən etmişlər ki, metal filizləri yataqlarının ətrafında
filiz elementlərinin seyrəkləşən arealları əmələ gəlir. Buna
görə də hər hansı örtülü olan metal yatağını müəyyən
etmək üçün torpağın səthindən nümunə götürüb analiz
edir və orada o metalın miqdarını təyin edirlər. Yataq
üzərində filiz elementlərinin miqdarı həmişə başqa
sahələrdən bir qədər çox olur. Bu üsul elmdə
metallometriya adını almışdır. Metallometrik işlər indi
bütün dünyada müvəffəqiyyətlə isifadə olunur.
Məlum olduğu kimi, torpaqəmələgəlmə prosesi
torpaqəmələgətirən süxurun üst hissəsinin fiziki –
mexaniki xassəsini müəyyən qədər dəyişir. Buna görə də,
aerodromlar, avtomobil magistralları, dəmir yolları və b.
tikintilər üçün müxtəlif mühəndis axtarış işləri zamanı
torpağın tikinti üçün səciyyəsini verməkdə bir sıra
torpaqəmələgəlmə proseslərinin qiymətləndirilməsi
mühüm əhəmiyyət kəsb edir. Belə məsələlər daha dəqiq
şəkildə qruntşünaslıq kursunda şərh edilir.
131
II HİSSƏ
TORPAQ TİPLƏRİNİN COĞRAFİ İCMALI
Torpaq tipləri ilə tanışlığı həm onların sistematikası
üzrə, həm coğrafi yayılması və həm də torpaqların
əmələgəlmə şəraitlərini nəzərə almaqla həyata keçirmək
olar. Torpaq coğrafiyası kursunun tədrisi üçün sonuncu
yol daha məqsədəuyğundur. Buna görə də torpaqların
icmalı bizim tərəfimizdən ən geniş yayılmış landşaftlara
uyğun tərzdə verilir: Dərsliyin birinci hissəsində
torpaqəmələgəlmə prosesinin ümumi sxemi,
torpaqəmələgətirən amillərin səciyyəsi və onların torpağın
genezisində rolu məsələləri açıqlanmışdır.
Verilmiş ikinci hissədə ayrı-ayrı zonaların torpaq
tiplərinin icmalı, torpaqəmələgətirən amillərin səciyyəsi,
əsas torpaq tiplərinin təsnifatı, fiziki-kimyəvi tərkibi və
xassələri verilmişdir.
Dostları ilə paylaş: |