bağışlanmaq mümkün deyilsə,
onda onu unut, sil onu xatirəndən, getsin
birdəfəlik! Keçmişi öldür! İnsanı çalan ilanı öldürdüyün kimi öldür keçmişi!
Doğrudan axı, Bazilin nə haqqı vardı onunla belə danışmağa, hə? Onu kim vəkil
tutub, nə haqla başqalarına hakimlik edirdi? O, elə dəhşətli sözlər deyirdi ki! O
sözlərə kim dözərdi, hə?
Üçtəkərli fayton yavaş-yavaş mənzilbaşına çatırdı; Dorian pəncərəni endirib
sürücüyə qışqırdı ki, tələssin. O, tiryək çəkmək üçün yanırdı, dəhşətli dərəcədə
yanırdı; boğazı qurumuş, hamar əlləri bükülüb qıc olmuşdu. Dorian öz əlağacı ilə
ata güclü bir zərbə endirdi. Sürücü güldü və öz qamçısını da işə saldı.
Dorian da
güldü, lakin sürücü nə üçünsə susdu.
Yol uzandıqca uzanır, sanki, sonu görünmürdü. Darısqal küçələr şəbəkəsi geniş
hörümçək torunu xatırladırdı. Küçələrin bir-birinə oxşaması adamı lap
darıxdırırdı. Duman getdikcə qatılaşır, Dorianı isə vahimə basırdı.
Fayton kərpic zavodlarının yerləşdiyi kimsəsiz ərazilərdən ötdü. Duman
seyrəlmişdi, zavodun uzunsov butulkalara bənzəyən kürəciklərini görmək olurdu;
oradan yelpikvari narıncı alov dilləri qalxırdı. Faytona it hürdü, haradasa
uzaqlardan, qaranlıq içindən yol azmış qağayı qışqırtısı eşidildi. Atın ayaqları
nəyəsə ilişdi və o, kənara tullanıb dördnala çapmağa başladı.
Bir azdan onlar gilli yoldan burulub kələ-kötür yola çıxdılar; fayton guruldayırdı.
Evlərin əksəriyyətinin pəncərələrindən işıq gəlmirdi, orada-burada isə işıq düşən
pəncərə pərdələri arxasından tərpəşən fantastik siluetlər görünürdü.
Dorian bu
siluetlərə maraqla tamaşa edirdi; onlar yekə kuklalar kimi tərpəşir, canlı adamlar
kimi hərəkət edirdilər. Dorian onlara nifrət etməyə başladı. Onun qəlbinə donuq
bir kin qondu. Onlar tini burulan kimi açıq qapı ağzında durmuş bir qadın əl
eləyib nəsə qışqırdı; bir az getmişdilər ki, iki kişi arabanın dalınca düşdü, onları,
təxminən, yüz metr təqib etdi. Faytonçu onları qırmancla qovdu.
Deyirlər, ehtiraslı adam özünə qapananda düşünməyə məcbur olur. Əlbəttə,
Dorian Qrey dodaqlarını çeynəyərək üzücü bir inadkarlıqla qəlb və duyğular
barədə iblisanə sözləri təkrar-təkrar
söyləyirdi və nəhayət, o, öz-özünə təlqin etdi
ki, bu sözlər onun ruhunu tamamilə oxşayır və ehtiraslarına da bəraət verir; onsuz
da, bu ehtiraslar bəraətsiz də onu idarə edirdi. Onun bütün beyin hüceyrələrində
yalnız bir fikir dolaşırdı: həyata, yaşamağa olan dəli bir sevgi, insan
iştahalarından ən qorxulusu bütün sinirlərini və bədəninin hər bir əzasını yerindən
oynadır, titrədirdi. Şeyləri gerçəkləşdirdiyinə görə haçansa ona həqarətli görünən
həyatın çirkinliyi indi ona elə həmin səbəbdən qiymətli olmuşdu.
Çirkinlik yeganə
gerçəklik olmuşdu. Səs-küylü küçə savaşları, dava-dalaşlar, rüsvayçı və çirkin
fahişəxanalar, əyyaşlıq və pozğunluq, oğru və quldurların alçaqlıqları – bütün
bunlar cəmiyyətdə onun təxəyyülünə gözəl sənət əsərlərindən və nəğmələrin yel
kimi gətirdiyi şirin xəyallardan daha güclü zərbələr endirmişdi. Bu çirkinliklər
Doriana lazım idi, çünki onlarda əyləncə, unutqanlıq vardı.
Üç gündən sonra o,
bütün keçmişin xatirələrindən xilas olacaqdı.
Sürücü qaranlıq bir döngəyə çatanda qəflətən faytonu saxladı; damlarından tüstü
qalxan alçaq və köhnə evlərin üstündən gəmilərin qara dorları görünürdü. Şəffaf
yelkənlərə bənzəyən ağ duman yumağı gəmilərin üfüqi ağaclarına sarı qısılmışdı.
– Haradasa buralardadır, ser, eləmi? – faytonçu boğuq səslə soruşdu.
Dorian səksəndi və dərhal pəncərədən küçəyə boylandı.
– Hə, buradır, – deyib cəld faytondan düşdü, sürücüyə söz verdiyi ikinci sovereni
uzatdı, sonra tələsik addımlarla sahilboyu istiqamətinə getdi.
Uzaqdan hansısa iri ticarət gəmilərindən işıq gəlirdi. İşıqlar sayrışır və
gölməçələrin üzünə yayılırdı. Yenə uzaqdan özgə sulara yollanan daş kömür dolu
gəmilərin qırmızı parıltıları görünürdü; sürüşkən döşəmə yol yaş makintoş kimi
işıldayırdı.
Dorian
cəld sola buruldu; hərdən arxaya boylanıb əmin olmaq istəyirdi ki, onu
izləyən yoxdur. Təxminən, yeddi-səkkiz dəqiqədən sonra o, köhnə, balaca bir evə
çatdı; ev iki dağınıq fabrikin arasında yerləşirdi. Yuxarı mərtəbənin bir
pəncərəsindən işıq gəlirdi. Dorian dayanıb qapını parolvari işarə ilə döydü. Bir
azdan dəhlizdən ayaq səsləri gəldi və içəridən qapının cəftəsi açıldı. Qapı yavaş-
yavaş açıldı və o, qapıda dumanlı görünən pota, tosqun adama heç nə demədən
içəri keçdi; adam divara tərəf qısıldı və yol
verdi ki, Dorian içəri girə bilsin.
Dəhlizin başında çirkli, yaşıl pərdə asılmışdı; qapı açılan kimi külək pərdəni
yellətdi. Dorian pərdəni aralayıb hündür olmayan uzun bir otağa daxil oldu; otaq
üçüncüdərəcəli rəqs salonuna bənzəyirdi. Divardan yanan qaz odluqları asılmışdı;
onların güclü işığı güzgüyə yapışmış milçəyi donuq və çəpinə göstərirdi. Alovun
dilləri qaz odluqlarının üstündəki büzməli dəmir təbəqələri ora-bura yellədirdi;
döşəməyə sarımtıl taxta kəpəyi səpilmişdi, üzərində çirkli ayaqqabı və dağılmış
tünd-qırmızı şərabın izləri görünürdü. Yanan xırda dəmir peçlərin böyründə bir
neçə malaylı
çömbəlib oturmuşdu; bir-birilə deyib-gülür, beşdaş oynayır, ağ
dişlərini bir-birinə şaqqıldadıb qıcırdırdılar. Küncdə sinəsini stola söykəyib başını
əlləri üstünə qoymuş bir matros oturmuşdu; pis rənglənmiş pinti piştaxta
arxasında iki yorğun qadın öz paltosunun qollarını şotka ilə iyrənə-iyrənə
təmizləyən yaşlı bir kişiyə sürtüşürdü. Dorian onların yanından ötəndə
qadınlardan biri hırıldaya-hırıldaya yaşlı kişini göstərib dedi:
– Elə bilir bədənində qırmızı qarışqalar gəzir!
Kişi qorxaraq qadına baxdı və sızıldamağa başladı.
Otağın qurtaracağında balaca bir pilləkən vardı, bu pilləkən qaranlıq, darısqal bir
otağa aparırdı. Dorian pillələri qalxanda tiryəkin ətir saçan iyi burnuna dəydi. O,
dərindən nəfəs aldı,
qoxunu içinə çəkdi, burun pərələri bu ləzzətdən titrədi. O,
darısqal qaranlıq otağa girəndə lampa işığına sarı əyilən sarışın saçlı cavan bir