ƏDƏBİYYAT
-
Araslı, H. (1962). Kitabi - Dədə Qorqud. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı.
-
Araslı, H. (1978). Kitabi - Dədə Qorqud. Bakı: Gənclik.
-
Bartold V. V. (1962). Книга моего Деда Коркута. Перевод акад. В.В. Бартольда, М. - Л.: Изд. - во АН СССР.
-
Başgöz, İ (1986). Dede Korkutta Yanlış Okunan Bazı Kelimeler, Folklor Yazıları, İstanbul.
-
Böhtlingk, O. (1989).О языке якутов. Новосибирск
-
Будагов, Л.З. Сравнительный словарь турецко - татарских наречий, I, Санкт-Петербург, 1869; II, 1871.
-
Cəmşidov, Ş. (1999). А. Kitabi-Dədəm Qorqud. Bakı: Elm.
-
Clauson, Gerard (1972). An Etymological Dictionary of Pre - Thirteenth - Century Turkich. Oxford: Oxford At The Clarendon Press
-
DS (1977)-Türkiye’de Halk Ağzından Derleme Sözlüğü. X. Ankara: Türk Tarih Kurumu Basımevi.
-
DTS (1969). Древнетюркский словарь. Ленинград: Наука.
-
Ergin, Muharrem (1958). Dede Korkut Kitabı, I, Giriş - Metin - Faksimile, Ankara: Türk Tarih Kurumu Basımevi.
-
Ergin, Muharrem (1963). Dede Korkut Kitabı.II. İndeks - Gramer. Ankara: Türk Tarih Kurumu Basımevi
-
Ergin, Muharrem (1995). Dede Korkut Kitabı. 14. Baskı. İstanbul: Boğaziçi Yayınları.
-
ESTY (1974)-Этимологический словарь тюркских языков, I, Moсква:Наука.
-
ESTY (1978)-Этимологический словарь тюркских языков, II, Moсква: Издательство Наука.
-
ESTY (1997)-Этимологический словарь тюркских языков, V, Moсква: Издательство РАН.
-
Ət-töhfə (1945) - Ettuhfet - üz - Zekiyye Fil - Luğat - it - Türkiyye. Çeviren: B. Atalay. İstanbul.
-
Gökyay, Orhan Şaik (1995). Dede Korkut Hikayeleri. 4. Baskı. İstanbul: Dergah Yayınları
-
Gökyay, Orhan Şaik (2000). Dedem Korkudun Kitabı. İstanbul: Milli Eğitim Basımevi.
-
MK (1998) - Kaşgarlı, Mahmud. Divanü Lugat-it-Türk. Çeviren: B. Atalay , 4. Baskı, Ankara: Türk Dil Kurumu Yayınları.
-
KRS (1985)- Киргизско - русский словарь, I - II, Москва: Советская Энциклопедия.
-
TS (1996)-XIII Yüzyıldan Beri Türkiye Türkçesiyle Yazılmış Kitaplardan Toplanan Tanıklarıyla Tarama Sözlüğü. 2. Baskı. Ankara: Türk Dil Kurumu Yayınları.
-
Радлов, В. В.(1893-1905). Опыт словаря тюркских языков. С. Петербург.
-
Schmiede, Ahmed H. (2000) “Kitab - ı Dedem Korkut” Destanlarının Dresden Nüshası. Ankara: Türkiye Diyanet Vakfı Yayınları.
-
SƏ (1366) - Sihah əl-Əcəm (Lüğəti - Nemətullah), Kazan nüsxəsi. Nəşrə hazırlayan: Q. Bəgdili. Tehran.
-
Щербак, А.М. (1962). Грамматика староузбекского языка. Москва-Ленинград: Изд-во АН СССР.
-
Щербак, А.М. (1977). Очерки по сравнительной морфологии тюркских языков . (имя). Ленинград: Наука
-
Щербак, А.М. (1987). Очерки по сравнительной морфологии тюркских языков (наречие, служебные части речи, изобразителъные слова). Ленинград: Наука.
-
Tezcan, Semih (2001). Dede Korkut Oğuznameleri Üzerine Notlar. 1. Baskı, İstanbul: Yapı Kredi Yayınları.
-
Tezcan, Semih - Boeschoten, Hendrik (2001). Dede Korkut Oğuznameleri. 1. Baskı, İstanbul: Yapı Kredi Yayınları.
-
TRS (1968)-Туркменско - русский словарь . Москва: “Советская Энциклопедия”.
-
URS (1959) - Узбекско-русский словарь. Москва: Изд-во иностранных и национальных словарей
-
Zeynalov, F. R., Əlizadə, S. Q.(1988). Kitabi - Dədə Qorqud. Bakı: Gənclik.
-
Zulfikar, Hamza (1995). Türkçede Ses Yansımalı Kelimeler. Ankara: Türk Dil Kurumu Yayınları.
Asif HACIYEV (ŞİRVANELLİ)
Pedaqogika üzrə fəlsəfə doktoru
QORQUDŞÜNASLIQDA MÜBAHİSƏ DOĞURAN
BƏZİ SÖZLƏR HAQQINDA
“Dədə Qorqud kitabı” bir neçə tarixi mərhələni özündə əks etdirən boylar toplusudur. Bu boylar ilk dəfə Oğuz elinin böyük bilicisi Dədə Qorqud tərəfindən özünəqədərki və öz dövrünün tarixi olayları əsasında düzülüb qoşulsa da, sonrakı nəsil ozanlarının dili ilə dolğunlaşdırılmış və bizə məlum olmayan hansısa bir xanın məclisində söylənilərkən yazıya alınmışdır. Artıq 200 illiyini qeyd etməkdə olduğumuz qorqudşünaslığın gəldiyi nəticələrdən biri də budur ki, abidənin bizə gəlib çatmış Drezden və Vatikan nüsxələri daha qədim nüsxə və ya nüsxələrdən üzü köçürülmüş variantlardır. Odur ki, eposun yarandığı V-VI əsrlərlə sonuncu dəfə üzü köçürüldüyü XV-XVI əsrlər arasındakı min illik bir zaman müddəti xüsusilə onun dilində müəyyən izlər buraxmışdır. Geniş tətqiqatlar aparılmasına baxmayaraq, bəzi sözlərin hələ də mübahisəli oxunuşu və mənalandırılması məhz bu amillə bağlıdır ki, fikir müxtəlifliyi konteksində şərh olunan həmin sözlərdən bir neçəsi üzərində dayanmaq istərdik.
-
(D-3,10)
“Qazağuca qıymayınca yol alınmaz” deyiminin ilk iki sözü Vatikan nüsxəsində “qara qoça binməyincə” şəklində oxunan varintda yazılmışdır (V-3, 3). O.F.Sertkayanın üzərində ətraflı dayandığı bu deyimin təhlilindən (33, 63-71) aydın olur ki, “qara qoç” və “qazağuc” sözlərinin ifadə etdiyi mənalar tədqiqatçı alimlər tərəfindən fərqli yanaşmalarda izah olunmuşdur. Azərbaycan nəşrlərini əlavə etmək şərtilə mövcud yanaşmaların mahiyyətini açıqlamaq üçün onları bir daha nəzərdən keçirməyi məqsədəuyğun bilirik.
O.Ş.Gökyay deyimi “Karagoça kıymayınca yol alınmaz” kimi oxumuş (16, 20) və tərtib etdiyi sözlükdə “at, yügrük at, at sürüsü” və sual işarəsi ilə verdiyi “tavla” mənalarında izah etmişdir (16, 337). Maraqlıdır ki, böyük qorqudşünas “karakoç” sözünü də eyni anlamlarda açıqlamışdır (16, 337). M.Ergin deyimi “Kızağuça kaymayınca yol alınmaz” variantında transkripsiya etməklə (12, Ic, 74) ilk sözü -ça şəkilçisi qəbul etmiş “kızak” mənalı “kızağu” (12, IIc, 185), ikinci sözü isə “kay-” feilinin -mayınca şəkilçisi ilə işlənmiş feli bağlama forması kimi (12, IIc, 175) anlasa da, yekunda deyimi “Kara koç ata kıymayınca yol alınmaz” şəklində çevirmişdir (13, 16). O.Ş.Gökyay və M.Ergin oxunuşlarını müqayisəli təhlilə cəlb edən T.Tekin “kıymayınca” əvəzinə, Vatikan nüsxəsində “binməyincə” sözünün yazılmasına və mətn boyu “kara koça binmək” ifadəsinin daha çok işlənməsinə rəğmən deyimin “kara koça binməyincə” birləşməsi ilə verilməsini doğru hesab edir (37, 142-143). H.Araslı deyimi “Qaraqoca qıymayınca yol alınmaz” variantında oxumuş və ilk sözü “at” mənasında qavramışdır (22, 15). F.Zeynalov-S.Əlizadə nəşrində deyim “Qarağuca qıymayınca yol alınmaz” kimi verilmiş (23, 31) və ilk sözün oxunuşu belə bir şərhlə əsaslandırılmışdır: “Bizcə, “Qarağuc” sözü “qaracıq”ın metateza nəticəsində dəyişmiş variantıdır. Bütövlükdə bu söz KDQ mətnində üç mənada işlənmişdir: 1) At adı (xüsusi isim). 2) Qara camaatın, hamının mindiyi və minə biləcəyi at. 3) Yer adı (toponim). Burada ikinci mənada işlənib” (23, 225-226). Gorünür, elə buna görə də mətnin müasir çevirməsində həmin söz “Qaracıq” kimi verilərək “atın adı; qara camaatın mindiyi adi at” şəklində mənalandırılmışdır (23, 129). Düzü, mətn boyu rəngarəng epitetlərlə məth olunan, ağır hərbi yürüşlərdə Oğuz igidlərinə həmişə dayaq, arxa durub onları hətta ölümdən xilas edən, buna görə də böyük sevgi ilə “yoldaşım, qardaşım” deyə müraciət edilən atların bu yozumda şərhi inandırıcı görünmür. Ş.Cəmşidov isə yalnız nüsxə yazılışını “Qızaqucə” şəklində qeyd etməklə “Qara qoça qıymayınca yol alınmaz” varıantını seçim etmişdir (7, 101, 279). V.V Bartoldun “Не сгубив коня, дороги не пройти” (27, 14) tərcüməsindən anlaşılır ki, böyük şərqşünas ilk sözü “at” mənasında anlamış, ikinci sözü isə “kıymayınca” şəkilində oxuyaraq mənalandırmışdır. S.Tezcan-H.Boeschoten nəşrində bu hikmətli ifadə “Kazağuca binmeyince yol alınmaz” (39, 30) kimi verilmişdir. S.Tezcan tərəfindən açıqlanan bu oxunuşda “kıymayınca” sözü, katibin yol verdiyi xətalardan biri olaraq, Vatikan nüsxəsində getmiş “binmeyince” sözünün yerində işləndiyi göstərilirsə, “kazağuc” “at” mənasını daşıyan və kökü dəqiq müəyyənləşdirilə bilməyən söz kimi dəyərləndirilmişdir. Araşdırıcı bu sözün “kara koç” biçimində oxunması ilə qəti razılaşmayaraq yazır: “Ben, DKK'daki sözcügün aslında kazağuç olduğunu, çekimleyenlerin bunu anlamadıkları için kara koç biçimine sokmuş olduklarını sanıyorum” (40, 40-41). M.Tezcan yozumuna tənqidi yanaşan M.Tulum abidənin dilində işlənmiş çoxsaylı faktlara istinad edərək “kıymayınca” sözü ilə müqayisədə “binməyince” sözünün daha məntiqi olduğunu göstərməklə bərabər, başlanğıc sözün “Divani-lüğət it-türk” əsərində “kazmak, at haşarılanarak ve çamışlanarak ayağıyla yeri kazmak” anlamını daşıyan kaz- feil kökünə -a feil və -ğuç isim düzəldən şəkilçilərinin artırılması ilə yaranmış “kazağuç” olduğunu təsdiqləyir (27, 525). Alimə görə, bu deyim belə açıqlanmalıdır: “Yerinde durmayan, üstüne kimseyi bindirmeyen, hırçın, huysuz, gem vurulmaz, ram olmaz bir ata binmeyince (yani: üstüne çıkabilib sırtında durabilecek güce sahib olmadıkca) yol alınmaz” (41, 526).
M.Tulumun etimoloji açımının doğru olduğuna qatılan O.F.Sertkaya mənalandırması ilə bağlı şərhi imkansız sayaraq: “Bu kelime olsa olsa cinsi bildiren bir kelime olan “at” kelimesinin önüne gelen bir sıfat olmalıdır” (33, 65) fikrini irəli sürməklə abidənin mətninə istinadən “kazağuça” kəlməsini “kazağuç a” birləşməsinin düşümə uğramış şəkli kimi bərpa edir və deyimi “kazağuç a minmeyince yol alınmaz” variantında oxuyur (33, 70).
Beləliklə, qorudşünaslıqda müxtəlif oxunuş və şərhlərin irəli sürüldüyü üzə çıxır. Fikrimizcə, bu deyimdə sürətli yazıya alınma və ya üzündən köçürülmə prosesinin nəticəsi olaraq iki xətaya yol verilmişdir ki, bunlardan açıq-aydın duyulanı sonrakı sətirdə getmiş “Ər malına qıymayınca adı çıqmaz” (D-3, 11) atalar sözünün tərkibindəki “qıymayınca” feili bağlamasının mexaniki surətdə bu sətirdə yazılmasıdır. İkinci yanlışlıq isə bütün əsər boyu re hərfinin üzərinə bir nöqtə işarəsi qoyulmaqla ze kimi oxunmasından, eləcə də qaf və ğeyn hərflərinin oxşar konfiqurasiyaya malik olmasından irəli gəlir. Vatikan nüsxəsində “qara qoça” kimi oxunan ilk sözün Drezden nüsxəsində şəklində yazılaraq “qazağuça” kimi oxunmasını (-a yönlük hal şəkilçisidir) həm də abidəni yazıya alan və yaxud üzünü köçürən şəxsin “qara qoç” və “qazağuc” sözlərini semantik baxımdan fərqləndirə bilməməsi ilə izah etmək mümkündür.
Araşdırma göstərir ki, “qoç” sözü ilk mərhələdə “ayğır”, “buğur” sözləri kimi keyik, maral, dağ keçisi, qoyun kimi heyvanların erkəyinə verilmiş ümumi ad olmuşdur (15, 16-17). Sonradan məna daralması yolu ilə “ayğır” sözü atın, “buğur” sözü dəvənin, “qoç” sözü isə qoyunun erkəyini adlandırmağa xidmət etmişdir. “Qara eşək”, “qara buğur” birləşmələrində olduğu kimi, “qara” sözü “qara qoç” birləşməsində “güclü” anlamını ifadə edən təyinedici sözdür. Bu birləşmənin abidənin dilində “güclü erkək at” anlamında şəklində dəfələrlə işləndiyi müşahidə olunur. Məsələn:
Qara qoç atları kişnəşdirən ... (D-45, 13).
Mən qara qoç atıma binmədin il binmax gərək! (D-81, 2).
Qara qoçın oynaddı, Uruz kafiriñ sağına at dəpdi. (D-133,132-133).
Qara qoç ata binənlər vardı gəldi, Bədəvi atlu bir oğula, ya Rəb, noldu? (D-137, 10-11) və s.
Bu və digər işlənmə məqamlarını ayrıca qeyd etməklə “qara qoç at”, qara qoç ayğır” əvəzinə “kazağuç at”, “kazağuç ayğır” ifadəsinin verilməsini irəli sürən O.F.Sertkaya mülahizəsi (33, 69-70) özünü doğrultmur. Onun bütün məqamlarda -ım, -ın, -lar qrammatik şəkilçiləri qəbul etmiş “qara qoç” birləşməsini “kazağuç ” birləşməsinin düşümə uğramış şəkli sayması inandırıcı görünmür ki, bu da görkəmli alimin onu M.Tulum və S.Tezcan kimi, sadə bir ata deyil, “yerinde duramayan, sürekli olarak ayaklarıyla yeri eşeleyip duran, haşarı, huysuz, harın yanına kimseyi yaklaştırmayan, üzerine semer vurulup binilmesi güç, vahşi, ram olmayan” ata verilən təyinedici söz, yəni sifət (33, 65) hesab etməsi ilə əlaqəlidir.
Fikrimizcə, müasir naşirlər və tədqiqatçılar kimi, katib də arxaik “qazağuç” sözünün mənasını dəqiq bilmədiyi üçün işlədilməsi tələb olunan məqamlarda onu eynilə “qara qoç” birləşməsinin yazılışı kimi vermişdir. Lakin kontekstə əsasən bu sözləri fərqləndirmək olur ki, həmin məqamları nəzərə çarpdırmaq istərdik.
1. “Qazan bəg oğlı Uruz bəgiñ tutsaq olduğu boy”da Burla xatunun Qazan xana soylamalarından birində:
Qaytabanda qızıl dəvə bundan keçdi.
Torumları bundan bozlayıb bilə keçdi.
Torumcığım aldırmışam, bozlayayınmı?
Qazağucda Qazılıq at bundan keçdi.
Quluncığı kişnəyüb bilə keçdi.
Quluncığım aldırmışam, kişnəyəyinmi?
Ağayılda ağca qoyun bundan keçdi.
Quzucığı məñrişib bilə keçdi.
Quzucığım aldırmışam, məñriyəyinmi? (D-139, 6-11)
2. “Qañlı qoca oğlı Qan Turalı boyu”nda selcan xatunun Qan Turalıya soylamasında:
Hey, yigidim. Bəg yigidim!
Qaytabanlar torumundan dönərmi olur?
Qazağucda Qazılıq atlar quluncığın dəpərmi olur?
Ağayılda ağca qoyun quzıcığın süsərmi olur? (D-196, 11 – 197, 1).
3. “İç Oğuza Taş Oğuz asi olub Beyrək öldügü boy”da:
Qaytabanda dəvələrim bozlatmadın,
Qazağuçda Qazılıq atım kişnətmədin... (D-299, 2-3).
Bu məqamlarda yerlik hal şəkilçisi qəbul etmiş “qazağuç” arxaizminin eynilə “qara qoç” birləşməsi kimi bəzən , bəzən isə şəklində yazılmasına baxmayaraq, tamamilə fərqli məna daşıdığı şübhəsizdir. Göstərilən nümunələrdə dəvələrin qaytabanda, qoyunların ağayılda, atların isə qazağucda saxlanıldığı üzə çıxır. Digər tərəfdən, aydın olur ki, dəvə sürüsü qaytaban, qoyun sürüsü ağayıl, at sürüsü isə qazağuc adlandırılmışdır. Artıq bu misralarda ata şamil edilən “qüvvətli erkək” mənalı “qara qoç” birləşməsinin işlədilməsi özünü doğrultmur. Sonuncu boyun aşağıdakı cümlələrində də həmin sözün “atların saxlanıldığı yer” anlamında işlədilməsini görürük:
Qazağuçda Qazılıq atlarım kişnətdilər. (D-293, 2-3).
Qazağuçda Qazılıq atın çoq yilmişəm. (D-296, 9).
Qazağuçda Qazılıq atıma binərdim. (D-297, 1-2).
Araşdırma göstərir ki, “qazağuc” sözü qədim türk dilində işlədilən nadir arxaizmlərdəndir. Bu sözə, S.Tezcanın qeyd etdiyi kimi, cəmi iki mənbədə: “Kitab əl-idrak li-lisan əl-idrak” lüğətində və cağatayca “Səngülah” sözlüyündə eynilə üzərində dayandığımız sətirdə yazıldığı variantda rast gəlinir (40, 41-42). Həmçinin arxaik “kazağuç” sözü V.V.Radlov lüğətində “at” anlamında qeydə alınmışdır (31 IIc,1h, 367). XIII əsrin ikinçi yarısı – XIV əsrin əvvəlllərində yaşamış dilçi alim Əbu Həyyanın tərtib etdiyi lüğətdə oxuyuruq: “qazdı atını – ərəbcədəndir. Atının durmasını tələb etdi”. Görünür, alim “qaz-” feilindən törəndiyini ehtimal edərək “at saxlayan” anlamını ifadə edən “kazağuç” sözünü də bu şərhə əlavə etmişdir (14, 44). S.Tezcan şərhindən məlum olur ki, Ə.Cəfəroğlu və G.Clauson kimi tanınmış dilçilər belə bu sözün həmin anlamda işlənilməsini şübhə altına almışlar (40, 41). İki əski sözlükdə və “Dədə Qorqud kitab”nda işlənilməsinə istinadən o, belə bir sözün mövcud olduğu qənaətinə gəlir və həmin dilçilərin şübhələrini yersiz sayır (40, 42). Məşhur türkoloq V.V. Radlov isə mənbə olaraq cümlə nümunələri ilə əsaslandırdığı xalq danışıq dilini deyil, cağatay kitab dilini və 1870-ci ildə Parisdə nəşr edilmiş bir kitabı götürmüşdür (31, IIc, 1h, 367). Ona görə də həmin sözün ilkin mənasının müəyyənləşdirilməsində bu yozum yetərli sayıla bilməz.
M.Kaşğari lüğətində “heyvanlar üçün ağacdan düzəldilmiş ağıl” mənasında “kası” sözü işlədilmişdir (20, IIIc. 212). Türk dillərində s~z səz müvaziliyini nəzərə alaraq bu sözün Əbu Həyyan lüğətində “durdurmaq” mənasında işlənmiş “qaz-” feilindən düzəldiyini güman edirik. Maraqlıdır ki, orta əsrlərə aid türk yazılı mənbələri əsasında hazırlanmış “Tarama sözlüyü”ndə “kazmak” feili məhz atla bağlı şərh edilir: “Kazık çakıp (atı) bağlamak” (36, IVc, 2393). Burada atı bağlamaq üçün istifadə olunan arxaik “kazık” sözü “qazıx” fonetik variantında “yerə basdırılan dirək, paya, mıxça” mənasında indi də dialektlərimizdə işlədilməkdədir (3, 289). Əgər belədirsə, “qazağuc” sözü də qaz-(//kaz-) feilinə -ağ (-aq) ad düzəldən və -uç (//-ıç) kiçiltmə və əzizləmə mənalı şəkilçilərin artırılması yolu ilə yaranmış olmalıdır. Bir qədər də dərinə getdikdə bu sözün d-z səs keçidi ilə atın nəyəsə möhkəm bağlanmasını bildirən qada-(//kada-) feilindən yarandığını irəli sürmək mümkündür (44, 180). Qaytaban və ağayıl sözlərinin etimoloji açımı da bu mülahizələrin döğruluğuna zəmanət verən faktor kimi götürülə bilər. Araşdırma göstərir ki, “dəvə sürüsü” mənasını ifadə edən qaytaban sözü 1 yaşdan 7 yaşa qədər müxtəlif cinsli dəvələrə verilən kayalık, kayalak, kaylak, kaymal sözlərinin tərkibində daşlaşmış şəkildə qalmaqda olan arxaik “qay//kay” kökü ilə (44, 197), görünür, “sürü”, “ilxı” mənasını bildirən “taban” (müasir rus dilində “tabun” formasında yaşamaqdadır) sözlərinin birləşməsindən yaranmışdır. “Qoyun sürüsü” və “qoyunların saxlanıldığı yer” anlamını ifadə edən ağayıl sözü isə “çəpərləmək”, “hasarlamaq” mənalı arxaik “ağ-” feilinə -ağ//-ay və -ıl şəkilçilərinin artıtrılması yolu ilə düzəlmişdir (34, 83-84). Bu arxaizmin qədim türk yazılı abidələrində və müasir dilimizdə “mal-qara və qoyun saxlamaq üçün üstüaçıq yer” mənasında “ağıl” fonetik tərkibində daha geniş işləndiyi (4, Ic, 45; 11, 18; 35, 303) müşahidə olunur ki, abidənin mətnində də öz əksini tapmışdır:
Qıyan güci, Dəmir güci – bu iki qardaşı yanına aldı, ağılıñ qapusını bərkitdi. (D-39, 11-12).
Arqasını evürüb bərk ağılıñ ardın sökən! (D-46,1-2).
Dəlı Qarçarı yalıncaq eylədi, ağıla qoydı. (D-88, 3).
Qeyd edilən sözlər arasındakı bu məna yaxınlığına baxmayaraq, abidənin mətnində getmiş məqamların təhlilinə əsasən demək olar ki, “ağayıl” arxaizmi məhz “qoyun sürüsü” anlamında işlənilmişdir.
Beləliklə, hansı üsulla yaranmasından asılı olmayaraq, “qazağuç//kazağuç” sözünün “at saxlanılan yer” və “at ilxısı” mənalarında işlənildiyini söyləmək mümkündür. Üzərində dayanılan deyimə gəlincə, onun “Güçlü erkək ata minməyincə yol başa vurulmaz” fikrini ifadə etdiyi fikrindəyik.
2. Dirsə xan yerindən uru turdı, aydır: “Qalqubanı, yigitlərim, yerüñüzdən uru turuñ, bu qara – ayıb baña ya bəndəndür, ya xatundandır,” – dedi. (D-12, 4-6)
Bu cümlədə “qara – ayıb” variantında transkripsiya etdiyimiz sözlər qorqudşünaslıqda fərqli variantlarda oxunmuş və mənalandırılmışdır. O.Ş.Gökyay onu “kara ayıb” söz birləşməsi şəklində oxuyaraq (16, 26) “kara ləkə, büyük utanç, yaman eksiklik” anlamlarında izah etmişdir (16, 334). H.Araslı və F.Zeynalov-S.Əlizadə nəşrlərində “qara eyib” kimi verilmişdir (22, 20; 23, 34). S.Əlizadə seçimlərinə belə bir şərh yazır: “Kontekstdə “böyük eyib” mənasını verən həmin ifadənin HA və OŞ-da olan variantını doğru sayırıq” (23, 229). M.Ergin ərəb mənşəli “qəraib” sözünün “karayıb” deyiliş variantı kimi düşündüyü bu sözü “gariblik, acayiplik, tufahlık” mənasında açıqlamışdır (12, I c, 79; II c, 169). Ş.Cəmşidov da bu sözü ərəb mənşəli hesab edərək “qərayib” şəklində verir (7, 107-108, 284). S.Tezcan-H.Boeschoten nəşrində M.Ergin oxunuşu saxlanılmışdır (39, 36). V.V.Bartold isə həmin sözü rus dilinə “горе” kimi çevirmişdir (27, 17).
Abidənin mətni üzərində müşahidələr göstərir ki, söyləyici ozan (və ya nüsxə katibi) dövrü üçün arxaikləşən bir çox qədim sözlərin mənasını dinləyicisinə (oxucusuna) anlaşıqlı çatdırmaq üçün onların qarşısında müasir qarşılığını verməyi seçim etmişdir. Əlavəli sözlər kimi getmiş bu nümunələr boyların dilində diqqəti çəkən üslubi çalarlardandır ki, belə aydınlaşdırıcı əlavələrin bəzisi türk, bəzisi isə alınma – fars və ya ərəb mənşəli sözlərdən ibarətdir. Göstərilən məqamda “qara” sözü “ləkə, ayıb” mənasında işlənmiş daha qədim leksik vahid olub, eyni anlamlı ərəb mənşəli sözlə açıqlanmışdır. “Qara(//kara)” sözünün “ayıb” mənasında işlənilməsi faktına bəzi ədəbi mənbələrdə rast kəlinir. Məsələn, XIV əsrdə yaşamış Q.Bürhanəddin qəzəllərinin birində belə bir beyt var:
Qanqı könüldə ki odun olmaya,
Ol könüli bən bilürəm, qarə yox (6, 130).
Göründüyü kimi, bu beytdəki “qara” sözü “ləkə” mənasında işlənilmişdir. XVI əsr şairi Bakinin aşağıdakı beytində isə “qara //kara” sözünün məhz “ayıb” mənasında işlənildiyi “Tarama sözlüyü”ndə qeydə alınmışdır:
Dağ-ı siyah-ı sinemiz örtüle mevc-i eşkile
Bir gün ola ki Bakıya görmeye kimse karamız
(36, IV c, 2252).
Marqlıdır ki, bu məna “qara yaxmaq” frazeminin tərkibində günümüzə qədər gəlib çatmışdır. Fikrimizcə, tarixən bir çox mənalarda işlənən “qara//kara” sözü ilkin olaraq məlum rəng çalarını ifadə etmiş və çoxmənalılıq yolu ilə “ləkə, ayıb” anlamını qazanmışdır. “Dədə Qorqud kitabı”nda göstərilən məqamda sözün kontekstlə tam səsləşən bu mənası özündən sonra “ayıb” sözü əlavə kimi işlədilməklə dəqiqləşdirilmişdir. Ümumiyyətlə, belə bir yanaşma abidənin dilini səciyyələndirən cəhətlərdəndir. Məsələn:
Sağlığla sakıncın – dövlətüñ Haq artursın! (D-35, 1)
Ol obada bir yaxşı – xub yigit sayru düşmiş idi. (D-155, 9-10)
Göründüyü kimi, “dövlət” və “xub” sözləri sözü eyni anlamlı türk mənşəli “sakınc” və “yaxşı” sözlərinin əlavəsi kimi işlədilmişdir. Odur ki, “qara” sözünün məhz “ayıb, ləkə” mənasında açıqlanması özünü doğruldur.
3. Qara qıyma gözləriñ uyxu almış, açğıl axı!
On ikicə süñücügüñ urun olmış, yıqşır axı!
Tañrı verən tatlu canıñ seyranda imiş, andıd axı!
Üz-gözündə canıñ varsa, oğul, ver xəbər maña!
Qara başım qurban olsun, oğul, saña! (D-27, 4-7)
Mövcud nəşrlərdə “uzun” (7, 292; 23, 39), “özün” (16, 33), “ören” (12, Ic, 88), “örən” (22, 26), “üzen” (39, 43) varintlarında oxunub, həm müasir anlamda “uzun” (22, 137), həm mənsubiyyət və hal şəkilçiləri qəbul etmiş “öz” əvəzliyi (16, 388), həm də “viran, xarab” (12, IIc. 246) mənalarında şərh olunan “urun” sözü “Dirsə xan oğlu Buğac boyu”nda atası tərəfindən oxla kürəyindən vurulandan sonra huşunu itirən Buğacın başı üzərində anasının dilindən deyilmiş soylamanın tərkibində getmişdir.
İşlənmə məqamından çıxış edərək vaxtilə “dağılmış” mənasını ifadə edən “örən” formasında oxuduğumuz (ətraflı bax: 15, 7-11) bu arxaizmin qabırğaların – “on ikicə süñücügüñ” şişib qalxmasına işarə olaraq “urun” kimi verilməsini daha məqsədəuyğun hesab edirik. Belə bir nəticəyə gəlməyimiz 2 amillə bağlıdır:
Birinci, “Kitab”ın mətnində mütəmadi olaraq – r samitinin bir nöqtə qoyuluşu ilə – z kimi yazılma faktıdır ki, abidənin əlyazma katibinin sürətli yazı prosesində sistemli şəkildə təkrarladığı xəta kimi onlarca sözün fərqli şəkildə oxunmasına şərait yaratmışdır. Odur ki, “uzun” şəklində oxuna bilən sözün “urun” şəklində oxunması təəccüblü qarşılanmamalı, əksinə, əski əlifbanın mahiyyətindən irəli gələn hal kimi dəyərləndirilməlidir.
İkinci, “urun” arxaizminin ifadə etdiyi mənadır ki, olduqca məhdud mənbələr vasitəsilə açıqlana bilir.
İlk amilin üzdə olduğunu nəzərə alaraq ikinci ilə bağlı araşdırmalara keçək. M.Kaşğari lüğətində “dikilmək, dikəlmək, qalxmaq” mənalarında “urun-” feili qeydə alınmışdır (20, Ic, 247). Etimoloji baxımdan qayıdış mənalı bu feil “qalxmaq” anlamını bildirən “ur-” (// ör-) felinə -un qayıdış növ şəkilçisinin əlavəsi ilə düzəlmiş olmalıdır. Abidənin dilində işlənən “uru turmaq” (qalxıb durmaq) tərkibi feilində “uru” sözü də həmin feil əsasında yaranmışdır ki, buradakı -u feili bağlama şəkilçisidir. Türk naşirləri bu tərkibi feili “örü turmaq” kimi oxusalar da, eyni anlamda şərh edirlər. Qədim türk dilindəki feil-ad sinkretizminə uyğun olaraq “ur” sözü həm də “şiş”, “fır”, “çıxıntı” mənasını ifadə etməklə müasir türk dillərinin əksərində hələ də işlədilməkdədir (2, 233; 24, 306; 20, III, 3055-3056; 31, Ic, 2h, 1647; 34, 598). Fikrimizcə, “uzun”, “yoğun”, “qalın” sifətlərində baş verdiyi kimi, “urun” arxaizmi həmin “ur” sözünə sifət düzəldən -un şəkilçisinin artırılması yolu ilə “şiş”, “çıxıntı” mənasını bidirmişdir. Eposun mətnində cəmi bir dəfə işlədilən “urun” sözü müasir türk xalq danışıq dilində “yüce qat” (uca, yüksək tərəf) mənasını hələ də saxlamaqdadır (10, 4042). Bu qədim söz qırğız dilində “çıxıntı” mənasında işlənən “urunçuk” (-çuk kiçiltmə şəkilçisidir) və “dağ və ya qaya çıxıntısı” mənasında konkretləşən “urunt (-t alt, üst sözlərində olduğu kimi məkan anlamı yaradan qədim şəkilçidir) sözlərinin tərkibində daşlaşmış şəkildə hələ də yaşamaqdadır (21, 2с, 309). Maraqlıdır ki, -çuk şəkilçisi həm də “ur” kökünə artırılaraq qırğız dilində “dağın sivri çıxıntısı” anlamını bildirən “urçuk” sözünün (21, 2с, 309) yaranmasında da iştirak etmişdir. Həmçinin bu söz “urcık” fonetik variantında, demək olar ki, eyni mənada, yəni “dağın bir yanından dışarıya doğru fırlamış kaya parçası” mənasında (10, 4040) Türkiyə türkcəsində canlı xalq dilində işlədilməkdədir ki, bu da “urun” sözünün abidənin dilinə təsadüfi düşmədiyini göstərməkdədir. Beləliklə, Dirsə xanın xatunu kürəyindən oxla vurulmuş oğlunun on iki sümüyünün şişdiyini görüb, əmr şəklində işlətdiyi “yıqşır” feilinin sonuna “axı” təkid ədatını əlavə etməklə yaranmış şişin çəkilməsini, yığışdırmasını xahiş edir ki, bu da kontekstin məzmunu ilə tam səsləşir.
Dostları ilə paylaş: |