37
209. Aras çayını keçəndən sonra Kuruş massaget torpağında bax belə bir yuxu görür. Şaha belə gəlir ki, deyəsən o,
Güştəspin böyük oğlunu görüb. Bu oğlanın da çiyinlərində qanadlar bitib, bir qanadı Asiyaya, o biri Avropaya kölgə
salır. Arsam oğlu Güştəspin də ən böyük övladı Ağamənlər nəslindən Dara idi ki, o vaxt iyirmi yaşlarında bir gənc idi
(və bu gənc hələ yeniyetməliyindən hərbi xidmətə yaramadığı üçün Parsada qalmışdı). Kuruş ayılıb gördüyü yuxunun
mənasını düşünməyə başlayır. Şah belə hesab eləyir ki, yuxunun mühüm mənası var. Sonra o Güştəspi gətirməyi
buyurur və təkidlə ona deyir: "Güştəsp! Sənin oğlun mənim və hökmranlığımın əleyhinə fitnə-fəsad üstündə ifşa
olunmuşdur. Mən bunu dəqiq bilirəm və haradan törədiyini sənə deyəcəyəm. Allahlar məni himayə edirlər və məni
təhdid edən bəlanı əvvəlcədən mənə açırlar. Bax, dünən gecə mən sənin böyük oğlunu yuxuda gördüm və gördüm ki,
çiyinlərindən bitmiş qanadların biri Asiyanın, o biri Avropanın üstünə kölgə salır. Mənim yuxumdan, hər halda
tamamilə aydın olur ki, oğlun mənə sui-qəsd hazırlayır. Ona görə də mümkün qədər tezliklə Parsaya qayıt və mən
düşmən ölkəsini tabe edib geri, evə qayıdana qədər onu mənim qarşımda cavab verməyə hazırla".
210. Kuruş Daranın onun əleyhinə xəyanət fikrinə düşdüyünü güman edərək belə deyirdi. Amma allahlar bu yuxu
vasitəsi ilə hökmdarın özünün massaget torpağında öldürüləcəyini və şahlığın Daraya keçəcəyini açmaq istəyirdilər.
Güştəsp isə şaha belə cavab verir: "Şah! Sənin ömrünə qəsd edən fars kaş ki, heç doğulmasın! Belə bir fars varsa, o,
tezliklə məhv olacaqdır! Axı, farsları qul vəziyyətindən azadlığa sən çıxartmısan, özgə xalqlara bac verənləri hamının
ağası eləmisən. Oğlumun iğtişaş fikrinə düşdüyünü yuxuda görmüsənsə, onda mən onu sənin ixtiyarına verərəm:
onunla istədiyin kimi rəftar elə!" Güştəsp şaha belə cavab verir. Sonra o, Aras çayını keçərək Parsaya qayıdır ki,
(Kuruşu yarıtmaq üçün öz oğlunu keşikçilərin nəzarətində saxlasın).
211. Kuruş da bu dəmdə qoşunla birlikdə bir günlük məsafə qədər Arasın o tayına irəliləyib, sonra Krezin məsləhət
gördüyü kimi hərəkət eləyir. Şah həmin yerdə ancaq zəif döyüşçülər qoyub, qoşunun ən yaxşı hissələri ilə yenə Arasa
doğru çəkilir. Onda massaget qoşununun üçdə bir hissəsi Kuruşun qoyub getdiyi döyüşçülərə hücum edib, cəsurcasına
müqavimət göstərmələrin" baxmayaraq onları qırır. (Qələbədən sonra) massagetlər farsların qərargahında qalmış
yeməkləri görüb kef etməyə başlayırlar. Doyunca yeyib çaxır içir, sonra yıxılıb yatırlar. Bu vaxt farslar gəlib düşmənin
böyük hissəsini qırır, xeyli də əsir alırlar. Əsirlər içərisində Tomirisin oğlu, massagetlərin sərkərdəsi Sparqapis də
vardı.
212. Hökmdar Tomiris öz qoşununun və oğlunun taleyindən xəbər tutub Kuruşun hüzuruna belə sözlərlə xəbər
aparmaq üçün adam göndərməyi buyurur: "Ey qana susamış Kuruş! Bu qələbənlə öyünmə. Sən mənim oğluma şərəfli
döyüş zamanı silah gücünə deyil, dəmi başınıza vuranda sizin özünüzü də ağılsızlaşdıran, (içdikcə) farsların nalayiq
nitqlər seli püskürməyə başladığı üzüm tənəkinin meyvəsi sayəsində - bax bu acı vasitəsi ilə, hiyləgərliklə qalib gəldin.
Bu belə! İndi də mənim xeyirxah məsləhətimə qulaq as: oğlumu mənə ver və massaget qoşununun üçdə bir hissəsini
həyasızlıqla məhv etməyə nail olsan da, mənim torpağımdan sağ-salamat çıxıb get. Belə eləməsən, massagetlərin
tanrısı Günəşə and içirəm ki, nə qədər acgöz olsan da, səni, həqiqətən, qanla doyduracağam".
213. Lakin Kuruş carçının sözlərinə heç məhəl qoymur. Çaxırın dəmi hökmdar Tomirisin oğlu Sparqapisin
başından çıxandan sonra, o özünün müsibətli vəziyyətini anlayıb buxovdan azad olunmasını Kuruşdan xahiş edir. Azad
olunan və əlləri açılan şahzadə dərhal özünü öldürür. O, məhz belə həlak olur.
214. Tomiris isə Kuruşun onun məsləhətinə qulaq asmadığını görərək bütün ordusu ilə farslara hücuma keçir. Mən
belə hesab edirəm ki, barbarların öz aralarındakı vuruşmaların ən kəskini bu döyüş olmuşdur. Yeri gəlmişkən deyim ki,
o döyüşün gedişi haqqında öyrəndiklərim bunlardır. Deyilənə görə, əvvəlcə rəqiblər qarşı-qarşıya durub uzaqdan ox
atırmışlar. Ox ehtiyatı qurtarandan sonra xəncər və nizə çəkərək əlbəyaxa döyüşə atılmışlar. Düşmənlər uzun müddət
vuruşmuş və heç bir tərəf geri çəkilmək istəməmişdir. Nəhayət, massagetlər qalib gəlmişlər. Demək olar ki, bütün fars
qoşunu döyüş meydanında qırılmış, Kuruşun özü də həlak olmuşdur. O, tam 29 il şahlıq etmişdir, Tomiris də çaxır
tuluğunu insan qanı ilə doldurtdurub, öldürülmüş farslar arasında Kuruşun meyitini tapmağı buyurmuşdur. Kuruşun
meyiti tapılanda hökmdar onun başını tuluğa soxmağı əmr etmişdir. Bundan sonra o, ölünü təhqir edərək belə
danışmağa başlamışdır: "Mən sağ qalıb, döyüşdə səni məğlub etsəm də, sən oğlumu hiyləgərcəsinə əsir almaqla, hər
halda, məni məhv etmisən. Buna görə də əvvəlcədən hədələdiyim kimi bax, indi səni qanla doydururam". Kuruşun
ölümü haqqında çoxlu hekayətlər içərisində bu, mənə daha gerçək göründü.
215. Massagetlər də iskitlər kimi geyinirlər və iskitlərə oxşar həyat sürürlər. Onlar süvari və piyada qoşun
dəstələrində vuruşurlar (həm atlı, həm piyada). Onların da, adətən, yayları, nizələri və döyüş baltaları var. Onlarvqn hər
şeyi qızıl və misdəndir. Amma onlar bütün nizələrin, oxların və döyüş baltalarının metal hissələrini misdən hazırlayıb,
baş geyimlərini, kəmərlərini və aşırmalarını qızılla bəzəyirlər. Atlara da yaxalıq sayağı mis zireh taxırlar. Üzəngilərə,
yüyən ağızcıqlarına və üzlüklərə qızıldan bəzək vururlar. Onlarda dəmir və gümüş heç işlədilmir, çünki bu ölkədə
həmin metallara qətiyyən rast gəlinməz. Bunun əvəzinə orada mis və qızıl boldur.
216. Massagetlərin adətləri barədə bunları demək lazımdır: onlarda hər kişi ancaq bir arvad alır, amma bu arvadlarla
hamılıqla yaşayırlar. Axı, ellinlərin iskitlərdəki bu adət haqqında hekayətləri daha çox massagetlərə aiddir. Belə ki, bir
massaget hər hansı bir arvada meyl salanda özünün sadağını onun alaçığından asıb həmin qadınla arxayıncasına
əlaqəyə girir. Massagetlər insan ömrü üçün heç bir hədd qoymurlar. Lakin onlarda kimsə lap qocalana qədər ömür
sürərsə, onda bütün qohumları yığılıb qocanı qurban kəsirlər, ətini də başqa qurbanlıq heyvan əti ilə birlikdə bişirib
yeyirlər. Belə ölüm onlarda böyük xoşbəxtlik sayılır. Hər hansı xəstəlikdən ölmüş adamı isə yeməyib torpağa
tapşırırlar. Bununla yanaşı, yaşlı olub xəstəlikdən ölənləri qurban kəsmək mümkün olmadığı üçün bu bədbəxtlik sayılır.
Massagetlər taxıl əkmirlər, maldarlıqla və balıq ovlamaqla (Aras çayında isə balıq son dərəcə boldur) dolanırlar, bir də
süd içirlər. Onların səcdə etdikləri bircə allah var ki, o da Günəşdir. Onlar Günəşə at qurbanı kəsirlər və bunun da
mənasını belə yozurlar ki, ən sürətli allaha dünyada ən iti yerişli heyvanı qurban vermək lazımdır.
38
İzahlar
1 Herodotun e. ə. 484-cü ildə doğulduğunu təsdiq edən fakt var. Roma imperatoru Neronun vaxtında yaşamış bir
yazıçı qadının dediyinə görə Peloponnes (Dardanel) müharibəsi başlananda (431) Herodotun 53 yaşı varmış.
Ölümünün e. ə. 424-cü ili keçmədiyini də bir neçə fakt əsasında təxmin edirlər: I. Herodot eginalıların 431-ci ildə
sürgün edildiklərini göstərdiyi halda, onların 424-cü ildə məhv edildikləri haqda məlumat vermədiyinə görə tarixçinin
bu hadisəyə qədər yaşamadığı güman olunur. 2. Herodot Kserksin oğlu II Daranın hakimiyyət başına keçməsini
göstərməmişdir. Bu, e. ə. 425-ci ilə düşdüyündən Herodotun həmin vaxta qədər yaşamadığını düşünürlər. 3. F. Q.
Mişşenkonun fikrincə, tamaşası 425-ci ildə olmuş "Axarnyanlar" komediyasının müəllifi Aristofan Herodot "Tarix"inə
parodiya yazmışsa, onda "Tarix" bu ilə qədər yazılıb tamamlanmış olmalıydı. Bu faktlar Herodotun 431-424-cü illər
arasında öldüyünü təxmin etməyə imkan verir.
2 Eridan-Q. A. Stratanovskinin izahına görə Po çayı nəzərdə tutulur.
3 Kassiteridaya Lehim Dağları da deyilir, Q. A. Stratanovski indiki Britaniya adalarının nəzərdə tutulduğunu təxmin
edir.
4 Mifoloji lüğət. Leninqrad, 1961, səh. 119 (rus dilində).
5 B. P. Kuturman bu adı "izonomi" şəklində yazıb "yasalar önündə eşitmək", yəni "qanunlara əməl etmək"
mənasında izah etmişdir.
6 Qırmızı dəniz və Bizim dənizimiz - burada İran körfəzi və Aralıq dənizi.
7 yunanların barbarlarla müharibəsinə onların qarşılıqlı incikliyi səbəb olmuşdur... Herodot tarixi hadisələri tez-tez
şəxsi pislik və onun intiqamı ilə izah edir.
8 Lidiyalıların dili Hett - Liviya qrupuna, ya da Hett - Lidiya yarım-qrupuna aid edilir. Lidiyalılar e. ə. 1234-1225-
ci illərə yaxın olan Misir yazılarında Misirə hücum etmiş "dəniz" xalqları içərisində "turşa" adı ilə xatırlanırlar.
9 Herodot Kiçik Asiyanın qərb sahillərində yerləşən yunan qəbilələrinin yalnız bir hissəsini xatırladır. yunan
qəbilələri Hett qəbilələrinin süquta uğramasından sonra (e. ə. 1170-ci ilə yaxın) Kiçik Asiyada yerləşmişlər, Qabaqca
eolilər, sonra yunanlar, axırda dorilər gəlmişlər.
10 Herodot şəcərə göstərəndə öz sələflərinə-özündən əvvəlki müəlliflərə arxalanır: üç nəsil, yüz ilə bərabərdir.
11 Bu cümlənin əsli Herodotda belədir. "Qadın öz xələtini soyunan anda layiq olduğu hörməti itirir".
12 Qiges e. ə. təxminən 654-cü ildə kimmerilərlə vuruşda həlak olmuşdur.
13 İskitlər e. ə. təxminən 720-ci ildə indiki qərbi Türkmənistandan Qara dəniz sahillərindəki çöllərə gəlmiş, sonra
623-cü ilə yaxın Midiya hökmdarı Kiaksarın torpaqlarının çoxunu istila etmişlər.
14 Pektida - 20 simlik çalğı aləti.
15 Difiramb - Dionisin təxəllüsü, sonralar allahın və ya qəhrəmanın şərəfinə oxunan nəğmənin adı olmuşdur.
16 Krez yunanların gözündə ellinfildirsə, lidiyalıların gözündə Krezin hökmdarlığı Lidiya dövlətinin çiçəklənməsi
və parlaması dövrüdür, delflilərin gözündə isə o, kahinlik nüfuzunun pərəstişkarıdır.
17 Bu, Herodotun səhvidir. Solonun səyahəti 594-584-cü illərə düşür. Krez isə 560-cı ildən hakimiyyət sürməyə
başlamışdır. Ona görə də Solon Krezlə görüşə bilməzdi. Solonun 569-cu ildən 526-cı ilə qədər hakimiyyət sürmüş
Amasisin (misircə Ab-mose) görüşünə getməsi də xronologiyaya zidd gəlir.
18 yunanlarda günahı yuma mərasimi belə olmuşdur: qatilin əllərinə heyvan (çoşqa) qanı töküb, sonra qanlının
günahdan təmizlənmə timsalı kimi əlindəki (çoşqa) qanını silərlərmiş. Bundan sonra da allahların rəhmə gəlməsi üçün
qurban verib dua oxuyarlarmış. Qatilin üstünə düşən günah qabaqca qohumlara cəza gətirir, sonra bütün şəhərə yayılıb
hamıya bəla verirmiş.
19 Herodotun "Tarix"indəki şer parçalarının bu və bundan sonrakı bəzi mətnləri "Tarix"i türkcəyə çevirmiş Perihan
Kuturmanın kitabından götürülmüşdür: "Herodot tarixi", birinci basqı, İstanbul, 1973, səh. 28 P. X.
20 "Herodot tarixi", İstanbul, 1973, səh. 29.
21 "Herodot tarixi". İstanbul, 1973, səh. 32.
22 "Herodot tarixi", İstanbul, 1973, səh. 32.
23 E n o m a t i-Sparta qoşununda 25-36 adamın bir-birinə andı ilə təşkil edilən hissə.
24 T r i a k a d-30 nəfərlik bölük.
25 Sissitiya-spartalılarda bir süfrədə xörək yemək.
26 Eforlar - Bir il möhlətinə 5 adamdan ibarət seçilmiş heyət. Görünür, qabaqlar məhkəmə hakimi vəzifəsini yerinə
yetirmişlər, sonralar nəzarət və yoxlayıcı vəzifəsi daşımışlar.
27 Gerontlar - Ağsaqqallar şurası (və ya məsləhəti). 28 adamdan ibarət olmuşdur. Bu şura iki hökmdarla birlikdə
Spartanın ali hakimiyyət orqanı olmuşdur.
28 "Herodot tarixi", İstanbul, 1973, səh. 33.
29 "Afinanın Alsa ləqəbi daşıyan" sözləri Herodot "Tarix"inin rus didinə F. Q. Mişşenko tərcüməsinin II cildindəki
izahdan götürülmüş, Q. A. Stratanovskinin tərcüməsində "ləqəb" sözü atılmış, "Afinanın Aleya məbədi" şəklində
getmişdir. P. X.
30 Dorilərin-hilleylər və dimanlar adlı iki qəbiləyə bölünməsinə uyğun olaraq iki də rəhbəri (hökmdarı) olmuşdur;
onlar qoşunun iki hissəsinin başında durmuşlar.
39
31 "Herodot tarixi", İstanbul, 1973, səh. 33.
32 Aqatoerqlər-Spartanın 300 atlı qoşun birləşməsini sıralarından hər il çıxarılıb xaricə səfir göndərilən beş nəfər.
33 Bu çayın adı Alis şəklində də yazılır.
34 Q. A. Stratanovskinin tərcüməsində bu cümlə belədir: " Üarğ... daje otdal im svoix sınovey v obuçenie iskustvu
strelğbı iz luka". F. Q. Mişşenkonun tərcüməsindəki mətnin bundan iki fakt fərqi var: "Kiaksar... poruçil im malğçikov
dlə obuçeniə əzıku ix i strelğbe iz luka". Demək, Mişşenko tərcüməsini yaxşı qavrayan və onun təcrübəsindən gen-bol
istifadə edən Stratanovski "Tarix"in istifadə etdiyi nüsxəsinin mətnindəki bu parçada "dil öyrənmək" sözü görmədiyi
üçün onu öz tərcüməsinə salmamış, qeyri-müəyyən "oğlanlar" anlayışını müəyyənləşdirərək onları Kiaksarın öz
oğlanları, anlayışına keçirmişdir. Mətnin məzmunu bu dəyişikliyin şüurlu və doğru olduğunu təsdiq edir. Belə ki,
Kiaksar öz oğullarını iskitlərə tapşırmışdı, iskitlər də hökmdardan təhqir gördükləri üçün oğlanların birini kəsərək, ətini
ov quşlarının ətinə qataraq bişirib süfrəyə qoydurmuş və qaçıb Lidiya hökmdarına sığınmışlar. Kiaksar bu şəxsi
intiqama intiqamla əvəz qaytarmaq üçün qaçqın iskitləri tələb edib onları geri ala bilməyəndə Lidiya ilə müharibəyə
qalxmışdır. Uzanan müharibə axırda barışıqla qurtardığından belə barışıqlar çox vaxt qohumluqla
möhkəmləndirildiyinə görə Lidiya hökmdarı öz qızını Kiaksarın salamat qalmış tək oğlu Astiaqa ərə vermişdir. Demək,
nə Kiaksardan təhqir görən ovçu iskitlər bu təhqirin intiqamını almaq üçün Midiya cavanlarından hər hansı zadəgan
oğlunu kəsərdilər, nə də Kiaksar hər hansı bir kübarın oğlunun intiqamı üçün Lidiya dövləti ilə müharibəyə girərdi.
Stratanovski mətnin bu hissəsinə daha həssas yanaşmışdır. Nüsxə fərqləri midiyaşünaslığımızda etnos, dil fərqləri kimi
şişirdilmiş və ondan siyasi məqsədlə istifadə edilmişdir.
35 Meles şiri haqqında Lidiya əfsanəsidir. Sardanın heraldik heyvanı (bəlkə də qədim totem) olmuşdur. Belə şirlər
Lidiya sikkələrinin üstünə basılarmış.
36 "Herodot tarixi", İstanbul, 1973, səh. 39.
37 Krez e. ə. 546-cı ildə əsir alınmışdır.
38 Yeddi sayının lidiyalılarda müqəddəs sayıldığı təxmin edilir. "Kitabi-Dədə Qorqud" dastanında oğuzluq sayı (iki
otuz-60, üç otuz-90, üç otuz, bir on-100 və s) olduğu kimi lidiyalıların da iki yeddi anlayışını müqəddəs yeddilik
sayının təkrarı kimi başa düşmək olar. Tonqal üstündə oturub qurban verən Krezin güldan üstündə şəkli vardır.
39 Fələk - Tale.
40 F. Q. Mişşenko bu adı yunan əlifbası ilə belə yazır: Deiokes. Rus tərcümələrində "Deiok", "Deioka" şəklində
yazılır. P. X.
41 F. Q. Mişşenkonun izahatında "buslar" yunan əlifbası transkripsiyasına görə bousilər" şəklində yazılır. P. X.
42 Herodotun midiyalıları qəbilələrə bölməsi özünü doğrultmur. Onun qəbilə kimi sadaladığı adlar peşə-sənət
növünə görə mümkün olan bölgüdür. Herodot Misir əhalisi haqqında yazanda, oranı daha yaxşı öyrəndiyinə görə,
əhalisini sənət-peşə mənsubiyyəti əsasında yeddi silkə (təbəqəyə) bölmüşdür: kahinlər, döyüşçülər, sığır otaran
naxırçılar, donuzabaxanlar, xırda alverçilər, tərcüməçilər və meyxanaçılar. "...Bu təbəqə adları sənət növündən
götürülmüşdür" (II, 164). Hərbçilərdən heç kəs hərbi işdən başqa "heç bir sənətlə məşğul olmur" (II, 165). Bu təbəqədə
sənəti oğul atadan öyrənir.
Midiyada cəmiyyətin məhz təbəqələrə bölünməsi "Mahabharata" dastanı ilə müqayisədə daha aydın görünür; onun
da ictimai fonunda dörd təbəqə görünür: 1. Brəhmənlər-müqəddəs ocaqların xidmətçiləri; 2. Kşatriya-hərbçilər (şad
bəylər); 3. Vayşilər. Buraya üç təbəqə daxildir: tacirlər (alverçilər), sənətkarlar və əkinçilər; 4. Şudra-muzdurlar və
qullar (bax: "Maxabxarata", "Ramayana", M., 1974, səh. 7).
Herodotun Midiyada saydığı altı qəbilə də altı sənət-peşə növünə görə təbəqə bölgüsüdür, Misirdəki kahinlərdən
"hər hansı biri ölərsə, oğlu onun varisi olur" (II, 37) deyən Herodot Misirdə kahinlik peşəsinin irsi olduğunu təsdiq
etmişdir. Midiyadakı baş kahinlər də öz sənətlərini irsən oğullarına vermişlər. Misirdə heç bir qadının kahin olmasına
icazə verilmədiyi kimi Midiyada da kahin atanı kahin oğul əvəz etmişdir.
43 Meotida - indiki Azov dənizi.
44 Kolxida - indiki Abxaziya; F a s i s - indiki Rion çayı.
45 Bu məlumat Midiyaya dair bəzi mənbələrdə Midiya dövlətinin məhv edilməsi kimi izah edilmişdir. Bu, yanlış
fikirdir.
46 Herodot Misir hökmdarı Sesostritin də Frakiyaya qoşun çəkdiyini və geri qayıdanda qoşun tör-töküntülərini
Kolxidada qaldığını göstərir (bax-II, 103, 104).
47 Apatur - api (apa) sözündəndir, iskitlərdə Babayın (Zevsin) arvadı da belə adlanır. Herodot onu Heya ilə
eyniləşdirir. P. X.
48 Kadmey qələbəsi. Təkbətək döyüşdə Eteokl ilə Polinikin ikisinin də ölümü nəzərdə tutulur və "Kadmey
qələbəsi" hər iki tərəfin məhv olması mənasını verən rəmzi ifadəyə çevrilir.
49 "Herodot tarixi", İstanbul, 1973, səh. 63.
50 Fırn terminini P. Kuturman işlətmişdir. Borçalı bölgəsində buna fırnı deyilir; indi kərpicdən tikilmiş, üstü tağ
şəkilli çörəkbişirən sobadır. P. X.
51 Mətnin dırnağa alınmış cümlələri P. Kuturmanın tərcüməsindən götürülmüşdür. Həmin cümlələr Q. A.
Stranovskinin tərcüməsində bir qədər dolaşıqdır. P. X.
52 Bel Zevsi-Burada Mərduk allahın adı əvəzinə yunan allahı Zevsin adı çəkilmişdir.
Dostları ilə paylaş: |