www.vivo-book.com
654
O, furajkasını götürüb mənim əlimi sıxdı. O yaman
məyus idi; Nelli onu çox bərk təhqir etmişdi. Mən daha buna
dözə bilmədim. İxmenev gedəndən sonra Nelliyə dedim:
– Nelli, sənin ona yazığın gəlmədi? Ayıb deyilmi, ayıb
deyilmi sənə?! Yox, sən yaxşı qız deyilsən, sən doğrudan da
kinlisən! – bunu deyib, necə vardımsa, elə də şlyapasız
qocanın dalınca yüyürdüm. Mən istəyirdim onu darvazaya
qədər ötürüm, təsəlli olmaq üçün ona ikicə kəlmə də olsa
söz deyim. Pilləkəndən enərkən elə bil hələ də Nellinin
üzünü görürdüm: onun üzü mənim etdiyim məzəmmətdən
ağappaq ağarmışdı.
Çox çəkmədi ki, mən özümü qocaya yetirdim.
Qoca acı-acı gülümsəyərək dedi:
– Yazıq qız təhqir olundu; İvan, inan ki, onun da öz
dərdi var; mən də başladım ona öz dərdimdən danışmağa...
Mən onun yarasını qanatdım. Deyirlər ki, toxun acdan
xəbəri olmaz. Vanya, mən də bunu əlavə edim ki, ac da acı
hər vaxt başa düşməz. Di, sağ ol!
Mən başqa şeydən danışmağa başladım, lakin qoca
ancaq əlini yellədi.
www.vivo-book.com
655
– Mənə niyə təsəlli verirsən! Yaxşısı budur ki, göz ol,
qoy o sənin yanından qaçmasın. – Sonra o acıqlı bir halda: –
Gördün o necə baxırdı... – deyərək əlavə etdi, əlağacını
yelləyə-yelləyə, səkiyə vura-vura yeyin-yeyin getdi.
Qocanın dediyi düz də oldu.
Siz indi mənim vəziyyətimi təsəvvür edin: evə
qayıdanda gördüm ki, Nelli yoxdur. Məni dəhşət aldı.
Dəhlizə yüyürdüm, pilləkənlərə baxdım, onu səslədim, hətta
qonşuların qapısını döyüb onun onlarda olub-olmadığını
soruşdum; mən onun yenə də qaçdığına inana bilmirdim,
heç inanmaq da istəmirdim. Axı, o necə qaça bilərdi?
Həyətin bir darvazası var; mən qoca ilə danışanda o bizim
yanımızdan keçməli idi. Sonra başa düşdüm ki, o əvvəl
pilləkənin bir yerində gizlənib, mənim evə qayıtmağımı
gözləyə bilərdi, mən evə qayıdan kimi o da qaçardı, belə ki,
mən onu heç görə bilməzdim. Mən bunu düşünərkən çox
məyus oldum. Hər halda, o çox uzaqlaşa bilməzdi.
Hər ehtimala qarşı qapını açıq qoyub, böyük bir təşviş
içində küçəyə yüyürdüm.
www.vivo-book.com
656
Əvvəl Masloboyevgilə getdim. Onlar evdə deyildi.
Balaca bir kağız yazıb qoydum, baş verən hadisəni onlara
bildirdim, xahiş etdim ki, Nelli sizə gəlsə dərhal mənə xəbər
verin; oradan həkimin yanına getdim; həkim də evdə yox
idi, qulluqçusu bildirdi ki, o gündən sonra Nelli bura
gəlməmişdir. Mən nə etməli idim? Bubnovagilə getdim;
tanıdığım tabut qayırandan məlumat aldım: o mənə dedi ki,
polis idarəsi dünəndən bəri Bubnovanı nə iş üstündəsə tutub
saxlamışdır. Nelli də o vaxtdan buralara gəlməmişdir. Mən
yorulmuşdum, əldən düşmüşdüm, yenə də Masloboyevgilə
getdim, yenə də eyni cavabı aldım; bura heç kəs
gəlməmişdi, onlar özləri də hələ qayıtmamışlar. Yazdığım
kağız stolun üstündə idi. Mən nə etməli idim?
Axşamdan xeyli keçəndən sonra, böyük bir müsibət
içində evə qayıdırdım. Mən gərək bu axşam Nataşanın
yanına gedəydim, hələ səhərçağı o məni çağırtdırmışdı. Mən
bütün günü heç bir şey yeməmişdim, Nellinin fikri məni
götürmüşdü. “Bu axı nə olan şeydir? Yoxsa, bu qəribə
hadisə o xəstəliyin nəticəsidir? Bəlkə o dəli olmuşdur, ya
www.vivo-book.com
657
dəli olur? Ah, ilahi, indi haradadır, onu mən haradan
tapım?!”
Elə bunu demişdim ki, bir də gördüm Nelli bir neçə
addım kənarda, V. körpüsündə, fənərin yanında durmuşdur;
o məni görmürdü. İstədim onun yanına yüyürəm, amma
özümü saxladım. Təəccüblə öz-özümə dedim: “Bu axı
burada nə qayırır?” Mən indi arxayın idim ki, daha onu
gözdən itirməyəcəyəm; dayanıb onu müşahidə etməyə
başladım. On dəqiqə keçdi, o hələ də durub gəlib-gedənə
baxırdı. Nəhayət, yaxşı geyimli bir qoca kişi gəlib keçdi.
Nelli ona yaxınlaşdı, o adam dayanmayaraq, cibindən nəsə
çıxarıb ona verdi. Nelli ona baş əydi. Bu zaman nələr hiss
etdiyimi söyləməyə acizəm. Ürəyim ağır bir iztirab içində
sıxıldı, sanki sevdiyim, oxşayıb əzizlədiyim çox qiymətli bir
adam gözümün qabağında alçaldılmış, rüsvay edilmişdi;
gözlərimdən yaş axırdı.
Bəli, bu – yazıq Nelli üçün axan göz yaşları idi! Eyni
zamanda, mənim ona yaman acığım tutmuşdu; o, ehtiyacı
olduğu üçün dilənmirdi; o yiyəsiz deyildi, başlı-başına
atılmamışdı, amansız təzyiqlərdən deyil, onu sevib əzizləyən
www.vivo-book.com
658
dostlarından qaçmışdı. O sanki bu hərəkəti ilə kimi isə
heyrətə salmaq, ya da qorxutmaq istəyirdi; sanki o kiminsə
qarşısında lovğalanırdı! Onun qəlbində gizlin bir sirr
vardı… Bəli, qoca haqlı idi: o təhqir olunmuşdu, onun yarası
sağala bilməzdi, o sanki bizim hamımıza qarşı etibarsızlıq
ifadə olunan bu sirli hərəkətləri ilə öz yarasını qəsdən
qanatmaq istəyirdi, sanki o duyduğu bu əzabdan, bu əzab
xudbinliyindən (əgər belə bir ifadə mümkünsə) həzz alırdı.
Mən – yaranı bu cür qanatmağın, ondan həzz almağın
səbəbini bilirəm; bu – tale tərəfindən sıxışdırılan, bunun
haqsız bir şey olduğunu dərk edən alçaldılmış və təhqir
olunmuş adamların duyduğu həzdir. Lakin Nelli bizim hansı
bir haqsızlığımızdan şikayətlənə bilərdi? O sanki öz
şıltaqlıqları, qəribə hərəkətləri ilə bizi təəccübləndirmək,
qorxutmaq istəyirdi, sanki o, doğrudan da bizim qarşımızda
öyünürdü... Yox, belə deyildi! O indi təkdir, o bilir ki,
bizlərdən heç kəs onun diləndiyini görmür. Bəs elə olanda o
öz-özlüyündə bundan həzz alır? O nə üçün dilənir? Pul onun
nəyinə lazımdır?
Dostları ilə paylaş: |