Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/245
tarix02.10.2017
ölçüsü5,01 Kb.
#2897
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   245

 
18
möcüzə gizlətmədiyi həmişə təlqin olmuşdur. Lakin, əslində insan öz sirli daxili aləmi ilə maraq dairəsindədir. 
Əgər elə olmasaydı insan əsərləri ilə dünya sivilizasiyasına möhtəşəm sənət nümunələri bəxş etməzdi. 
İnformativ funksiya – tarixi varisliyin və sosial təcrübənin ötürülməsinə xidmət edir. Bəşəriyyətin 
mədəniyyətdən başqa mənəvi sərvətləri ötürən və geniş yayan digər bir sahəsi yoxdur. Mədəniyyət nə genetik, 
nə  də bioloji yolla ötürülür. Mədəniyyət öz təbiətinə görə tarixi mahiyyət kəsb edir. Onun bu günü keçmişə 
əsaslanaraq gələcəyi formalaşdırır. Məhz mədəniyyətin köməkliyi ilə sosial təcrübə bir nəsildən digərinə 
ötürülür. Əgər söhbət ayrıca tarixi dövr və mərhələdən gedirsə onda mədəniyyət vasitəsilə informasiya hər hansı 
bir ölkədən digərinə, bir xalqdan başqasına çatdırılır. Məhz bu xüsusiyyətinə görə  mədəniyyəti bəşəriyyətin 
«qeyri-genetik yaddaş»ı adlandırmaq olar. 
İnformasiyanın məkan və zaman çərçivəsində ötürülməsi kanalı təkcə mənəvi mədəniyyətlə deyil, həm də 
maddi mədəniyyətlə izah edilir. 
Kommunikativ funksiya – bilavasitə informativ funksiya ilə qarşılıqlı əlaqədədir. İnsanın bütün fəaliyyət 
istiqamətlərini (istehsal, ideoloji, siyasi, dini və s.) söz müşayiət edir. Dilin özü mədəniyyətin məhsulu olub, 
insanlar arasında hərtərəfli münasibətlər yaradaraq, həm də bu və ya digər mədəniyyətin vasitəçisi rolunu 
oynayır. Ünsiyyət prosesi həm incəsənətin spesifik dili ilə (musiqi, rəqs, kino, teatr və s), həm də elmin dili ilə 
(riyazi rəmzlər, kimyəvi formullar və s.) həyata keçirilir. Əgər tarixin müxtəlif çağlarında ünsiyyət vasitəsi kimi 
nəsildən-nəslə, insandan-insana şifahi, qrafik formada işarə sistemləri ötürülürdüsə, müasir dövrdə yeni 
nəqliyyat vasitələrinin, texnika, kütləvi informasiya vasitələrinin (mətbuat, radio, televiziya, kino, audio və vid-
eo yazılar, internet) inkişafı  nəticəsində informasiyaların ötürülməsində yüksək irəliləyişlər  əldə edilmişdir. 
Texniki vasitələr bir tərəfdən ünsiyyəti genişləndirirsə, digər tərəfdən onu mərükkəbləşdirir, çətinləşdirir. Bu, ilk 
növbədə insanların maddi və ya mənəvi dəyərlərlə canlı ünsiyyətin qurulması  şəraiti ilə izah edilir. Məsələn, 
muzey əşyası ilə tanış olmaq üçün tamaşaçının ekspozisiya zalına getməsi o qədər də vacib deyil. Ona tamaşaçı 
həm televiziya, həm də video çəkilişi ilə tamaşa edə bilər. Musiqiyə qulaq asmaq üçün konsert və ya filarmo-
niyaya getmək vacib deyil, ona maqnitofon və ya kasetlərdə qulaq asmaq mümkündür. 
Beləliklə, kommunikativ imkanların genişlənməsi mədəniyyətlərin milli xüsusiyyətlərinin kölgədə 
qalması və vahid ümumbəşəri sivilizasiyanın formalaşmasının təminatçısıdır. 
Requlyativ (və ya normativ) funksiya – bu cəmiyyətin bütün insanlara tələb və normalar sistemi ilə 
yanaşılmaısnı bildirir. Yəni insanların bütün fəaliyyət sahələrində – əmək, məişət, qruplararası münasibətlərdə 
və s. cəmiyyət insanlar üzərində bir sıra tələb və normalar qoyur ki, bu da çox vaxt mədəniyyətlə tənzimlənir. 
Mədəniyyətin köməkliyi ilə insan və ya insan qruplarının davranışı cəmiyyətin onların üzərinə qoyduğu norma 
və prinsiplərə uyğunlaşdırılır. Bu funksiya əxlaq və hüquq kimi normativ sistemlərlə möhkəmləndirilir. 
Beləliklə, mədəniyyət insanın gündəlik fəaliyyətini də  tənzimləyir. Mədəniyyətin requlyativ funksiyası 
əxlaqın müxtəlif sahələri nəticəsində həyata keçirilir: bunlardan ən aliləri əxlaqi, mənəvi dəyərlərdir. Bunlar da, 
yəni əxlaqi dəyərlər tarixin gedişində dəyişərək xalqdan-xalqa ötürülür. Dünya inkişaf etdikcə əxlaq normaları 
qarşılıqlı  zənginləşir və daha da ümumbəşəri  əhəmiyyət kəsb etməyə başlayır. Yəni insanlar indi daha aydın 
surətdə  dərk etməyə başlamışlar ki, hamı bir gəminin sərnişinləri olub, baş verən neqativ hadisələrə qarşı 
mübarizə apara bilirlər.  Əxlaq normalarının  əsas tənzimləyicisi kimi, hələ  ən qədimlərdən kilsə, 
müsəlmançılığın tarixindən başlayaraq isə, islam, Qurani-Kərim, məscidlər olmuşdur. Bunların hər birindəki 
müddəa və göstəricilər ümumbəşəri xarakter kəsb edirdi. 
Mədəniyyətin requlyativ funksiyasını ifadə edən  əsas səviyyələrdən birini də, yuxarıda qeyd olunduğu 
kimi, hüquq normaları təşkil edir. Əgər əxlaq normaları özünü dini mətn və sənədlərdə, ədəbiyyatlarda təzahür 
etdirirsə, hüquq normaları konstitusiya və qanunlarda təsbit olunur. Bu cəhətinə görə, həmin normalar təkcə 
əxlaqi, mənəvi mahiyyət deyil, həm də hüquqi əhəmiyyət və məzmun kəsb edir. Ona görə də, müxtəlif xalqların 
hüquq normalarındakı fərq əxlaqi normalardakı dərslərdən xeyli müqayisə olunacaq səviyyə kəsb edir ki, bu da 
ilk növbədə, hər bir millətin, xalqın konkret tarixi, temperamenti ilə izah olunur. 
Mədəniyyətin normativ tərəfini əks etdirən digər səviyyələrdən birini də adət və ənənələr təşkil edir. Adət 
həyatın müxtəlif sahələrində və şəraitində nəsildən-nəslə ötürülən normaların möhkəm və davamlı davranış siste-
midir. Müəyyən nümunəvi forma kəsb edərək adətlər daha davamlı və konservativ xarakterə malik olub, əsrlərdən 
əsrlərə ötürülür. Mərasim və  ənənələr isə daha çox dini məzmun kəsb edir. Bu, dindarların kilsə, məscid və ya 
digər xüsusi ayinlərin kollektiv şəkildə simvolik fəaliyyətləridir. 
Bütün bunlarla yanaşı, mədəniyyətin requlyativ funksiyası  məişətdə, təbiətdə, digər insanlarla 
münasibətlərdə öz normalarını müəyyənləşdirir. 
Aksioloji (qiymətləndirici) funksiya – mədəniyyətin bu funksiyası insanların hələ Sokrat tərəfindən 
verilmiş «xeyir nədədir?» sualının cavabının tapılmasında təzahür edir. Bəşər tarixində bütün zəka sahibləri bizi 
əhatə edən «faydalı» və «zərərli» olanların təsnifatının verilməsinə çalışmışlar. Praktiki fəaliyyət prosesində 
insan intellekti vasitəsilə dəyərlərin təsnifatı verilmiş və qiymətləndirilmişdir. Təcrübə zənginləşdikcə bir çox 
dəyərlər nəzərdən keçirilmiş, bəziləri sıradan çıxmış, yeniləri meydana gəlmişdir. Müxtəlif xalqlarda «xeyir», 
«şər» anlayışları özünü müxtəlif dəyərlərdə  təzahür etdirdi. Lakin bütün bunlara baxmayaraq insan bütün za-
manlarda nəyin xeyirli və zərərli olduğunu həmişə anlamışdır. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə