Dorian qreyin portreti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə62/71
tarix04.11.2017
ölçüsü4,8 Kb.
#8442
1   ...   58   59   60   61   62   63   64   65   ...   71

oğlan uzun, nazik bir tənbəki çubuğu yandırırdı; oğlan Doriana baxıb başını 
tərəddüdlə tərpətdi. Dorian pıçıltıyla dilləndi:  
– Adrian, siz də buradasınız? 
– Harada olmalıyam ki? – etinasız bir cavab gəldi. – Mənimlə heç kəs danışmaq 
istəmir, hətta əvvəlki dostlarım da məndən qaçırlar... 
– Mənsə elə bilirdim siz İngiltərəni tərk etmisiniz... 
– Darlinqton əlini ağdan – qaraya vurmur... Qardaşım, nəhayət, borc sənədimi 
ödədi... Corc da məndən küsüb... Eh... cəhənnəmə ki! – ah çəkdi. – Bax nə qədər 
ki bu kef var, dost-zad mənə lazım deyil! Amma mənim çoxlu dostum vardı ha! 
Dorian diksindi; o, cırıq döşəklərin üstünə səpələnmiş biçimsiz və qəribə şeylər, 
fiqurlar gördü; qıc olub burulmuş əllər və ayaqlar, açılmış ağızlar, donmuş göz 
bəbəkləri – bu mənzərə, sanki, onu tilsimlədi. Bu qəribə cənnət ləzzətində uyan 
adamların halı ona tanış idi; o həm də yaxşı bilirdi ki, bu dərdli cəhənnəm əzabı 
onlara yeni həzplərin sirrini öyrədir. İndi onlar özlərini xoşbəxt hiss edirlər, hətta 
onun özündən də xoşbəxtdirlər; o isə fikir və düşüncələr əsirinə çevrilib. Xatirə 
dəhşətli bir xəstəlikdir, adamın qəlbini yeyib-dağıdır. Onun gözləri önündə tez-tez 
Bazil Holvardın ona dikilən baxışları canlanırdı. Onları unuda bilmirdi və birdən 
hiss etdi ki, artıq burada qalmaq iqtidarında deyil; Adrian Sinqletonun burada 
olması onu karıxdırdı. O istəyirdi elə bir yerə getsin ki, onu orada heç kim 
tanımasın. O, öz-özündən qaçmaq istəyirdi. Ani sükutdan sonra, nəhayət, dilləndi: 
– Mən başqa yerə gedirəm. 
– Tərsanəyə gedirsiniz? 
– Hə... 
– Yəqin ki, o vəhşi pişik də oradadır... O qadını daha bura buraxmırlar. 
Dorian çiyinlərini çəkib dedi: 
– Mənə nə? Bu sevən qadınlardan lap zinhara gəlmişəm... Nifrət edən qadınlar 
daha maraqlıdır. Həm də orada daha yaxşı tütün verirlər. 
– Yox, elə buradakındandır... 
– Nəsə oradakı mənim daha çox xoşuma gəlir. Gəlin gedək bir şey içək. Mən 
içmək istəyirəm. 
– Yox, heç nə istəmirəm,  – cavan oğlan imtina etdi. 
– Eybi yox, içməzsiniz, gəlin gedək! 
Adrian Sinqleton tənbəl-tənbəl durdu və Dorianın ardınca bufetə getdi. Başında 
cırıq çalma, əynində yırtıq palto olan mulat onları salamladı və dişlərini iyrənc 
şəkildə ağartdı; brendi şüşəsini və bakalları onların qabağına qoydu. Piştaxta 
qabağında duran qadınlar dərhal onlara yaxınlaşdılar və başladılar söhbətə. Dorian 
arxasını qadınlara çevirdi və Adrian Sinqletona astadan nəsə dedi. 
Qadınlardan biri malay kimi bürüşərək bic-bic güldü və o biri qadına baxıb 
istehzayla dedi: 
– Bu gecə çox qürurluyuq, deyəsən?! 


– Sən Allah, məni rahat burax! – Dorian qanrılıb qışqırdı. – Nə istəyirsən? Pul? 
Al, götür! Amma mənimlə danışma! 
Bir anlıq qadının  tutqun gözlərindən iki qırmızı qığılcım püskürdü; sonra 
qığılcımlar dərhal söndü, gözlər yenə əvvəlki kimi xumarlandı və ölüvaycasına 
oğlana baxdı. Qadın başını silkələdi və piştaxtanın üstünə tullanmış monetləri 
acgözlüklə qamarladı. Rəfiqəsi həsədlə ona baxdı. 
– Ora getməyin xeyri yoxdur,  – Adrian Sinqleton etiraz etdi. – Mən ora getmək 
istəmirəm. Niyə axı gedim? Mən burada özümü daha yaxşı hiss edirəm. 
– Sizə nəsə lazım olsa, yazarsınız mənə, yaxşımı? – deyib Dorian susdu. 
– Bəlkə də, yazdım... 
– Onda gecəniz xeyrə qalsın, mən getdim. 
– Yaxşı yol, – cavan oğlan dedi və burun dəsmalını çıxarıb ağız-burnunu silə-silə 
pilləkənləri qalxmağa başladı. 
Dorian ağrılı-ağrılı onun dalınca baxdı, qapıya sarı yeridi. O, pərdəni aralayıb 
çıxanda arxadan bir qədər öncə pul verdiyi qadının kinayəli gülüşünü eşitdi. 
Qadın xırıltılı səslə, sözləri çeynəyə-çeynəyə dedi: 
– İblisdən əmələ gələn itilib gedir! 
Dorian dönüb çımxırdı: 
– Kəs səsini, fahişə!! Ağzını yum! 
Qadın barmaqlarını şıqqıldadıb səsini daha da ucaltdı: 
– Hə, istəyirsən səni “Gözəl şahzadə” çağırsınlar? 
Bu sözləri eşidən mürgülü dənizçi qəflətən ayılıb dəli kimi ətrafa baxmağa 
başladı; qapı çırpılıb örtüldükdən sonra dənizçi yerindən sıçrayıb çölə çıxdı və elə 
bil, onu kimsə təqib edirdi.  
Dorian sahil boyunca çiskin yağış altında addımlayırdı; Adrian Sinqletona rast 
gəlməyi, nədənsə, onu çox həyəcanlandırmışdı və o, öz-özündən ürəyində 
soruşurdu ki, görəsən, Bazil Holvard doğru deyirdimi? Bazil düz onun gözünün 
içinə dedi ki, Adrianın cavan ömrünün məhv olması Dorianın işidir; Dorianın 
gözləri bir anlıq kədərlə doldu; və o, dərhal da ayıldı. Axı onun nə günahı vardı? 
Həyat çox qısadır; o qədər qısadır ki, adam öz üzərinə əlavə heç nə, başqalarının 
səhvlərini belə götürmək istəmir. Hər kəs öz həyatını yaşayır, necə istəyir yaşayır, 
özü də öz elədiklərinə cavab verir. Yalnız təəssüf edirsən ki, bəzən insan etdiyi 
bircə səhvinə görə bütün ömrü boyu əzab çəkir. Tale insanla hesab-kitabında 
insanın borcunu heç vaxt bağlamır.  
 
Psixoloqların dediyinə görə, insanın həyatında elə anlar olur ki, günah 
işlətmək ehtirası (və ya adamların hesab elədikləri günah) adamı elə çulğayır ki, 
onun bədəninin hər bir əzələsində, beyninin hər bir hüceyrəsində təhlükəli 
instinktlər dolaşır. Belə anlarda kişi və qadınlar iradə azadlığını itirirlər. Onlar 
mexaniki olaraq ölümlərinə doğru gedirlər. Onların başqa çıxış yolları olmur; 
onların  şüurları ya susur, ya da sadəcə, ehtiras qiyamına bir qədər də kömək 


göstərirlər. Teoloqlar bizə deyir ki, günahların ən dəhşətlisi itaətsizlik göstərmək, 
sözə baxmamaqdır. Axı o böyük Ruh – Şeytan göylərdən Yerə nə üçün 
qovulmuşdu? Qiyam qaldırdığına, itaət göstərmədiyinə görə! 
Hər şeyə laqeyd iblisanə hisslərin əsirinə çevrilmiş murdar təxəyyülləri və 
üsyankar qəlbi ilə birgə iri addımlarla irəliləyən Dorian yalnız günahlarına bəraət 
qazandırmaq ehtirasları içindəydi; o, qaranlıq, üstüörtülü keçidə gəlib çatanda 
(həmin fahişəxanaya gedəndə o, yolu qısaltmaq üçün bu keçiddən tez-tez istifadə 
edərdi) qəflətən kimsə arxadan onun çiyinlərindən yapışdı və bir göz qırpımında 
onun boğazından yapışıb divara dayadı. Dorian müdafiə olunmaq üçün xeyli səy 
göstərdi və vəhşi bir nərə çəkib boğazını onu tutan adamdan qurtardı; elə bu an o, 
tapança çaxmağının şaqqıltısını eşitdi; silah Dorianın düz alnına tuşlanmışdı. O, 
qarşısında dayanmış enlikürək, gödəkboy bir kişini qaranlıqda güclə görə bildi. 
– Nə istəyirsiniz? – az qala, boğula-boğula soruşdu. 
– Sakit ol! – kişi əmr etdi. – Tərpənsən, vuracağam. 
– Dəli olmusunuz? Mən sizə neyləmişəm? 
– Siz Sibil Veynin həyatını məhv etmisiniz. Mən isə onun qardaşıyam. Mənim 
bacım özünü öldürdü. Bilirəm, onun ölümünə bais siz olmusunuz. Mən də söz 
vermişəm ki, sizi öldürüm. Neçə ildir, axtarırdım sizi, tapa bilmirdim. İziniz-
tozunuz belə yox idi. Yalnız iki adam sizi təsvir edə bilərdi. Onlar da ölüb 
gediblər. Mən sizin barənizdə heç nə bilmirdim, bircə Sibilin sizi çağırdığı o 
sevimli addan başqa. O adı bacım vermişdi sizə. Bu gün təsadüfən o adı eşitdim. 
Sonuncu duanızı edin, indi gəbərdəcəyəm sizi!  
Dorian Qreyin qorxudan rəngi ağardı. O kəkələdi: 
– Mən ooo-nuuu tanımır-aaammm. Birinci dəfədir... eeeşidirəm. Siz dəli 
olmusunuz-nədir? 
– Tez olun, günahınızı boynunuza alın! Yoxsa Ceyms Veyn deyiləm, sizi 
öldürməsəm! Bax sizə deyirəm, boynunuza alın! 
Dəhşətli anlar yaşanırdı; Dorian bilmirdi nə desin, nə etsin. 
– Diz üstə çökün! – Veyn bağırdı. – Sizə bir dəqiqə vaxt verirəm, kəlmənizi 
deyin, Allahdan son istəyinizi diləyin, vəssalam. Mən bu gecə gəmiylə çıxıb 
gedirəm Hindistana, getməzdən əvvəl bu işi görməliyəm. Tez olun, bir dəqiqə 
vaxtınız var! 
Dorianın əlləri yanına düşdü, dəhşət içində quruyub qaldı, bilmədi neyləsin. 
Birdən beyninə ümidverici bir fikir girdi, ucadan dedi: 
– Dayanın! Sizin bacınız nə vaxt ölüb? Neçə il keçib üstündən? Tez eləyin, mənə 
söyləyin! 
– On səkkiz il! – dənizçi cavab verdi. – Niyə soruşursunuz? İllərin buna nə dəxli 
var? 
– On səkkiz il!  – Dorian təkrar edərək güldü. – On səkkiz il! Aparın məni işığa 
tutun, baxın mənim sifətimə! 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə