Əzizağa Nəcəfov
50
təbiət təsvirləri, hicran, retrospektiv, nostalji hisslər, sevgilinin kar-
van kəcavəsində aşiqi tərk etməsi motivləri və s. sonrakı dövrlərdə
qəzəl, məsnəvi, müxəmməs kimi lirik janrlarda yeni - fəlsəfi, dini-
mənqəbəvi, sufi-mistik məqsədlərlə istifadə olunur və əvvəlcə ideal
gerçəkliyin metaforik təcəssümü olan poetik vasitələr sonralar
yavaş-yavaş mistik simvol anlamında işlədilirdi. Bu isə Şərq İslam
mədəniyyətinin mühüm tərkib hissəsi olan klassik
Azərbaycan
ədəbiyyatında onların didaktik, fəlsəfi, ictimai və nəhayət, sufi-
mistik ideyaların əksində mərhələlərlə yeni məzmun kəsb etməsini,
yeni anlamda tətbiqini izləməyə imkan verir.
Beləliklə, təsəvvüfün poeziyaya təsiri və şeirə ürfani məzmu-
nun gəlişi ilə artıq daşlaşmış bənzətmə və bədii təyinlər, simvol,
metaforalar obyektiv deyil, dini-fəlsəfi reallığı ifadəyə xidmət etmiş
və şeirin iki mərhələdə qavranılmasına şərait yaratmışdır ki, bu da
Şərq şeirinə, müsəlman bədii düşüncə tərzinə fərdi çalar əlavə
etmişdir. Söylənilən fikir Nəsib Göyüşovun “Füzulinin
sənət və
mərifət dünyası” adlı monoqrafiyasında da təsdiqini tapır. Müəllif
yazır: “Hər bir qaynaqdan alınan söz və anlayış [klassik Şərq
poetikasında - Ə.N.] söz sənətində ikili mənaya malikdir:
a) qaynaqda ifadə etdiyi ilkin məzmun;
b) bədii-estetik duyumda qazandığı yeni anlam. (44, 66)
Məsələn, təsəvvüf ədəbiyyatımızda Nəsiminin hürufi, Xətai-
nin təriqət ideyalarını bədii biçimdə ifadə edən şeirlərində oxucu
sözlərin lüğəvi mənasını qavradıqdan sonra hələ heç nəyin aydın
olmadığını anlayıb, mətnaltı mənaya varmaq zərurətini duyur və
şeirin simvolik məzmununu açmağa çalışır.
Misallarla fikrimizi əsaslandırmağa çalışaq:
Nəsimidən:
Yeddidir, dörd yeddidən bir yeddidir,
Yüz iyirmi dörd yenə üç yeddidir.
Evi bir, bacası yeddi, babı üç,
Əhli-beyti ilə özü on yeddidir. (50, 584)
Füzuli – şairin yaradıcılıq psixologiyası
51
Yaxud:
...Hər zərrədə günəş oldu zahir,
Torpağa sücud qıldı tahir.
Nəqqaş bilindi nəqş içində,
Ləl oldu əyan Bədəxş içində. (51, 349)
Xətaidən:
...Şəbi-hicran, ey salik, hidayət şəminə yetdim,
Yüzünün afitabından yüz ənvari-ziya gördüm. (99, 224)
Yaxud:
Taki rüxsarındən ərrəhman ələl-ərş-istiva,
Həm anın şənində münzəl ayəti-şəmsul-züha.
Sureyi-Tahavü Yasinü təbarək hüsnünə,
Gör nə təzim eyləmişdir həq təala rəbbəna. (99, 56)
Əgər yuxarıda Nəsimidən misal gətirdiyimiz şeirlər içərisində
bir tuyuğa baxsaq, onda həm orta əsr,
həm də müasir oxucu üçün
heç bir anlaşılmayan sözün olmadığını görərik. Lakin bu dördlük
şeir şəklində işlədilən “yeddi”, “üç yeddi”, “yüz iyirmi dörd”, “on
yeddi” rəqəmlərini, “Evi bir, bacası yeddi, babı üç” misrasının məz-
mununu hürufiliyin simvolikasından xəbərdar olmayan oxucu asan-
lıqla anlaya bilmir. Yalnız müəyyən lüğətlərə, mənbələrə müraciət
etdikdən sonra tuyuğda söhbətin Quranın “Fatihə” surəsindən get-
diyini anlayır. Tuyuğun açıqlaması belədir: Quranın ilk surəsi olan
“Əl-Fatihə”
yeddi ayədən ibarətdir, bu surənin üç adı - “Əl-Həmd”,
“Ümməl-kitab” və “Səbül-məsani” kimi adları da məlumdur. Surə-
də ərəb əlifbasında olan iyirmi səkkiz hərfin hamısı öz əksini tapıb.
Ümumilikdə yüz iyirmi dörd hərfdən ibarət olan surənin əvvəlində
gələn “Bismilləhir-rahmənir-rahim” ayəsi isə iyirmi hərfdən ibarət-
dir. Yeddi ayədən ibarət, üç adla tanınan bu surə gündəlik namaz-
larda on yeddi dəfə təkrar olunur.
Beləliklə, yuxarıdakı şeir parçalarına nəzər saldıqda farsdilli
poeziyada qəzəlin ən gözəl nümunələrini yaradan Hafizin qələndər-
lik ideyalarını ifadə edən əsərlərinə “Lisan əl-qeyb” - “sirli dil”
deyilməsinin və Nəsimi kimi qəzəli fəlsəfi fikirlərinin ruporuna çe-
virən bir şairin şeiriyyətini “quş dili” adlandırmasının
real əsasa
Əzizağa Nəcəfov
52
malik olduğu aydınlaşır.
Düzdür, XVI əsr Türk şeir dahisi Füzulinin divanında da nət
tipli qəzəllərdə fikrin bu şəkildə ifadə tərzinə rast gəlinir, lakin şairin
digər, lirik irsini təşkil edən bütün misralarında özündən əvvəl-
kilərdən tam fərqli üslub müşahidə olunur. Füzuli qəzəllərini oxu-
duqca, ondakı mətləbləri lay-lay açdıqca bu fərq aydın seçilir. Şairin
böyüklüyü ondadır ki, mistik üslubun dəb olduğu bir zamanda o,
şeirlərində yeni stilistik çalar tətbiq etməklə fikrin üç mərhələdə
dərkinə və öz bədii təfəkkürünün bu bənzərsiz
ifadə tərzindən hər
kəsin zövq almasına şərait yaratdı. Füzuli oxucusu əvvəlcə sadə dillə
yazılmış qəzəllərdəki yeni söz düzümünə, daha sonra metaforaların,
bənzətmə və bədii təyinlərin obrazla bağlılığına valeh olur, şeirin
məzmununu - obyektiv reallığın subyektiv inikasını qavradıqdan
sonra beytin daxili məzmununa baş vurur, onun ürfani mündəricəsinə
vaqif olmağa can atır. Və beləliklə də, üçqat həzz alır.
Bu xüsusda Füzuli farsca “Divan”ının müqəddiməsində yazır:
“İnsanlar həmişə hər təcrübə açarı ilə bir xəzinə qapısını açar, nəzm,
nəsr səhifələrini müxtəlif cövhərlərlə bəzəyərlər. ...Fars qəzəlləri
divanını tərtib
etdim ki, həm kamil müdəqiqlər onun üstüörtülü
gözəl məzmunlarından həzz alsınlar, həm də sadədil zəriflər onun
zövq ziyafətindən paylarını götürsünlər”. (73, 23)
Yəni şairin məqsədi fikri elə söyləməkdir ki, onun batini
(mətnaltı) mənasından söz xiridarları, zahiri - ilkin mənasından isə
“sadədil” oxucular zövq alsınlar. Bu isə sözün misra, beyt və ümu-
miyyətlə, hər hansı bir şeir vahidi daxilində elə bir düzümünü tələb
edir ki, ondan alınan feyz Şərq miniatürləri
kimi mərtəbəli olsun,
fikir lay-lay açılaraq təsiri gücləndirsin. Oxucu cəlbedici formaya,
çoxçalarlı məzmuna malik əsərin əvvəlcə maddi qabığı olan
səslənmə və görünümündən, sonra isə zahiri məna və onun daxildə
gizlənən fəlsəfi çalarından zövq alsın. Beləliklə, Füzuli irsini
mənimsəməyə çalışan şəxs yeni üslub çaları ilə qarşılaşaraq eşqin
mərtəbələri ilə yüksələn sufi kimi mənaya vardıqca kamilləşir, onun
şeirinin sehrinə düşür. Bizcə, Firidun Qurbanovun “Füzuli effekti”
adlandırdığı hadisə də elə budur. (Bax: 64, 114) Bu effekti əldə