Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   ...   45   46   47   48   49   50   51   52   53

– Bəli, doğrudan da elədir. İnanmıram ki, nəsə başa düşmüş olsun. Bu sənədələr yalnız ondan 
ötrüdür ki, onun müdafiəsi üçün necə çətin mübarizə apardığımı başa düşsün. Ancaq mən bu 
çətin mübarizəni kimin üçün aparıram? Adam deməyə də utanır – Blok üçün! Bunun da nə 
demək olduğunu başa düşməlidir. Ara vermədən oxuyub? 
– Demək olar ki, ara verməyib. Yalnız bircə dəfə su istəyib. Pəncərədən bir fincan su 
vermişəm. Saat səkkizdə çölə buraxmış və bir az yemək vermişəm. 
– Blok qıyqacı baxışlarla K.-nı süzdü, sanki onun qəhrəmanlığından danışırdılar və o da bunu 
nəzərə almalı idi. Deyəsən, qəlbində yeni ümidlər baş qaldırmışdı, indi özünü bir az sərbəst 
aparırdı, hətta dizi üstə döşəmədə o tərəf-bu tərəfə gedirdi. Ancaq vəkilin sözlərindən sonra 
necə daşa döndüyü də aydınca göründü. Vəkil dedi: 
– Sən onu tərifləyirsən, mən də elə ona görə danışa bilmirəm. Əslində, hakim Blokun özü 
haqda da, məhkəməsi barədə də yaxşı danışmadı. 
– Yaxşı danışmadı? Bu necə ola bilər? 
Blok qıza elə gərginliklə baxdı ki, sanki hakimin dediklərini onun xeyirinə yozacağına 
inanırdı. 
– Yaxşı danışmadı, – vəkil sözünə davam etdi, – Blokdan söhbət salmağım heç xoşuna 
gəlmədi. “Blok barədə danışmayın!” – dedi. Dedim ki, o mənim müştərimdir. “O sizdən sui-
istifadə edir,” – dedi. Dedim ki, onun işini ümidsiz hesab etmirəm. “ O sizdən sui-istifadə 
edir”, – deyə təkrar etdi. Dedim ki, mən buna inanmıram, Blok çox fəaldır, işini boş buraxmır, 
demək olar ki, həmişə mənim yanımda qalır, hazır dayanır, bu cür canfəşanlıq hamıda olmur. 
Düzdür, bir insan kimi xoşagələn deyil, özünü aparmağı bilmir, pintidir, ancaq məhkəmə 
məsələlərində nöqsansızdır. Nöqsansızdır deyəndə, özüm qəsdlə şişirtdim. Hakim isə dedi: 
“Blok bicdir. Çoxlu təcrübə toplayıb, məhkəməni uzatmağın yolunu tapıb. Ancaq kütlüyü 
bicliyindən çoxdur. Görəsən xəbər tutsa ki, məhkəməsi hələ heç başlamayıb, onun başlanması 
ünün hələ zəng çalınmayıb, onda sözü nə olacaq?! – Bu anda Blok tərəddüdlə qalxmaq istədi 
və yəqin xahiş edəcəkdi ki, bunların nə demək olduğunu ona başa salsın. İlk dəfə idi ki, vəkil 
birbaşa Blokun özünə müraciət edirdi. Yorğun baxışları gah Bloka, gah da uzaqlara zillənirdi 
və Blok da bu baxışlar altında təzədən dizi üstə çökdü. – Sakit ol, Blok! Hakimin nə dediyinə 
fikir vermə. Hər sözdən qorxma. Bir də belə eləsən, sənə heç nə deyən deyiləm. Adam ağzını 
açan kimi elə baxırsan ki, elə bil hökm oxunur. Heç olmasa, mənim müştərimdən utan! Onun 
mənə olan inamını da qırırsan. Hələ yaşayırsan, mənim himayəmdəsən, özgə nə istəyirsən? 
Mənasız yerə qorxursan! Özün də hardasa oxuyubsan ki, bəzi hallarda son hökmü kimsə nə 
vaxtsa gözlənilmədən oxuyur. Bir çox hallar nəzərə alınmasa, yazılanlar düzdür, ancaq bu da 
bir həqiqətdir ki, sənin bu cür qorxmağın məni artıq iyrəndirir, eyni zamanda, mənə lazım 
olan qədər inanmadığından xəbər verir. Axı nə dedim ki? Yalnız bir hakimin fikirlərini 
çatdırdım. Özün də bilirsən ki, iş haqqında müxtəlif fikirlər söylənilir, onların hamısından baş 
açmaq olmur. Məsələn, bu hakim məndən fərqli olaraq, məhkəmənin başlanğıcını başqa 
vaxtdan götürür. Bu, fikir ayrılığıdır, vəssalam! Köhnə qaydaya görə məhkəmənin müəyyən 
mərhələsində zəng çalınır və bu hakimin fikrincə məhkəmə yalnız onda başlayır. Mən indi 


bunun belə olmadığını sübut edən dəlillərin hamısını sadalamaq fikrində deyiləm, sən onları 
başa düşən də deyilsən, yalnız bunu bilməyin kifayətdir ki, belə dəlillər çoxdur.  
Blok pərt halda çarpayının yanındakı ayaqaltının tüklərini didişdirirdi. Hakimin dedikləri onu 
elə qorxutmuşdu ki, vəkilə qarşı olan itaətkarlığını tədricən unutmuşdu və indi yalnız özü 
barədə düşünür, hakimin sözlərini müxtəlif tərəflərə yozurdu. 
– Blok! – Leni onun pencəyinin yaxalığından bir az dartaraq onu xəbərdar etdi: – Dəri ilə 
oynama, vəkilə qulaq as! 
 
Bu fəsil tamamlanmayıb... 
 
  
 
DOQQUZUNCU FƏSİL 
Kilsədə 
 
K.-ya tapşırmışdılar ki, onlarla həm əməkdaşlıq, həm də dostluq edən, bank üçün çox vacib 
olan, eyni zamanda, bu şəhərə birinci dəfə gələn italiyalıya bir neçə incəsənət abidəsi 
göstərsin. Başqa vaxt olsaydı, bu tapşırığı özü üçün şərəf hesab edərdi, ancaq indi, bankdakı 
nüfuzunu böyük çətinliklər hesabına qorumağa çalışdığı bir zamanda, buna həvəssiz razılıq 
verdi. İş otağından kənarda keçirdiyi hər saat onun üçün dərdə-qəmə çevrilirdi. Düzdür, işdə 
olanda da həmişəki kimi məhsuldar işləyə bilmirdi, saatlarla vacib bir işlə məşğul olurmuş 
kimi içəridə qurdalanırdı, ancaq kənarda narahatçılığı daha da artırdı. K.-ya elə gəlirdi ki, 
marıta yatmış direktor müavini hərdən onun otağına girir, iş stolunun arxasında oturub 
sənədlərə baxır, illərdən bəri işlədiyi üçün artıq dostlaşmış olduğu müştəriləri qəbul edir
onları K.-ya qarşı kökləyir, hətta bəlkə işində səhvlər də tapır. Onsuz da işləyəndə elə bilirdi 
ki, hər tərəfdən səhvlər onu hədələyir, nə qədər çalışsa da onlardan canını qurtara bilmir. Ona 
görə hətta mükafat kimi də ezamiyyətə və ya qısamüddətli səfərlərə – təsadüfən də son vaxtlar 
belə tapşırıqların sayı çoxalmışdı – göndəriləndə, az qala fikirləşirdi ki, onu bir az otağından 
ayırmaq, işlərini yoxlamaq, ya da ən azı, onsuz da keçinməyin mümkünlüyünü göstərmək 
istəyirlər. Heç bir çətinlik çəkmədən bu işlərin çoxundan imtina edə bilərdi, ancaq buna 
cəsarət eləmirdi, çünki indi nədənsə çəkindiyi bir o qədər də hiss olunmurdu, ancaq 
tapşırıqdan imtina eləmək nədənsə qorxduğunu etiraf etməsi demək olardı. Ona görə də bu 
tapşırıqları zahiri bir soyuqqanlılıqla qəbul edirdi. Hətta işlə bağlı iki günlük üzücü səfərə 
göndəriləndə də soyuqladığını gizlətdi ki, birdən belə yağışlı payız havasında onu getməyə 
qoymazlar. Həmin səfərdən dəhşətli baş ağrısı ilə qayıdan günü xəbər tutdu ki, sabah 
İtaliyadan gələn qonağı müşayiət edəcək. Çox istəyirdi ki, heç olmasa, bu dəfə “yox” desin, 
çünki bu tapşırıq, hər şeydən əvvəl, onun vəzifə borcu ilə birbaşa bağlı deyildi, ancaq bununla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə