BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2011
UOT 398 (4/9);
801.8 (4/9)
CEYHUN BƏY HACIBƏYLİNİN FOLKLORŞÜNASLIQ İRSİ
A.H.HÜSEYNOVA
Bakı Dövlət Universiteti
gunsel_gunsel@yahoo.co.uk
Məqalədə Ceyhun bəy Hacıbəylinin folklorşünaslıq fəaliyyətindən bəhs olunur. Burada
Qarabağ folkloru ilə bağlı Ceyhun bəy Hacıbəylinin topladığı materiallara xüsusi diqqət
yetirilmişdir.
Həmin materiallar 1933-cü ildə Parisdə fransız dilində “Asiya” jurnalında (“Journal
Asiatique” ) “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” adı ilə nəşr olunmuşdur.
Bakıda həmin tədqiqat 1999-cu ildə nəşr edilmişdir.
Açar sözlər – folklor, Qarabağ, mühacirət, vətən, dialekt
Azərbaycan mühacirət folklorşünaslığı XX yüzilin son illərinə qədər,
demək olar ki, tədqiqatlardan kənarda qalmış, onun yaradıcıları – Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Əhməd Cəfəroğlu, Məhəmməd Əmin Rəsul-
zadə, Ceyhun bəy Hacıbəyli, Hüseyn Baykara, Nağı Keykurun (Şeyxzamanlı),
Almas İldırım, Səlim Rəfiq, Əbdülvahab Yurdsevər, Kərim Odər, Kərim
Yaycılı, Nəbi Turablı, Yunus Lənkəranlı və başqalarının nəinki araşdırmaları-
nı öyrənmək, hətta çox vaxt adlarını belə dilə gətirmək yasaq olunmuş, yalnız
nadir hallarda onlardan bəhs edilmişsə də, həmin şəxsiyyətlər ya təhqir olun-
muş, ya da yanlış təbliğə məruz qalmışlar. Yalnız Azərbaycan yenidən müs-
təqilliyini bərpa etdikdən sonra bu ziyalıların, o cümlədən Ceyhun bəy Ha-
cıbəylinin (Şuşa, 1891-1962, Paris) fəaliyyətinin yeni baxışlar kontekstində
öyrənilməsinə başlanmışdır.
Əslində, C.Hacıbəyli 1919-cu ildə Ə.Topçubaşovun başçılığı ilə Versal
Sülh konqresində iştirak etmək üçün xüsusi nümayəndə heyətinin tərkibində
Fransaya yola düşmüşdü, lakin vətəninin istiqlalını itirməsi onun bir daha geri
dönməməsilə nəticələnmişdir. Qeyd edək ki, tədqiqatçılardan – filologiya elm-
ləri doktoru Abid Tahirli (14; 15), Bayram Ağayev (6;7), professor Vaqif Sul-
tanlı (12;13) və başqalarının elmi araşdırmalarında C.Hacıbəylinin ictimai-
siyasi, publisistik fəaliyyətilə bağlı məqamlar daha çox təhlil edilmişdir, onun
folklorşünaslıq fəaliyyəti isə qısa şəkildə xatırlanmışdır.
39
A.Tahirlinin “Dədə Qorqud” dərgisinin 2004-cü il 4-cü sayında dərc
edilən “Ceyhun Hacıbəyli folklor tədqiqatçısı kimi” (15) məqaləsində mühacir
araşdırmaçının xalq ədəbiyyatı ilə bağlı fəaliyyətindən müxtəsər şəkildə bəhs
olunmuşdur.
Məlumdur ki, rus köləliyinə etiraz edən Azərbaycan mühacirət folklorşü-
nasları dünyanın müxtəlif ölkələrində – Almaniya, Amerika, Fransa, İsveç,
Polşa, İngiltərə və başqa ölkələrdə, əsasən də Türkiyədə fəaliyyət göstərmişlər.
Ceyhun bəy Hacıbəyli Fransada məskunlaşan Azərbaycan ziyalılarından biri idi.
Məlumdur ki, yalnız Azərbaycanda deyil, bütövlükdə Sovetlər Birliyin-
dəki senzura sistemi “kommunizm əxlaqı” adı altında milli sərvətlərin müm-
kün olduğu qədər öz mənafeləri istiqamətində saxtalaşdırmaq və ya tamamilə
inkar etmək mövqeyi nümayiş etdirməkdə idi, xüsusilə xalq ədəbiyyatına mü-
nasibətdə yasaqlar bəzən gülünc arqumentlərlə aparılırdı. Bu məsələ Azər-
baycan mühacirət folklorşünaslığının diqqətindən yayınmamış, xalqın sərvə-
tinin siyasi məqsədlərə uyğunlaşdırılması onların kəskin etirazları ilə müşa-
yiət olunmuşdur. Digər mühacirlər kimi C.Hacıbəyli də folklor örnəklərinə
xalqın azadlıq, istiqlal arzularının ifadəsi kimi xüsusi həssaslıqla yanaşırdı,
sovet senzura sisteminin basqılarına, xalq yaradıcılığı nümunələrinə qeyri-
peşəkar münasibətə qəti etiraz edirdi.
Belə ki, 1934-cü ildə Parisdə “Revyue de Monde” dərgisinin yanvar
sayında nəşr etdirdiyi “SSRİ-də ziyalılar” adlı məqaləsində Ceyhun bəy Hacı-
bəyli sovet senzura sisteminin fəaliyyətinə ayrıca nəzər yetirmişdir və burada
bir məqam xüsusilə diqqəti cəlb etməkdədir: “...bir kitab dar bir körpünün
üstündə rastlaşan iki tərs keçinin səhnəsini əks etdirən xalq nağılının təsvirini
verdiyi üçün məhkum olundu; heç biri digərinə yol vermək istəmir və nəhayət,
hər ikisi çaya yıxılır. “Oxucuda belə bir analogiya təsəvvürü yarana bilər ki, –
deyə senzor yazırdı, – iki keçinin konflikti sinfi mübarizədir və sovet
hakimiyyəti ilə burjuaziya biri digərinə güzəşt etməlidir, əks təqdirdə hər ikisi
məhv olacaqdır” (7, 93).
Görundiyi kimi, Ceyhun bəy xalq ədəbiyyatına qarşı aparılan yanlış mü-
nasibətlə yanaşı, sovet senzurası haqqında təsəvvür yarada bilmişdir.
Ceyhun Hacıbəylinin mühacirət dövrü yaradıcılığında ictimai-siyasi,
publisistik tədqiqatlarla yanaşı, folklorşünaslıqla bağlı məqamların mühüm
əhəmiyyəti nəzərə alınmalıdır, çünki bu araşdırmalar Azərbaycandan fərqli
olaraq, hər cür mənəvi basqıdan uzaqda – Fransa kimi azad bir mühitdə
aparıldığından obyektivliyini qorumaqdadır.
Qeyd etmək lazımdır ki, Ceyhun Hacıbəyli mühacirətdə “İlk müsəlman
respublikası Azərbaycan”, “Azərbaycan”, Azərbaycan mətbuat tarixi kimi
elmi əsərlərini yazmışdır, lakin onun folklorşünaslıq fəaliyyətinin ən böyük
uğuru “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” (6;8) adlı araş-
dırması hesab oluna bilər.
Müəllif bu tədqiqatını Aleksandr Nikolayeviç Samoyloviçin (1880-
1938) məsləhəti ilə Vasili Vasilyeviç (Wilhelm) Radlovun (1837-1918) türk
40
dillərinə aid əsərinin (“A Dictionary of the Turkic dialects” 1-4, 1882-1909 –
“Türk-tatar dialektləri kolleksiyası”) davamı üçün öncə rus dilində hazır-
lamışdır. Lakin vətənindən didərgin düşdükdən sonra Ceyhun bəy Hacıbəyli
tədqiqatını fransızca yenidən işləyərək “La Dialecte et la folk-lore du Kara-
bagh” adı ilə 1933-cü ildə “Asiya jurnalı”nın (“Journal Asiatique”) CCXII sa-
yında nəşr etdirdirmişdir. 33 bölmədən ibarət olan bu tədqiqat əsərində bayatı
və bayatışəkilli şeirlər, tapmacalar, lətifələr, xalq məzhəkələri, frazeoloji ifadə-
lərlə yanaşı, alqışlar, qarğışlar, hərbə-zorbalar, andlar və tərifləmələrə də
təsadüf olunmaqdadır.
Ceyhun bəy bu materialların çapından 18 il əvvəl toplandığına diqqəti
çəkməklə daha geniş bir tədqiqat əsəri hazırlamaq istədiyini, bu məqsədinə
mühacirətə getməsilə bağlı çata bilmədiyini təəssüflə bildirmişdir: “Qarabağda
keçirdiyim məzuniyyətlər zamanı mən öz tədqiqatlarımı tamamlayırdım.
Lakin müharibənin və sonradan inqilabın nəticələri mənə öz toplumu sistem-
ləşdirməyə və bitirməyə mane oldular” (6, 7).
Bununla belə, Ceyhun bəyin topladığı materiallar rəngarəngliyilə diq-
qəti cəlb edir, tədqiqatda folklorun bir çox janrları burada əhatə olunmuşdur.
“Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)” əsərində bayatı
və bayatışəkilli şeirlər sayca daha çoxdur. Məlumdur ki, mühacirətdə folklorla
bağlı aparılan tədqiqatlarda ayrı-ayrı janrlar üzrə örnəklər təhlilə cəlb edilsə
də, bir çox hallarda onların təsnifatı aparılmamışdır. Lakin C.Hacıbəyli topla-
dığı şeirləri bayatılar, ağılar, beşik nəğmələri adı altında qruplaşdırmış, onlara
aid çox qısa şərhlər də vermişdir. Onun bayatı seçimi də təqdirəlayiqdir, Tədqi-
qatçı N.Allahverdiyeva bu barədə yazır ki, müəllifin məqsədi “…ilk növbədə
ümumazərbaycan şifahi xalq ədəbiyyatına xas olan, bədii cəhətdən mükəmməl
bayatıların seçimi və bununla da onların təkcə Qarabağı deyil, ümumiyyətlə,
bütün Azərbaycan ədəbiyyatını təmsil etdiyini nəzərə çarpdırmaqdır” (1, 13).
Qeyd etmək lazımdır ki, C.Hacıbəylidən əvvəl Fransada və Almaniyada
Azərbaycan bayatıları nəşr edilmişdir. Belə ki, Xanım O.Şatskaya (M-me
Chatskaya O.) 1928-ci ildə Azərbaycan bayatılarını N.K.Dimitriyevin dilçilik-
lə bağlı şərhlərilə birlikdə Fransada “Asiya jurnalı”nda (sayı 8, səh. 193-265),
təəssüf ki, “Tatar xalq şərqiləri” (“Chansons populaires Tatares”) adı altında
nəşr etdirmişdir (5).
Azərbaycan dili və folkloru ilə əlaqədar dünyada aparılan tədqiqatları
hər zaman diqqət mərkəzində saxlayan Ə.Cəfəroğlunun “Azərbaycan yurd
bilgisi”nin 1932-ci il 11-ci sayında “Təhlil və tənqidlər” bölməsində bu nəşrlə
bağlı mülahizələri dərc edilmişdir. Ə.Cəfəroğlu N.K.Dmitriyevin Azərbaycan
dilinin tədqiqatına həsr edilmiş müqəddiməsi və Şatskayanın Gəncə şivəsində
toplayaraq nəşr etdirdiyi 76 bayatıdan ibarət bu tədqiqatın təhlilini aparmış və
kəskin tənqid etmişdir.
Hər şeydən əvvəl, müəllifi qəzəbləndirən tədqiqatın sərlövhəsi olmuşdur
ki, bu da təbiidir. Ə.Cəfəroğlu doğru olaraq yazır: “Aşağı-yuxarı bir əsrdən
bəri Şərqi və dolayısıyla türkləri tədqiq edən ”Journal Asiatique” kimi elmi və
41
ciddi bir məcmuədə “Chansons populaire Tatares” – “Tatar xalq şərqiləri”
sərlövhəsi altında azəri türklərinin “tatar” deyə tanıtmaq, təəssüf ki, hələ də
əski rus təbirini xatırlatmaqdadır. Anadolu qardaşlarından ayırmaq qəsdilə rus-
lar tərəfindən zorla azərilər mühitinə idxal edilən bu təbir artıq bir daha
tələffüz edilməmək üzrə türk mühitindən tamamilə qalxmış və alim adlandırı-
lan madam Şatskaya və Dmitriyevlərin bu yoldakı xatirələrinə ehtiyac qalma-
mışdır” (3, 408).
Lakin Əhməd bəyin haqlı iradları bunula bitmir, o, Dimitriyevin tədqiqatı-
nın səthi olduğunun bildirməklə yanaşı, Satskayanın topladığı bayatıların da
dəqiqliklə yazıya alınmadığı üçün orijinallığını itirdiyini, elmi cəhətdən naqis
olduğunu bildirmişdir. 1934-cü ildə yazdığı “Şərqdə və Qərbdə azəri tədqiqləri”
məqaləsində Ə.Cəfəroğlu yenidən həmin araşdırmanı xatırlatmışdır (4, 237).
Qeyd etmək lazımdır ki, uzun illər Fransada nəşr edilən “Asiya” (“Jour-
nal Asiatique”) dərgisilə bağlı tədqiqat aparan Nüşabə Allahverdiyevanın
“Journal Asiatique”də Azərbaycan ədəbiyyatı məsələləri” adlı
dissertesiya
işində xanım Şatskayanın çap etdirdiyi bayatılar haqqında məlumat verilsə də
(1, 15), təəssüf ki, Ə.Cəfəroğlunun bu haqda olan resenziyası nəzərə alınma-
mış, alimin təhlilə və tənqidə cəlb etdiyi məqamlara diqqət yetirilməmişdir.
Xatırladaq ki, bir neçə il sonra həmin “Asiya” (“Journal Asiatique”) dər-
gisində C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)”
əsəri nəşr edilmişdir. Tədqiqatçı N.Allahverdiyeva bu tədqiqatdakı bayatıları
təhlilə cəlb etsə də, daha çox onların tərcümə məsələsinə diqqət yetirmişdir.
C.Hacıbəylinin ustalıqla seçdiyi bayatıların yalnız Qarabağ bölgəsini deyil,
bütövlükdə Azərbaycan dilinin ifadə imkanlarını və folklorunun zənginliyini,
bədii koloritini özündə əks etdirdiyini qeyd edən N.Allahverdiyeva müəllifin
tərcümə zamanı verdiyi qısa şərhləri məhz “poetik nümunənin ən dərin
qatlarının açıqlamağa, xalqın tarixi, adət-ənənələri kontekstində izah etməyə”
(1, 15) yönəldiyini vurğulamışdır.
Mühacirətə getmək məcburiyyətində qaldığı üçün C.Hacıbəyli dilçiliklə
bağlı geniş bir araşdırma apararaq, əsərini təkmilləşdirə bilməmişdir, lakin onu
nəşr etdirməklə, yəqin ki, müəllifin əsas məqsədi Azərbaycanın folklor mate-
riallarının əcnəbi oxucuya tanıtdırılması olmuşdur. Azərbaycan dilinin tarixi
ilə bağlı araşdırmalarında Ceyhun Hacıbəylinin “Qarabağın dialekti və
folkloru (Qafqaz Azərbaycanı)” əsərini diqqətdə saxlayan Ə.Cəfəroğlu onun
mühüm əhəmiyyətini nəzərə almaqla yanaşı, bu xüsusiyyəti qeyd etmişdir:
“Lisan xüsusiyyətlərinə təmas edilməmiş və bu nöqtədən ancaq bir malzəmə
mahiyyəti daşıyır” (4, 236). Lakin nəzərə alsaq ki, bayatı Azərbaycan folkloru-
nun ən mükəmməl, milli xüsusiyyətləri, xalqın yaşayış tərzini, incə zövqünü,
şirin dilini özündə əks etdirən sənət əsərlərindəndir, həmin illərdə onların
tərcüməsi və nəşrinin fransız oxucuya olduğu qədər, öz millətimiz üçün də çox
böyük əhəmiyyətə malikdir.
Xatırlatmaq lazımdır ki, mərasim folkloru ilə bağlı yaranan kiçik janrla-
rın mühacirətdəki tədqiqi, nəşri və təbliği sahəsində də C.Haçıbəylinin mühüm
42
xidmətləri vardır. Belə ki, C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru
(Qafqaz Azərbaycanı)” kitabında uşaq oyunları, yanıltmaclar, sanamalarla
bağlı, həmçinin “Alqışlar”(xeyir-dualar), təşəkkürlər”, “Qarğışlar (xüsusilə
qadınlar arasında yayılmış pis arzular)”, “Yalvarışlar”, “And içmək (İnandır-
maq)”, “Hədə-qorxu”, “Tərifləmələr (komplimentlər, cəsarətləndirici və hey-
ranedici sözlər)” adlı fəsillərdə müvafiq olaraq, folklor örnəkləri toplanmış,
bəzilərinə müəllif tərəfindən kiçik şərhlər də verilmişdir.
Məlumdur ki, kiçik janrlardan alqış, qarğış, and, tərifləmə və s. öyrənil-
məsi üçün yalnız sovet siyasi senzurasının ləğvindən sonra şərait yaranmışdır
və professor A.Nəbiyevin “Azərbaycan folklorunun janrları”(10) kitabında və
fundamental “Azərbaycan xalq ədəbiyyatı” dərsliyində onların hər biri ayrılıq-
da tədqiqata cəlb edilmişdir (11, I c., 300-430).
Qeyd etmək lazımdır ki, C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru
(Qafqaz Azərbaycanı)” kitabında dördüncü fəsil “Tap baca” adlanır. Müəllif
fransız oxucusuna otuz Azərbaycan tapmacasını təqdim etmiş, onların bəziləri-
nə kiçik şərhlər versə də, təəssüf ki, təsnifat aparmamışdır (6, 8-10).
Lakin qəribədir ki, C.Hacıbəylinin “Qarabağın dialekti və folkloru (Qaf-
qaz Azərbaycanı)” kitabında atalar sözləri toplanmamışdır, bu da, yəqin ki,
müəllifin mühacirət etməsilə bağlı tədqiqatını tamamlaya bilməməsindən irəli
gəlmişdir.
Bunlardan başqa, “Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı)”
adlı tədqiqatda xalq nəsri örnəklərinə də diqqət yetirilmişdir. C.Hacıbəyli
termin olaraq “hekayət” sözündən istifadə edərək, “Hekayətlərə giriş” başlığı
altında nağıllarımızda işlənən poetik parçalardan birini (“Hamam hamam
içində, xəlbir saman içində, dəvə dəlləklik edir köhnə hamam içində”) daxil
etmişdir (6, 29).
Mühacirət nəşrləri içərisində Molla Nəsrəddin və Bəhlul Danəndənin adı
ilə bağlı gülməcələrə daha çox diqqət yetirilsə də, C.Hacıbəylinin “Qarabağın
dialekti və folkloru (Qafqaz Azərbaycanı)” əsərində regional lətifələrə təsadüf
edilməkdədir. Tədqiqatın fəsillərindən biri “Yerli şəxsiyyətlər haqqında məzəli
və ya baməzə lətifələr” (6, 20-23) adlanır ki, burada Qarabağ regionuna (müəl-
lifin qeydlərinə görə Şuşa) aid lətifələr toplanmışdır.
Qeyd etməliyik ki, F.Hicranın (Vəliyeva) “Azərbaycan mühacirət folk-
lorşünaslığı” kitabında “Ceyhun Hacıbəylinin Azərbaycan folklorunun araş-
dırılması sahəsində fəaliyyəti” adlı fəsildə mühacirin folklorıünaslıq fəaliyyəti
haqqında məlumat verilərkən coxlu qüsurlara yer verilmişdir. C.Hacıbəylinin
həyatı haqqında uzun-uzadı təsvirlərdən sonra onun “Qarabağın dialekti və
folkloru (Qafqaz Azərbaycanı)” əsərindən bəhs olunarkən, təəssüf ki, müqayi-
sələr aparılmadan, təhlil edilmədən artıq 1999-cu ildə Bakıda yayınlanmış
olan, elm aləminə kifayət qədər məlum həmin tədqiqatdan tapmacalar, lətifə-
lər, bayatılar və s. yenidən “Azərbaycan mühacirət folklorşünaslığı” kitabına
köçürülmüşdür (9, 116-138).
43
C.Hacıbəyli əsərinə yazdığı kiçik “Sözönü”nü bu sözlərlə bitirir:”...
keçmiş Rusiya İmperiyası ərazisində baş vermiş siyasi dəyişikliklər və məni
Fransaya gətirən missiya məni rus şərqşünasları mühitindən uzaqlaşdırdı. Bu
şəraitdə mən bu işi əvvəl akademik rus əlifbasında olan transkripsiyanı
dəyişməklə və mətnin əvvəl rus dilinə edilmiş tərcüməsini fransız dilinə tərcü-
mə ilə əvəz edərək Asiya cəmiyyətinə təqdim etməyi qərara aldım. Oxucu bu
tədqiqatda lap kiçik yaşlarından azəri dilində danışan adamın türk folkloruna
töhfəsini görəcək” (6, 7).
Doğrudan da, C.Hacıbəyli bu əsərilə türk folkloruna öz töhfəsini vermiş-
dir. Onun hələ keçən əsrin otuzuncu illərində Fransa elmi-nəzəri fikrinə
onların döğma dilində təqdim etdiyi “Qarabağın dialekti və folkloru (Qafqaz
Azərbaycanı)” əsəri bu gün belə öz aktuallığını qorumaqdadır. İlk növbədə,
tədqiqatın adı diqqəti cəlb etməkdədir, ona görə ki, əsərin üzərində Qarabağ
sözü ilə yanaşı mötərizədə Qafqaz Azərbaycanı xüsusi olaraq diqqətə çatdırıl-
maqdadır. Müasir dövrümüzdə Qarabağın sovet hökuməti tərəfindən Azərbay-
cana verildiyini iddia edən xain qonşuların cəfəng sözlərinə hələ sosializm
dövründən əvvəl qələmə alınan bu əsər tutarlı cavablardan biridir.
Digər tərəfdən, burada toplanan Azərbaycan xalq yaradıcılığı örnəkləri
öz təravətini qoruyaraq – Qarabağ dialektində təqdim olunmuşdur ki, bu da
folklorşünaslığımız üçün olduğu qədər dilçilik üçün tədqiqatın əhəmiyyətini
artırmaqdadır.
ƏDƏBİYYAT
1.
Allahverdiyeva Nüşabə. “Journal Asiatique”də Azərbaycan ədəbiyyatı məsələləri. Filolo-
giya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtore-
feratı, Bakı: 2004, 26 s.
2.
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, I c., Bakı: Elm, 2004, 760 s.
3.
Caferoğlu Ahmet. Tehlil ve tenkitler, “Azerbaycan Yurt Bilgisi”, İstanbul: 1932, yıl 1,
sayı 11, s. 408
4.
Caferoğlu Ahmet. Şarkta ve Garpta azeri tetkikleri, “Azerbaycan yurt bilgisi”, İstanbul:
1934, sayı 27, s. 96-102; sayı 28, s.136-141, sayı 29, s. 197-200, sayı 30, s. 233-238
5.
(M-me) Chatskaya O.,Quatrains populaires de l’Azerbaidjan, Avec introduction de
N.K.Dimitriyev, “Journal Asiatique”, t.CCXII, №2, Avril-Juin, Paris: 1928, p. 228-265
6.
Hacıbəyli Ceyhun bəy. Qarabağın dialekti və folkloru (Qafqaz Azərbaycanı), Bakı: Ozan,
1999, 48 s.
7.
Hacıbəyli Ceyhun bəy. Seçilmiş əsərləri (Mühacirət dövrü), Bakı: Elm, 2006, 98 s.
8.
Hadjibeyli Djeyhoun. La Dialekte et le folklore du Karabagh (Azerbaidjani du Caucase),
Yournal Asiatique, Paris: 1933, CCXII, p. 31-144.
9.
Hicran Fəridə (Vəliyeva). Azərbaycan mühacirət folklorşünaslığı, Bakı: Qartal, 2009, 176 s.
10.
Nəbiyev Azad. Azərbaycan folklorunun janrları. Bakı: ADU, 1983, 87 s.
11.
Nəbiyev Azad. Azərbaycan xalq ədəbiyyatı. I c., Bakı: Turan, 2002, 678 s.; II c., 2006,
Bakı: Elm, 618 s.
12.
Sultanlı Vaqif. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı: Şirvannəşr, 1998, 160 s.
13.
Sultanlı Vagif. Azerbaycan mühaceret edebiyatı. İstanbul: Avropa yakası yayın evi, 2007, 224 s.
14.
Tahirov Abid. Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı: Filologiya elmləri namizədi
alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı, Bakı, 1997, 26 s.
15.
Tahirli Abid. Ceyhun Hacıbəyli folklor tədqiqatçısı kimi // “Dədə Qorqud” jurn. Bakı,
2004, sayı 4 (13), s.89-93.
44
ФОЛЬКЛОРИСТИЧЕСКОЕ НАСЛЕДИЕ ДЖЕЙХУН БЕК ГАДЖИБЕЙЛИ
А.Г.ГУСЕЙНОВА
РЕЗЮМЕ
В статье “Фольклористическое наследие Джейхун бек Гаджибейли” говорится о
фольклористическом исследовании одного из французских эмигрантов Джейхун бек
Гаджибейли.
Особенно выделено большое внимание к материалам Карабахского фольклора,
собранными Джейхун бек Гаджибейли.
В 1933 году в Париже на французском языке он опубликовал эти материалы в
журнале “Journal Asiatique” под именем “Карабахский диалект и фольклор (Кавказский
Азербайджан)”. В Азербайджане это исследование было опубликовано, в 1999 году.
Ключевые слова: фольклор, Карабах, эмиграция, родина, диалект
THE FOLKLORE HERITAGE OF JEYHUN HAJIBAYLI
A.H.HUSEYNOVA
SUMMARY
The article “The folklore heritage of Jeyhun Hajibayli” deals with the folklore activities
of Jeyhun Hajibayli.
Special focus has been given to the materials gathered by Jeyhun Hajibayli regarding
Karabakh folklore.
These materials were published under the name “Karabakh dialect and folklore
(Caucasus Azerbaijan)” in “Asia” journal in 1933 in Paris in French. The materials were
published in Baku in 1999.
Key words: folklore, Karabakh, emigration, motherland, dialect
45
Dostları ilə paylaş: |