Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu


Azərbaycanda panteizm, sufizm və hürufizm fəlsəfəsi (XIII-XV əsrlər)



Yüklə 1,08 Mb.
səhifə50/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   46   47   48   49   50   51   52   53   ...   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

Azərbaycanda panteizm, sufizm və hürufizm fəlsəfəsi (XIII-XV əsrlər) Orta əsrlərdə Azərbaycanda peripatetizmlə yanaşı, bir sıra hallarda müsəlman dini cərəyanlara müxalifətdə olan cərəyanlar da yaranıb inkişaf etmişdir. Allahın təbiətdə zühuru kimi anlaşılan, da­ha dəqiq desək, allahla təbiəti, eləcə də insanı qovuşdurmaq, eyni­ləşdirmək, bütün cismləri ilahiləşdirmək meyillərinin üstün olduğu pan­teizm həmin cərəyanlardandır. Doğrudur, ölkəmizdə bu cərəyan müstəqil cərəyan olmasa da, sufilik və hürufilik adları altında insanın gerçəkliyə obyektiv - real münasibətinin formalaşmasına mü­hüm təsir göstərmişdir. Dünyanı allahla eyniləşdirən panteizm anla­yı­şı XVII əsrdə yaranmışdır. İlk dəfə ingilis filosofu C.Toland tə­rəfindən (1705) «Panteist» anlayışı, onun əleyhdarı Niderland teoloqu Y.Fay isə (1709) «Panteizm» anlayışını işlətmişdir. Panteist kon­sepsiyalarda çox vaxt allahı təbiətdə əridən və bununla da materializmə aparıb çıxaran naturalist tendensiyalar gizlədilmişdir. Bu da özlüyündə teist konsepsiyalara müxalif olan təlimi əks etdirmişdir. Bütün bunlar heç də onu sübut etmir ki, panteist ideyalar yalnız XVII əsrdə yaranmışdır. Əksinə, həmin ideyalar Qərb və Şərq fəlsəfəsində ən qədim dövrlərdə yaranıb inkişaf etmişdir. Ancaq dünya dinləri yarandıqdan sonra panteizm daha mükəmməl təlim kimi təqdim olunmağa başlamışdır. Yunanca «pan» – hər şey, theos – allah ifadələrinin birləşməsindən əmələ gələn panteizm allahın təbiətlə yaxınlaşdırılması, qovuşdurulması və nəhayət, eyniləşdirilməsi, Allah təbiətin və insanın vahidliyi haqqında dini– fəlsəfi təlimdir. Çox vaxt dini– mistik səciyyəli panteistlər allahı mənəvi tamlıq, ilkin ruhi varlıq kimi qəbul edir. Şəxsi allah ideyasını kənara atırdılar. Allahın təbiət içərisində görünməz olması, üstüörtülü şəkildə, hakim dini dünyagörüşə etiraz kimi anlaşıla bilər. Orta əsrlərin tanınmış Azərbaycan filosoflarının əsərlərində panteizm ideyaları mühüm yer tutmuşdur.
Qeyd etmək lazımdır ki, orta əsrlərdə islam zəminində yaranıb inkişaf edən, bəzən dini müdafiə edən, bəzən isə ona müxalif olan cərəyanlardan biri də sufilik olmuşdur. VII– XII əsrlərdə geniş inkişaf tapmış sufilik Yaxın və Orta Şərqdə özünə xeyli tərafdar toplamışdır. Suf sözü yun mənasını verir. Deməli, sufi sözü yundan xüsusi hazırlanmış paltar geyən adamlara demişlər. Bəzi mənbələrdə sufi sözü yunanca sofios – «müdrik» sözünün təhrif edilmiş şəkli kimi başa düşülmüşdür.
Orta əsr fəlsəfəsinin tədqiqatçısı Zakir Məmmədovun fikrincə, «sufilik vahid, yekcins təlim olmadığı kimi, onun vahid ontologiyasından, vahid qnoseologiyasından danışmaq çətindir. Buna görə də ümumiyyətlə, sufizmin yox, müəyyən bir sufi mütəfəkkirin, yaxud müəyyən qrupa mənsub sufi mütəfəkkirin dünyagörüşü, fəlsəfəsi haqqında konkret fikri söyləmək mümkün­dür».
Onların dünyagörüşünün ya monoteist, ya da bu və ya digər dərəcədə panteist məzmun daşıdığını nəzərə alsaq, bəzi anlayışları xırdalamaq lazımdır. İslamda «Allahdan başqa ilahi yoxdur» («La ilahə İlləllah») hökmü ilə Allahın birliyi iqrar edilir. Sufilər bu təbiri dəyişib, «Ondan başqa o yoxdur»; «Məndən başqa Mən yoxdur» şəklinə salmışlar. Bu tədrici dəyişmələr panteist anlama yaxınlaşmanı göstərir. Mötədil sufilərə görə, insan öz «Mən»– ini itirib, Allahın «Mən»– ində vücuda gəlir. İfrat sufilərə gəldikdə isə onlar «Mən»i həm allah, həm də insan yerində işlədərək, «İnsan» ilə «Allahı» eyniləşdirmişlər. Nəticədə «Mən haqqam», «Sufi allahdır» hökmləri meydana çıxmışdır. Sufiliyin əsasını qoyanlar həqiqətə 4 mərhələdə çatmağı müəyyənləşdirmişlər. Birinci mərhələ şəriət mərhələsidir. Bütün müsəlmanlar dini qanunları, qaydaları, hüquqları mənimsəməlidir. İkinci mərhələ təriqət mərhələsidir. Bu mərhələ insanın (sufinin) öz iradəsini allaha tabe etmək, müdriklik mərhələsidir. Üçüncü mərhələ mərifət mərhələsidir. Mərifət mərhələsində sufi ağlı, idrakı ilə deyil, könlü, qəlbi ilə varlığın allahla vəhdətini, xeyir və şərin nisbətini dərk edir. Dördüncü mərhələ həqiqət mərhələsidir. Burada artıq sufi ilahi həqiqətə yetişir, qəlbi işıqlanır, ekstaz vasitəsilə Allaha qovuşur.
Orta əsrlərdə Azərbaycanda ən geniş yayılmış təriqətlərdən biri də hürufizm olmuşdur. Hürufilik ərəbcə hüruf sözündən əmələ gəlmişdir, mənası hərflər deməkdir. Hürufizmin əsası Fəzlullah Nəimi (1340-1401) tərəfindən qoyulmuşdur. Hərflərə mistik ilahi məna verilməsi bu təlimin başlıca fərqləndirici cəhətidir. Əsas ideya isə Allaha məxsus keyfiyyətin təcəssümü, insanın allahlaşdırılması, kainatın əbədiliyinin qəbul edilməsidir.
Orta əsrlərdə Azərbaycanda sufi– panteist və hürufilik təlimlərinin əsas nümayəndələri Mah­mud Şəbüstəri (1287– 1320), Fəzlullah Nəimi (1340– 1401) və İmadəddin Nəsimi (1369-1417) olmuşdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə