Fəxrəddin Ziya


BİZİ MÜXALİFƏT SAYAN GƏDƏLƏR



Yüklə 2,5 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix08.07.2018
ölçüsü2,5 Mb.
#53844
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 
84
BİZİ MÜXALİFƏT SAYAN GƏDƏLƏR... 
 
Siz ey şeirimlə məni vuranlar
fikrimdə, duyğumda suç axtaranlar. 
Özləri iqtidar kiçiyi ikən, 
bizi özlərinə düşmən sayanlar. 
 
Siz ey düz sözümü şərə yozanlar, 
bu cür düşünməyiz kökündən qələt. 
Şeirimdə gəzməsin kimsə siyasət, 
mən nə iqtidaram, nə müxalifət. 
 
Siz ey ömrü boyu yalaq olanlar, 
mələz əsillilər, calaq olanlar. 
Əlində “ingilis bayrağı” tutub, 
daim ona – buna yaltaqlananlar. 
 
Mən nə “Musavat”çı, nə “Cəbhə”çiyəm, 
nə “Ana Vətən”də , nə “YAP” da varam. 
Mənim müxalifim öz vicdanımdır, 
sözümdə, işimdə düz iqtidaram. 
 
Mənimçün həqiqət hər şeydən uca
xalqın dərd – sərini yazmaq şərəfdir. 
Siz isə, maşallah,diribaş, qoçaq, 
sizə ikiüzlü olmaq sərf edir. 
 
Hərdən zəmanəyə etiraz sözüm 
kiminsə heysinə toxunmaq deyil. 
Ətrafda bir qüsur görürsə gözüm, 
bu əsla ittiham oxumaq deyil. 
 
Şair təhrif etməz öz zamanını, 
qələmi müqəddəs sanar, düz yazar. 
Tanıtmaz mədh ilə öz ünvanını, 
acı həqiqətə acı söz yazar. 
 
Şairi xalqına müxalif sayan 
ən azı nadandır, ayrı adı yox. 
Yurdunda ədalət görən şairsə 
xoşbəxtdir, uçmağa bir qanadı yox. 


 
85
Odur əlahəzrət sözün memarı, 
dövrünün fövqündə durmuş hər zaman. 
Sındıra bilməmiş əsl şairi
nə cəllad kötüyü, nə soyuq zindan. 
 
Sözü sərt, eyhamı incə şairin 
ömrü də minnətsiz ötsə yaxşıdır. 
Şair məddahlığa rəvac verincə, 
bir gecə intihar etsə yaxşıdır. 
 
Siz ey “iş verənlər”, adam satanlar, 
səyiniz kökündən iğtişaş, hədə. 
Şairə şər yaxıb, böhtan atanlar 
yetkin insan deyil, gədədir, gədə. 
 
Bir kökə bağlısız sizin hamınız, 
nakəslər həmişə arxadan vurub. 
Bəlkə elə sizin babalarımız 
Cavidin, Müşfiqin üzünə durub?! 
 
Olub, tarix bu cür sınağa çəkib, 
nə qədər dahini, mütəfəkkiri. 
Sizintək nakəslər güdaza verib 
neçə Nəsimini, neçə Sabiri. 
 
Nizami saraydan imtina edib, 
Füzuli söyləyib şikayətini. 
Vaqif “Görmədim”lə yazıb – yaradıb 
sarayın şərəfsiz hekayətini. 
 
Şair mücahiddir Vətən eşqinə, 
o heç vaxt yurdunu sevməyə bilməz. 
Bax Abbas Səhhətin “Vətən” şeirinə, 
bu sevgi ruhani, bu istək ölməz! 
 
Biz də yurdumuza vurğunuq bu cür,  
biz də xalqımıza bağlıyıq belə. 
Bu sevgi Vurğunu “Azərbaycan”la 
sevdirdi millətə, tanıtdı elə. 
 
Bizi düşmən sayan ikiüzlüllər, 
bu bizi ağrıtmaz heç zərrə qədər. 


 
86
Kimlər ki, Vətəni ürəkdən sevər
onların sevgisi bizə də yetər. 
 
Çatır qulağıma tez-tez tənələr, 
gəlir ünvanıma hərdən hədələr. 
Bu cür neçəmizi hədəf seçirlər 
bizi müxalifət sayan gədələr... 
 
Oğru, quldur, nakəs, məddah, yalançı 
daim hədəfimdir, qoy bilsin aləm. 
Nə qədər canım var, onlara qarşı 
müxalif yazacaq əlimdə qələm! 
Mart, 2008 
 
EY VƏTƏN 
 
Hələ tərifini verməsəm də mən, 
sənsiz olmamışam bir an, ey Vətən. 
Mən sənin sinəndə məskən salmışam, 
sən mənim qəlbimdə, inan, ey Vətən. 
 
Hələ can borcumu verməmişəm mən
hələ borcum nə çox önündə, Vətən. 
Hələ xidmətimi görməmisən sən, 
ölərəm bir çətin günündə,Vətən. 
 
Məni darda sına, çətində sına, 
haqqım yox adını danam, ey Vətən. 
Mən sənin çox adi bir övladıman, 
sən mənim müqəddəs anam, ey Vətən. 
 
Mənim Kəbəm də sən, Mədinəm də sən
bir daşın bəs eylər min heyrət üçün. 
Bir ovuc torpağın yetər, ey Vətən 
yüzlərlə zəvvara ziyarət üçün. 
 
Hissimsən, duyğumsan, şirin canımsan, 
tükənməz sevgindən yaranmışam mən. 
Sən mənim ən ali komandanımsan, 
“farağat” əmrində dayanmışam mən! 
02/07.10.98 


 
87
 
 
 
RUHUMU 
TİTRƏDƏN 
ACI DUYĞULAR 


 
88
DAHA YAŞIN O ÇAĞIDI... 
 
Yavaş-yavaş gözümüzə çökür boz duman, 
Yavaş-yavaş çöhrəmizin artır bəyazı. 
Bu da ömrün axırına yetişən zaman, 
bu da, yəqin alnımıza yazılan yazı, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Yavaş-yavaş canımıza dolur dərd, qada, 
sıxılırıq, ağrıyırıq, halsızlaşırıq. 
Yavaş-yavaş cismimizi veririk bada, 
ruh deyilən bir məvhuma yaxınlaşırıq, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Yavaş- yavaş bizə sarı gəlir Əzrayıl, 
qapımızın kandarında dayanır əcəl. 
Ölüm-itim bəşər üçün yeni ha deyil
bu xiflətdən məyuslaşıb üzül də qocal, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Yavaş-yavaş seyrəkləşir sıralarımız, 
qəfil, vaxtsız itkilərdən üzülür ürək. 
Sızıldayır görünməyən yaralarımız, 
mətinləşib hər ağrıya dözəsən gərək, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Yavaş-yavaş hüzürlərdə keçir günümüz, 
söhbətimiz giley-güzar azar-bezardan. 
Olur, hərdən bu dünyadan doyur gözümüz, 
istirahət axtarırıq soyuq məzarda, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 
Yavaş-yavaş silkələsin bu hiss çoxunu, 
bu dünyada qoyur hər kəs öz var-yoxunu. 
Qoy cücərsin qəlbimizdə xeyir toxumu
hər insanın, ən azı, var dostu, qohumu, 
daha yaşın o çağıdı, neyləmək olar? 
 


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə