Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə36/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

göndərsin. Təzə-tər, gözəl-göyçək qızlar idi. Uşaq evində çətinlikləri çox olmuşdu. Elə 
sevinirdilər. Onları əcnəbi qonaqlarıma təhvil verdim ki, bu sizə bakirə qız hədiyyəsi, necədir? 
(Leyla hönkürdü) Barda görüşdüyün Zəminə həmin qızlardan biridi. Amma həyatını zəhərləsəm 
də, Zəminə taleyi ilə barışıb mənim yanımdan ayrılmadı. İnsafən, mən də ona pis baxmırdım. 
İndi barda işləməyinə baxma, əvvəllər onun üçün gözəllik salonu açmışdım. Özünə ev aldı. İndi 
mənim vəziyyətim pisdir deyə, bara qayıdıb. Gör necə sədaqətlidir! Görən kimi atılıb boynumu 
qucaqladı. Nə isə, əməlimin üstü açıldı. Məktəbin müdirəsini həbs etdilər, mən pul-para ilə 
canımı qurtardım. Sonra qəzetlərdə şayiə buraxdılar ki, guya universiteti bitirdiyim il qiymət ala 
bilməyən tələbə qızlara müştəri tapırmışam, amma ağ yalandır, heç vaxt belə olmayıb.  
 
Sonralar Vüqarla münasibətlərimiz korlandı. Klara ilə görüşürdü.  
- Kiminləəə?!! - Elə bil məni ildırım vurdu. Diksinib gözlərimi üzünə bərəltdim.  
- Klara ilə... Niyə təəccübləndin?  
- Heç... heç... buyur, buyur, eşidirəm. - Udqundum. Qəzetdə Klara ilə bağlı yazılar gözümün 
qabağına gəldi. Bir cümləsi hələ də ilişib ağlımda qalmışdı: “Sonrakı illərdə atasının sürətli 
karyera uğurlarından doğan imkanları hesabına sözü hər yerdə keçən və “qəzəbli dişi canavar” 
adı ilə çağırılan Klara cavan musiqiçi ilə tanış olandan sonra, həyatında hər şey yoluna düşür”. 
Qorxudan bədənimə üşütmə gəlmişdi. Viski dolu qədəhi başıma çəkdim.  
- Klara haqqında bir azdan sənə danışaram. Bu yaxınlarda qəzetlər də yazdılar.  
- Oxu... oxumuşam. - Kəkələdim. - Bəlkə balkona çıxıb havamızı dəyişək?  
Payız küləyi üzümə vurduqca eynim açıldı. Deməli, belə! Klara, Klara... Dişi canavar, general 
qızı... Sənin adamlarındır mənim günümü-gündüzümü zəqquma döndərən... Bədənimə üşütmə 
gəldi. Leyla da tir-tir titrəyirdi. Evə keçdik.  
- Nədən danışırdım... - fikirləşdi. - Hə, Vüqarla tanış olandan sonra istəyirdim ondan uşağım 
olsun. Daha doğrusu, bu təkcə mənim istəyim deyildi, Vüqar da arzulayırdı. Amma arzulamağa 
nə verirlər? Bu həmin vaxtlar idi ki, Gülüstanın uşağının üstünə qaynar su tökülüb ölmüşdü. 
Sənə demişəm, əri atandan sonra bədbaxt havalandı, dəlixanaya düşdü. Uşaq sarıdan heç 
birimizin bəxtimiz gətirmədi. Onun altı il müalicədən, nəzir-niyazdan sonra doğulan uşağı öldü, 
mənim də getmədiyim xəstəxana, yalvarıb-yaxarmadığım həkim qalmamışdı. Sən demə, uşaq 
vaxtı kor bağırsaqda edilən əməliyyatda həkimin səhlənkarlığı, naşılığı ucbatından uşaqlıq 
borularım, yumurtalıq zədələnibmiş. Buna görə xeyli müalicə aldım. Həkimlər demişdi ümidini 
Allahdan üzmə, hamilə qalacaqsan. Həm Allahdan uşaq istəmək, həm də... murdar işlərlə məşğul 
olmaq... bir... bir yerə necə sığar? Elə bil ilahidən gözümü-könlümü bağlamışdılar, qəlbim daş 
idi, daş!  
Bir gün həkim sevincək muştuluq istədi: hamiləsən! İlahi, yerə-göyə sığmırdım. Qanad açıb 
uçmaq, hamını bağrıma basmaq, sevincimdən dəli kimi, hönkür-hönkür ağlamaq istəyirdim. 
Dünya gözümdə işığa, nura qərq olmuşdu. Hamiləliyin üç ayı tamam olanda, hətta oğlum, yoxsa 
qızım olacağını öyrənmək üçün xəstəxanaya getmədim. İstəyirdim hər şey təbii, sürprizli olsun. 
Bu böyük xoşbəxtlikdən sarı intizar çəkməyə dəyərdi. Xatırlayırsansa, belə vəziyyətdə rayonları 
gəzdim, on beş günə yaxın açıq havada konsertlərim oldu. Efirdə-ekranda bir-birinin dalınca 
sujetlər hazırlanırdı, suallar verirdilər ki, uşağın atası kimdi? Yaxşı bir yalan uydurmuşdum: 
guya ailə qurmuşam, amma belə şeylər haqqında danışmağı xoşlamıram.  
Dost-tanışlar, hətta anam da çox çalışdılar ki, UZİ-yə gedim, yenə razı olmadım. Rayona 
gedəndə bir qohumumuz bizə gəlmişdi. Köhnənin təcrübəli mamaçalarındandı. Xalq təbabətini, 
türkəçarəni də gözəl bilir. Özü də uşaqxasiyyət, macərapərəst adamdı. Axşam mənə dedi, oğlun 
olacaq. Yerimdə donub qaldım. Necə yəni oğlum olacaq, bu hardan bildi? İnanmadım, 
fikirləşdim yəqin ürəyimdən oğlan keçdiyini hiss edib, ona görə könlüm xoş olsun deyə, danışır. 
Hətta məndən muştuluq da istədi. Razılaşdıq ki, əgər oğlum olsa, ona arzuladığı hədiyyəni 
alaram. Sən demə, arvad səhər tezdən mənim bütün hərəkətlərimə göz qoyurmuş. Arvadın 
bicliyinə bax: demə, hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa, yaxud ayaq üstə 
dayanandan sonra birinci sağ ayağını atırsa, bu, oğlan doğmağın əlamətidir. Heyrətdən donub 
qaldım, amma yenə inanmadım. Arvad bunu hiss edəndə məni xəlvətə çəkdi: 
- Hamilə olandan sonra cinsi yaxınlığa meylin azalıb, düzdür?  
Doğrudan, əvvəlki halımdan əsər-əlamət qalmamışdı. Bəzən gecələr səhərəcən yatmır, Vüqarı 
çimir almağa qoymurdum. Gecəboyu beş-altı dəfə orqazm olur, həzzdən bayılırdım. Həmişə 


içimdə vəhşi bir ehtiras olub, düşünmüşəm, dünyanın heç bir kişisi məni doyuzdura, istədiyim 
ləzzəti yaşada bilməz. Əslində, Vüqara dəfələrlə xəyanət etməyimin səbəbi də bu olub. Demə, 
qadın cinsi yaxınlığa az meyil edirsə, bu, oğlan olmağın əlamətidir. Həmin ərəfədə sol döşümə 
nisbətən sağ döşüm böyüməyə, şişməyə başlamışdı. Arvad dedi bəs nə, bu o deməkdi, bətnində 
oğlan gəzdirirsən. Ürəyimin şübhəsi tam çəkilsin deyə, bir boşqab su gətirib qapını arxadan 
bağladı.  
- Döşünü çıxar, - pəsdən dilləndi. - Bilmirdim nə edim, bir az da acığım tutdu. Arvad əl çəkmədi, 
özü köynəyimin yaxasını açdı. Hardansa axmaq bir fikir gəldi ağlıma: bu arvadı illərdi 
tanımamışam; xalis lezbiyandı, belə şeydən xoşlanır, kef tutur. Nə düşündüyümü davranışımdan, 
baxışlarımdan hiss edib pərt oldu. Amma işindən qalmadı, döşümü əlinə alıb boşqabın içinə bir 
iki damcı süd sağdı.  
- Süd qabın dibinə çöksə, deməli, qızdır. Yox, suyun üzündə qalarsa... mən dediyimdi: oğlan...  
Heyrətə gəldim. Süd həqiqətən suyun üzündə qaldı.  
Maraq mənə güc gəldi. Bakıya qayıdandan sonra birbaş getdim xəstəxanaya. Gördüm, həkimin 
gözləri gülür: oğlun olacaq!  
Həmin vaxtlar dünyada məndən bəxtəvər adam yoxuydu, inanırsan? Bəzən saatlarla oğlumla 
söhbət etməkdən usanmırdım. Hərdən bətnimdə yüngül çırpıntılar, tərpəniş hiss edəndə 
sevincimdən ağlayırdım. Sənət də, səhnə də, dostlar da gözümdən düşmüşdü. Daha doğrusu, heç 
birini meylim çəkmirdi. Amma xəstə eqoistliyim yavaş-yavaş baş qaldırdı: hamiləliyim gündəmi 
tutmaq üçün əla fürsət idi. Axşam düşən kimi uşaq pal-paltarı satılan mağazaları gəzib ələk-
vələk edirdim. O qədər oyuncaq, körpə paltarları almışdım...  
Leyla barmaqlarının ucunu yanaqlarında gəzdirib göz yaşlarını sildi. Yenə nəsə demək istəyirdi, 
sözü dilində öldürdü. Boğazına yığılan qəhərdən boğuldu, sonra bir topa acı qəhər qaynar 
qurğuşun kimi sinəsinə yayılıb içini közlədi.  
- Vüqar get-gedə məndən soyumağa başladı. Əvvəl-əvvəl onu başa düşmürdüm. Əslində, hamilə 
qalandan sonra o məni daha çox sevməli, nazımı çəkməliydi. Sonradan öyrəndim ki, Klara ilə 
görüşür. Klaranın adını çoxdan eşitmişdim, amma kim olduğunu bilmirdim. Daha doğrusu, heç 
kim bu haqda danışmaq istəmirdi. Müğənnilər arasında bir yazılmamış qayda vardı: Kimliyindən 
asılı olmayaraq, onun bütün tapşırıqları sözsüz yerinə yetirilməliydi. Belə deyək, Klara bizim 
gözəgörünməz idarəçimiz idi. Eşitmişəm, təkcə şou-biznes yox, qəzetlər, televiziyalar da onun 
nəzarətindədir. Məsələn, o istəyəndə iki düşmən müğənni efirdə qucaqlaşıb öpüşməli, bir-birinə 
can deməliydilər. Düzdü, belə şeylər çox az-az olurdu, amma ona nə var, kefinə düşəndə 
istədiyini boğazımıza tıxamaqdan qalmırdı. Klaranın Türkiyədə, Rusiyada, Avropa ölkələrində 
böyük şirkətləri, bankları var. Nə bilim, hətta deyirlər, dünyanın böyük narkobaronları ilə dostuq 
edirmiş. Adı gələndə hamı nəfəsini içinə çəkib hürkürdü. Çox nadir hallarda tədbirlərə qatılır. 
Adətən, onun iştirak etdiyi məclislərdə çal-çağır, oxuyub-oynamaq olmazdı: rəsmi, quru, 
maraqsız çıxışlar, vəssalam... Televiziyada bir departament rəhbəri var, etibarlı, inandığım 
adamdı, işdən çıxardılar. Bir dəfə söz arası mənə demişdi ki, Klaranın psixoloji problemləri var, 
uşaqlıqda travma alıb. Bilmirəm, bu yaxınlarda qəzetdə yazılanları oxudun, ya yox?! Onunla 
mənim heç vaxt problemim olmayıb. Daha doğrusu, bilirsən, ola da bilməzdi axı, qorxurdum. 
Bir gün Vüqar hər şeyi özü danışdı. Sən demə, məndən əvvəl onunla bir yerdə olub. Sonra qız 
özü bundan uzaqlaşıb. Amma səbəbsiz-filansız. Deyib, lazım olanda, ürəyim istəyəndə 
çağıracam, birdəfəlik gələrsən.  
- Leyla... vallah..., düzünü deyim, inandırıcı gəlmir nəsə. Bəlkə nəyisə danışmırsan, ona görə... 
Klara haqqında lap çoxdan eşitmişəm, qəzetdə yazılanları da oxudum. Amma belə adamın 
Vüqara meyil salmağı... bəlkə ola bilər, nə bilim...  
- Başa düşürəm səni. Amma Vüqarı ələ keçirməkdən sarı çox qızlar çalışıblar. Klara da qadındır. 
Düzdür, o istəsəydi Vüqarı hər vaxt yanına çəkə bilərdi. Görünür, uzun ayrılıqdan sonra meyli 
indi çəkib. Şərt var-dövlətin az-çoxluğunda, hörmətdə, şan-şöhrətdə deyil, Vüqar hər dona 
məharətlə girib adamın gözünə kül üfürsə də, əclaflığını gizlətməyi bacarır. Sənə dedim axı, 
həddən artıq maraqlı adamdır. İnsanın qəlbini şeytan kimi oğurlamağı bacarır. Bir də, hansı 
qadın istəməz ki, yanında belə istedadlı bəstəkar olsun. Tanınır, sevilir, hər yerdə ehtiramla 
qarşılanır, yaraşıqlıdır... Mən heç vaxt bilməmişəm ki, o, əvvəllər Klara ilə görüşüb. Ətrafımda 
olan, Vüqarı məndən qabaq tanıyan adamlar da bunu hiss etdirməyiblər. Vüqara görə yox, 
Klaranın qorxusundan.  


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə