28
Allaha
naxoş getsin, nə bəndəyə. Necə deyərlər, nə şiş yansın, nə kabab. Sənin əlin
istidir. Baqrat ağa, artıq versən də itər yerə getməz. Bir az da gəl üstünə.
- A kişi, onu bil ki, mən yerinin dolu qiymətini verirəm. İki pud arpa, bir pud
buğda… Daha nə istəyirsən? Bir parça yerə üç pud taxıl… Bu aclıq illərində hələ
çox verirəm.
Onu da bil ki, Arzo kişi, bu qədər taxılı sənin yerinə heç kim verməz.
Əvvəla, yerin demi yerdir, ikinci, daşlıdır, qanqallıdır, üçüncüsü, xam deyil, hər il
əkilib, yerin canı gedib, şirəsi alınıb. Vallahi və billahi kəndli olduğumuz üçün
sənə güzəştə gedirəm. İstəmirəm ki, külfətin acından korluq çəksin. Elə sənin
külfətinin də namusu mənimdir.
- Söz yox, elədir. Deyir,
qonşunun namusunu çəkməyən, öz namusunu da
çəkməz. Bu barədə Allah atana çox rəhmət eləsin… - Arzo fikirləşəndən sonra,
məhzun-məhzun, - yox, yox, ürəyimdən gəlmir! – dedi.
Baqrat bığlarını eşə-eşə güldü:
- Ürəyin gəlmirsə, niyə kəndin içindən dalıma düşüb evimə gəlirdin. Mən ki,
səni yerini satmağa məcbur eləmirəm. Özün mənə ağız açdın, mən də razılıq
verdim. Qərəz, axırıncı sözün nədir? Mən istəmirəm ki, dilənçi kimi ona-buna əl
açasan. Yenə deyirəm, biz bir kəndliyik…
Baqratın sözlərindən bərk tutulan Arzo:
- Mən hələ heç kəsin qapısına gedib əl açmamışam, - dedi. – Bunu həmişə
özümə ar bilmişəm. Az tapmışam, az yemişəm, çox tapmışam çox.
Amma indi
ehtiyac bir ilan olub dolaşıb külfətimin boynuna. Mən ataların bu misalını indi başa
düşürəm, toxun acdan xəbəri olmaz! – Arzo xəcalətindən başını aşağı əydi.
Damarları nazik göy qaytan kimi görünən, qırış-qırış alnını soyuq tər basdı. Sözünə
davam edib dedi: - Mən özüm heç, qoca kişiyəm, bir ayağım evdədir, bir ayağım
gorda. Amma nəvələrim, gəlinim var. Nə deyim, Baqrat ağa, külfət, uşaq dərdi
adamı yay kimi əyir…
Baqrat:
- Yaxşı, Arzo, yaxşı, - dedi. – Başını yuxarı qaldır
görək doğrudan yerini
satmaq istəyirsən, yoxsa adam axtarırsan ki, ürəyini boşaldasan? Özü də elə yazıq-
yazıq danışdın ki, ürəyim bir təhər oldu. Beş girvənkə arpa artırıram. Hamısı bir
yerdə oldu üç pud, beş girvənkə taxıl. Allah xeyir versin, əlini bəri ver!
Arzo əlini ona uzatmadı. Bir söz demədən, yerindən qalxmaq istədi.
- Hara durursan?
- Daha gedim…
- Nə oldu, fal bəd vurdu? Pişik asqırdı? – Baqrat ucadan güldü. – Demək,
sövdəmiz baş tutmadı?
- Mən fikrimdən döndüm. Qoy külfət acından qırılsın, batsın. Amma o
qiymətə… Yox, yox, insaf deyil. O bizi yaradan haqqı heç insaf deyil… - Arzo
ayağa qalxdı. – Allah adamın əlacını kəsəndə, bəndə gərək onun boynunu
vurmasın… Bağışla Baqrat ağa, sənə baş ağrısı verdim…
Fürsəti əldən vermək istəməyən Baqrat stuldan qalxıb, Arzonun qolundan
yapışdı:
- Otur, a kişi, otur! –
deyə onu oturtdu, - niyə uşaq kimi küsüb, inciyirsən?
Mən sənə nə pislik eləyirəm ki? Mən istəyirəm…
Arzo onun sözünü kəsdi:
29
- Mən heç kimdən nə küsürəm, nə inciyirəm. Öz baxtımdan küsürəm ki,
oğlum rus-osmanlı davasından qayıtmadı. Arvadı, iki balaca uşağı düşdü üstümə.
Mən də girdən, qüvvədən düşmüş bir qoca… Onu da bilirəm ki, sən Baqrat ağanın
yerə, mülkə ehtiyacı yoxdur. Amma, deyərlər ki, artıq tikənin ziyanı yoxdur…
Baqrat Arzonun sözlərindən pərt oldu. İstehzayla gülümsünərək dedi:
- Atalar onu da deyib ki, hər şey nazikliyindən sınsa,
insan yoğunluğundan
sınar. Hər halda, mən Baqrat ağayam. Sənə də yaxşılıq eləmək istəyirəm… Yaxşı,
belə deyək ki, mənə satmadın, nə eliyəcəksən? Torpaq yeyəcəksən?.. Camaat bir
girvənkə arpa ununu tapanda, papağını göyə atır. Sən üç pud beş girvənkə taxılı az
bilirsən? Hə, yenə nə fikirləşirsən? Allah xeyir versin, əlini bəri ver!
Arzo ürəyində götür-qoy eləyirdi: «Nə eləyim? Verimmi? Verməyimmi?
Keçən il cöngəni kəsib ətini satdım, bu il palazımı, gəbəmi dəyər-dəyməzinə
verdim. İndi axırıncı ümidim bir parça torpağımadır. Onu da satım – neyniyim,
satmayım – neyniyim?..»
- Mən səndən cavab gözləyirəm. Niyə dillənmirsən?
Arzo Baqratın sözlərini eşitmədi. O, xəyalən öz evinə qayıtmışdı… Sevinə-
sevinə, gülüşə-gülüşə, çiyninə atılan, saqqallı üzündən öpən nəvələri deyirdilər:
«Babamız gəldi, un gətirdi. Doyunca çörək yeyəcəyik. Sən nə yaxşı babasan…».
- A kişi, nə fikrə getmisən? Satmırsan, bir dəfəlik de satmıram. Get,
kim çox
verir ona sat.
Arzo, gözlərinin üstünü örtmüş çal qaşlarını yuxarı dartdı. Acı həyatın,
dözülməz məşəqqətin izləri sezilən, yanları qırışmış balaca gözlərini, qarnı tox,
lakin gözü ac mülkədara zillədi. Bir qədər eləcə, dinməz baxandan sonra dedi:
- Mən qaçıram, sən qov, neynək… Amma nəfəsimi kəsmə, Baqrat ağa! Yeri
sənə verirəm, ancaq, sən oğlunun canı, üstünə bir pud buğda da gəl.
Baqrat ucadan gülə-gülə dedi:
- A kişi, biz burda mahal satıb almırıq ki… Yoxsa, o bir qırıq daşlı, qanqallı
yer sənin gözündə dünya boyda qızıl görünür? Hələ mənim oğlumun canına da and
verirsən… - Baqrat sakit oturub, qulaq asan Arakelə müraciət elədi: - Həkim, elə
bizim sövdəmizi sən kəs. Allaha şükür, qanacaqlı, başa düşən adamsan. İndiki
zəmanədə bu kişinin, bir qulaq yerinə nə qədər vermək olar?
- Bəli, zəmanə… - deyə Arzo köksünü ötürdü. –
Mənim belimi əyən, il-ildən
pis gələn zəmanə!
Baqratın torpaq acı, torpaq dəlisi olduğunu onların danışığından başa düşən
Arakel:
- Sizin alverinizə nə qarışım, - dedi. – Baqrat ağa, yer var, yer var, adam var,
adam var. Hər halda, bu ağır illərdə kəndlini dolandırmaq lazımdır. Ehtiyacı
olanlara əl tutmaq özü yaxşı işdir. Mən hələ beş il bundan əvvəl əkin və biçənək
yerimi verdim öz kəndlilərimizə. Gördüm ki…
Baqrat onun sözünü kəsdi:
- Atana Allah rəhmət eləsin, sözünün arasında əzizlərin dursun. Buradaca
dayan. Yerin neçə desyatin idi? Neçəyə satdın?
- Mən müftə verdim.
-
Müftə deyəndə, yəni neçəyə? Yüz manata? İki yüz manata?
- Pulsuz verdim. Dedim: əkin, biçin, dolanın.