29
151. İdada məskunlaşan və xüsusi qrup təşkil edən əhalidən başqa (Asiya) materikindəki eoli şəhərləri bu
saydıqlarımdan ibarət olmuşdur. Adanın şəhərlərindən beşi Lesbosda yerləşir (Lesbosdakı altıncı şəhəri-Arisbanı
mefimnalılar istila etmişlər. Halbuki, həmin şəhərlərin əhalisi qan qohumu olmuşlar). Şəhərlərdən biri Tenedosda, biri
də "yüz adalı" deyilən yerdədir. Beləliklə, lesboslular və tenedoslular üçün (eləcə də adalardakı ionlar üçün) hələlik
(farslardan) ehtiyat etməyə dəyməzdi. Qalan eoli şəhərləri birləşərək hər cəhətdən ionların arxasınca getmək qərarına
gəlmişlər.
152. İon və eoli elçiləri (onlar çox tələsirdilər) Spartaya gələndə Piferm adlı Fokeya elçisini özlərinə nümayəndə
seçmişlər. Piferm əyninə al qırmızı paltar geyinib ki, spartalılar onun gəldiyini eşitsələr, mümkün qədər daha çox
toplaşsınlar. Sonra o, (lakedemonluların yığıncağında) uzun bir nitqlə çıxış edib kömək istəmişdir. Lakedemonlular isə
ona heç qulaq asmayıb, ionlara kömək göstərməkdən imtina etmək qərarına gəlmişlər. Elçilər öz evlərinə qayıtmışlar.
Lakedemonlular isə ionlara rədd cavabı vermələrinə baxmayaraq, hər halda 50 avarlı bir gəmini, mən bilən, Kuruşun
ionlarla müharibəsini müşahidə etmək üçün göndərmişlər. Lakedemon gəmisi Fokeyaya çatanda spartalılar Lakrin adlı
ən hörmətli adamı Sardaya göndərib, lakedemonlular adından bunu Kuruşa bildirməyi tapşırmışlar ki, onlar bir dənə də
Ellin şəhərinin Kuruş tərəfindən qarət olunmasına imkan verməyəcəklər.
153. Carçının bu sözlərindən sonra, deyilənə görə, Kuruş öz məiyyətindəki ellinlərdən soruşmuşdur ki, bu
lakedemonlular kimlərdir və onlar nə qədər çoxdurlar ki, belə sözlər deməyə cəsarət edirlər? Kuruş onlardan cavab alıb
Sparta carçısına deyir: "Şəhərlərinin ortasında camaatın yığışması üçün müəyyən yer olan və orada bir-birini aldadıb,
yalan andlar içən adamlardan qorxmuram. Əgər sağ qalaramsa, onlar ionların deyil, şəxsən öz işlərini müzakirə etməli
olarlar". Kuruş bu həqarətli sözləri ona görə bütün ellinlərin üzünə çırpmışdı ki, onlar hər şeyi bazarlarda alır və satırlar
(axı, farslarda bazar alveri, hətta bazar yoxdur). Bundan sonra Kuruş Sardanın idarəsini Təbəl adlı farsa, Krezin və
başqa lidiyalıların qızılını saxlamağı da lidiyalı Paktiyə tapşırmışdır. Özü isə hələlik ionlara heç bir əhəmiyyət
verməyərək Krezlə birlikdə Akbatanaya qayıtmışdır. Axı, Babil, Baktriya xalqı, sakalar və misirlilər Kuruşa əngəl
törədirdilər. Kuruş məhz özü bu xalqlara qarşı yürüşə getmək, ionlara qarşı da başqa bir sərkərdə göndərmək fikrində
idi.
154. Kuruş Sardadan gedəndən sonra Pakti Təbələ və Kuruşa qarşı üsyan qaldırıb, Sardadakı bütün qızılı götürərək
dənizə tərəf hərəkət etmişdir. O, öz ətrafına muzdlu əsgərlər toplamağa və dəniz sahili boyu (şəhərləri) yürüşə
qoşulmağa inandıra bilib. Sonra Pakti Sardaya hərəkət edib, qalaya sığınmış Təbəli mühasirəyə salıbdır.
155. Bu xəbəri yolda eşidən Kuruş Krezə bax, belə deyib: "Krez! Bütün bunlar nə ilə qurtaracaqdır? Görünür
lidiyalılar özlərinə və özgələrinə başağrısı verməkdən əl çəkməyəcəklər. Düşünürəm ki, onları qul kimi satmaq daha
yaxşı olmazmı? Atanı öldürüb, onun ömrünü uşaqlarına bağışlayan bir nəfər kimi, deyəsən, mən də ağılsız iş
görmüşəm. Bax, indi mən də, lidiyalılar üçün atadan da artıq olan səni əsir apardığım halda, paytaxtı lidiyalıların
özlərinin ixtiyarına qoyub gedirəm, hələ bir mənə qarşı üsyan qaldırdıqlarına görə təəccüb də edirəm!". Kuruş
ürəyindəkiləri belə izhar edir. Krez də fars hökmdarının Sardanı dağıdacağından qorxuya düşərək ona belə cavab verir:
"Şah! Sən tam haqlısan, amma hər halda, hər hansı səbəbdən hirslənərək nə keçmiş, nə də indiki hadisələrə görə heç bir
günahı olmayan qədim şəhəri dağıtmaq da lazım deyil. Axı, keçmişin günahı mənim boynuma düşür, buna görə mən öz
başımla cavab verərəm. İndiki üsyanın müqəssiri isə Paktidirki, sən özün Sardanı onun ixtiyarına vermisən, özün də
indi onu cəzalandır! Lidiyalılara isə mərhəmət göstər. Onların bir də qiyam qaldırmamaları, sənin də onlardan ehtiyat
etməməyin üçün belə elə: carçı göndərib onların döyüş silahı gəzdirmələrini yasaq elə və əmr ver ki, plaşın altından
xiton, ayaqlarına da hündür çəkmə geyinsinlər. Bundan sonra da buyur ki, onlar uşaqlarına kifara və lira çalmağı
öyrətsinlər və xırda alverlə məşğul olsunlar. Şah, onda sən görərsən ki, onlar lap tezliklə ərlikdən düşüb necə arvada
dönürlər! Beləliklə də, sən heç vaxt üsyandan qorxuya düşməli olmayacaqsan".
156. Krez ona görə Kuruşa belə məsləhət vermişdi ki, o, lidiyalılar üçün bu cür qisməti qul kimi satılmaqdan üstün
tutmuşdur. Krez inanırdı ki, qəti səbəb olmadan Kuruşu öz qərarından döndərmək olmaz. O, bundan da ehtiyat edirdi
ki, lidiyalılar bu dəfə sərt təhlükədən qurtara bilsələr də, farslara qarşı yenidən üsyan qaldırsalar, onda məhvə məhkum
edilərlər. Bununla belə, Kuruş Krezin sözlərindən çox sevindi qəzəbini cilovladı və onun məsləhətincə hərəkət
edəcəyini söylədi. Bundan sonra şah midiyalı Mazaresi hüzuruna çağırmağı buyurur və Krezin məsləhətini lidiyalılara
çatdırmağı ona əmr edir. Bundan başqa, Kuruş buyurur ki, lidiyalılarla birlikdə Sardanın üstünə gedənlərin hamısı qul
edilsin, Paktinin özü də hökmən diri tutulub gətirilsin.
157. Kuruş bu əmrləri yol üstündəcə verib, sonra fars sərhədlərinə doğru hərəkət eləyir. Pakti də əleyhinə
göndərilmiş fars qoşununun yaxınlaşdığını eşidib qorxudan Kimaya qaçır. Bu arada midiyalı Mazares fars qoşununun
başında olmaqla Sardaya gedir, amma Pakti tərəfdarlarını artıq orada tapmır. O, hər şeydən əvvəl lidiyalıları Kuruşun
əmrlərinə tabe olmağa məcbur edir, bunun da nəticəsində lidiyalılar özlərinin bütün həyat tərzini dəyişməli olurlar.
Bundan sonra Mazares Paktini təslim etmək tələbi ilə Kima şəhərinə carçı göndərir. Kima camaatı Branxida
(ibadətgahında) məsləhət üçün allaha müraciət etmək qərarına gəlirlər. Orada qədimdən qeybdən buyruq gətirən
rəmmal vardı, bütün ionlar və eolilər, adətən, ona sorğular verirdilər. Bu yer də Milet bölgəsindəki Panorma limanından
yuxarıda yerləşir.
158. Beləliklə, kimalılar allaha sorğu vermək üçün Branxidaya elçilər göndərirlər ki, allahı mərhəmətə gətirmək
üçün Pakti ilə necə rəftar edəcəkləri haqqında buyruq eşitsinlər. Elçilər allaha sorğu verib cavab alırlar: Paktini farslara
təslim etmək! Kimalılar allahın bu bəyanını eşidib, Paktini təslim etməyi qərara alırlar. Lakin, xalq bunu yerinə
yetirməyə hazırlaşanda hörmətli vətəndaşlardan olan Heraklid oğlu Aristodik onları bu işdən dayandıra bildi. O,
elçilərin yalan danışdığını güman edərək, bəyanın doğruluğundan şübhələndi. Nəhayət, kimalılar Pakti haqqında allaha
sorğu vermək üçün başqa elçilər göndərdilər (Aristodik də onların arasında idi).