Sonra xəncəri qaldırdım. Əzələlərim artıq gərilmişdi. Xəncəri düşmənin düz ürəyinin başına endirdim.
O, arxası üstə çapalayıb can verirdi. Yavaş-yavaş ayağa durdum. Paltarım qana bulaşmışdı. Kimin qanı
idi bu? Mənim, yoxsa onun? İndi bunun heç bir fərqi yox idi. Məmməd Heydər dişlərini qıcayıb dedi:
“Əli xan, mən sənə ömrüm boyu hörmət edəcəyəm”.
Qabırğam ağrıyırdı. Məmməd Heydər qoluma girdi. Kolluğun içindən çıxıb
Mərdəkana gedən dar
yolda durmuş, böyük bir qutunun yanına gəldik. Orada dörd at və iki atlı dayanmışdı. İlyas bəy mənə
əl verib salamlaşdı. Seyid Mustafa yaşıl əmmaməsini bir az yuxarı qaldırdı. O, atının tərkində Ninonu
otuzdurub bərk-bərk tutmuşdu. Nino susurdu.
Seyid Mustafa yumşaq bir səslə:
– Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksən, yoxsa mən öldürüm? – deyə dilləndi.
Məmməd Heydər mənə tərəf xəncər uzadıb: –
Öldür onu, Əli xan – dedi. Mən İlyas bəyə baxırdım.
Onun üzü təbaşir kimi ağarmışdı: – “Biz cəsədi dənizə atarıq” – dedi.
Ninoya yaxınlaşıram. Onun gözləri qorxudan böyümüşdü...
Böyük tənəffüs vaxtı o, əlində məktəb çantası gözlərindən də yaş sel kimi axa-axa küçəni keçərək
bizim məktəbimizə gələrdi. Bir dəfə imtahan vaxtı partasının altında gizlənib, pıçıltı ilə ona deyirdim:
“Böyük Karlın başına 800-cü ildə Axendə tac qoyulmuşdu”.
Nəyə görə Nino susur. Nə üçün Nino o zaman böyük tənəffüsdə yardım istəmək üçün yanıma gəlib
göz yaşlarını axıdıb ağladığı kimi ağlamır? Böyük Karlın başına nə zaman tac qoyulduğunu bilmədiyi
üçün onun təqsiri yox idi. Mən onun mindiyi atın boynunu qucaqlayıb Ninonun üzünə baxdım.
Baxışlarımız rastlaşdı. Ay işığında gözlərini əlimdəki
xəncərə dikmiş, Seyid Mustafanın atının
yəhərində oturan Nino nə qədər gözəl idi. Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları da
gözəldir. Amma onları İsveçə qızıl külçələrini qaçırmaq istəyən Naçararyan öpmüşdür!
– İlyas bəy, mən yaralıyam. Prinses Ninonu evlərinə apar. Hava soyuqdur, Ninonun çiyninə bir şey
salarsan. İlyas bəy, eşidirsən, əgər prinses Nino sağ-salamat evinə çatmasa səni öldürəcəyəm. Eşitdin?
İlyas bəy, bu mənim qəti sözümdür.
Məmməd Heydər, Seyid Mustafa özümü halsız hiss edirəm. Məni
evə aparın. Evə qədər mənə yardım edin. Qan itirdiyimdən taqətdən düşüb zəifləmişəm.
Qarabağ atının yalından yapışdım. Məmməd Heydərin köməyi ilə atıma mindim. İlyas bəy Ninoya
yaxınlaşdı, qayğı ilə onu öz yumşaq yəhərinə oturtdu. Nino müqavimət göstərmirdi... İlyas bəy
pencəyini çıxardıb nəvazişlə Ninonun çiyninə saldı. Onun rəngi hələ də solğun idi. İlyas bəy başını
mənə tərəf çevirib sağollaşdı. Bilirəm, İlyas bəy Ninonu sağ-salamat aparıb evinə çatdıracaq. İlyas bəylə
Nino bizdən uzaqlaşdılar.
Məmməd Heydər atının yəhərinə atıldı: “Əli xan, sən qəhrəmansan. Aslan kimi döyüşdün, vəzifəni də
yerinə yetirdin”.
Seyid Mustafa isə başını aşağı salıb dedi: “Əli xan, onun həyatı sənin əlindədir.
Sən onu öldürə də
bilərsən, istəsən bağışlaya da bilərsən şəriət hər ikisinə icazə verir”.
Seyid Mustafa fikirli-fikirli gülümsəyirdi. Məmməd Heydər atın yüyənini mənə verdi.
Biz Bakının nazlı-nazlı sayrışan işıqlarına doğru dinməz-söyləməz atlarımızı gecə yolu ilə sürməyə
başladıq.
XVIII
Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin döyəclədiyi quru sarı
qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə qoyularaq divar halına gətirilmişdi. Bir-
birlərinə yapışmış dörd bucaq şəklində olan sadə komalar sıldırım qayalara söykənmişdi. Bir komanın
damı, o biri koma üçün həyət rolunu oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq
aydın havada qayalar parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca
gözdən itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər döşənib.
Komanın damını bayırdan iki dirək saxlayırdı. Göyün dərinliklərində qanadlarını bütöv açmış bir
qartal elə bil daşdan düzəlmişdi.
Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü dodaqlarımın
arasında idi. Mən bu qəlyanın tüstüsünü ciyərlərimə çəkirdim. Gicgahım buz kimi soyuq idi. Zəif
külək qəlyanın tüstüsünü ətrafa yayırdı. Kiminsə “qayğıkeş” əli tütünümün içinə nəşə atmışdı.
Ayaqlarımın yanında açılan uçurumun dərinliklərinə baxıram və dumanlıqda dolaşan sifətləri görürəm.
Tanış simalar qarşımda peyda olurlar. Onlar Bakıdakı otağımın divarını bəzəyən xalçadakı Rüstəm
Zaloğlunun surətini xatırladırdı. Bir neçə gün bundan əvvəl mən qalın ipəkli yorğana bürünüb o
otaqda uzanmışdım. Qabırğalarım ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimsə yavaşca
danışırdı. Qulaq asdım! Səslərin tonu yavaş-yavaş yüksəlirdi. Bu atamın səsi idi: “Üzr
istəyirəm, cənab
polis rəisi, oğlumun harada olduğunu heç mən özüm də bilmirəm. Belə güman edirəm ki, o İrana,
əmisinin yanına gedib. Çox təəssüf edirəm, cənab polis rəisi”.
Polis rəisinin səsi gur və qəzəbli gəlirdi:
– Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs edilməsinə dair artıq
əmr də hazırdır. Biz onu hətta İranda belə tapıb həbs edəcəyik.
Mən bunu ancaq alqışlayardım. Şübhəm yox idi ki, onun işi hər hansı
bir məhkəmə hüzuruna
çıxarılarsa mənim oğlum həmin məhkəmədə bəraət qazanacaqdı. Çünki, hadisələrin inkişafı ilə
əlaqədar başqasının hərəkətinə cavab olaraq canini vurub öldürmək cinayət deyildir. Bundan başqa...
Mən təzə pulların xışıltısını eşitdim, bəlkə də mənə elə gəlirdi. Sonra sükut çökdü və yenə də polis
rəisinin səsi gəldi:
– Ah, nə deyim bu dəliqanlı cavanlara. Bir şey olan kimi bellərindəki xəncərə əl atırlar. Mən dövlət
adamıyam. Təbii ki, sizi də başa düşürəm. Dəliqanlı oğlunuz şəhərdə görünməməlidir.
Həbsi barədəki
hökmü isə İrana göndərməliyəm.
Addımlar uzaqlaşır. Yenə də dərin bir sükut çökür. Xalçanın üzərindəki zərif hərflər labirintə
bənzəyirdi. Hərflərin cizgisini izləməyə başladım. Xətt yaraşıqlı bir tərzdə “nun” hərfində birləşirdi...
Başım gicəllənirdi. Tanımadığım simalar əyilib üzümə baxırdılar və dodaqlarında anlaşılmaz sözlər
deyirdilər. Sonra yatağımdan durub çarpayımda oturdum və gördüm ki, İlyas bəylə,
Məmməd Heydər
qarşımda durublar. İkisi də gülümsəyirdi və onlar döyüş paltarı geymişdilər.
– Gəlmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərirlər.
– Niyə?
İlyas bəy patrondaşını dartdı:
– Mən Ninonu evinə apardım. Bütün yol boyu bir kəlmə də olsun söyləmədi. Sonra da atımı
kazarmaya sürdüm. Bir neçə saatdan sonra hamı hər şeyi bilirdi. Alay komandanı Melikov kabinetini
bağlayıb, sərxoş olana qədər içki içdi. O, kəhər atını bir daha görmək istəmirdi. Axşam isə atının
vurulması barədə əmr etdi. Sonra da cəbhəyə könüllü getməyə hazır olduğunu bildirdi. Atam xeyli pul
xərcləyib hərbi tribunala verilməmizi qabaqladı. Amma bundan artıq heç nə edə bilmədi. Bizi də
cəbhəyə göndərməyə qərar verdilər. Özü də cəbhənin ön xəttinə.
– Məni bağışlayın. Bunların hamısı mənim günahımdır.
Hər ikisi qəti etiraz etdilər:
– Yox, yox, sən əsl qəhrəmansan. Sən kişi kimi hərəkət etdin.
Biz səninlə fəxr edirik.
– Ninonu görmüsünüzmü?
İkisi də pərt halda:
– Yox, Ninonu görməmişik.
Cavab çox soyuq səsləndi.
Biz qucaqlaşdıq.