IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
877
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
cəhət mənasında da işlənmişdir. “Dağ” leksemi yüksəklik mənasını ifadə edir. Türkdilli xalqların
yaşadığı geniş coğrafiyaya nəzər saldıqda onların daha çox dağlıq ərazilərdə yaşadıqlarını görmək
olar. Bu baxımdan dağ sözü həmin ərazilərdə bir sıra toponimlərdə öz əksini tapmışdır. Qaradağlar
toponimin tərkib hissələrinin məzmunu ayrılıqda aydınlaşdıraraq sözü “güclü dağlı” kimi izah etmək
olar. Türklər hər zaman özlərini güclü bir xalq kimi tanımış və tanıtmışlar. Hətta türk sözünün əsas
mənalarından biri kimi “güclü” sözü göztərilir. Müstəsana gücə malik olan bu tayfa üzvlərinin də
dağlıq ərazilərdə qərarlaşdıqları üçün özlərini “qaradağli”-“güclü dağlı” adlandırmaları həqiqətə
uyğundur.
Bu toponimə Azərbaycanda Ağsu, Gədəbəy, Ağdam, Ağdaş , Füzuli, Tərtər, Ucar rayonlarında
oykonim, Xaçmaz rayonunda Qaradağlı Buduq oykonimi, Cənubi Azərbaycanda vilayət adı kimi rast
gəlinir.
SƏBƏB-MƏQSƏD MƏZMUNLU QOŞMALAR
Günay İBIİŞOVA
253 № li tam orta məktəb
ibishova.gunay@mail.ru
AZƏRBAYCAN
Dünya dillərində ən qədim söz qrupları içərisində köməkçi nitq hissələri özünəməxsus yer tutur.
Azərbaycan qrammatikasında da köməkçi nitq hissələri tədqiq olunan obyektlərdən biridir. Bu sözlər
köməkçi vəzifə ifadə etmələrinə baxmayaraq, dildə mühüm rol oynayır.
Azərbaycan dilçiliyində köməkçi nitq hissələri tərkibində qoşmalar ifadə etdiyi rəngarəng
mənaları ilə və spesifik fərqli xüsusiyyətləri ilə seçildiyinə görə hər zaman diqqət mərkəzində
olmuşdur.
Qoşmaların digər köməkçi nitq hissələrindən fərqlənən əsas cəhəti budur ki, qoşulduqları sözlərlə
birlikdə müxtəlif məna çalarları yaratmaqla yanaşı, yaranan çalarlıq əsasında müxtəlif sintaktik
münasibətləri də əks etdirir.
F.Zeynalovun fikrinə əsaslanaraq bildirmək istərdim ki, elə qədim dövrlərdən qoşmalar, adətən,
hal şəkilçilərinin ifadə edə bilmədikləri münasibətləri bildirməyə, bu şəkilçilərin ifadə etdiyi
xüsusiyyətləri dəqiqləşdirməyə xidmət etmişdir.
Müasir Azərbaycan dilində qoşmalar müəyyən dəyişikliklərə uğrayaraq formalaşmışdır. Bu
lüğəvi mənası olmayan sözlər yalnız adlıq, yiyəlik, yönlük və çıxışlıq halda olan leksik vahidlərə
qoşularaq bir məna ifadə edir. Bu baxımdan qoşmaların qrammatik mənaları aid olduqları sözlərlə
birlikdə reallaşır.
S.Ə.Cəfərovun fikrinə əsasən qoşmalar isimlərin, əvəzliklərin və ya substantivləşmiş feil, sifət və
sayların vasitəli hal şəkilçiləri ilə feillər arasındakı sintaktik əlaqələri göstərən qrammatik kateqoriyadır.
F.Zeynalov da qoşmaların adlar və adlarla feillər arasında müxtəlif sintaktik münasibətləri əks
etdirməyə xidmət edən bir kateqoriya olduğunu bildirir. Bu kateqoriyaya daxil olan sözlər əsas nitq
hissələrinin məzmununu bu və ya digər cəhətdən tamamlamağa, zənginləşdirməyə xidmət edir.
Qoşmalar içərisində, əsasən, üçün, ötrü, görə qoşmaları səbəb-məqsəd bildirən qrammatik məna
çalarlığını əks etdirməkdə xüsusi əhəmiyyət kəsb edir. Məsələn: Qanun özü- insanlıq üçün borc
ödəməkdir!(B.Vahabzadə)
Qoşmalar, adətən, sinonim olaraq bir-birini əvəz edə bilir, ancaq hər zaman yox, çünki hal
şəkilçiləri qoşmaların daşıdığı hər hansı bir məna çalarlığını bütünlüklə əhatə edə bilmir. Bu baxımdan
sinonimlik bütün qoşmalara şamil edilə bilməz.
Hətta üçün, ötrü, görə qoşmaları hər zaman əvəzetmə funksiyasını daşımadığına görə bütünlüklə
səbəb məzmununu da ifadə edə bilməz.
Üçün qoşması, əsasən, adlıq və yiyəlik halda olan sözlərə artırılaraq səbəb və məqsəd
mənalarıını ifadə edir: Mənə elə gəldi ki, vətənim üçün dağı dağ üstünə qoya bilərəm! (İ.Əfəndiyev);
Bu da uşaqdır, bu da insandır, ehsanlıq tut əslən bunun üçün, yetimlər, aclar üçün əkilib. (M.Cəlal)
Lakin bu qoşmanın etimologiyasını araşdırarkən onu səbəb və məqsəd məzmunu ilə yanaşı,
müəyyən qədər də nəticə və aidlik bildirən qoşma da adlandırmaq olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
878
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
F.Zeynalov isə belə iddia edir ki, ümumən türk dillərində üçün qoşması aidlik mənasında bəzən
istinad, and içmək, bəzi məqamlarda isə mücərrədlik və istehza mənalarını ifadə edən, qismən də olsa,
zaman münasibətini bildirən qoşmadır.
Qeyd etmək istərdim ki, Azərbaycan dilçiliyində üçün qoşması səbəb yox, daha çox məqsəd
məzmunundan çıxış edir: Səni görmək üçün gəlmişəm; Cahandar ağa qaraltı alovun işığına çıxan kimi
nişan almaq üçün barmağı tətikdə hazır dayandı.(İ.Şıxlı) – nümunələrindən də aydın olur ki,
gəlməyimin məqsədi səni görmək, tətikdə hazır dayanmağının məqsədi nişan almaqdır.
Bu qoşma, adətən, məsdər və məsdər tərkiblərinə qoşularkən məqsəd məzmununu əks etdirir və
cümlənin məqsəd zərfliyi vəzifəsində: Sanki dincəlmək üçün deyil, bu baxışları ilə ürəyindəki əlacsız
dərdlərini həmvətənlərinə söyləmək üçün oturmuşdur. (M.Cəlal); Cavan padşah öz səltənətini
düzəltmək və nizama salmaq üçün böyük zəhmətlər çəkməli oldu.(M.F.Axundov); feili sifət və feili
sifət tərkiblərinə qoşulduqda isə səbəb məzmununu ifadə edir və cümlənin səbəb zərfliyi vəzifəsində
çıxış edir: Elçin qorxduğu üçün qaçdı. Ağabəyim ağa da dərin zəka sahibi olduğu üçün şah onu baş
hərəm, yəni Şahbanu təyin etmişdi.(İ.Əfəndiyev)
Dilçilikdə görə qoşması işlənmə dairəsinin genişliyi ilə seçilir. Bu qoşma yalnız yönlük hal
şəkilçisi qəbul etmiş söz və ya söz birləşmələrinə artırılarkən iş və hərəkətin icra səbəbini və ya
məqsədini aydınlaşdırır. Bu halda onu üçün qoşmasının sinonimi saymaq olar. Məsələn: ona görə,
dediyinə görə, sizə görə və s. Nə olub, yoxsa mənim çəkdirdiyim arxı uçurdub dağıtmağına görə
(dağıtdığın üçün) ürəyin nazilib? (İlyas Əfəndiyev); ...Sonra Səfəviyyə nəslindən bir şahzadəni təxtə
oturdaq ki, bari nəcabətinə görə (nəcabəti üçün) təxtü-taca səzavar olsun?! (M.F.Axundov)
Görə qoşması tək səbəb və məqsəd anlayışlarını bildirməyə xidmət etmir, bunlarla yanaşı
müqayisə mənasında, bəzən də isnad bildirən qoşma mövqeyindən çıxış edir. Məsələn: Arifə görə
Vahid cavan görünürdü.
Bu qoşma yönlük hal şəkilçisi qəbul etmiş əvəzliklərlə əlaqədə olduqda isə qoşmalıq
vəzifəsindən uzaqlaşır, səbəb məzmununu ifadə edən bağlayıcıların yaranmasına xidmət edir. Belə ki,
səbəb bağlayıcıları da tabeli mürəkkəb cümlələrin növlərindən olan səbəb və məqsəd budaq
cümlələrinin yaranmasında fəal iştirak edir.
Müasir Azərbaycan dilində ötrü qoşması da öz funksiyası ilə diqqət mərkəzindədir. Dilçilik
ədəbiyyatında bu qoşma haqda müxtəlif fərziyyələr irəli sürülmüşdür.
Ötrü qoşması isə çıxışlıq halda olan sözlərə qoşularaq səbəb çalarını yaratmaq xüsusiyyətinə
malik olur, məsələn: dostundan ötrü, sizdən ötrü və s. O, istəklərini bacısından ötrü həyata keçirmədi.
Həmçinin bu qoşmanın digər qoşmalar kimi yalnız səbəb məzmununa malik olmadığı ifadə edilir,
bəzən qoşulduğu sözlə birlikdə məqsəd, nəticə, müəyyən qədər aidlik mənalarının da əks edildiyi
düşünülür.
M.Hüseynzadə ötrü qoşmasını çıxışlıq hal şəkilçisi qəbul etmiş məsdərlərlə işləndikdə məqsəd
anlamını, bəzən isə isim və əvəzliklərlə işləndikdə aidlik mənasını ifadə etdiyini bildirmişdir: Ona
binaən meyvələri çox saxlamaqdan ötrü yaxşıdır onları havadan mühafizət edəsən... ( “ Əkinçi” 1875,
20 sentyabr, № 5)
Dilimizdə çox az miqdarda işlənən dolayı və sarı qoşmaları həmçinin səbəb-məqsəd münasibətini
yaratmaq iqtidarındadır və bu qoşmalar da üçün, ötrü qoşmalarına sinonim səciyyəlidir.
Qoşmalar sintaktik vahidlərin yaranmasında mühüm rol oynayır. Belə ki, onlar əlaqədə olduğu
sözlərlə birlikdə (xüsusilə səbəb-məqsəd çalarını ifadə edənlər) müxtəlif cümlə üzvü vəzifəsində çıxış
edir. Səbəb–məqsəd məzmunlu qoşmalar cümlənin tamamlığı, səbəb və məqsəd zərfliyi, bəzən də
xəbəri vəzifəsində işlənir:
1. Tamamlıq vəzifəsində - Mən sizin üçün çiçək gətirəcəyəm. (C.Cabbarlı)
2. Zərflik vəzifəsində - Cahandar ağa səhər tezdən atın örtüyünü dəyişdirmək üçün dəyədən
çıxdı.(İ.Şıxlı)
3. Xəbər vəzifəsində -Bu hədiyyə sənin üçündür.
Müasir Azərbaycan dilinin materialları üzərində apardığımız tədqiqatın nəticəsi göstərir ki,
dilimizdə səbəb, məqsəd və bir sıra başqa mənaları ifadə edən qoşmaların əsaslı mahiyyəti vardır.
Onları şərh etməyə yardım edə biləcək qədər nümunələrimiz də mövcuddur.