26
Arakel yalnız öz ixtisası çərçivəsində qalmayan,
təbiətdən, bədii
ədəbiyyatdan zövq alan bir həkim idi. O, erməni şifahi ədəbiyyatına da yaxşı bələd
idi. Uşaq vaxtında atası ona çox nağıl, qoşma, atalar sözü, tapmaca söyləmişdi.
Gimnaziyanı əla qurtaran Arakel, Moskvaya gedib Lazarev institutuna daxil
olmaq, şərqşünaslıq ixtisası qazanmaq fikrinə düşmüşdü. Lakin atası buna razılıq
verməyib oğluna demişdi: «İstəyirəm ki, həkim olasan, həm camaata qulluq
eləyəsən, həm də məni qocalanda, naxoşlayanda özün sağaldasan».
Gənc Arakel hörmətini çox saxladığı atasının sözündən çıxa bilməmişdi.
Həkimliyi qurtarıb kəndə gəldiyi il atası vəfat etmişdi.
Böyük torpaq, mülk
sahibi olan, ancaq heç kəsi incitməyən, yeri düşdükcə yoxsula, dilənçiyə əl tutan
Baqdasarın ölümündən sonra, ailəyə Arakel başçılıq etməli olmuşdu. Ancaq o,
mülkədar olmaq, mal-dövlət yığmaq eşqinə düşməmişdi. Atasından qalan hər nə
varsa, özü ilə qardaşlarının arasında bölmüş, payına düşən pulu götürmüş, əkin və
biçənək yerlərini kəndlilərə bağışlamışdı.
«Arakel
dəli olub, mal-dövlətini dağıdır» deyə onu məzəmmət edən
kəndlilərə və öz doğma qardaşlarına cavab vermişdi: «Mənə torpaq, meşə, mal-
dövlət lazım deyil. Kotanın dəstəsindən tutub yer əkən də deyiləm. Amma, bir
çanaq darı səpmək üçün bir parça torpaq həsrətində olanlar çoxdur. Əsl dövlət –
savaddır, həkimlikdir. Onu mənim əlimdən heç kəs ala bilməz. Mən onun
vasitəsilə hər yerdə çörək tapacağam…».
Arakel əvvəlcə kənddə ambulatoriya açıb camaatı pulsuz müalicə eləmək
fikrinə düşmüşdü. Bu fikir onda, hələ institutda oxuduğu zaman əmələ gəlmişdi.
Lakin kənddə şərait olmadığı üçün ambulatoriyanı Gorusda açmaq qərarına
gəlmişdi. Bu məqsədlə də 1915-ci ildə Gorus şəhərinə köçmüşdü. Lakin cahan
müharibəsi dövründə lazımi avadanlıq, dava-dərman ala bilmədiyinə görə arzusu
ürəyində qalmışdı. Elə o
zamandan Gorusda yaşamağa, həkimliklə məşğul olmağa
məcbur olmuşdu.
…Birdən sakit otağı aydın bir səs götürdü: «Haradasan, Suren? Ay bivəfa…
Yaxşı, küsmə, gəl…».
Həkim dərhal kitabı büküb xəstəyə diqqətlə baxdı, onun hərəkətlərinə fikir
verdi…
Dünyada ən çox sevdiyi, həsrətindən sanki ürəyi yanıb kül olduğu bir adamı
bağrına basmaq istəyirmiş kimi, Siranuş qollarını geniş açıb yenə sayıqlamağa
başladı:
«Mən etibarsız deyiləm, Suren. Gəl, tez gəl!»
Qızın bəzən günəş kimi gülümsəyən, bəzən bulut kimi qaralan simasına
tamaşa edən həkim öz-özünə fikirləşdi: «Onun yuxuda «gəl, gəl» deyə çağırdığı
Suren kimdir?»
Siranuş o biri yanı üstə çevrildi.
Arakel yenə kitabı oxumağa başladı.
Nvard içəri girdi. Həkimə salam verib, Siranuşun yatağının yanında oturdu.
Əlini qızının alnına qoydu.
- Balam od içində yanır, - deyə qoynundan bükülü kağız çıxarıb yastığın
altına qoydu və ürəyində dedi: «Ey
dua sahibi, özün qızımın dadına yet!»
Siranuş yenə sayıqlayıb Surenin adını çəkdi.
27
- O gədənin adı yenə qızın dilindən düşmür. Pərvərdigara, mən necə
eləyim?! – Nvard başını əyib Siranuşun atlas kimi qızarmış üzünə baxdı. – Sənə
dua yazdırmışam ki, sağalasan, yuxuda sayıqlamayasan, qızım. Atan bu gün sənə
qurban kəsəcək, bala! Anasını bədbəxt eləyən gözəl, göyçək bala!..
- Xəstəliyə qurban neyləsin?!.
- Elə demə, həkim, mənim oğlumu dua qurtardı. Yefremverdiyə
baxdırmışam. Siranuş dualıqdır. Bir az yaxşılaşan kimi Şinətəkdağı «Surp
hovanes
1
» vankına aparacağam.
Nvardın sözlərinə əhəmiyyət verməyən Arakel soruşdu:
-
Suren kimdir ki, Siranuş yuxuda tez-tez onun adını çəkir?
- Dərənin bir tulası. Dünən həyətdə gördüyün o dəli Araksinin oğludur.
- Bəs Siranuşun onunla nə əlaqəsi?
- Nə deyim vallah, xalqa it hürəndə, bizə də çaqqal hürər. Belə, Allahdan
gizlin deyil, bəndədən nə gizlin: guya, bizim qız o gədəyə, o da bizim qıza bənd
olub. Necə deyərlər, itin qələt eləməyidir ki, qayğanaqdan pay uma. Allaha
qurban
olum ki, Sureni evindən-eşiyindən didərgin saldılar, xəbərini indi heç qarğalar da
gətirmir. Qızın nişanlısı, o axmaq gədəni tapsa, təpəsinə birgə güllə çaxacaq.
- Siranuşun nişanlısı kimdir?
Nvard təəccüblə soruşdu:
- Mahalın böyüyünü tanıyırsan?
- Karo Hamparsumyan?
- Daha ondan başqa kim olacaq.
- Bəs general-nahankapetin Surenlə nə işi var?
- Mənim başım çıxmaz. Giyəvimiz Karo, elə bizim kişi də, deyirlər ki, Suren
bolşovoydur. Onu bilirəm ki,
bizim dövlətimizi, yerimizi alıb, ayağı çarıqlı-
patavalı kəndlilərə vermək istəyirdi. Xudavənd elə iş işlədi ki, öz yurdu-yuvası
tarmar oldu.
Arakellə Nvard xeyli söhbət elədilər. Karonun adamları həbs eləməsini,
evləri dağıtmasını bir qəhrəmanlıq sanan və bir qaynana kimi, onun bu
hərəkətlərini özünə şöhrət bilən Nvarddan Arakel çox şey öyrəndi. Armenakın,
Anahidin öldürülməsinin, Araksinin dəli olmasının səbəbini bildi. Baqratın
ailəsinin daxilinə bələd oldu. Lakin bir söz demədi.
Hər ikisi susdu. Arakel pəncərədən bayıra baxanda Baqratı və onun yanında
tanımadığı qoca bir kişini gördü. İkisi də eyvana çıxıb, o biri otağa getdilər.
Arakel bir saat idi ki, Baqratla Arzonun danışığına diqqətlə qulaq asırdı.
Söhbət alver barədə gedirdi. Arzo var-yoxu bir parça əkin
yerini Baqrata satmağa
gəlmişdi. Lakin onlar qiymət üstündə razılığa gələ bilmirdilər.
Özünü stula yayıb, qıçını qıçının üstünə aşıraraq, tuluq kimi şişmiş qarnını
qabağa verən Baqrat:
- Hə, Arzo kişi, razısanmı? – dedi.
- Çox ucuz qiymətə istəyirsən, az verirsən, Baqrat ağa. Mənim əlacımı Allah
kəsib, yoxsa, kəndli də torpağını satarmı?.. Amma, gərək sən də elə eliyəsən ki, nə
1
Ocaq adıdır (ermənicə).