Fakultəsi “İqtisadiyyat Marketinq və Menecment Kafedrası


FƏSİL 2. İQTİSADİ VƏ SOSİAL İNKİŞAFDA İNVESTİSİYA QOYULUŞLARININ ROLU VƏ ƏHƏMİYYƏTİ



Yüklə 365,5 Kb.
səhifə3/4
tarix14.09.2018
ölçüsü365,5 Kb.
#68653
1   2   3   4

FƏSİL 2. İQTİSADİ VƏ SOSİAL İNKİŞAFDA İNVESTİSİYA QOYULUŞLARININ ROLU VƏ ƏHƏMİYYƏTİ
2.1. Makroiqtisadi inkişafda investisiya qoyuluşlarının

rolu və əhəmiyyəti
Cəmiyyətin tələbatından asılı olaraq istehsalın getdikcə ge­nişləndirilməsi və iqtisadiyyatda yeni struktur dəyişikliklərinin həyata keçirilməsi investisiya qoyuluşlarının həcmindən xeyli asılıdır. Ölkədə iqtisadi-sosial inkişafın əsas makro-iqtisadi göstə­ricilərinin getdikcə yüksəldilməsi, əhalinin maddi-mənəvi həyat səviyyəsinin yaxşılaşdırılması iqtisadiyyatın artım tempi ilə bağlı­dır. Ümumi daxili milli məhsulun strukturunda aparıcı sa­hələrin rolu və əhəmiyyəti getdikcə artırılmalıdır. Bu baxımdan investi­siya qoyuluşunun başlıca cəhətlərindən biri maddi istehsal sahələ­rində münasib proporsionallığı təmin edilməli və bu əsasda sə­naye məhsullarının ümumi daxili məhsuldakı xüsusi çəkisi get­dikcə artırılmalıdır. Araşdırmalar göstərir ki, ümumi daxili milli məhsulun strukturunda sənaye istehsalı 1997-ci ildə 24,8 faiz­dən 1998-ci ildə 22,7 faizə, kənd təsərrüfatı istehsalının xüsusi çəkisi isə müvafiq olaraq 20,0 faizdən 19,0 faizə enmişdir. Ti­kintiyə gəldikdə isə onun payı ümumi daxili milli məhsulda 1994-cü ildə 13,8 faiz, 1998-ci ildə 19,7 faiz olmuş və ya 5,9 faiz artmışdır. Ümumi daxili milli məhsulun 20,9 faizi tədarükün, kommunal təsərrüfatın, səhiyyənin, əlavə dəyər vergisinin, aksi­zin və s. sfe­ralarının payına düşür. Aydındır ki, ümumi daxili milli məhsulun formalaşmasında aparıcı iki mühüm sahənin, yəni sənaye və kənd təsərrüfatının payı azdır (cədvəl 3).

Cədvəl 3.



Azərbbaycan Respublikasının sosial-iqtisadi inkişaf göstəriciləri





İ L L Ə R

1995

1996

1997

1998

Ümumi daxili milli məhsul, mlrd. man.

10669

13663

15711

15930

Əvvəlki ilə nisbətən, faizlə

88,0

108,0

115,5

100,8

Hər nəfərə düşən ümumi daxili milli məhsul, min.man.

1430

1806

2017

2145

Sənaye məhsulu, mlrd.man.

8856

11316

12490

11620

Əvvəlki ilə nisbətən, faizlə

78,6

127,7

110,3

93,0

Kənd təsərrüfatı məhsulu, mlrd. man.

3567

4518

4122

4326

Əvvəlki ilə nisbətən, faizlə

93,0

126,6

91,2

104,9

Xarici investisiyalar, mln. ABŞ dolları

375

621

1307

1472

Pərakəndə əmtəə dövriyyə­si­nin həcmi, mlrd.man

5293

7339

8485

9239

Əvvəlki ilə nisbətən, faizlə

102,3

138,6

115,6

108,8

Əhaliyə pullu xidmətlər, mlrd. man

583,6

965,0

1152

1391

Əvvəlki ilə nisbətən, faizlə

75,6

165,5

119,3

120,7

Əhalinin pul gəlirləri, mlrd.man.

6703

9526

12367

14245

Əvvəlki ilə nisbətən, faizlə

5,5

142,1

130,0

115,1

Ənənəvi bazar iqtisadiyyatlı ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili milli məhsulun 65 faizdən çoxu sənaye və kənd tə­sərrüfatının payına düşür. Məhz buna görə də investisiya qoy­u­luşlarının istiqamətində lazımi dəyişikliklər nəzərdə tutulmalı, sənaye istehsalında neft-qaz hasilatı ilə yanı aqrar bölmənin sü­rətli inkişafını təmin etmək məqsədilə, bu sahayə də müvafiq in­vestisiya qoyuluşu da yönəltmək lazımdır. Respublikanın ümumi daxili milli məhsulun dinamik inkişafını təmin etmək üçün ölkəmiz zəngin yeraltı və yerüstü sərvətlərə malik olmaqla­bərabər aqrar iqtisadiyyatın sürətli inkişafını təmin etmək üçün əlverişli təbii-iqlim şəraitinə malikdir. Makro-iqtisadi inkişafda neft kimyası və onunla bağlı digər sənaye sahələrinin qarşılıqlı inkişafının təmin edilməsi zəruri şərt hesab edilir. Neft hasilatının genişləndirilməsi, xüsusilə Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən «Azəri», «Çıraq» və «Günəşli» neft yataqla­rının səmərəli fəaliyyətini təmin etmək, respublikanın iqtisa­diyyatını dirçəltmək məqsədilə müvafiq şərait yaradılmış və bu­nunla xarici investorların ölkəmizə olan marağı xeyli artmışdır.

Belə ki, 1994-cü ildən başlayaraq indiyə qədər Respublika dünyanın ən məşhur 33 iri şirkəti ilə müqavilələr əsasında geniş investisiya fəaliyyəti həyata keçirməyə başlamışdır. Araşdırmalar göstərir ki, neft-qaz hasilatı ilə əlaqədar indiyə kimi ölkəyə 2,4 mlrd. ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur.

Belə ki, Respublikanın iqtisadiyyatına qoyulmuş xarici inve­stisiyanın həcmi 1995-ci ildə 375 mln. ABŞ dolları, 1996-cı ildə 621 mln. ABŞ dolları, 1997-ci ildə 1307 mln. ABŞ dolları və 1998-ci ildə isə 1472 mln. ABŞ dolları təşkil etmişdir. Təkcə bunu göstərmək kifayətdir ki, xarici investisiya qoyuluşunun həcmi 1995-ci ilə nisbətən 1998-ci ildə 3,9 dəfə artmışdır. Ma­raqlı cəhət ondan ibarətdir ki, qoyulan investisiya vəsaitinin 60-65 faizi neft-qaz sənayesinin inkişafına yönəldilmişdir. Bunu aşağıdakı sxemdən daha aydın görmək olar.


Sxem7.

Respublikamızın sosial-iqtisadi inkişafında neft-qaz sənayesi mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sahə ölkə iqtisa­diyyatı­nın əsas sahələrindən biri olmaqla, dövlət büdcəsində valyuta da­xilolmalarının ən mühüm mənbəyi hesab edilir. Neft sənayesində bağlanan beynəlxalq müqavilələr ölkənin dünya neft və neft məh­sulları bazarında rəqabət qabiliyyəti­nin yüksəldil­mə­sinə gətirib çıxarmaqla bərabər, investisiya rəqabətinə qoyulmaq imkanı ver­məklə mövcud bazarda mövqeylərin həm strateji, həm də taktiki planda möhkəm­ləndirilməsinə imkan yaradır.

Bu barədə geniş və ətraflı məlumata malik olmaq üçün orta hesabla hər nəfər hesabına düşən xarici investisiya məbləğinə nə­zər salmaq lazımdır (bax sxem 8).
Sxem 8.

Sxemin məlumatından göründüyü kimi adambaşına düşən xarici investisiya qoyuluşu Azərbaycan Respublikasında - 267 dollar, Macarıstanda – 1470, Sloveniyada – 800, Çe­xiyada – 699, Estoniyada – 400, Polşada – 362, Bolqarı­standa – 95, Ru­siyada – 44 dollardır.

Qeyd etmək lazımdır ki, 1994-1998-ci illər ərzində res­pub­likamızın iqtisadiyyatına 3 milyard ABŞ dolları həcmində vəsait qoyulmuşdur və onun da 69,0 faizi xarici investisiyaların payına düşür.

Milli iqtisadiyyatın formalaşmasında və onun dinamik inki­şafının təmin edilməsində maliyyə-kredit sistemi əsaslı surətdə təkmilləşdirilməlidir. Hər şeydən əvvəl, daxili bazarı əsasən yerli istehsal hesabına ödəmək məqsədilə ölkədə yeni texnika və tex­nologiya əsasında dünya standartlarına uyğun gələn, yüksək key­fiyyətli xalq istehlakı mallarının istehsalı təmin edilməlidir. Pro­blemin bu istiqamətdə həlli makroiqtisadi səviyyədə işsizlik pro­bleminin həllinə də müsbət təsir göstərə bilər.

Cəmiyyətin artmaqda olan sosial-iqtisadi tələbatının ödə­nilməsi mövcud istehsal potensialından tam və səmərəli istifadə edilməsini tələb edir. Bu baxımdan, xarici investisiya qoyuluşları­nın rolu və əhəmiyyəti daha da yüksəlmiş olur.

Respublikada makroiqtisadi göstəricilərin artım tempinin yüksəldilməsi xüsusi ilə iqtisadiyyatın strukturunda strateji sahə­lərin rol və əhəmiyyətinin getdikcə artırılmasını tələb edir. Bu cəhətdən, ölkədə xarici investisiya qoyuluşlarının artırılması xalq təsərrüfatı sahələrinin inkişafında münasib proporsiyaların və ta­razlığın təmin edilməsində ən zəruri şərtləndən biri hesab olunur. Müstəqil dövlət kimi, Azərbaycan Respublikası öz təbii sərvətlə­rin­dən tam və səmərəli istifadə etmək məqsədilə xarici ölkə in­ve­storlarının ölkəmizə olan marağını və digər tərəfdən, respubli­ka­mızda lazımi maliyyə ehtiyatları olmamasını nəzərə alaraq, bu prosesin reallaşmasına və sürətləndirilməsinə önəmli əhəmiyyət verir. Ölkənin sosial-iqtisadi inkişaf səviyyəsi son illərdə (1988-1993-cü illərdə) xeyli zəifləməklə, böhran vəziy­yə­tinə salınmış­dır. Belə bir şəraitdə ilk növbədə, daxili im­kan­lar­dan maksimum istifadə etməklə, milli iqtisadiyyatın dirçəlməsinə və daha sonra isə onun inkişafına nail olmaq lazımdır. Odur ki, xarici ölkələrin Azərbaycana olan marağını nəzərə alaraq neft-qaz istehsalı sahə­sində investisiya qoyuluşlarının güclü axınını təmin etmək obyektiv zəruriyyətə çevrilmişdir. Bu problem öz real əksini xa­rici ölkələrin şirkətləri ilə birgə müəssisələrin yaradılmasında, xüsusi ilə zəngin yeraltı sərvətlərin istifadəsinə iri miqyaslı inve­stisiyaların cəlb edilməsində tapır.

Qeyd etmək lazımdır ki, respublikada birgə müəssisələr və xarici firmalar tərəfindən investisiya qoyuluşları da yüksək tem­plə artmaqdadır. Bununla yanaşı, göstərmək lazımdır ki, xarici ölkələrin firmaları tərəfindən sərf edilən investisiyaların miqyası genişlənməklə, eyni zamanda onların məbləği də xeyli artmışdır. Xarici firmalar arasında Türkiyə, ABŞ, Böyük Britaniya və İran firmaları investisiya qoyuluşunda əsas rol oynayırlar. Xarici inve­stisiya fəaliyyətini tənzimləmək, stimullaşdırmaq məqsədilə normativ hüquqi aktları beynəlxalq dünya standartlarına uyğun olaraq təkmilləşdirmək lazımdır. Bu istiqamətdə respublika hö­kuməti lazımi tədbirlər həyata keçirmişdir. Belə ki, xarici iqtisadi əlaqələrin inkişafı və tənzimlənməsi üzrə respublikaya xarici in­vestisiyaların cəlb edilməsinə, ölkələrarası sərbəst mal mübadi­lə­si­nin həyata keçirilməsinə dair tədbirlər sistemi işlənib hazırlan­mışdır. Bütün bu tədbirlər nəticəsində respublikaya xarici ölkələ­rin marağı daha da artmışdır. Lakin investorların normal fəaliyyə­tini tənzimləmək üçün daha geniş tədbirlər həyata keçi­rilməlidir. Daha doğrusu, geniş investisiya fəaliyyətinin stimul­laşdırılması sahəsində dövlət iqtisadi mexanizmdən xüsusilə gü­zəştli vergi sisteminin, süərtli amortizasiya, qiymətqoyma siyasə­tinin həyata keçirilməsi və s. iqtisadi vasitələrdən daha fəal və çevik istifadə edilməsini təmin etməlidir.

Xarici investisiya fəaliyyətinin rolu və əhəmiyyəti keçid iq­tisadiyyatı şəraitində xüsusi yer tutur. Belə ki, iqtisadiyyatda apa­rıcı strateji mövqeyə malik olan və eyni zamanda, xarici inve­storların marağı ilə bilavasitə əlaqədar olan neft-qaz hasilatı sahə­sində daha çox investisiya qoyuluşları nəzərdə tutulur. Bu aktivlik son illərdə bir daha öz əksini xarici investorların Azərbaycana olan maraqlarında əyani surətdə tapmışdır.

Belə ki, 1998-ci ildən respublikamızda 85% müştərək (bi­rgə) müəssisələr fəaliyyət göstərir. Bunlarda 12,6 min nəfər çalı­şırlar, o cümlədən əsas fəaliyyət növü üzrə 11.8 min nəfər və bunun da 11 min nəfərini Azərbaycan vətəndaşları təşkil edir. Ancaq, qeyd etmək lazımdır ki, müştərək müəssisələrin yerləşdi­rilməsində baş verən disproporsionnallıq öz əksini məhsuldar qüvvələrin inkişafında da göstərir.

Belə ki, xarici investisiyalı müəssisələrin regional bölgüsü respublikanın sosial-iqtisadi problemlərinin həlli baxımından məqsədəuyğun hesab edilə bilməz. Çünki, xarici kapitalın iştirakı ilə yaradılan müəssisələrin 95%-i Bakıda fəaliyyət göstərir. Bu isə ölkənin depressiv rayonlarında dərin kök salmış olan sosial-iqtisadi problemlərin konservasiyasına şərait yaradır. Xarici inve­stisiya qoyuluşlarından əldə edilən gəlirlər ilk növbədə respubli­kanın sosial-iqtisadi inkişaf səviyyəsinə görə geri qalmış region­larına yönəldilməlidir. Bu, bir tərəfdən respublikanın zəif inkişaf etmiş regionlarında mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsinə, digər tərəfdən isə yeni iş yerlərinin açılmasına şərait yarada bilər.

Azərbaycan Respublikası birbaşa xarici investisiya qoyu­luş­larına görə bir sıra inkişaf etmiş ölkələri ötüb keçmişdir. Belə ki, bu ölkələrin arasında Filippin və Tayvandan sonra Azərbaycan Respublikası 3-cü yer tutur (sxem 9).

Sxem 9.


Bir sıra dünya ölkələrində birbaşa qoyulan investisiya qoyuluşu­nun göstərici­ləri (mlrd. ABŞ dolları)

Aparılan hesablamalar göstərir ki, 1998-ci ildə Azərbaycan

Respublikası birbaşa investisiya qoyuluşu üzrə bir çox öl­kələri ötüb keçmişdir. Belə ki, 1998-ci ildə respublikada birbaşa investisiya qoyuluşu 1,2 mlrd. ABŞ dolları olmuş­dur. Belə geniş miqyas almış xarici ölkələrin investisiya fəa­liyyəti Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilmiş «İnvestisiya fəaliyyəti haqqında» Qanunu əsasında tənzimlənir. Həmin qanunda qeyd edi­lir ki, mülkiyyət for­masından asılı olmayaraq bütün in­ves­tor­ların hüquqlarının müdafiəçisi dövlətdir.
2.2. İnvestisiya fəaliyyəti və məşğulluq problemləri
İnvestisiya fəaliyyətinin müsbət nəticələrindən biri də bazar iqtisadiyyatı şəraitində məşğulluq probleminin həlli ilə bağlıdır. Məşğulluq haqqında qərb alimlərinin (C.Seyin, C.Keynsin) fikir­lərinə tam uyğun olaraq qeyd etmək lazım­dır ki, investisiya ilə məşğulluğun son dərəcə sıx və qarşı­lıqlı əlaqəsi mövcuddur. Belə ki, investisiya qoyuluşunda son məqsəd maksimum mənfəət əldə etməkdirsə, buna nail olmağın başlıca vasitəsi isə ölkədə məşğ­ulluğun tənzimlənməsidir. Bunun üçün ölkənin malik ol­duğu milli sərvətlərdən tam və səmərəli istifadə edilməsi lazım­dır. Cəmiyyətə istənilən həcmdə maddi nemətlər istehlak etmək və onun müqabilində xidmətlər göstərmək kimi problemlər inve­sti­siya qoyuluşlarının həcmindən və strukturundan bilavasitə ası­lı­dır. Güclü iqtisadi potensiala malik olan ölkələrin təcrübəsi gö­stərir ki, istehsalın genişləndirilməsi, onun artım tempinin sürət­ləndirilməsi, bu sahədə çalışanların sayının getdikcə azalmasına, xidmət sferasında isə çalışanların sayının getdikcə azalmasına, xidmət sferasında isə çalışanların sayının artmasına gətirib çıxarır. Məhz buna görə də ölkədə daxili və xarici investisiya qoyuluşla­rının artırılması əsasən iki istiqamətdə həyata keçirilməlidir. Bi­rinci növbədə istehsal strukturunu bazar tələbatına səmərəli uz­laşdırmaq, idxalı azaltmaq və ixracı isə çoxaltmaq, digər tərəfdən isə istehsalın hər bir mərhələsində müvafiq sosial infrastrukturun inkişafının təmin edilməsidir. Aydındır ki, hər bir sahibkar öz fəaliyyətində lazımi qazanc-mənfəət əldə etmək fikrindədirsə, o, istər-istəməz istehsal heyətinin sosial vəziyyətini, xüsusilə əmək şəraitinin getdikcə yaxşılaşdırılmasını təmin etməlidir.

Müasir dövrdə Azərbaycan Respublikasının iqtisadiyyatının bazar modelinə keçməsi bir çox sosial problemlərin meydana gəlməsinə səbəb olur. Bunlardan biri də məşğulluq problemidir. Bazar iqtisadiyyatına keçid şəraitində bu problem daha da kəskin xarakt er almış və məşğulluğun təmin edilməsi, sosial siyasətin ən başlıca istiqamətlərindən birinə çevrilmişdir. Məşğulluq de­dikdə, əhalinin yaşayış vasitələri əldə etmək üçün hər hansı fay­dalı fəaliyyətlə məşğul olunmasını başa düşürük. Qeyd etmək la­zımdır ki, əhalinin məşğulluğunun təmin olunması problemlərinin mürəkkəbliyi ilk növbədə ondan irəli gəlir ki, keçən əsrin 80-ci illərində məh­suldar qüvvələrin yerləşdirilməsində buraxılmış səhflər əmək eh­tiyatlarının bir qisminin işlə təmin olunmasına öz mənfi təsirini göstərmişdir. Digər tərəfdən son illər respublika iqtisadiyyatında yaranmış ictimai-sosial vəziyyət, dövlət müəssi­sələrinin fəa­liyyətinin tamamilə və ya qismən dayanması, az sə­mərəli və sə­mərəsiz iş yerlərinin ləğv edilməsi əhalinin məşğul­luğuna mənfi təsir göstərir.

Respublikamız keçmiş SSRİ-nin tərkibində olanda əmək qa­biliyyətli əhalinin ictimai istehsala cəlb edilməsi və səmərəli isti­fadəsi demək olar ki, həyata keçirilmirdi. Lakin müasir dövrdə respublikamızın bazar iqtisadiyyatına keçid şəraitində olması, Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı və bir milyondan artıq qaçqın və köçkünün mövcudluğu ciddi surətdə məşğulluq problemlərini yaratmışdır. Göstərmək lazımdır ki, işğal olunmuş torpaqlarda 300 mindən çox iş yeri itirilmişdir. Eyni zamanda, bir çox müəssisələrin işləməməsi və ya tam gücü ilə işləməməsi ilə əlaqədar olaraq bu sahələrdə məşğul əhalinin çox hissəsinin əmək haqqı qismən ödənilməklə və ya ödənil­mə­məklə məzuniyyətə çıxmasına səbəb olmuşdur.

Dövlət Statistika Komitəsinin materiallarından məlum olur ki, son illərdə ictimai istehsalda məşğulluğun artım tempi əmək qabiliyyətli əhalinin artım tempindən nəzərə çarpacaq dərəcədə geri qalır. Belə ki, 1990-cı ildə əmək qabiliyyətli əhalinin iqtisa­diyyatda məşğul olmayan hissəsi 84,1 min nəfər və ya 2,0% ol­duğu halda 1999-cu ildə isə 332 min nəfər və ya 7,9% olmuş­dur.

Göstərmək lazımdır ki, 1990-cı ilə nisbətən 1999-cu ildə məşğul əhalinin iqtisadiyyat sahələri üzrə bölgüsü sənayedə 11,2%, tikintidə 4,8%, kənd təsərrüfatında 2,6%, təhsildə 3,5%, səhiyyə və sosial təminatda 2,3%, ticarət və ictimai iaşədə, maddi texniki-təchizat və satışda 13,7%, maliyyə, idarəetmə or­qanlarında və digər sahələrdə 14,2% artmışdır. Deməli, məşğul­luq ticarətin, idarəetmə orqanlarının və digər sahələrin hesabına artmışdır.

Qeyd etmək lazımdır ki, işsiz əhalinin sosial müdafiəsi sa­həsində 1991-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir­liyinin nəzdində «Baş məşğulluq idarəsi» yaradılmışdır ki, bu da son illərdə mühüm işlər görmüşdür. Belə ki, bu idarənin tə­şəbbüsü ilə respublikamızın bir neçə iri şəhərlərini əhatə edən «Əmək yarmarkalarında» minlərlə insan iştirak etmiş və onların çoxu işlə təmin edilmişdir.

Bazar iqtisadiyyatı şəraitində respublika iqtisadiyyatının in­kişafı ilk növbədə pul-kredit sahəsində radikal islahatların aparıl­masından və bu sahədə investisiya fəaliyyətinin aktivləşməsindən asılıdır. Ölkə iqtisadiyyatına investisiya resurslarının axını əsasən neft-qaz sənayesinə yönəldilməsi nə­ticəsində digər sahələrdə in­vestisiya «qıtlığı» olmuşdur. Qeyd etmək lazımdır ki, respublika­nın aqrar sahəsində investisiya qıt­lığı perspektiv dövrdə ərzaq probleminin həllində müəyyən çə­tinliklər törədə bilər. İnvestisiya qoyuluşlarının aqrar sahədə qıt­lığı son nəticədə kənd təsərrüfa­tında kütləvi işsizliyin yaranma­sına səbəb ola bilər. Kənd təsər­rüfatında bu problemin həlli isti­qamətlərindən biri aqrar sahəyə daxili və xarici investisiyaların cəlb olunmasını sürətləndirmək­dən, səmərəli investisiya mühiti­nin formalaşmasından ibarətdir.

Son illər respublikamızda aqrar istehsalını stimullaşdırıl­ması xeyli aktivləşdirilmişdir. Göstərmək olar ki, pambıqtəmiz­ləmə zavodlarının özəlləşdirilməsi və xarici kapitalın buraya cəlb olunması, Bakı tütün kombinatına 50 mln. ABŞ dolları məb­ləğində xarici investisiyaların qoyulması respublikamızda aqrar sənayenin inkişafına müsbət təsir etmişdir. Bu sahədə investisiya qoyuluşu emal sənayesində 700 iş yerlərinin bərpasına, aqrar sa­hənin tütünçülük bölməsində isə 20 mindən çox kənd əhalisi­nin cəlb olunmasına, pambıqçılıq rayonlarında işsizliyin aradan qaldı­rılmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərmişdir.

İnvestisiya qoyuluşları ümumi tələbata, milli daxili məhsu­lun həcminə və məşğulluğa təsir göstərir. Əhalinin gəlirləri, onun dinamikası ölkədə makroiqtisadi proseslərin həyata keçirilməsinə və tənzimlənməsinə də təsir edir.

Makroiqtisadi göstəricilər sistemində məşğulluq problemi ən mühüm göstəricilərdən biri hesab edilir. Ümumiyyətlə, əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafın tərkib his­səsi hesab edilir. Belə ki, hər bir vətəndaşın ictimai yararlı fəa­liyyəti şəxsi və ictimai tələbatın ödənilməsində mühüm rol oy­nayır. Məhz buna görə də keçid iqtisadiyyatı şəraitində Azər­baycanda məşğulluq probleminin həlli kiçik orta sahibkarlığın və daha sonra iri sahibkarlığın formalaşması və inkişafı ilə bağlıdır. Respublikamızda yeraltı sərvətlərin istifadəsi və xüsusilə neft, qaz və kimya sənaye sahələrin inkişafı ilə əlaqədar xarici investi­siya qoyuluşlarının getdikcə güclənməsi bu problemin həllində müstəsna rol oy­na­ya bilər. Qeyd etmək lazımdır ki, Qafqaz regio­nunda Azər­bay­can Respublikası əhali artımı nöqteyi-nəzərindən müəy­yən üstünlüklərə malikdir. Belə ki, 1998-ci ilin statistik mə­lu­matlarına əsasən hər 1000 nəfərə görə təbii artım 9 nəfər təşkil etmişdir. Lakin, Azərbaycanda 1998-ci ildən başlayaraq baş vermiş siyasi, iqtisadi, sosial dəyişikliklər, xüsusilə Er­mə­nis­tanın ölkəmizə qarşı əsassız ərazi iddiası nəticəsində öz doğma dədə-baba ərazilərindən azərbaycanlıların deportasi­ya­ya uğraması nə­ticəsində Ermənistandan 260 min nəfərdən çox əhalinin qovul­masına Azərbaycanda 1 milyondan çox qaç­qın və köçkün əmələ gəlməsinə səbəb olmuşdur ki, bu da əha­linin artım tempinə son dərəcə mənfi təsir göstərmişdir. Statistik məlumatlara görə 1980-ci ildə hər 1000 nəfər he­sabına 27 nəfər artım olduğu halda, indi bu mühüm göstərici 3 dəfə azalmışdır. Demoqrafik proseslərin vəziyyəti məşğulluq problemində son dərəcə gərginliyə səbəb olmuşdur. Belə ki, işsizlik getdikcə dərinləşmiş və əhalinin böyük əksəriyyəti mərkəzi şəhərlərə axın etmişlər. Təhlil göstə­rir ki, 1998-ci ildə əmək fəaliyyəti ilə məşğul olanların sayı 3701,5 min nəfər təşkil etmişdir. Qeyri-dövlət bölməsində çalı­şanların xüsusi çəkisi 47 faiz təşkil etmişdir.

Buna baxmayaraq işsizlərin sayı 1999-cu ildə 1,4% olmuş­dur. Buna səbəb olan amillərdən: yaranmış iqtisadi böhranı, ta­mamilə dayanmış dövlət müəssisələrini, iqtisadi əlaqələrin po­zulmasını və s. göstərmək olar. Statistik göstəricilərə görə res­publikamızda 1998-ci ildə 42,3 min nəfər və 1999-cu ildə isə 45,1 min nəfər məşğulluq mərkəzində işsizliyə görə qeydiyyat­dan keçmişlər.

1998-ci ildə respublika əhalisinin Dövlət məşğulluq xid­mətləri orqanlarına işlə təmin olunmaq üçün müraciət etmiş 207,6 min nəfər vətəndaşların 23,7 min nəfəri yəni 11,4%-i işlə təmin olunmuşdur. Məşğulluq xidmətinə işə düzəltmək üçün müraciət edənlərin 51,2%-ni, işə düzələnlərin isə 64,5%-ni qa­dınlar təşkil edir. İşə düzələnlərin 94,5%-i dövlət müəssisələri­nin, 4,3%-i kollektiv təsərrüfatların və s. payına düşmüşdür.

Respublikada işsizliyin qarşısının alınması və bu problemin həll edilməsi məqsədi ilə əhalinin yaşadığı bütün ərazilər üzrə məşğulluq proqramının işlənib hazırlanması və onun həyata keçi­rilməsi dövlət nəzarətində olmalıdır. Müasir dövrdə işsizliyin aradan qalıdırılmasının əsas yolu kiçik və orta müssəisələrin ya­radılmasına və inkişafına hərtərəfli şərait yaratmaq və dövlət sə­viyyəsində ona köməklik göstərməkdir.

Göründüyü kimi respublikada məşğulluq problemi son də­rəcə kəskin vəziyyət almışdır. Daxili bazarın formalaşdırılması ölkədə özəlləşdirmə prosesinin sürətləndirilməsini tələb edir. Dövlət Əmlak Komitəsinin həmin dövrdə rəsmi məlumatlarına əsasən özəlləşdirilmiş müəssisələrin 450-dən çoxu orta və iri səhmdar cəmiyyətlərinə çevrilmişdir. İqtisadiyyatın əsaslı surətdə transformasiya edilməsi investisiya fəaliyyətinin gücləndirilmə­sini tələb edir. Araşdırmalar göstərir ki, xarici investorlar neft-qaz istehsalı ilə yanaşı mövcud sənaye müəssisələrini almaq, onu ye­nidən bazar münasibətlərinə uyğun qurmaq əvəzinə yeni müəssi­sələrin tikilməsinə üstünlük verirlər. Belə bir şəraitdə, respubli­kada sahibkarlığın inkişafı, onun maliyyələşdirilməsi daxili im­kanlar hesabına həyata keçirilə bilər. Respublikada məşğulluq problemi ilə əlaqədar olaraq yeni iş yerlərinin yaradılması və bu­nunla bağlı istehsal və sosial infrastrukturun formalaşması həm də müəyyən vaxtla əlaqədardır. Odur ki, məşğulluq problemini lə­ngitmək məqsədi ilə ölkədə, mütəşəkkil əmək bazarı yaradılmalı və bununla bağlı MDB və uzaq xarici ölkələrə işləmək üçün göndərilməsi nəzərdə tutulan işçilərin ixtisas səviyyəsinin get­dikcə yüksəldilməsinə nail olmaq lazımdır.

İşsizlik probleminin aradan qaldırılmasının əsas yolu mövcud istehsal müəssisələrin tam gücü ilə işləməsini təmin et­mək, yeni iş yerləri açmaq, yəni yeni istehsal müəssisələrinin ya­radılıb işə düşməsini təşkil etməkdir.

İnkişaf etmiş dünya dövlətlərinin təcrübəsi göstərmişdir ki, iş qabiliyyətli əhalinin 50-55%-i məhz kiçik müəssisə­lər­də iş­ləyirlər. Müasir dövrdə iqtisadiyyatımızın da bu isti­qamətdə inki­şaf etdirilməsi məqsədəuyğun hesab edilə bilər.

Göstərmək lazımdır ki, əgər keçən əsrin 80-ci illərində emiqrantların əsas hissəsini orta və natamam orta təhsillilər təşkil edirdisə, 90-cı il­lərdə respublikadan yüksək ixtisasa malik olan kadrlar gedirlər. Buna görə də əhalini ictimai istehsala cəlb etmək üçün ilk növ­bədə iqtisadi ishalatlar həyata keçirməklə, işləməyən müəssisələ­rin işə düşməsinə və yeni iş yerlərini təşkil edilməsinə nail olmaq lazımdır.

Müasir dövrdə dövlətin əsas məqsədi istehsal proseslərindən kənarda qalan əmək qabiliyyətli əhalinin tam və səmərəli məşğ­ulluğuna nail olmağa şərait yaratmaqdan idarətdir. Bunlara nail olmaq üçün aşağıdakı tədbirldərin həyata keçirilməsi zəruridir:

- müasir dövrün tələblərinə uyğun olaraq yüksək ixtisaslı kardlar hazırlamaq;

- daxili və beynəlxalq bazarların tələbatına uyğun olan isteh­sal sahələri yaratmaq;

- işdən azad olmuş vətəndaşların yeni ixtisasa yiyələnmə­sinə kömək etmək;

- mütəxəssislərin çoxprofilli inkişafına, yenidən ixtisaslaş­masına şərait yaratmaq;

- iş yerlərindən daha səmərəli istifadə etmək və s.

Odur ki, qarşıya qoyulmuş məqsədə nail olmaq üçün məşğ­ulluq və əmək bazarı ilə əlaqədar bütün iqtisadi, hüquqi və s. məsələlər bir-biri ilə qarşılıqlı surətdə həyata keçirilmə­lidir. Bunların müvəfəqiyyətli həlli isə dövlət səviyyəsindən tutmuş aşağı səviyyəyədək normativ sənədlərin keyfiyyətin­dən, vaxtında həyata keçirilməsindən və bu məqsəd üçün ayrılan investisiya qoyuluşlarının həcmindən və onlardan səmərəli istifadə edilmə­sindən asılıdır.


Yüklə 365,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə