94
təkmilləşir, bu və ya digər hadisəyə münasibətində dəyişməli olur. Şair onun
haqqında belə deyir:
O, canlı insandır, o insanı mən
Keçirmək istərəm hadisələrdən. (133, 27)
Müəllif öz qəhrəmanını müxtəlif «hadisələrdən keçirərkən» onda yeni cəhətlər
üzə çıxarır, beləliklə, Cəlal bir obraz olaraq daha da canlanır.
Bütün bu dəyişikliklər Cəlalın Humaya bəslədiyi məhəbbətin nəticəsi kimi
yaranır. Onun əli işdən, yəni komsomolçu kimi görəcəyi işlərdən soyuyur. Cəlalın
nəzərində kainat bir boşluğa çevrilir. O, narahatlıq və tərəddüd içindədir.
Bütün bunların bir səbəbi vardır. Axı, Cəlalın sevgilisi Humay düşmənin - Gəray
bəyin qızıdır. Dostu Bəxtiyar da ona Humaydan əl çəkməyi məsləhət görür. Bəxtiyar
belə hesab edir ki, Gəray bəy qızını heç vaxt özünə düşmən saydığı adama
verməyəcəkdir:
O son vuruşmanı xatirinə sal,
Səndin Gəray bəyi pusquda vuran.
Əsrlər dolanıb, keçsə də zaman
O səndən intiqam almamış durmaz!
Ağlını gəl topla başına bir az. (133, 42)
Lakin Cəlal ümidini üzmür:
Bəlkə güləcəkdir ona istiqbal,
Bəlkə babasından keçəcək Humay,
O sevimli Humay, o göyçək Humay.
O vaxt açılacaq Humayın üzü,
Doğacaq ruhunda bahar gündüzü. (133, 26)
Bununla yanaşı onun qəlbində bir sıra şübhələr də baş qaldırır.
95
Bəzən Cəlala elə gəlir ki, Humay onu sevə bilməz.
Cəlal şairdir. Buna görə də o, daha çox romantik aləmlə bağlıdır. Bəzən onun
hissləri ağlını üstələyir. Cəlal belə hesab edir ki, əgər Humayın məhəbbətinə nail
olmasa, o zaman «ucsuz-bucaqsız tükənməz çöllər», «ən uzaq ellər» onun məskəni
olacaq, yəni o da Məcnun kimi cəmiyyətdən küsüb dağlara-daşlara pənah aparacaq:
Yoldaş oxucular, xəyal ediniz,
Cəlal düşündükcə bu qədər aciz,
İçini bir qüvvət dağıdıb sökür,
Rənginə bir narın sarılıq çökür,
O indi dustaqdır hissin əlində,
Asılmış sevginin bu çəngəlində... (133, 44)
Cəlalın Humaya məhəbbəti bütöv və əbədidir. O, dünyaya da öz sevgilisinin
gözü ilə baxır:
– Humay, bu dünyada ən çox sevdiyim,
Bəlkə də ən böyük tanrı bildiyim,
Bir qüvvə varsa da, o sənsən, inan.
Xəyalın gözümdən ayrılsa bir an,
Mənliyim, şərəfim məhv olub gedər.
Amansız ayrılıq məni qəhr edər. (133, 39)
Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq bir insan kimi onun Humaya olan
sevgisi inqilabi işə məhəbbətini üstələyir. Professor Cəlal Abdullayev bu barədə belə
yazır: «O (Cəlal – A.B.), inqilabı da sevir, Humayı da, lakin Humayın sevgisi daha
qüvvətli çıxır. Bu, heç də Cəlalın «sadədilliyi, acizliyi, nəfsin düşgünü olması, hissin
əlində oyuncağa çevrilməsi» ilə izah edilə bilməz. Cəlal artıq yeni, azad həyatın
nemətlərini dadmaq üzrədir. Humayla sevişəndən sonra isə onun gözlərində yeni bir
aləm cilvələnir. O, mübarizələrin bitməsini, top-tüfəng səsləri-
96
nin kəsilməsini, bütün insanların, o cümlədən özünün də rahat yaşamasını istəyir.
Ona elə gəlir ki, inqilab hər şeyi çox asanlıqla, deyək ki, bir neçə il ərzində həll edib
qurtara bilər». (4, 93-94)
Tədqiqatçının mülahizələri doğrudur. Ona görə ki, bu fikirlər o dövrdə mövcud
olan real vəziyyətlə üst-ütə düşür. Bu, 1920-ci illərin komsomolçularının aldığı
tərbiyənin nəticəsi idi. Dövrün gəncliyində belə fikir hakim idi ki, yeni cəmiyyətin
qurulması tezliklə başa çatdırılacaq və bununla da əhaliyə firavan həyat bəxş
ediləcək. Əsərdə təsvir olunan hadisələrin iştirakçılarından olmuş xalq şairi Osman
Sarıvəlli belə yazmışdır: «Biz, quruluşumuzda baş vermiş böyük ictimai-siyasi
hadisələrdən ruhlanan o dövrün istiqanlı, coşqun ruhlu gəncləri, həyatımızda tez bir
zamanda daha böyük yeniliklər əmələ gələcəyini, üç-dörd ilə sosializm cəmiyyətinin
qurulub başa çatdırılacağını güman edirdik. Bəzilərimizə elə gəlirdi ki, tezliklə
dövlətlilərdən, qolçomaqlardan, alverçilərdən, tacirlərdən nişanə belə qalmayacaq,
feodal-burcua quruluşunun tör-töküntüləri, kapitalizm cəmiyyətinin məişətdə və
şüurlarda kök salmış qalıqları, gerilik, ad-san və şöhrət düşkünlüyü, xudpəsəndlik,
meşşanlıq əhval-runiyyəsi tez bir vaxtda, asanlıqla qoparılıb atılacaq, altı-yeddi ilə
tamam-kamal kommunizm cəmiyyəti qurulacaqdır». (142, 10) Təbii ki, Cəlal da belə
düşünürdü və istəyirdi ki, tez bir zamanda hər şey qaydasına düşsün, parlaq həyat,
rahat yaşayış təmin olunsun. Bu da onun inqilaba, habelə inqilabın tezliklə hər şeyi
yerbəyer edəcəyinə inamından irəli gəlirdi.
Tədqiqatçılar Cəlalın hamıya və hər şeyə inanmasını onun faciəsi hesab edirlər.
Cəlalın hamıya inanması isə onun özünün daxili aləmi ilə bağlıdır. O, şairdir, bir az
da romantik ruhludur. Eyni zamanda humanist, səmimi və təmiz bir gəncdir. Onun
Gəray bəyin yanına getməsi Humaya bəslədiyi böyük və saf məhəbbəti ilə birlikdə,
həm də səmimiliyindən irəli gəlirdi. Cəlal düşmən Gəray bəyin yox, Humayın atası
Gəray bəyin qapısına getmişdi. O bu qapıya getməklə öz sevgisinə sədaqətini
nümayiş
97
etdirir, həm də el adətinə əməl edirdi:
– Gəray bəy, yazığam, zavallıyam mən...
Sizin yanınıza məni gətirən
Böyük bir qüvvətdir, adı-məhəbbət.
Yaradıb, yaşadan insandır, əlbət!
Bu işdə vicdanı əsirgəmə sən,
Atalıq haqqını əsirgəməsən,
Humay xoşbəxt olar. (133, 58)
Beləliklə də Cəlal düşmən dəstəsinin başçısı Gəray bəyin deyil, sevgilisinin atası
Gəray bəyin qarşısında baş əyirdi. «Onun bu hərəkətində həm milli xarakterə, həm də
böyük məhəbbətinə sədaqəti romantik səviyyədə təsdiq olunurdu». (179, 159)
Bununla belə Cəlalın bu hərəkəti birtərəflidir. Cəlal Gəray bəyə öz gələcək
qohumu kimi baxsa da, Gəray bəy onu bu cür qəbul etmir. Bu da təbiidir. Gəray bəy
onun «xanimanını dağıdanları» heç vaxt bağışlamazdı. Cəlal da onun nəzərində
qızının nişanlısı yox, yeni quruluşu yaradanlardan biridir.
Cəlal fikirləşmirdi ki, Gəray bəy yeni quruluşun düşmənidir və bu quruluşu
yaradanlara qarşı amansızdır.
Bu barışmazlıq həmin dövrün reallığı idi və şair də bu reallığı əks etdirmişdir.
İki qütb arasında elə bir dərin uçurum yaranmışdı ki, onların barışmasına ən kiçik
ümid belə yox idi. Şair özü də 1930-cu illərdə bu fikirdə olmuşdur. O, həmin vaxtlar
Osman Sarıvəlliyə məsləhət görürdü ki, varlı ailədən olan istəklisi ilə əlaqəni kəssin.
Şair öz dostuna belə yazmışdı: «...Çalış onlarla işi yoluna qoy. Əgər mümkün olmasa,
məsləhət görürəm, onu unut və təhsilinin dalınca get. İkinci də bəy qızı ilə evlənməyi
heç sənə məsləhət görməzdim. Bizim ulduzumuz onlarla barışan deyil. Çünki onlar
bizim sinfi, əbədilik düşmənimizdi». (42, 228)
Cəlal Səməd Vurğunun ən çox sevdiyi obrazlardandır. Şair əsər boyu öz
qəhrəmanını izləyir, «komsomol Cəlalım, şair Cəlalım»-
Dostları ilə paylaş: |