Füzuli – şairin yaradıcılıq psixologiyası
53
etmək üçün ziddiyyət, heyrət, təəccüb əsas rol oynayır. Oxucu
müəyyən fikrin üst qatından çıxan nəticəni qavrayıb zövq alır, lakin
onda bir təəccüb hissi doğur, bir daha şeirə nəzər salıb mətnaltı
mənanı axtarır və tapır, bu zaman isə tamamilə zidd, yaxud yaxın
məna heyrət doğurur; özündən razılıq hissi isə zövqü artırır. Be-
ləliklə, oxucu beyt-beyt şairin ardınca hərəkət edir. Onu anlamağa
çalışır. Və nə qədər səy göstərirsə, zövq də bir o qədər çox olur.
Şair göstərilən mənbədə fikrin bu yeni ifadə tərzinə müra-
ciətinin səbəbini də aydınlaşdırır. Füzuliyə görə, Şərq ədəbiyyatında
obraz tapıntısı, yeni fikir söyləmək, yaxud söylənilmiş fikrə yeni
don biçmək şair üçün bir sınaqdır. “...Söylənilmiş bir sözü söyləndi-
yinə görə, söylənilməmiş bir sözü isə əvvəlcə söylənilmədiyinə görə
işlətmək olmur”. (73, 20) Yəni ümumi bir ideya çərçivəsində hərə-
kət etməli şair müəyyən obrazlardan, artıq simvol xarakteri kəsb
edən, çox vaxt şablon ifadələrdən elə faydalanmalıdır ki, ona qədər
bu ənənəvi ifadələri heç kəs bu sayaq düzməmiş olsun və bu cümlə
konstruksiyasından doğan fikri ondan əvvəl heç kəs söyləməsin.
Yuxarıda deyilənləri nəzərə alsaq, biz “Bağdad səbki” daxilin-
də üç üslub çaları ilə rastlaşmış oluruq. Birinci qrup şairlər təsvir
zamanı həqiqətdən sapdırmağa, ikincilər hazır qəliblərlə sufi-mistik
anlamı ifadə etməyə çalışırlarsa, Füzuli eyni leksik tərkib və poetik
konstruksiya ilə həm obyektiv reallığın subyektiv inikasına, həm də
mistik təfəkkürün yeni biçimdə əksinə nail olur. Dediklərimizi belə
yekunlaşdıra bilərik ki, Füzuli şeirində söz əvvəlcə məcaz kimi dərk
olunur, onun işarə etdiyi həqiqət araşdırılır, sonra isə məcazların
simvolik - işarəvi mənası dərk edilərək ürfani məzmunu açıqlanır.
Çünki Şərq bədii təxəyyülündə təşbeh ilahinin dərki, qeyri-təbii
hissi idrak, mənəvinin maddiləşməsidir ki, onun sayəsində səmavi
anlamlar dünyəvi sifətlər əldə edir, rəmzi məzmun daşıyır. Allah
məşuqa, məşuq gülə, bəndə aşiqə, aşiq gül dərdindən nalə edən
bülbülə transformasiya edir. Daha sonra gül ilahi lütfdən ürəkdə
açılan fərəh, arifin qəlbində olan elmin səmərəsi, bülbül isə əslindən
ayrı düşən aşiqin - əzabkeşin iztirab rəmzinə çevrilir. Əvvəlcə
informasiya kimi qəbul olunan anlam məcaza keçir, məcaz isə
Əzizağa Nəcəfov
54
mistik simvol kimi dərk olunur.
Niyazi Mehdiyev “Orta əsrlər Azərbaycan estetik mədəniy-
yəti” adlı traktatında klassik poeziyamızda fərqli dil və mətn
xüsusiyyətlərini aydınlaşdırarkən yazır: “...Sufi anlayışlarını bilmə-
yən adam [poetik - Ə.N.] teksti təbii dil və ya olsa-olsa poetik kod
ilə başa düşdüyü üçün şeirdən ya adi dilin aça biləcəyi məzmunu, ya
da poetik kodun kömək edib duydurduğu bədii məlumatı alır”. (78,
119) Yuxarıda da dediyimiz kimi, adi oxucu onun zahiri üstün-
lüklərindən: gözəl məcaz, bənzətmələr, müxtəlif bədii ifadələrlə
bəzədilmiş dilindən və ilkin poetik məzmunundan zövq alırdısa,
intellektual cəhətdən daha zəngin oxucu rəmzlərin məna açarı ilə bu
poetik xəzinəyə yaxınlaşdıqda onun dərin məna qatından, dini,
fəlsəfi, mistik mündəricəsindən xoşnud olurdu. Yəni bu məna çalar-
ları yerin daxili qatından çıxaraq aşkarlanan mədəni təbəqələr kimi
açıldıqca yeni fərqli məzmun verirdi. Bu zaman şeiri - konkret
poetik vahidi təşkil edən leksemlərin sintaktik düzümü də böyük rol
oynayırdı, çünki müxtəlif mənalı sözlərin yanaşması oxucuya hər
oxunuşda yeni bir mənanı açmağa şərait yaradırdı. Misal üçün
Məhəmməd Füzulinin məşhur bir qəzəlinin məqtə beytini götürək:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim! (39, 112)
Göründüyü kimi, verilən nümunənin sonuncu misrasındakı
təkrarlanan söz ilk baxışda estetik zövq mənbəyi, qrafik və poli-
fonik vasitə kimi dərk olunursa da, təkririn Füzuli şeirində işlədilmə
məqsədi istər-istəməz oxucunu düşündürür, onu intellektini zorla-
mağa sövq edir. Düşüncədən alınan nəticə isə kəşf effekti bağışladı-
ğından ikiqat, bəlkə də üçqat zövqə səbəb olur. Bu anda bilmədiyini
öyrənən, yeniliklə qarşılaşıb onu dərk edən insan psixikası həzz alır,
sözün simvolik məzmunundan doğan işarəvi funksiyasının genişlən-
məsi isə sənətin poetik kod xüsusiyyətini meydana çıxarır. Beləlik-
lə, şeirdə iki: üst - kommunikativ və alt - semantik qat müəyyənləşir
ki, bu da sufi poeziyasındakı iki cür eşq təzahürünü - ilahi və real
məhəbbəti tərənnüm edir. Məhz buna görə də müasir sufi nəzəriy-
yəçisi, hind alimi Həzrət İnayət Xan “Sufizmə giriş” əsərində yazır:
Füzuli – şairin yaradıcılıq psixologiyası
55
“Sufi poemalarının bütün məziyyəti onların yüksək şərtiliyindədir
ki, bu da tərcümədə itir”. (152, 3)
Ümumiyyətlə, sadalanan xüsusiyyətlər Azərbaycanda XI-XVI
əsrlərdə formalaşıb, zaman-zaman təkmilləşərək, ürfan elmi, sufi
fəlsəfəsi təsiri altında yaranan yeni bir poeziya tipinin - intellektual
poeziyanın XIX əsrin sonlarınadək mövcud olduğu fikrini söyləmə-
yə imkan verir və bu yaradıcılıq aktları toplusunun hər bir təzahürü
nə qədər oxşar olsa da, öz təkrarolunmazlığı ilə seçilir. Yəni bu dövr
ərzində eyni bir mövzu, obrazlar sistemi, üslubi çalar daxilində hər
dəfə tamamilə yeni sənət nümayiş etdirilir, yeni məna axarı
meydana çıxır.
Söylənilən intellektual poeziya nümunələrində, xüsusilə də,
sufi dünyagörüşünü ifadə edən, ilahi məhəbbətin tərənnüm vasitəsi
olan əsərlərdə müşahidə olunan, müasir oxucu üçün çətin anlaşılan
ərəb-fars tərkibləri, yaxud daşlaşmış obrazlı ifadələr təkcə əcnəbi
şeir ölçüsünün - əruz vəzninin dilimizə uyğunlaşdırılması ilə deyil,
həm də sənətdə simvolik çaları yaratmaq vasitəsi kimi də meydana
çıxırdı. Yəni orta əsrlərdə Azərbaycan klassik poeziya dilini zəngin-
ləşdirən, divan ədəbiyyatı üçün daha xarakterik olan ərəb və fars
kəlmələri süni şəkildə ədəbi dilə daxil olmur və Niyazi Mehdiyevin
söylədiyi kimi, “heç də dilimizin leksik yoxsulluğundan irəli gəl-
mirdi”. (78, 116) Bunu qanuni hala salan amillərdən biri də poetik
dilin pərdələmək tələbi idi ki, bu da onu həm adi danışıqdan fərq-
ləndirir, həm də ərəbcə, farsca adi kommunikativ funksiyasından
savayı, hər hansı dini, fəlsəfi mənbədəki rəmzi və ya belə demək
mümkünsə, terminoloji mənasına işarə edən vahidin çox vaxt üzdə
olmayan, alt qatdakı məzmunu açmasına kömək edirdi. Bu həm
zahirən Quran poetikasını təqlid, həm də ulu mənbədəki mənaya
əsaslanan simvol (rəmz) xarakterli söz yaratmaq üçün əlverişli idi
ki, sənətşünaslar bu cür poetik vasitələri “bədii kod” adlandırırlar.
Və bizim fikrimizcə, bu sayaq sözdən istifadə üsulu fərqləndirdiyi-
miz intellektual poeziyanın əsas əlamətlərindən biridir.
Beləliklə, milli poetikamız tarixində özünəməxsus dil, ifadə
vasitələrinin zənginliyi ilə seçilən, eyni bir üslub daxilində müəy-
Dostları ilə paylaş: |