25
bəli, bilir, həm də hökmdar hər nə iş görsə, onun üçün yaxşı olmalıdır. Bu sözləri deyir, oğlunun ətindən qalan tikələri
də yığıb evə qayıdır. Bəlkə də, oğlunun cəsədindən nə qalıbsa, onları toplayıb torpağa tapşırmaq istəyirmiş.
120. Astiaq Arpaqı belə cəzalandırır. Sonra hökmdar Kuruşun taleyi ilə bağlı yuxunu əvvəllər yozmuş mağları
məsləhətə çağırır. Mağlar gəlirlər və Astiaq yuxunun mənasını onlardan yenidən soruşur. Onlar isə əvvəlcə dediklərini
bir də təkrar edib söyləyirlər ki, əgər uşaq vaxtından əvvəl ölməsəydi, yəqin hökmdar olardı. Astiaq isə onlara etiraz
edir: "Uşaq ölməmişdir, o sağdır. O kənddə yaşayanda kənd uşaqları onu hökmdar seçiblər, o da hökmdara layiq
şəkildə öz ətrafına gözətçilər, qapıçılar, xəbərçilər və başqa xidmətçilər qoyaraq, özünü əsl, hökmdar kimi aparmışdır.
Sizin fikrinizcə, bu nədən xəbər? verir? Mağlar cavab verirlər: "Uşaq sağdırsa, hətta qarşısına məqsəd qoymadan
hökmdar olubsa (çünki bu heç kəsin zənninə belə gəlməmişdir), onda qorxma və narahat olma: axı, o artıq ikinci dəfə
hökmdar olmayacaqdır. Hətta, rəmmalların belə bəzi buyruğu boş-bekar şey olur, bir sıra yuxuların da heç bir mənası
olmur". Astiaq belə cavab verir: "Mağlar, mən də elə bu fikirdəyəm. İndi ki, uşaq (bir dəfə), özü də (ancaq sözdə)
hökmdar olmuşdur, demək, yuxu doğru çıxmışdır və mən heç nədən ehtiyat etməməliyəm. Amma, hər halda, sizdən
xahiş edirəm ki, mənim və sizin evinizin təhlükəsizliyi üçün necə hərəkət etmək lazım olduğunu yaxşı fikirləşəsiniz".
Mağlar buna belə, cavab verirlər: "Hökmdar! Taxtın sənin əlində qalmağının bizim üçün də əhəmiyyəti var. Əgər
hökmranlıq bu fars oğluna keçsə, onda özgə əlinə düşər, biz midiyalılar qul olarıq, farslar da yadellilər kimi bizə
həqarətlə baxarlar. Amma hələ ki, hökmdarımız sənsən, öz tayfamızdansan, idarə işində biz də iştirak edirik, sənin
yanında böyük şərəf sahibiyik. Ona görə də sənin arxanda durub, hakimiyyətini qorumağa tam əsasımız var. Əgər səni
təhdid edən təhlükəni görmüş olsaydıq, hamımız fikrimizi açıqcasına sənə söyləyərdik. Amma yuxu boş-bekar
çıxdığına görə nə biz özümüz qorxuruq, nə də sənin qorxmağını məsləhət görürük. Bu uşağı gözündən iraq elə, göndər
Parsaya, valideynlərinin yanına".
121. Mağlardan belə məsləhət eşidib sevinən Astiaq Kuruşu çağırır və ona belə deyir: "Oğlum! Mən səni yanlış
çıxan (yuxu nəticəsində) incitmişəm, amma Fələyin buyruğuna görə sağ qalmısan. İndi sağ-salamat Parsaya yola düş,
mən sənə müşayiətçilər verərəm. Orada heç də naxırçı Mitradata və onun arvadına oxşamayan ata-ananı taparsan".
122. Astiaq bu sözləri deyib Kuruşu buraxır. Kuruş isə Kambisin evinə gələndə valideynləri onu qəbul edir və (kim
olduğunu, haradan gəldiyini) biləndə öpüşə qərq eləyirlər (axı, onlar elə bilirdilər ki, o, elə həmin vaxt öldürülmüşdür).
Sonra necə salamat qaldığını öyrənmək üçün oğullarını sorğu-suala tuturlar. O da cavab verir ki, (özünün əsil-nəsəbi
haqqında) əvvəllər heç nə bilmirmiş, bu barədə hətta yanlış təsəvvürü varmış. Buraya gələndə yol boyu özünün acı
qismətini öyrənmişdir: o, özünü Astiaqın naxırçısının oğlu bilirmiş, amma yol yoldaşları ona hər şeyi danışmışlar.
Özünün dediyinə görə, onu naxırçı arvadı tərbiyə etmişdir. Kuruş öz macərasını danışa-danışa bu qadını hey
tərifləyirmiş, elə hey Kinodan danışırmış. Valideynləri isə bu addan yapışıb, "oğullarının xilas olmasının farslara daha
möcüzəli görünməsi üçün söz yayıblar ki, çölə atılmış Kuruşu qancıq əmizdirib saxlamışdır.
123. Kuruş tədricən böyüyərək öz yaşıdları arasında ən rəşadətli bir oğlan olur. Hamı onu sevirdi. Astiaqdan
intiqam arzusu ilə alışıb yanan Arpaq da Kuruşun etibarını qazanmağa çalışır. O, hədiyyə dalınca hədiyyə göndərərək
Kuruşu intiqama təhrik edir. Arpaq başa düşür ki, adi vətəndaş olmaq etibarilə təklikdə Astiaqdan intiqam ala bilməz.
Ona görə də Kuruşun böyüdüyünü görərək onu özünə müttəfiq seçir, axı, Kuruş da elə Arpaq kimi eyni bədbəxtliyi
çəkmişdi. Arpaq əvvəlcə belə eləyir: o, bütün midiyalı əyanlarla əlaqə yaradıb onları hökmdarı yıxmağa, Kuruşu
hökmdar qoymağa həvəsləndirir (axı, Astiaq midiyalıların sərt hökmdarı idi). Arpaq (əyanları) öz tərəfinə çəkməyə nail
olandan, hər şey düzələndən sonra öz niyyətini Kuruşa bildirmək qərarına gəlir. Kuruş isə Parsada olduğundan, bütün
yollar qorunduğundan onunla əlaqə üçün başqa vasitə qalmadığına görə Arpaq bax belə bir kələk işlədir. O, bir
dovşanın dərisini korlamadan məharətlə qarnını yarıb içinə öz niyyətini izah edən bir fərman qoyur, sonra dovşanın
qarnını tikir və özünün ən sədaqətli nökərlərindən birinə ovçu kimi ov toru verib, heyvanı Parsaya göndərir. Dil cavabı
da Kuruşa bunu çatdırmağı tapşırır ki, dovşanın qarnını o özü yarsın və yanında heç kəs olmasın.
124. Nökər Arpaqın bu əmrini yerinə yetirir, Kuruş dovşanı alıb qarnını yarır. Oradakı məktubu görüb onu götürür
və oxumağa başlayır. Məktubda isə belə yazılıbmış: "Kambisin oğlu! Səni allahlar saxlayırlar. Əks halda, onlar sənə
belə bir xoşbəxt qismət hazırlamazdılar. Sən gərək öz qatilin Astiaqdan intiqam alasan! Axı, onun qəsdi ilə ölümə
məhkum olunmuşdun, ancaq allahların iradəsi, bir də mənim sayəmdə sağ qaldın. Güman edirəm ki, öz bədbəxtliyin
haqqında, Astiaqın nəinki sənə, eləcə də səni öldürməyib naxırçıya verdiyimə görə mənə elədiklərini yəqin çoxdan
eşitmisən. İndi mənə qulaq assan, Astiaqın; bütün hakimiyyəti sənin olar. Farsları ayağa qalxmağa inandır və onları
midiyalıların üstünə müharibəyə apar. Əgər Astiaq sənə qarşı müharibədə ya məni, ya da Midiya əyanlarından hər
hansı birini qoşun başçısı qoysa, onda sən istədiyin məqsədə yetərsən. Axı, onlar elə birinci olaraq sənin tərəfin
keçəcəklər və Astiaqın yıxılmasına çalışacaqlar. Beləliklə, burada hər şey hazırdır, ona görə də məsləhətimi eşit,
tezliklə işə başla.
125. Kuruş bu məktubu ucadan oxuyub farsları Astiaqa xəyanətə yönəltmək üçün daha bic fənd fikirləşməyə
başlayır. Fikirləşib də qərara gəlir ki, belə eləmək daha yaxşıdır: düşündüklərini məktub şəklində yazaraq, farsların xalq
yığıncağını çağırır. Sonra məktubu açıb onlara oxuyur, farslara bildirir ki, Astiaq onu orduya sərkərdə təyin etmişdir.
Kuruş öz çıxışında, yeri gəlmişkən deyir: "Farslar, indi, hamınızın oraqla silahlanıb gəlmənizi əmr edirəm". Kuruş belə
əmr verir. Fars qabilələri çoxdur. Kuruş onların bir qismini toplayıb midiyalılardan qopub ayrılmağın mümkünlüyünə
inandırır. Bütün başqa qəbilələr, bax, bu qəbilələrdən asılıdırlar: farslar, pasarqadlar, marafilər, maspilər. Bunların da
ən əsilzadəsi pasarqadlardır ki, Ağamənlər nəsli bunlara mənsubdur (fars şahları bu nəsildən çıxmışlar). Başqa fars
qəbilələri də bunlardır: panfialeylər, derusieylər, gərmanlar. Göstərilən bütün qəbilələr əkinçiliklə məşğul olurlar,
daylar, mardlar, dropiklər və başqa qəbilələr isə köçəridirlər.
126. Elə ki, hamı oraqla silahlanıb gəlir, onda Kuruş torpağın müəyyən bir sahəsini gün ərzində təmizləməyi onlara
əmr edir (fars torpağının məlum sahəsinin təxminən 18 ya 20 stadiyası tikanlı kollarla örtülmüşdür). Bu ağır iş