Kəndlinin
səsinin tonu çox ciddi idi, onun üzü günəşə tərəf idi, gözləri yaşıl və baxışları dərin idi.
– Bəli, deyə kəndli dilləndi, – abreklərin andı belədir.
– Bəs bu andı içənlər kimlərdir?
– Çox haqsızlığa məruz qalan adamlar. – deyib susdu.
Mən də evə yollandım. Aulun dördkünc daxmaları kuba bənzəyirdi. Günəşin qızmar şüaları təpəmizi
deşirdi. Bəlkə, mən özüm də bu vəhşi dağlara sürgün edilmiş bir abrekəm. Yoxsa mən də Dağıstan
quldurları kimi gecə yarısı məscidə gedib and içməliyəm? Kəndlinin abrek andı haqqında söylədiyi
kəlmələr hələ də qulaqlarımda cingildəyirdi. Sonra komanın qabağında yəhərli üç yad atlı gördüm.
Atlardan birinin yüyəni gümüşdən idi. Komanın damında isə kəmərində qızıl xəncəri olan on altı
yaşlarında kök bir oğlan oturmuşdu. O mənə əl eləyərək güldü. Bu gənc vaxtı ilə bizimlə bir məktəbdə
oxuyan Arslan ağa idi. Onun atasının zəngin neft quyuları var idi. Arslan ağanın səhhəti yaxşı olmadığı
üçün o, müalicəyə tez-tez Kislovodska gedərdi. O məndən çox balaca olduğu üçün onu yaxşı
tanımırdım.
Lakin burada, dağın başındakı kənddə onu hərarətlə bir qardaş kimi qucaqladım. O,
qürurdan qızardı və dedi: “Nökərlərimlə kəndin yanından keçirdim və qərara gəldim ki, sənə bir baş
çəkim”.
Əlimi dostcasına onun çiyninə qoydum.
– Qonağım ol, Arslan ağa. Bu gecə şəhərimiz şərəfinə ziyafət veriləcək.
Sonra üzümü daxmaya tərəf tutub səsləndim:
– Qazı Molla, ziyafət süfrəsini hazırla: Bakıdan qonağın gəlib.
Yarım saatdan sonra Arslan ağa həsirin üstündə oturub qoyun ətindən kabab yeyib şənlənirdi.
– Səni görməyimə çox şadam, Əli xan. Sən bir qəhrəman kimi bu uzaq kənddə yaşayıb, özünü qan
düşmənindən qoruyursan. Amma arxayın ola bilərsən. Mən sənin olduğun yeri heç kimə
deməyəcəyəm.
Mən bu barədə heç narahat deyildim. Çünki Bakıda mənim harada olduğumu hamı bilirdi.
– Məni necə tapdın?
– Sənin yerini mənə Seyid Mustafa dedi. Sonra aydın oldu ki, sənin qaldığın
kənd elə mənim yolumun
üstündədir. Seyid Mustafa sənə salam göndərdi.
– Yaxşı, indi sənin yolun hansı tərəfədir, Arslan ağa?
– Kislovodska gedirəm. Bu iki nökərlərim də mənimlə gedəcəklər.
– Belə de! – deyə gülümsədim. O, da son dərəcə məsumcasına mənə baxırdı.
– Arslan ağa, de görüm Kislovodska niyə qatarla getmirsən?
– Vallah, bir az dağ havası almaq istədim. Mahaçqalada qatardan düşüb atlara minib kəsmə yolla
Kislovodska gedəcəyik. O, ağzını şirin kökə ilə doldurub ləzzətlə yeyirdi.
– Amma, Kislovodska kəsmə yol deyəsən buradan üç günlük yol məsafəsi uzaqlığındadır.
Arslan ağa təəssüflənirmiş kimi cavab verdi:
– Doğrudanmı? Demək mənə yanlış məlumat veriblər. Amma yenə sevinirəm ki, heç olmasa sizə baş
çəkə bildim.
Bu gənc, hər halda yolunu qəsdən bu qədər uzaq salıb ki, Bakıya qayıdandan
sonra məni gördüyünü
evdə danışa bilsin. Deməli Bakıda şöhrətim xeyli yayılıb.
Arslan ağanın stəkanına şərab tökdüm. O böyük qurtumlarla şərabı içdi. Bir az keçəndən sonra
sadəlövhlüklə məndən soruşdu:
– Əli xan, deyin görüm o gündən bu günə qədər başqa bir adamı öldürmüsənmi, yalvarıram, mənə
düzünü deyin. And içirəm, heç kimə demərəm.
– Bəli, öldürmüşəm, özü də bir çox adamı.
– Sən allah düzünü deyirsən?
O keyflənmişdi və hələ də içməyinə davam edirdi. Mən də onun stəkanını durmadan şərabla
doldururdum. “Bəs Nino ilə evlənəcəksənmi?” –
deyə soruşdu, şəhərdə camaat bu barədə deyir ki, sən
onu hələ də sevirsən.
O, keyfli halda qəhqəhə çəkib güldü və şərab içməyinə davam etdi. Bilirsən, biz hamımız özümüzü elə
itirmişdik ki, elə bütün günü söhbətimiz bu barədə gedirdi.
– Doğrudan? Bəs Bakıda nə xəbər var, Arslan ağa?
– Bakıdamı? Heç nə. Təzə bir qəzet buraxmağa başlayıblar.
Fəhlələr tətil eləyirlər. Müəllimlərimiz hərdən bir sizin zatən çox sürətlə parlayan bir tələbə
olduğunuzu söyləyirlər. Allah eşqinə de görüm Ninonun qaçırıldığını necə öyrəndin?
– Əziz qardaşım Arslan,
gözəl dostum, artıq bəsdir suallar verdin. İndi növbə mənimdir De görüm
Ninonu heç görmüsənmi? Bəs Naçararyangildən necə, bir kimsəyə rast gəlmisənmi? Kipianilər
neyləyirlər? Bu barədə nə deyirlər? Zavallı Arslan ağanın ağzındakı loxma az qaldı ki, boğazında qalsın.
– Vallah, heç bir xəbərim yoxdur. Heç kimi görməmişəm. Çünki küçəyə nadir hallarda çıxıram.
– Nəyə görə dostum? Xəstə deyildin ki?
– Hə, bərk xəstələnmişdim. Difteriyaya tutulmuşdum. Təsəvvür edin ki, gündə üç dəfə dərman qəbul
edirdim.
– Difteriyaya qarşı?
– Bəli.
– İçməyini
davam et, Arslan ağa. Şərab sağlamlıq üçün çox yaxşıdır.
İçdi. Sonra ona tərəf əyilib soruşdum:
– Əziz dostum, de görüm, axırıncı dəfə nə zaman düz söz danışmısan?
O, məsum gözləri ilə mənə baxdı və səmimi tərzdə dedi: “Məktəbdə, üç dəfə üçün neçə olduğunu
bildiyim zamandan”.
Dadlı şərab bu sadəlövh gənci tamam sərxoş etmişdi. Onun suallarıma az-çox doğru cavab verəcəyi
vaxtı çatmışdı. Elə ona görə də onu dindirməyə başladım. O kəndə ancaq maraq məqsədi ilə gəlmiş
olduğunu, difteriya xəstəliyinə tutulmadığını və Bakıda gedən bütün dedi-qoduları dərinliyinə qədər
bildiyini etiraf etdi. Sonra o, özünə məxsus bir formada çərənçilik edərək: “Naçararyanlar səni
öldürmək istəyirlər” dedi. “Lakin onlar əlverişli bir fürsəti gözləyirlər. Bir-iki
dəfə Kipianiləri ziyarət
etməyə getdim. Uzun zaman idi ki, Nino xəstələnmişdi. Sonra onu Tiflisə apardılar. İndi o, geri
qayıdıb. Ninonu şəhər klubunda keçirilən balda gördüm. Bilirsən...”
– O şərabı su kimi içir və durmadan qəhqəhələrlə gülürdü.
– O, ancaq rus zabitləri ilə rəqs edirdi. Valideynləri onu Moskvaya göndərmək istəyirlər, amma o
getmək istəmir. Nino hər gün şəhərə çıxır və bütün ruslar ona vurulublar. İlyas bəyə orden verilib,
Məmməd Heydər də cəbhədə yaralanıb. Naçararyanların villası yanıb kül oldu. Deyirlər ki, villanı
sənin dostların yandırıblar.
– Daha başqa nə xəbər var?
– Hə, bir də, Nino kiçik bir it alıb. Hər gün onu amansızcasına döyür. İtə nə ad
qoyduğunu heç kim
bilmir. Bəzi adamlar Ninonun onu Əli xan, başqaları isə Naçararyan deyə çağırdıqlarını söyləyirlər.
Ancaq mənə elə gəlir ki, Nino itini Seyid Mustafa deyə çağırır. Sənin atanı da görmüşəm. O mənə
dedi ki, əgər yenə də dedi-qoduyla məşğul olsan səni döyəcəyəm. Kipianilər Tiflisdə ev alıblar. Bəlkə
birdəfəlik köçüb orada yerləşdilər.
Arslan ağa, çox yalançı bir məlumatdır.
– Bəs sən nə olacaqsan, Arslan ağa?
– O sərxoş baxışları ilə mənə baxıb dedi: “Kral olacağam”.
– Nə olacaqsan?
– Mən gözəl bir ölkənin kralı olmaq istəyirəm. İstəyirəm ki, çoxlu süvarim olsun.
– Sonra nə istəyirsən?