10
korinflilərə daha çox etibar etdiyi üçün Korinf dənizçilərinin gəmisini kirayələyir. Gəmi sürənlər isə pis fikrə düşürlər:
onu açıq dənizə atıb xəzinəsini ələ keçirmək istəyirlər. Arion da onların niyyətini duyub, bütün xəzinəsini təklif edərək
yalvarır ki, həyatına qıymasınlar. Lakin gəmi sürənləri yumşalda bilmir. Onlar Ariona əmr edirlər ki, ya torpaqda dəfn
olunması üçün gərək özünü öldürsün, ya da dərhal dənizə atılsın. Qərarın bu cür olduğunu görən Arion belə ümidsiz bir
vəziyyətdə gəmi sahiblərinə yalvarıb, hər halda onları buna razı salır ki, heç olmasa, avarçılar skamyasında dayanıb
tam-dəstgah müğənni paltarında mahnı oxumasına icazə versinlər. Həm də söz verir ki, nəğməni oxuyub qurtaran kimi
özünü həlak edəcəkdir. Onda gəmi sahibləri dünyanın ən yaxşı müğənnisini dinləmək sevinci ilə gəminin arxa
tərəfindən ortaya keçirlər. Arion da tam-dəstgah müğənni paltarı geyinib, kifaranı götürür, gəminin arxa tərəfində
dayanıb təntənəli nəğmə ifa edir. Nəğməni bitirib, paltarlı dənizə atılır. Gəmi sahibləri üzüb Korinfə gedirlər. Arionu
isə, deyilənə görə, bir delfin belinə alıb Tenar sahilinə çıxarır. Arion sahilə çıxıb, əynindəki müğənni geyimində
Korinfə yola düşür. Oraya çatanda bütün başına gələnləri danışır. Periandr isə bu hekayətə inanmayıb Arionu həbsə
aldırır və heç yana buraxılmamasını, gəmi sahiblərinin də diqqətlə təqib olunmasını tapşırır. Elə ki, gəmi sahibləri
Korinfə gəlib çatırlar, onda Periandr onları yanına çağırıb Arion barədə nə bildiklərini soruşur. Gəmi sahibləri cavab
verirlər ki, Arion İtaliyanın harasındasa sağ-salamat yaşayır və onu Tarantda tam əmin-aman vəziyyətdə qoyub
gəlmişlər. Bu vaxt Arion qəflətən özünü dənizə atdığı paltardaca ortalığa çıxır. Mat qalmış gəmi sahibləri öz
günahlarını dana bilmirlər, çünki artıq ifşa olunmuşdular. Korinflilər və lesboslular bu haqda belə danışırlar. Tenarda
isə Ariona nəzir- insanı delfinin üstündə təsvir edən kiçik mis heykəl var.
25. Lidiyalı Aliatt miletlilərlə müharibənin axırlarında vəfat etmişdir. O, 57 il hakimiyyət sürmüşdür. (Bu
hökmdarlar evindən ikinci hökmdar olan) Aliatt xəstəlikdən sağalandan sonra nəzir etdiyi hədiyyələri Delfə aparmışdır.
Onların içində çaxıra su qatmaq üçün düzəldilən və inkrustasiya vurulmuş dəmir altlıqlı böyük gümüş qab Delfə
verilmiş hədiyyələrin ən diqqətəlayiqi sayıla bilərdi. Ona vurulmuş inkrustasiya xioslu Qlavkın əl işi idi (dəmir
üzərində inkrustasiya sənətini ilk dəfə kəşf edən bu adamdır).
26. Aliattın vəfatından sonra hökmranlıq onun oğlu Krezə16 keçir. O vaxt Krezin 35 yaşı varmış. Onun hücum
etdiyi ilk Ellin şəhəri Efes olmuşdur. Krez şəhəri mühasirəyə alanda efeslilər öz şəhərlərini Artemidaya nəzir demişlər
və ilahə məbədindən şəhər hasarına buraz çəkmişlər. Mühasirəyə alınmış köhnə şəhərlə məbəd arasında məsafə 7
stadiya olardı. Bax beləcə, Krez əvvəlcə efeslilərin, sonra da bir-bir bütün ionların və eolilərin üstünə hərbi yürüşə
çıxır. Bununla yanaşı, hökmdar hücum üçün hər dəfə yeni bəhanələr gətirir. Bunun üçün mühüm səbəb tapa bilirdisə,
onda daha ciddi ittihamlar irəli sürər, başqa hallarda hətta əhəmiyyətsiz bəhanələrlə kifayətlənərmiş.
27. Asiya ellinlərini fəth edən Krez onları bac verməyə məcbur edir. Krez sonra donanma düzəldib adalılara
hücuma keçmək fikrinə düşür. Gəmilər düzəltmək üçün hər şey hazır olandan sonra prienalı Biant, (başqalarının
dediyinə görə miletli Pittak) Sardaya gəlir. Krez bu gəlmə adamdan soruşur: "Elladada təzə nə var?" O da bax belə
cavab verir (bu cavabla da Krezi gəmilər qurdurmaqdan çəkindirir): "Ey hökmdar! Adalılar sənin əleyhinə Sardaya
yürüşə hazırlaşaraq, çoxlu at alırlar". Krez Biantın doğru danışdığını düşünüb ona deyir: "Ah, kaş ki, allahlar ada
camaatına Lidiya oğullarının üstünə at belində getmək fikri təlqin edəydi". Biant da onun sözünü kəsib deyir:
"Hökmdar! Sən yəqin ehtirasla istərdin ki, ada camaatı öz süvariləri ilə materikdə əlinə düşəydi! Bu arzu üçün sənin
əsasların var. Sən fikirləşirsən ki, əleyhinə donanma düzəltdiyin ada camaatı bunu bilsə, görəsən nə xəyala düşər?
Lidiyalıları dənizdəcə yaxalayıb, materikdəki ellinlərin intiqamını onlardan almaqdan başqa heç nə! Bu sözlər Krezi
çox sevindirir. Gəldiyi nəticə ona tam doğru görünür və donanma təşkilinin dayandırılmasını buyurur. Beləliklə, Krez
İon (yunan) adalılarının camaatı ilə dostluğa başlayır.
28. Zaman keçdikcə Krez Qalis çayının bu tərəfinin bütün xalqlarını tabe etməyə nail olur, çünki kilikiyalılardan və
likiyalılardan başqa bütün qalan xalqlar Krezə tabe idilər. Həmən xalqların adları bax belədir: lidiyalılar, frigiyalılar,
misilər, mariandinlər, xaliblər, paflaqonlar, Finiya və Vifiniya frakiyalıları, karilər, ionlar (yunanlar), dorilər, eolilər və
pamfiliyalılar.
29. Krez bütün bu xalqları tabe edib, onları Lidiya hökmranlığına birləşdirəndən sonra o vaxt, Elladada, yaşayan
bütün fazillər (hər biri də tam müxtəlif, niyyətlə) axışıb zəngin və ehtişamlı Sardaya gəlməyə başlayırlar. O cümlədən
afinalı Solon da gəlir. O, afinalıların arzusu ilə onlara qanunlar tərtib etmiş, sonra da on il müddətinə ölkədən çıxmışdı.
Solon guya dünyanı görmək məqsədilə gəmi ilə yola düşmüşdü, amma, əslində, ölkədən ona görə çıxıb getmişdi ki,
onu öz qanunlarını dəyişməyə məcbur etməsinlər. Axı, Solonun verdiyi qanunları on il saxlayacaqlarına təntənəli and
içmiş afinalıların özləri onları dəyişə bilməzdilər.
30. Bu səbəbdən bəlkə də yad ölkələri görmək üçün Solon Misirə-Amasisin, sonra da Sardaya-Krezin17 yanına
gedir. Sardada Krez Solon üçün öz sarayında mehriban bir qəbul düzəldir. Sonra qəbulun üçüncü, ya da dördüncü günü
Krezin əmrinə görə xidmətçilər qonağı hökmdar xəzinələrinə aparıb, hökmdarın bütün böyük sərvətini ona
göstərmişlər. Qonaq onu maraqlandıran hər şeyə baxıb həzz alandan sonra Krez Solona belə bir sualla müraciət
etmişdir: "Afinadan gələn qonaq! Sənin fazilliyin və səyahətlərin haqqında biz çox şeylərdən halı olmuşuq, məhz bunu
eşitmişik ki, fazilliyə olan məhəbbətin ucundan və dünyanı görmək üçün çox ölkələr gəzib-dolanmısan. İndi səndən
soruşmaq istəyirəm: "Sən dünyanın ən xoşbəxt adamına rast gəlmisənmi?" Hökmdar sualı bu ümidlə vermişdi ki, yəqin
qonaq ən xoşbəxt adamın onun özünün olduğunu bildirər. Solon isə Krezə qətiyyən yaltaqlanmaq istəməyib, sözün
doğrusunu deyir: "Bəli, hökmdar, mən ən xoşbəxt adamı görmüşəm. Bu adam afinalı Telldir". Krez belə bir cavabdan
çox təəccüblənir və səbrsizliklə soruşur: "Nə üçün sən Telli ən xoşbəxt adam sayırsan?" Solon cavab verir: "Bu Tell
doğma şəhərin çiçəklənən dövründə yaşamışdır, onun çox gözəl və alicənab oğulları vardı və onların da hamısının
uşaqlarının necə doğulub sağ qaldıqlarını görmək bu adama qismət olmuşdur. O, bizim anlayışımıza görə, varlı adam
idi. Bundan əlavə, ömrünü şərəflə başa vurmaq da ona nəsib olmuşdur. Afinalıların qonşularla apardıqları müharibə