Fatihə surəsi



Yüklə 2,26 Mb.
Pdf görüntüsü
səhifə9/166
tarix30.10.2018
ölçüsü2,26 Mb.
#75966
1   ...   5   6   7   8   9   10   11   12   ...   166

222.  Səndən  aybaşı  barəsində  soruşurlar,  de:  «O  bir  növ  əziyyət  və  narahatçılıqdır».  Odur  ki, 
aybaşı  zamanı  qadınlar(la  cinsi  əlaqədə  olmaq)dan  uzaq  olun  və  pak  olmayınca,  onlara 
yaxınlaşmayın. Elə ki, (aybaşıdan) pak oldular (ya qüsl verdilər) onlarla Allahın sizə əmr etdiyi 
yerdən yaxınlıq edin. Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları 
sevir. 
223.  Qadınlarınız  sizin  tarlanızdır.  Buna  görə  də  istədiyiniz  tərəfdən  və  istədiyiniz  zaman  öz 
tarlanıza gəlin və (haram müqabilində halal ilə kifayətlənmək və bu əməl nəticəsində saleh övlad 
əldə  etmək  niyyəti  ilə)  özünüz  üçün  qabağa  (savab)  göndərin.  Allahdan  qorxun  və  bilin  ki, 
həqiqətən, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver. 
224.  Allahı  yaxşılıq  etməməyiniz,  təqvalı  olmamağınız  və  insanların  arasını  düzəltməməyiniz 
kimi  andlarınıza  hədəf  etməyin  (müxtəlif  bəhanələrə  görə  Ona  and  içməyin.  Və  ya:  Allahı 
yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) 
andlarınıza  hədəf  etməyin).  (Allahın  adını  bu  cür,  hər  şeyə  görə  Ona  and  içməklə  hörmətdən 
salmayın.) Allah eşidən və biləndir.  
225.  Allah  sizi  bihudə  və  boş  yerə  içdiyiniz  andlara  görə  cəzalandırmayacaqdır.  Lakin 
qəlblərinizin kəsb etdiyinə (həqiqi and içmək niyyətində olduğunuz şeyə) görə cəzalandıracaqdır. 
Allah çox bağışlayan və həlimdir.  
226. Öz arvadlarından (onları incitmək məqsədilə) uzaqlaşmağa (onlarla dörd aydan da çox  cinsi 
yaxınlıq etməməyə) and içən şəxslərə dörd ay möhlət vardır. Beləliklə əgər qayıtsalar (və kəffarə 
versələr  və  yaxınlıq  etsələr)  həqiqətən,  Allah  çox  bağışlayan  və  mehribandır.  (Həm  bu  andın 
haram iş üçün olmasına və həm də and içilən şeyin özünün haram olmasına baxmayaraq o, şəriət 
baxımından and kimi gerçəkləşir və onu pozmaq və kəffarə vermək vacibdir).  
227. Əgər talaq vermək qərarına gəlsələr (eybi yoxdur, and pozulur və kəffarə boyundan düşür), 
həqiqətən Allah eşidən və biləndir.  
228.  Talaq  verilmiş  qadınlar  (aybaşıdan)  üç  paklıq  müddətinə  kimi  gözləməlidirlər  («iddə» 
saxlamalıdırlar, yəni  üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər 
Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və 
ya övladı) gizlətmələri caiz deyildir (məsələn,  üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci 
ərinə  qayıtmaq  üçün  onu  inkar  etməsi,  yaxud  üçüncü  dəfə  aybaşı  olmamasına  baxmayaraq 
əvvəlki  ərinə  qayıtmamaq  üçün  üç  dəfə aybaşı  olmasını  iddia  etməsi,  yaxud  başqa  ərə  getmək 
üçün  bətnində  övladın  olmasını  inkar  etməsi  halal  deyildir).  Əgər  barışıq  qəsdləri  olsa  («ric’i» 
təlaqdakı)  «iddə»  müddəti  ərzində  ərləri  onları  geri  qaytarmağa  (arvadlığa  götürməyə 
başqalarından) daha haqlıdırlar. Qadınların boynunda kişilərin (talaq vermək, ləzzət almaq, gözəl 
davranmaq, başqa bir arvad almaq, səfərə çıxmağı qadağan etmək, övladın başçılığı, irs və sairə) 
haqları  olduğu  kimi  (fitrət  və  şəriətin  hökmü  baxımından)  kişilərin  boynunda  (da)  onların 
(qadınların  ləzzət  almaq,  dolanışığının  təmin  olunması,  gözəl  davranmaq  və  varislik  kimi) 
bəyənilən  hüquqları  vardır.  (Hüquqlar  arasındakı  kəmiyyət  və  keyfiyyət  fərqlərinə  əsasən) 
kişilərin  onlardan  üstünlükləri  vardır.  Allah  qüdrətli  və  (yaradılış  və  şəriət  məsələlərində 
məsləhəti daha yaxşı bilən) hikmət sahibidir.  
229.  (Kişinin  arvadı  yenidən  özünə  qaytarmaq  haqqına  malik  olduğu  ric’i)  talaq  iki  dəfədir. 
Beləliklə (hər dəfə iddə müddətində qayıdaraq onu) yaxşılıqla saxlamaq və ya (qayıtmayıb onu) 
xoşluqla buraxmaq (kişinin öhdəsinədir). Və sizə onlara (mehriyyə kimi)  verdiyinizdən  bir şeyi 
geri  almaq  caiz  deyil,  hər  ikisinin  Allahın  müəyyən  etdiyi  qanunlara  riayət  etməməkdən 
qorxmaları istisna olmaqla. Buna görə də əgər (siz şəriət hakimləri) o ikisinin Allahın hökmlərini 
yerinə  yetirməyəcəklərindən  qorxsanız  (onların  heç  birinin  digərini  istəmədiyi  və  ya  qadının 
kişini heç istəmədiyi təqdirdə onlara bildirin ki,) qadının (özünü azad etməsi üçün talaq əvəzində 
mehriyyənin bir hissəsini, ya hamısını, yaxud da ondan da çoxunu) fidyə verməsində onlar üçün 
heç  bir  günah  yoxdur.  Bunlar  Allahın  (təyin  etdiyi)  sərhədləridir,  onları  pozmayın.  Allahın 
sərhədlərini pozanlar, həqiqətən zalımdırlar.  
230. Beləliklə əgər kişi ona (üçüncü dəfə) talaq versə (onu boşasa), daha o qadın  başqa bir ərə 
getməyincə, ona (əvvəlki ərinə) halal olmayacaqdır. Əgər (ikinci əri)  ona təlaq versə, qadına və 


əvvəlki  ərinə  Allahın  hökmlərini  bərqərar  etmələrinə  ümidvar  olduqları  təqdirdə  (yenidən)  bir-
birlərinə qayıtmaları günah deyildir. Bunlar Allahın bilən (və əməl edən) dəstə üçün bəyan etdiyi 
hökmləridir. 
231.  Qadınlara  talaq  verdiyiniz  və  onlar  iddələrinin  sonuna  yaxınlaşan  zaman,  (ya  yenidən 
qayıdın və) onları yaxşılıq və xoşluqla saxlayın, ya da (qayıtmayaraq) onları yaxşılıq və xoşluqla 
buraxın.  Onları  əsla  incitmək  və  ziyan  vurmaq  üçün  saxlamayın  ki,  zülm  etmiş  olasınız.  Belə 
edən kəs şübhəsiz özünə zülm etmişdir. Allahın ayələrini  məsxərə etməyin və Allahın sizə olan 
(hədsiz) nemətini və kitab və hikmətdən (şəriət hökmləri və əqli maarifdən) nazil edərək vasitəsi 
ilə sizə nəsihət verdiyi şeyi xatırlayın. Allahdan qorxun və bilin ki, Allah hər şeyi biləndir.   
232. Qadınlara talaq verdikdən və onlar iddənin sonuna çatdıqdan sonra, öz aralarında xoşluqla 
razılığa  gəldikləri təqdirdə onların öz ərləri  ilə (əvvəlki ərləri, ya yeni ərə gedəcəkləri kişilərlə) 
evlənmələrinə  mane  olmayın.  Bununla  (bu  hökmlə)  sizdən  Allaha  və  axirət  gününə  iman 
gətirənlərə  öyüd-nəsihət  verilir.  Bu,  sizin  üçün  daha  yaxşı  və  daha  pakdır.  Allah  bilir,  siz  isə 
bilmirsiniz. 
233.  Analar  öz  övladlarına  iki  il  tamam  süd  verməlidirlər.  Bu  (göstəriş),  (körpənin)  süd  əmmə 
müddətini kamil etmək istəyən kəs üçündür. Onların ruzi və geyimi(ni) orta həddə (təmin etmək) 
körpənin sahibinin (atasının) öhdəsinədir. Heç kəsin boynuna qüdrətindən artıq vəzifə qoyulmur. 
Nə ana övladına görə ziyana düşməlidir və nə də körpənin sahibi körpəsinə görə (nə ana havayı 
süd verməyə məcbur edilməlidir, nə də ata artıq pul ödəməlidir). Ata-ana (öz aralarındakı ixtilafa 
görə) öz övladlarına zərər və ziyan vurmamalıdırlar. Belə bir vəzifə həm  də (atanın) varisin(in) 
öhdəsinədir  (ki,  əgər  ata  ölsə  və  miras  həmin  körpəyə  qalsa,  yuxarıda  deyilən  şərtlərlə  ananın 
dolanışığı  həmin  maldan  ödənilməlidir).  İndi  əgər  ata  və  ana  aralarındakı  razılıq  və 
məsləhətləşmə  əsasında  (körpəni  nəzərdə  tutulan  zamandan  qabaq)  süddən  ayırmaq  istəsələr, 
onlara  günah  yoxdur.  Və  əgər  övladlarınıza  süd  vermək  üçün  dayə  (tutmaq)  istəsəniz,  verməli 
olduğunuz  şeyi  yaxşılıqla  və  gözəl  bir  şəkildə  ödəyəcəyiniz  təqdirdə  sizə  bir  günah  yoxdur. 
Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi görəndir.  
234. Sizdən vəfat edənlərin qoyub getdikləri arvadlar (vəfat iddəsi olaraq) özlərini dörd ay on gün 
saxlayaraq  gözləməlidirlər.  Müddətlərinin  sonuna  çatdıqda  isə  onların  özləri  barədə  yaxşı  və 
bəyənilən şəkildə etdiklərində (ərə getmələri və ya getməmələrində) sizə (cəmiyyətin hakimlərinə 
və ya müsəlmanlara) günah yoxdur. Allah etdiklərinizdən xəbərdardır.  
235.  (Vəfat  iddəsində  olan)  qadınlara  elçilik  barəsində  üstüörtülü  bir  şey  deməyinizdə,  yaxud 
(bunu) ürəyinizdə gizlətməyinizdə sizə bir  günah yoxdur. Allah sizin tezliklə onları (fitri hisslər 
əsasında)  yada  salacağınızı  bilir.  Lakin  onlarla  evlənmək  barəsində  gizlində  sövdələşməyin, 
yalnız  bəyənilən  (və  üstüörtülü  və  rəmzi)  sözlər  deyin.  Müəyyən  olunmuş  müddət  (iddə)  sona 
çatmayınca əsla nikah bağlamaq qərarına gəlməyin. Bilin ki, Allah ürəyinizdə olanları bilir. Buna 
görə də Ondan (Onun qəzəbindən) çəkinin və bilin ki, Allah çox bağışlayan və həlimdir.  
236.  Yaxınlıq  etmədiyinz  və  mehriyyə  təyin  etmədiyiniz  qadınlara  talaq  verməyiniz  günah 
deyildir (nə yaxınlıq etmədən və nə də mehriyyə təyin etmədən boşamağınız günah deyil). Onlara 
öz  malınızdan  bir  pay  verməli  və  onları  öz  malınızdan  bəyənilən  şəkildə  bəhrələndirməlisiniz, 
dövlətli öz  imkanı  qədər və kasıb öz  imkanı qədər. Bu haqq,  yaxşı əməl sahibləri  üçün sabit  və 
vacibdir.  
237. Əgər qadınları  mehriyyə təyin etmiş  olduğunuz  halda, onlarla yaxınlıq etmədən boşasanız, 
(qadınların)  özləri və ya nikahlama (ixtiyarı) əlində olan  kəs (onun  başçısı  və ya mütləq vəkili) 
güzəşt  etməsə  onda  təyin  etdiyinizin  yarısı  (sizin  öhdənizədir).  Sizin  güzəşt  etməyiniz  (yəni 
mehriyyənin  hamısını  verməyiniz)  təqvaya  daha  yaxındır.  Öz  aranızda  ehsan  və  bəxşiş  etməyi 
unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir.  
238. Bütün namazları və (xüsusilə) orta namazı (zöhr namazını) qoruyun və (namazda, həmçinin 
hər bir işdə) Allaha xatir itaətkar halda ayağa qalxın. 
239. Beləliklə əgər (düşməndən və ya başqa bir təhlükədən) qorxsanız, piyada, ya minikdə («xof» 
ya «mütaridə» namazı  qılın). Asayiş tapdıqda isə (adi namazlarda və namazdan başqa yerlərdə) 
Allahı sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi yada salın.  


Yüklə 2,26 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə