Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə54/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   50   51   52   53   54   55   56   57   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

4. “Teatr kabusu” - avtoritetlərə kor-koranə inamdan törəyir. Bu kabusun aradan qaldırılması üçün sxolastika və Aristotelin fəlsəfi sistemindən imtina etmək lazımdır. Onlara kor-koranə inam elmi biliyin inkişafında tormoz rolunu oynayır.
Bekon metod məsələsində də Aristoteli qəbul etməmiş, belə hesab etmişdir ki, onun sillogistikası, deduktiv təfəkkür tərzi bizə yeni elmi biliklər verə bilməz. Bunun üçün bizə induktiv təfəkkür lazımdır. Məntiqi təfəkkür və məntiqi əqlinəticənin formalarından biri induksiyanın gerçək yaradıcısı Bekon hesab edilir.
T.Hobbs. Böyük ingilis filosofu Tomas Hobbs (1588-1679) F.Bekonun şagirdi və onun banisi olduğu fəlsəfi ənənənin davamçısı olmuşdur. O, teosentrik sxolastik fəlsəfəni inkar etmiş, fəlsəfənin məqsədinin insan fəaliyyətində praktik nəticələrin əldə edilməsi və elmi-texniki tərəqqiyə yardımçı olmasında görmüşdür. Dövrü üçün aktual olan empirizm (təcrübi idrak) və rasionalizm (zəkaya əsaslanan idrak) arasındakı mübahisələrdə empirizm tərəfdarı olsa da, rasionalizmə də ehtiyac olduğunu bildirmişdir.
Hobbsun fəlsəfi marağının predmetini qnoseologiya və dövlət nəzəriyyəsi təşkil etmiş, hər iki sahədə fundamental əsərlər yazmışdır.
T.Hobbs hesab edir ki, insan biliyi əsasən hissi qavrayışların köməyi ilə əldə edir. Ona görə hissi idrak hissi qavrayış –hiss orqanları vasitəsilə ətraf mühitdən siqnallar almaq və onların sonrakı emalıdır. Bu siqnalları filosof “işarələr” adlandırır.
Metod probleminin həllində o, eyni zamanda həm induksiyadan, həm də deduksiyadan istifadəni məqbul saymışdır. Eyni zamanda elmlər içərisində həndəsəyə böyük üstünlük vermiş, onun metodlarını insan biliklər sisteminin daha inandırıcı əsaslandırmağa imkan yaratdığını söyləmişdir.
Hobbsa görə fəlsəfənin əsas problemi cəmiyyət və dövlət problemləri olmalıdır. Çünki, fəlsəfənin məqsədi insanın öz fəaliyyətində praktiki nəticələrə nail olmağa kömək etməkdir. İnsan isə cəmiyyətdə və konkret dövlətdə yaşayır və fəaliyyət göstərir. O, məşhur “Leviafan” adlı əsərində cəmiyyət və dövlət nəzəriyyəsini əsaslandırmışdır. Bu nəzəriyyəyə görə insan ilk əvvəldən şər təbiətə malikdir. İnsanın fəaliyyətində hərəkətverici qüvvə şəxsi mənfəət, eqoizm, ehtiras, tələbat və affektlərdir. Bu keyfiyyətlər hər bir insana hər şeyə hüququ olması fikrini təlqin edir. Hər bir insanın hər şeyə hüququ olması və özgələrinin hüquqlarına biganəlik “hamının hamıya qarşı müharibəsinə” gətirir, bu müharibədə qalib yoxdur və o, insanların normal birgəyaşayışına, iqtisadi tərəqqiyə əngəl törədir. Normal birgəyaşayışı təmin etmək məqsədilə insanlar “ictimai (birgə) müqavilə” bağlamış və özlərinin “hər şeyə hüququ olma” iddialarını məhdudlaşdırmışlar. “Hamının hamıya qarşı müharibəsinin” qarşısını almaq, ifrat insani eqoizmi boğmaq, cəmiyyətdə həyatı tənzimləmək məqsədilə ümumi institut (mexanizm) –dövlət yaradılmışdır.
Dekart. Yeni dövr fəlsəfəsində rasionalizm cərəyanının banisi fransız filosofu Rene Dekart (1596-1650) hesab olunur. Görkəmli filosofun fəlsəfə qarşısında əsas xidməti: zəkanın idrakda aparıcı rola malik olmasını əsaslandırması; substansiya, onun atribut və modusları haqqında təlim yaratması; dualizm nəzəriyyəsini yaratmaqla fəlsəfədə idealizm və materializmi barışdırmaq cəhdi; idrakın elmi metodu və “anadangəlmə ideyalar” təlimini irəli sürməsi olmuşdur.
İdrakın əsasında zəkanın dayanması ideyasını Dekart belə sübut edir. Dünyada insan üçün anlaşılmaz olan çoxlu şey və hadisələr var: onlar varmı? Xassələri necədir? Kainat sonsuzdurmu? və s. Bununla belə hər bir hadisə və şeyə görə şübhələnmək olar: ətraf dünya mövcuddurmu? Günəş işıq saçırmı? Can (ruh) ölümsüzdürmü? və s. Deməli, şübhə gerçək mövcuddur, bu fakt aşkardır və sübuta ehtiyacı yoxdur. Şübhə fikrin xassəsidir, deməli insan şübhələnirsə həm də fikirləşir. Digər tərəfdən yalnız gerçək mövcud insan fikirləşə bilər. Deməli, təfəkkür həm varlığın, həm də idrakın əsasıdır. Təfəkkür zəkanın işi olduğu üçün varlıq və idrakın əsasında yalnız zəka dayana bilər. Buradan Dekartın məşhur “Gogito ergo sum” (Fikirləşirəmsə, deməli mövcudam) tezisi alınır.
Varlıq problemini öyrənən Dekart varlığın mahiyyətini səciyyələndirəcək əsas, baza anlayışlarını daxil edir. Belə anlayış olaraq substansiya qəbul edir. Substansiya mövcud olan hər şeydir, öz mövcudluğu üçün özündən başqa heç nəyə ehtiyac duymur. Belə keyfiyyətə yalnız bir substansiya malikdir və O, Allahdır: əbədi, yaradılmamış, məhvedilməz, qüdrətli, hər şeyin səbəbi və mənbəyi.
Yaradıcı olan Allah eyni zamanda substansiyalardan ibarət olan dünyanı yaradıb. Allahın yaratdığı substansiyalar (təkcə şeylər və ideyalar) öz Yaradıcısının keyfiyyətinə malikdir: öz mövcudluğunda heç nəyə ehtiyac duymur. Lakin, yaradılmış substansiyaların bu xassəsi yalnız bir-biri ilə münasibətdə doğrudur. Ali substansiya Allaha münasibətdə onlar törəmədirlər və öz Yaradıcılarından asılıdırlar.
Bütün yaradılmış substansiyaları Dekart iki növə bölür: maddi (şeylər) və mənəvi (ideyalar). Eyni zamanda hər növ substansiyanın əsas xassələri (atributları) mövcuddur: ölçü – maddilər üçün, təfəkkür –mənəvilər üçün. Bu o deməkdir ki, bütün maddi substansiyalar hər biri üçün ümumi olan əlamətlərə malikdir –bu əlamətlər ölçüdür (uzunluq, en, hündürlük, dərinlik) və onlar sonsuza qədər bölünürlər. Bütün mənəvi substansiyalar təfəkkür xassələrinə malik olub bölünməzdirlər.
Həm maddi, həm də mənəvi substansiyaların digər xassələri də var, onlar əsas xassədən (atributlardan) törəmə olub Dekart tərəfindən moduslar adlandırılır. Məsələn, ölçünün modusu –forma, hərəkət, məkanda yerdəyişmə və s; təfəkkürün modusu –hiss, arzu, duyğu.
Dekarta görə, insan bir-birindən fərqli iki substansiyadan –maddi (cismani-ölçülü) və mənəvi (fikirləşən) substansiyadan ibarətdir. İnsan yeganə mövcudluqdur ki, onda hər iki –maddi və mənəvi –substansiya birləşir və bu ona təbiətin fövqündə durmağa imkan verir.
İnsanın iki substansiyanı özündə saxlamasından onun dualizmi (ikiliyi) ideyası törəyir. Dekart dualizminə görə materiya, yoxsa şüur birincidir sualı mənasını itirir. Materiya və şüur yalnız insanda birləşir. İnsan isə dualistdir –həm şüur, həm də materiya onda birləşir. Deməli nə materiya, nə də şüur birincidir. Onlar həmişə mövcuddurlar və vahid varlığın müxtəlif təzahürləridir.
İdrak problemlərini öyrənərkən Dekart əsas diqqəti elmi metoda yönəldir. Onun ideyasının mahiyyəti belədir ki, fizika, riyaziyyat və s. elmlərdə istifadə olunan elmi metodlar praktiki olaraq idrak prosesində istifadə olunmur. Deməli idrak prosesində elmi metodlar praktiki tətbiq olunarsa dərketmə prosesində ciddi irəliləyişlər əldə edilər (Dekartın təbirincə desək: “kustar istehsaldan sənaye istehsalına” çevrilər). Belə metod olaraq deduktiv metod təklif olunur.
Dekartın qnoseoloji metodunun mahiyyəti belədir ki, idrak prosesi yalnız mütləq səhih biliyə əsaslanır. Zəkanın köməyilə, tam səhih məntiqi üsullardan istifadə etməklə yeni, həqiqi səhih bilik əldə olunur.
Eyni zamanda Dekart rasionalist-deduktiv metodun istifadəsi zamanı aşağıdakı tədqiqat üsullarının tətbiqini təklif edir:
- çıxış müddəası kimi yalnız həqiqi, mütləq səhih, zəka və məntiqlə sübut olunan, şübhə doğurmayan bilik götürülür;
- mürəkkəb problemlər daha sadələrə bölünür;
- məlum və sübut olunmuş məsələlərdən naməlum və sübut olunmamış məsələlərə ardıcıl keçid;
Dekart eyni zamanda “anadangəlmə ideyalar” haqqında təlim yaratmışdır. Bu təlimin mahiyyəti belədir: biliklərin böyük əksəriyyəti idrak və deduksiya əsasında yaranır, lakin bir sıra xüsusi bilik növləri var ki, heç bir sübuta ehtiyacı yoxdur. Bu həqiqətlər (aksiomlar) əvvəldən aşkar və səhihdir. Belə aksiomlara Dekart Allahın zəkasında və insanın zəkasında həmişə mövcud olan və nəsildən-nəslə ötürülən “anadangəlmə ideyalar” adlandırır.
Belə ideyalar iki növdə olur: anlayış və mühakimə.
Anadangəlmə anlayışlar: Allah, ədəd, iradə, bədən, can, struktur və s;
Anadangəlmə mühakimələr: “tam öz hissəsindən böyükdür”, “heç nədən heç nə olmur”, “eyni zamanda olmaq və olmamaq mümkün deyil”.
C.Lokk. Böyük ingilis filosofu Con Lokk (1632-1704) həmvətənləri F.Bekon və T.Hobbsun bir sıra fəlsəfi ideyalarını inkişaf etdirmişdir. O, Yeni dövr fəlsəfəsində ingilis empirizm ənənələrini davam etdirmiş, müasir liberalizmin banisi olmuşdur. Fəlsəfi tədqiqatlarının nüvəsini idrak nəzəriyyəsi və sosial fəlsəfi problemlər təşkil edir.
C.Lokk fəlsəfi ideyalarını bu şəkildə ümumiləşdirmək olar. İdrakın əsasında yalnız təcrübə dayanır: İnsan fikrində (zəkasında) elə bir şey yoxdur ki, o əvvəlcə hisslərdə olmasın. Şüur boş məkandır (empty cabinet). Bu məkan insanın həyatı boyunca təcrübə ilə doldurulur. Buradan Lokkun şüur haqqında məşhur tezisi yaranmışdır: Şüur “təmiz lövhədir” (“tabula rasa”), bu lövhədə təcrübələr yazılır. Təcrübənin mənbəyi isə insanın hiss üzvləri vasitəsilə qavradığı xarici dünyadır.
İngilis filosofa görə fəlsəfənin məqsədi insana öz fəaliyyətində uğur qazanmağa kömək etməkdir. İdeal insan – sakit, qanunpərəst, ədəbli centlmendir. O, daim təhsil səviyyəsini yüksəldir və peşəsində yüksək nəticələrə nail olur.
İdeal dövlət – hakimiyyətin qanunverici, icraedici (o, cümlədən məhkəmə) və federativ (xarici siyasət) qollara ayrılma prinsipi əsasında qurulan dövlətdir. C.Lokk bu ideyanı irəli sürmüş ilk filosof olmuşdur. Onun bu ideyası bir çox filosoflar tərəfindən, xüsusilə fransız maarifçi-filosof Ş.L.Monteskyö tərəfindən inkişaf etdirilmişdir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə