www.vivo-book.com
638
məndən utanır, ancaq özümü görməməzliyə qoydum. On beş
dəqiqədən sonra, mən bir anlığa mətbəxə getdim. Nelli tez
yatağından qalxıb romanı əvvəlki yerinə qoydu, mən geri
qayıdanda kitabı stolun üstündə gördüm. Az sonra o məni öz
yanına çağırdı: onun səsində bir həyəcan duyulurdu. Dörd
gün idi ki, o mənimlə danışmırdı.
Nelli qırıq-qırıq soruşdu:
– Siz... bu gün... Nataşanın yanına... gedəcəksiniz?
– Gedəcəyəm, Nelli, mən gərək bu gün onu görəm.
Nelli susdu.
Sonra yenə də zəif səslə soruşdu:
– Siz... onu çox sevirsiniz?
– Hə, Nelli, çox sevirəm.
Nelli yavaşca:
– Mən də onu sevirəm, – deyib yenə susdu.
Sonra o, çəkinə-çəkinə mənə baxaraq əlavə etdi:
– Mən istəyirəm onun yanına gedim, onunla yaşayım.
Mən buna bir qədər təəccüb etdim:
– Olmaz, Nelli... Sənin üçün burda pis keçir?
Nelli birdən qızardı.
www.vivo-book.com
639
– Niyə olmaz? Siz axı, mənə deyirsiniz ki, gedim onun
atasıgildə yaşayım, mən getmək istəmirəm. Onun
qulluqçusu var?
– Var.
– Qoy o öz qulluqçusunu çıxartsın, mən ona
qulluqçuluq eləyim. Onun hər işini görərəm, heç bir şey də
almaram, onu istəyəcəyəm, xörəyini də bişirəcəyəm. Siz bu
gün ona elə belə də deyin.
– Nelli, bu hardan sənin ağlına gəlib? Sən onu nə
bilirsən? Sən elə bilirsən ki, o səni qulluqçuluğa götürməyə
razı olar? Səni öz yanına götürsə də ancaq öz tayı kimi, öz
kiçik bacısı kimi götürər.
– Yox, öz tayı kimi götürməsini istəmirəm. Mən belə
istəmirəm…
– Niyə axı?
Nelli susdu. Onun dodaqları dartınırdı: o ağlamaq
istəyirdi.
Nəhayət, o soruşdu:
– Onun sevdiyi adam ki var, o adam çıxıb gedəcək, onu
tək qoymayacaq?
www.vivo-book.com
640
Mən buna təəccüb etdim.
– Nelli, sən bunu hardan bilirsən?
– Siz özünüz bunu mənə demisiniz: bir də ki, üç gün
bundan əvvəl, Aleksandra Semyonovnanın əri səhər bura
gəlmişdi, mən ondan soruşdum, o da hamısını açıb mənə
dedi:
– Masloboyev səhər bura gəlmişdi?
Nelli gözlərini yerə dikərək dedi:
– Gəlmişdi.
– Onun gəldiyini bəs sən mənə niyə deməmisən?
– Elə...
Mən bir az fikrə getdim. Kim bilir, bu Masloboyevin nə
gizlin işi vardır, mən evdə olmayanda o, niyə gəlir? Bu nə
əlaqədir? Onu görmək lazımdır.
– Nelli, yaxşı, o adamın Nataşanı atmasından sənə nə?
Nelli gözlərini yerdən qaldırmadan dedi:
– Siz axı, onu çox sevirsiniz. Sevdiyiniz üçün də, o
adam gedəndə siz Nataşanı alacaqsınız.
– Yox, Nelli, mən onu istədiyim qədər, o məni istəmir,
bir də ki, mən… Yox, Nelli, bu olmayacaq.
www.vivo-book.com
641
Nelli mənə baxmadan, az qala, pıçıldayaraq dedi:
– Mən də, sizin qulluqçunuz kimi, sizin hər ikinizə
qulluq edərdim, siz də yaşardınız, kefiniz kök olardı.
Mən düşündüm: “Buna nə olub, buna nə olub?” Bütün
qəlbim alt-üst oldu. Nelli susdu, daha heç bir söz demədi.
Mən gedəndən sonra o ağlamağa başlamış, bütün axşamı
ağlamışdı, yatanda da gözüyaşlı yatmışdı, bunu mənə
Aleksandra Semyonovna dedi. Hətta gecə yuxuda da
ağlayırmış, nəsə sayıqlayaraq deyirmiş.
Bu gündən sonra o daha artıq qaşqabaqlı və tutqun
oldu, mənimlə daha heç danışmadı. Doğrudur, onun iki-üç
dəfə gizlincə mənə baxdığını görmüşdüm, – onun bu
baxışlarında o qədər nəvaziş vardı! Lakin bu xoş nəvaziş,
onun oğrun baxışı kimi, bir an davam edirdi, sanki buna
cavab olaraq, o az qala hər saat daha artıq tutqunlaşırdı: o
hətta həkimə də belə əlaqə bəsləyirdi, həkim onda olan bu
dəyişikliyə təəccüb edirdi. Nelli daha sağalmışdı, həkim indi
ona çıxıb təmiz havada gəzməyə, ancaq çox az gəzməyə
icazə vermişdi. Hava açıq idi, isti idi. Strastnı həftəsi idi:
lakin bu dəfə havalar çox gec qızmışdı. Mən səhər tezdən
www.vivo-book.com
642
evdən çıxdım: mütləq Nataşanın yanına getməli idim: lakin
öz-özlüyümdə bu qərara gəldim ki, evə tez qayıdım, Nellini
götürüb gəzməyə gedim. Hələlik onu evdə tək qoydum.
Evdə məni necə bir zərbə gözlədiyini ifadə etməyə
acizəm. Tələsə-tələsə evə gəlirdim. Gəlib gördüm ki, açar
bayır tərəfdən qapının üstündədir. İçəri girdim: heç kəs yox
idi. Donub qaldım. Baxdım ki, stolun üstündə bir parça
kağız var, kağıza isə karandaşla, iri, əyri-üyrü xətlə bu sözlər
yazılmışdı:
– “Mən sizdən getdim, bir daha sizin yanınıza
gəlməyəcəyəm. Amma mən sizi çox sevirəm.
Sizə sədaqətli olan Nelli”.
Mən dəhşətdən çığıraraq cəld otaqdan çıxdım.
www.vivo-book.com
643
IV FƏSİL
Hələ küçəyə çıxmamışdım, hələ nə edəcəyimi
bilmirdim ki, birdən darvazanın qabağında bir araba
dayandığını gördüm: Aleksandra Semyonovna ilə Nelli
arabadan düşdü. Aleksandra Semyonovna onun əlindən
bərk-bərk tutub gətirirdi, sanki onun yenə qaçacağından
qorxurdu. Mən tez onların üstünə yüyürüb çığırdım:
– Nelli, sənə nə olub? Hara getmişdin? Niyə getmişdin?
Aleksandra Semyonovna pıçıldayaraq dedi:
– Dayanın, tələsməyin, tez sizə gedək, orada hamısını
bilərsiniz. – Yol ilə gələ-gələ, o tələsə-tələsə pıçıldayırdı: –
İvan Petroviç, heç bilirsiniz sizə nə qəribə şeylər
danışacağam! Buna ancaq təəccüb etmək olar. Gedək evə,
bu saat görərsiniz…
Onun üzündən son dərəcə mühüm xəbərlər söyləyəcəyi
oxunurdu.
Biz otağa girdikdən sonra Aleksandra Semyonovna
dedi:
Dostları ilə paylaş: |