6
quruculuğunda, ordu təşkilində nailiyyətlərini, sonralar itaət etdiyi farslardan tutmuş Asiya xalqlarına silah, geyim
nümunəsi verməsini, dövlət sərbəstliyini itirəndən sonra da adının tarixi sənədlərdən, dillərdən düşmədiyini göstərir.
İndi yad qəbilələr, özgə dövlət kimi gözdən salınmaqda olan Midiyanın da "Tarix"dəki şərəfini bərpa etməli, bu
dövlətin mədəniyyətinin köklərini yaxşı öyrənməliyik. "Qədim türk lüğət"ini açanda yazılı türk sənədlərində bir ucdan
sanskrit sözü çıxmasının səbəblərini səbrlə araşdırmalıyıq.
Tədqiqat göstərir ki, Herodot tarixən zamanımızdan uzaqlaşdıqca onun "Tarix"i Azərbaycan ədəbiyyatı və
mədəniyyətinə yaxınlaşmışdır. Herodotun dünya xalqlarına uzanmış qayğıkeş əli Nizami Gəncəvi kimi bir xalq
şeyxinin mərhəməti ilə çarpazlaşır. Nizami "Xəmsə"sində "İskəndərnamə"nin "İqbalnamə" hissəsi Liviya səhralarından
tutmuş, Nil boyunca, Hindistanın şərq ucqarlarına, Bibliyada da adı çəkilən yəcuc və məcuclara qədər Herodot
"Tarix"indən gələn coğrafi, etnik məlumat, əfsanə və rəvayətlərlə doludur. Bu da təbiidir, çünki İntibah dövrü
ədəbiyyatımızın beşiyi başında duran Nizami Gəncəvi antik yadigarları ehya etməyə bilməzdi. Makedoniyalı İskəndəri
Aralıq dənizinin şərq sahillərinə gətirib onu Misirə, Afrikaya və Hindistana aparan Nizami öz qəhrəmanının keçib
getdiyi yerləri yalnız Herodot "Tarix"inin verdiyi imkanlar əsasında təsvir edə bilərdi. Nizaminin "Tarix"lə tanışlığı da
iki yolla mümkün olardı: əsərin nüsxəsini yunan dilində, ya da xəlifə Mömünün təşkil etdiyi "elm evi"nə toplaşan
məşhur alimlərin ərəb dilinə tərcüməsini oxumaqla hər iki halda bu məxəzin Gəncəyə gəlib düşməsi və Nizamiyə
çatması mədəni əlaqələr tarixində böyük hadisə sayılmalıdır. Avropada Herodot irsinə maraq yeni və ən yeni dövrdə
(XIX-XX əsrlərdə) güclənmişsə, bütün yunan mədəniyyəti, onun sırasında Herodot "Tarix"i Şərq İntibahı dövründə
toplanmış və tərcümə olunmuşdur. Bunun səbəblərini araşdırmaq əvəzinə üstündən tələsik keçib getmək olmaz.
"İskəndərnamə"də Nizami utopiyasını müxtəlif mənbələrə bağlayırlar. Bu utopiyanın da Herodot "Tarix"indən su
içdiyinə güman yeri vardır. Hakimiyyəti ələ keçirmiş mağı öldürən yeddi fars əsilzadəsi beş gündən sonra yığışıb
quracaqları dövlət üsulundan danışında Herodot "Tarixi"nə görə Fərnəsp, Daranın Bisütun yazısına görə Suxra oğlu
Otan "hakimiyyəti bütün fars xalqına vermək" (III, 80) fikrini irəli sürüb bir adama tam hakimiyyət ixtiyarı
verilməsinin faciəsini Kuruş oğlu Kambisin timsalında sübut edərək xalq hakimiyyəti fikrini belə əsaslandırır: "Xalq
hakimiyyətinə gələndə o, elə özünün daşıdığı gözəl "İsonomiya"5 adının qüvvəsinə görə bütün başqa hakimiyyətlərdən
üstün görünür. Bundan başqa, hakimi-mütləqin əl atdığı hər hansı özbaşınalığa xalq hakimiyyəti yol verməz. Axı, xalq
püşk atıb dövlət vəzifələrini bölüşdürmək yolu ilə dövləti idarə edir; bu vəzifələrin də məsuliyyəti var, bütün qərarlar
isə xalq yığıncağından asılı olur. Beləliklə, təkhakimliyi məhv edib xalqı hakim etmək təklifini irəli sürürəm, çünki
bütün xeyir-bərəkət ancaq xalq idarəçiliyindədir".
Herodot təkcə Otanın deyil, başqa əsilzadələrin də dövlət quruculuğu təklifini ellinlərin təcrübəsi ilə müqayisədə
götürdüyünə görə onların bu mövzuda nitqini ellinlərin gözündə "qeyri-adi" hesab etmişdir. Nizaminin: təsvir etdiyi
utopik cəmiyyət də Otanın nitqinə yaxın "qeyriadilik"lə seçilən cəmiyyətdir.
Nizami Herodotla on yeddi əsrdən sonra "görüşmüşsə, Y. V. Çəmənzəminli zamanəmizii 20-30-cu illərində
görüşmüşdür. O, "Qızlar bulağı" romanının mənbələri içərisində Herodot "Tarix"inin adını çəkmişdir. Özünün sələfi
Nizami kimi, Çəmənzəminli də "Tarix" əsərinə enərək ədəbiyyatımızı qədim Asiya, xüsusən Misir folkloru ilə
zənginləşdirmişdir. İndi Misir- Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, tarixi əlaqələrin qədim köklərini də üzə
çıxarmağa ehtiyac vardır. Herodot gəzdiyi və gördüyü Kolxidada (indiki Abxaz elində) əqli misirli olan zəncilərə rast
gəlmiş, bunların əslini sübut edən faktlarla dönə-dönə maraqlanmışdır. Həmin misirlilərin kiçik bir qrupu indi də orada
yaşayır. Zəngi çayı və Zəngilan Herodotun dediyi: Misir hökmdarı Sesostris ordusundan tökülüb qalma zənci qara
(dərili) adamlarla bağlı olmalıdır. Zümrüd (və ya Simurq) quşu haqqında Azərbaycanda da yayılmış əfsanənin əsli,
Herodota görə, Qafqaz-Ərəbistan-Misir arealına bağlanır.
* * *
Herodot "Tarix"ini dilimizə çevirərkən onun rus dilində iki tərcüməsindən, türk dilinə Perihan Kuturmanın
sonuncu
çevirməsindən istifadə etmişik. Rus alimi F. Q. Mişşenkonun tərcüməsi (Moskva, 1885-1888) iki hissəyə bölünür, dili
axıcıdır və canlı danışığa yaxındır. Bayan Perihan Kuturmanın tərcüməsi (İstanbul, 1973) də şirin dillidir, oxunaqlıdır
və bir qədər sərbəst tərcümədir. Q. A. Stratanovskinin rus dilinə tərcüməsi (Leninqrad, 1972) bir qədər mürəkkəbdir.
Bunları diqqətlə müqayisə edəndə aralarında üslub fərqindən başqa ciddi fakt fərqi nadir halda görünür. Buna görə də
biz Q. A. Stratanovski çevirməsini əsas götürüb o biri çevirmələrdən də yeri gəldikcə istifadə etmişik. Çətinə
düşdüyümüz yerlərdə o biri tərcümələrlə tutuşdurmalar aparmışıq və bunların yerini, mətn fərqini göstərmişik.
Kahinliyin bəyanı mövzusunda "Tarix"in Q. A. Stratanovski tərcüməsindəki mətnləri bizə tərcümə üçün çox ağır
görünəndə həmin mətnlərin daha sadə, aydın və anlaşıqlı çevirməsini B. P. Kuturmandan götürmüşük və ya F. Q.
Mişşenko tərcüməsinə də üz tutmuşuq.
Q. A. Stratanovski çevirməsinə əsaslanmağımızın səbəbi də budur: O. F. Q. Mişşenko çevirməsindən keçən uzun
illərdən sonra Bizans alimlərinin XV əsrdə Avropa ölkələrinə gətirdikləri əlyazma nüsxələri ilə tanış olmuşdur. Özünün
yazdığına görə həmin nüsxələr X-XV əsrlərə aid olub "Tarix"in antik mətnlərindən birinə söykənir. Q. A. Stratanovski
bunların arasındakı fərqi əsasən dialekt xüsusiyyətlərindən doğan məna çalarında görür. O, tədqiqat əsərlərinə əsaslanıb
bu nüsxələrin "Herodotun kiçik müasiri olan Fukididin istifadə etdiyi, nüsxədən" fərqlənmədiyinə zəmanət verir. Bütün
bunlardan başqa, Q. A. Stratanovski sələfi olan F. Q. Mişşenko tərcüməsindən başqa, alman dilindəki üç tərcüməyə, üç
məşhur izahata və Herodot haqqında xüsusi sözlüyə əsaslanmışdır. Buna görə, özümüzün bəzi izahlarımızı nəzərə
almasaq, mütəxəssis zərifliyi və geniş məlumat tələb edən izahatlar üçün Q. A. Stratanovskinin izahatının lazım olan
yerlərini tərcümə etmişik; bunun bəzilərini səhifə altına paylayanda mənbəyini nişan vermədən keçinmişik. Bu
izahatların özü də müəyyən mənbələrdən götürülmüşdür. Səhifəaltı izahların bəzisinin daha başqa mənbələrdən də
götürüldüyünü oxuculara bildirməyi borc sayırıq. Bütün mətn boyu adların düzgün yazılışı üçün əsaslandığımız əsas
tərcümədəki ad göstəricisi nəzərə alınmaqla, F. Q. Mişenkonun tərcüməsində yunan qrafikası ilə tərtib olunmuş adlar