Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

sübut etməyə çalışırdı ki, Britaniya millətinin irsi kütlüyü (o, bunu, əlbəttə, 
“ingilis sağlam düşüncəsi” adlandırırdı) cəmiyyətin əsl dayağıdır. 
Lord Henri qocanın sözlərinə gülürdü; nəhayət, dönüb Doriana baxdı və soruşdu: 
– Hə, dostum, deyin görüm necəsiniz? Nahar vaxtı nəsə gözümə birtəhər 
dəyirdiniz!  
– Mən yaxşıyam, Harri. Yorulmuşam bir qədər, vəssalam. 
– Dünən gecə kefiniz çox yaxşıydı. Balaca hersoginyanı da valeh etmişdiniz. Qız 
mənə dedi ki, Selbiyə getmək istəyir.   
– Söz verib ki, iyirmisində gəlsin. 
– Monmout da onunla gələcək? 
– Oh, əlbəttə ki! 
– Bilirsən, o, məni boğaza yığıb; elə qızı da zinhara gətirib. Qız çox ağıllıdır; 
hətta deyərdim ki, qadın üçün bu qədər ağıl da çoxdur. Bircə şeyi çatışmır: qadın 
zəifliyinin müqayisəolunmaz füsunkarlığı. Təsəvvür edin ki, əgər qızıl 
müqəvvanın gildən hazırlanmış ayaqları olmasaydı, biz ona az qiymət qoyardıq. 
Hersoginyanın ayaqları gözəldir, lakin onlar gildən deyil. Onlar ağ çinidəndir. 
Onun ayaqları oddan-alovdan keçib; od-alovun məhv edə bilmədiyi şeyi od 
bərkidir. Bu balaca qadın həyatda az şey görməyib. 
– O,  çoxdan ərdədir? – Dorian soruşdu. 
– Özünün dediyinə görə, lap çoxdan. Perlərin1 kitabına görə, on il olar. Əlbəttə, 
on il Monmout kimi murdar adamla birgə yaşamaq bir əsr kimidir. Bəs Selbiyə 
daha kimlər gələcək? 
– Villobilər ailəsi, sonra lord Ruqbi arvadıyla birlikdə gələcək. Daha sonra ledi 
Narboro, Cefri Klouston, bir sözlə, adətən, kimlər gəlir onlardır... Hə, bir də mən 
lord Qrotrianı da dəvət etmişəm. 
– Hə, mənim ondan xoşum gəlir! – lord Henri razılıq etdi. – Çoxları onu sevmir, 
amma nəsə onda mənə xoş gələn cəhətlər tapıram. Bəzən görürsən ki, geyiminə 
görə forsu yerə-göyə sığmır, amma bu eyibini onun yaxşı təhsilli olması örtür. O, 
tamamilə müasir dünyagörüşünə malik bir adamdır. 
– Harri, hələ məlum deyil o gələcək, ya yox! Ola bilsin,  atasıyla Monte-Karloya 
getsin. 
– Ah! Bu valideynlər necə də dözülməz xalqdır! Çalışın o gəlsin, onu dilə tutun... 
Yeri gəlmişkən, Dorian, dünən siz məndən çox tez ayrıldınız... heç on bir 
olmamışdı. Məndən sonra nə iş gördünüz? Yəni belə erkən evə getdiniz? 
Dorian gözlərini tələsik onun üzündə gəzdirdi, sonra tutuldu, dedi: 
– Yox, Harri, mən evə, təxminən, üç olardı çatdım. 
– Kluba getmişdiniz? 
– Hə, oradaydım, – Dorian cavab verdi, sonra dodağını dişlədi. – Daha doğrusu, 
yox, orada deyildim. Şəhəri gəzirdim. Nə elədiyim, harada olduğum da yadımdan 
çıxıb. Harri, siz hər şeylə maraqlanırsınız! Həmişə bilmək istəyirsiniz ki, adam nə 


iş görür. Mənsə çalışıram nə etdiyimi unudum. Əgər bilmək istəyirsinizsə, mən 
evə üçün yarısında getdim; açarı unutmuşdum, xidmətçini yuxudan durğuzdum, 
qapını açdı. İstəsəniz ondan soruşa bilərsiniz. 
Lord Henri çiyinlərini çəkdi. 
– Əziz dostum, bu nə sözdür, nəyimə lazımdır? Gəlin gedək qonaq otağına. Yox, 
yox, mister Çəpmən, mən şerri içmirəm. Dorian, sizə nəsə olub? Nə olub, mənə 
söyləyin! Siz bu gün özünüzdə deyilsiniz! 
– Harri, xahiş edirəm, fikir verməyin! Bu gün kefim yoxdur və hər şey məni 
qıcıqlandırır. Mən sabah, ya da birisi gün sizə gələrəm. Mənim adımdan ledi 
Narboroya üzrxahlıq eləyin, mən yuxarı qalxmayacağam. Evə gedirəm. 
– Yaxşı, Dorian. Sabah sizi çaya dəvət edirəm. Gözləyəcəyəm. Hersoginya da 
gələcək. 
– Çalışaram gəlim... – deyən Dorian çıxıb getdi. 
Evə qayıdarkən yolboyu canını yenə qorxu hissi bürüdü; ona elə gəlirdi ki, 
qorxunu dəfn edib, amma yox, o, yenə qayıdıb Doriana əzab verməyə başladı. 
Lord Henrinin təsadüfən verdiyi sual bir anlıq onun sakitliyini pozdu; lakin indi 
bu, ona lazım deyildi, o, özünü ələ almalıydı, təmkinini qorumalıydı. Təhlükəli 
dəlilləri məhv etmək qalırdı; bunları düşündükcə Dorianın bütün vücudu 
qorxudan titrəyirdi. O şeylərə toxunmaq belə onun üçün dəhşətli idi. 
Nə olur-olsun, o, bu işi də görməliydi. Kitabxanaya girərkən qapını içəridən 
bağladı, sonra Bazil Holvardın palto və sakvoyajını divarın içindəki gizli 
seyfindən götürdü. Buxarı gurhagurla yanırdı. Dorian ocağa əlavə bir-iki odun 
parçası atdı. 
 
Mahud parçadan olan paltonun və alışıb yanan dəri sakvoyajın dəhşətli iyi 
vardı; mərhumun bütün şeylərinin yandırılması prosesi, təxminən, bir saat çəkdi. 
Axırda Dorianın ürəyi bulandı, başı gicəlləndi; sonra o, bir neçə Əlcəzair şamını 
mis kürədə yandırdı, əllərini və alnını ətirli sirkə ilə yudu. 
 
Birdən göz bəbəkləri genişləndi; gözləri əcaib şəkildə parıldadı; Dorian 
əsəbi-əsəbi alt dodağını çeynəməyə başladı. Pəncərələrin arasında qarağacdan 
düzəldilmiş Florentin şkafı vardı; şkafın üstünə qiymətli fil sümüyü və daş-qaşlar 
taxılmışdı. Dorian tilsimə düşmüş adamlar kimi durub matdım-matdım şkafa 
baxırdı; şkaf həm onu cəlb edir, həm də qorxudurdu, elə bil, orada nəsə, onun 
həm can atdığı, həm də nifrət etdiyi bir şey gizlədilmişdi. O, dəli bir istəklə 
boğulurdu. Bir siqaret yandırdı, sonra onu tulladı. Göz qapaqları aşağı endi, uzun, 
yumşaq kirpikləri yanaqlarına toxundu; lakin o, hələ də tərpənmir, gözlərini də 
şkafdan ayıra bilmirdi. Nəhayət, durub şkafa yaxınlaşdı, onu açıb gizli yaycığı 
basdı; oradan yavaş-yavaş üçkünc bir yeşik çıxdı. Dorianın barmaqları ixtiyarsız 
ona toxundu, sonra o barmaqlar yeşiyin içinə girdi, oradan laklanmış balaca Çin 
mücrüsünü çıxartdı; mücrü qara-qızılı rəngdəydi, zərif əl işi idi, dalğavari 
ornamentləri, ipək bağlardan asılmış büllur muncuqları vardı, uclarına isə xırda 


metal qotazlar bərkidilmişdi.  Dorian mücrünü açdı. Onun içində mumaoxşar və 
çox qəribə, ağır iyi olan yaşıl bir pasta vardı. Bir anlıq yerində quruyub qaldı, 
tərəddüd etdi; üzündəki təbəssüm də, elə bil, dondu. Otaq çox istiydi, Dorian isə 
üşüyürdü; dönüb saata baxdı, on ikiyə iyirmi dəqiqə qalırdı. Mücrünü yerinə 
qoydu, şkafı örtdü və yataq otağına keçdi. 
Gecəyarıdan keçmiş bürünc saatın zəngi çalınanda Dorian Qrey ayağa durdu, sadə 
paltarlarını geyindi, boynuna şərf doladı, bütün sifətini şərfin içində gizlədərək 
küçəyə çıxdı. Bond stritdə ikitəkərli at arabasına rast gəldi, əl eləyib çağırdı və 
ünvanı pıçıltıyla sürücüyə söylədi. Sürücü başını buladı. 
– Ora çox uzaqdır, ser! – bildirdi.  
– Al, bu da sizin soveren1, – Dorian dedi, – tez sürsəniz, birini də verəcəyəm... 
– Baş üstə, ser, – sürücü cavab verdi, – bir saata oradasınız... 
Dorian arabaya mindi, sürücü pulu cibinə qoyub atın başını döndərdi və çaya tərəf 
sürət götürdü.  
ON ALTINCI FƏSİL 
 
Hava soyumuşdu; yağış yağmağa başladı. Gecənin çiskin dumanında küçə 
lampalarının ölgün işıqları vahiməli görünürdü. Meyxanaların, demək olar ki, 
hamısı bağlanmışdı; onların qapısı ağzında yığışan kişi və qadınların qaranlıq 
kölgələri görünürdü. Bəzi meyxanalardan gurultulu qaqqıltı səsləri gəlirdi, 
bəzilərindən isə sərxoş adamların donqultuları və söyüşləri eşidilirdi.  
Dorian Qrey arabada yarıuzanmış halda şlyapasını alnına qədər dartıb böyük 
şəhərin mənfur iç üzünü izləyir, hərdənbir də ilk tanışlıq günündə lord Henrinin 
ona dediyi sözləri xatırlayıb dodaqucu təkrar edirdi: “Qəlbinizi duyğularla, 
duyğularınızı da qəlbiniz vasitəsilə müalicə edin”. Bəli, elə bütün sirr də 
bundadır! Dorian tez-tez elə bunları etməyə çalışıb; bundan sonra da belə edəcək. 
Tiryək çəkmək üçün qumarxanalar, pritonlar var, orada əylənmək olar; daha betər 
fahişəxanalar da var ki, orada da köhnə günahlar barədə xatirələri təzələri ilə dəfn 
eləmək olar. 
Saralmış kəlləyə bənzəyən ay lap yaxınlıqda, səmadan asılmışdı. Arabir nəhəng 
qara buludlar uzun caynaqlarını uzadıb ayın üzünü örtürdü. Küçə lampaları 
getdikcə azalır, küçələr isə darala-darala daha da tutqunlaşırdı. Hətta sürücü bir 
dəfə yolu azdı və təxminən, yarım mil geriyə qayıtmalı oldu. At yorulmuşdu, 
gölməçələri şappıldada-şappıldada çapan heyvanın boynundan tər süzülürdü. 
Faytonun böyürlərindəki pəncərə şüşələri çöldən boz, seyrək duman qatları 
arasında itmişdi. 
“Qəlbinizi duyğularla, duyğularınızı qəlbiniz vasitəsilə müalicə edin!” – bu sözlər 
Dorianın qulaqlarında elə hey səslənirdi. Hə, hə, onun qəlbi ölümcül xəstə idi; 
məgər onu duyğular sağalda bilərmi? Axı o, günahsız qan tökmüşdü! Bunu nə ilə 
yumaq olar, hə? Ah! Bu günah bağışlanmır! Amma əgər vicdan əzabı çəkirsənsə, 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə