Frans kafka məHKƏMƏ BİRİNCİ FƏSİL



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49795
1   2   3   4   5   6   7   8   9   ...   53

Bu pencək əyninə elə yaxşı otururdu ki, tanış-bilişləri ona valeh olurdular... Başqa köynək 
götürüb diqqətlə geyinməyə başladı. Ürəyinin dərinliklərində fikirləşdi ki, bununla məsələni 
tezləşdirə bildi və yaxşı ki, keşikçilərin yadından çıxıb onu çimməyə göndərmədilər. Onların 
üzünə baxdı ki, birdən yadlarına düşər. Əlbəttə, yadlarına düşmədi və üstəlik, Villem Fransı 
inspektorun yanına göndərdi ki, K-nın geyinib qurtardığını xəbər versin. 
Geyinib qurtarandan sonra Villemlə dal-qabaq boş olan qonşu otaqdan keçərək qapısı 
taybatay açıq olan növbəti otağa keçdilər. K. dəqiq bilirdi ki, lap yaxınlarda bu otağa Bürstner 
adlı bir frölayn köçüb. Qız makinaçı idi, çox tezdən durub işə gedir, axşam da gec qayıdırdı 
və K. ilə salam-sağoldan başqa kəlmə də kəsməmişdi. İndi qızın çarpayısının yanındakı 
tumbanı otağın ortasına çəkərək ondan istintaq masası kimi istifadə edirdilər və inspektor da 
onun arxasında oturmuşdu. O, qıçını-qıçının üstə aşırmış, bir qolunu da qaldırıb stulun 
söykənəcəyinə qoymuşdu. 
Otağın bir küncündə üç cavan oğlan dayanıb frölayn Bürstnerin çərçivəyə salınaraq divardan 
asılmış fotoşəkillərinə baxırdılar. Açıq pəncərənin dəstəyindən ağ bir kofta asılmışdı. Bayaqkı 
qarılar yenə də üzbəüz pəncərədən asıla qalmışdılar, indi çoxalmışdılar, çünki onların başları 
üzərindən köynəyinin yaxası açıq yekəpər bir kişi boylanır, barmaqlarının ucu ilə qırmızıya 
çalan saqqalını tumarlayır, bururdu. 
 
– Yozef K. sizsiz? – İnspektor bu sualı bəlkə də K.-nın dalğın baxışlarını özünə cəlb etmək 
üçün verdi. K. başını tərpətdi. 
– Bu səhər baş verənlər sizi çox təəccübləndirdi, elə deyilmi? – deyə soruşan inspektor 
tumbanın üstündəki şeyləri – şamdanı, onun yanındakı kibriti, kitabı, iynə yastıqcasını hər iki 
əli ilə özünə tərəf elə çəkdi ki, deyərdin bunların hamısı istintaqa lazımdır. 
– Elədir ki var, – deyən K. nəhayət, ağıllı bir adama rast gəldiyini, onunla işi barədə danışa 
biləcəyini hiss edərək rahat nəfəs aldı. – Əlbəttə, ancaq o qədər də çox təəccüblənmədim. 
– Çox təəccüblənmədininz? – soruşan inspektor şamı tumbanın ortasına qoydu, qalan əşyaları 
da onun ətrafına düzdü. 
– Bəlkə də məni düz başa düşmürsünüz, – K. tələsik dilləndi. – Yəni demək istəyirəm ki... – 
K. burada sözünə ara verərək gözləri ilə kreslo axtardı, – Otura bilərəm? – deyə soruşdu. 
– İcazə verilmir, – inspektor bildirdi. 
– Demək istəyirəm ki, – K. bu dəfə sözünə ara vermədi, – əslində, çox təəccübləndim, ancaq 
adam otuz il bu dünyada yaşayandan, mənim qismətimə düşdüyü kimi, hər şeyi təkbaşına 
qazanmalı olandan sonra, onun üçün heç nə gözlənilməz olmur, hamısına dözür... Xüsusilə 
də, bu gün baş verənlərə... 
– Niyə məhz bu gün baş verənlər? 


– Demək istəməzdim ki, bu gün baş verənlərin hamısına zarafat kimi baxıram, əksinə, burada 
göstərilən tamaşalar zarafat üçün çox oldu. Pansionun hamısının, eləcə də sizin hamınızın bu 
tamaşada iştirak etməsi zarafatın sərhədlərini aşdı. Ona görə də buna zarafat deməzdim. 
– Tamamilə düzdür, – deyən inspektor qutudakı kibrit çöplərini saymağa başladı. 
– Ancaq digər tərəfdən... – deyə sözünə davam edən K. sanki içəridəkilərin hamısına, o 
cümlədən şəkillərə baxan üç nəfərə də eşitdirmək istədi, – ... digər tərəfdən də bunların heç 
biri ciddi işə oxşamır. Ona görə belə deyirəm ki, mən ittiham olunuram, ancaq ittiham 
olunmaq üçün heç bir günah da tapa bilmirəm. Əslində, bunun özü də elə vacib deyil, əsas 
məsələ odur ki, məni kim ittiham edir? İşi hansı idarə aparır? Siz məmursunuzmu? Heç biriniz 
məmur kimi geyinməmisiniz. Əyninizdəki məmur geyimi deyilsə, – bu sözləri deyəndə 
Fransa tərəf döndü, – onda, deməli, səfər paltarıdır. Elə bu məsələlərdə sizdən aydınlıq tələb 
edirəm və əminəm ki, məhz bu aydınlıqdan sonra sizinlə səmimi şəkildə görüşüb ayrıla 
biləcəyik. 
İnspektor kibrit qutusunu tıqqıltı ilə masanın üstünə atdı: 
– Siz çox böyük bir səhvə yol verirsiniz, – dedi, – bu cənablar da, mən də sizin məsələnizdə 
ikinci dərəcəli adamlarıq, hətta haqqınızda da, demək olar ki, heç nə bilmirik. Biz lap xüsusi 
paltar geyinib gəlmiş olsaydıq da, işiniz pisləşməzdi. Eyni zamanda, onu da deyə bilmərəm ki, 
siz nədəsə ittiham olunursunuz və ya işiniz bundan da betərdir. Heç sizin günahkar olub-
olmadığınızı da bilmirəm. Həbs olunmağınız düzdür, özgə heç nə bilmirəm. Bəlkə keşikçilər 
nəsə çərənləyiblər, ancaq hamısı boş şeydir. Suallarınıza cavab verə bilməsəm də, sizə 
məsləhət görərdim ki, bizə də, gələcəkdə sizi nə gözlədiyinə də çox fikir verməyin, daha çox 
özünüzü düşünün. Günahsız olduğunuz barədə də bu qədər hay-küy qaldırmayın, çünki bu 
hay-küy sızin yaratdığınız pis təəssüratı poza bilmir. Ümumiyyətlə, az danışsanız daha yaxşı 
olar, çünki indiyə kimi danışdıqlarınızın hamısını bir neçə sözlə ifadə etmək olardı, nə demək 
istədiyiniz hərəkətlərinizdən bilinərdi, halbuki, dediklərinizin heç biri xeyrinizə deyildi. 
K. matdım-matdım inspektorun üzünə baxdı. Yoxsa özündən çox kiçik olan bu oğlan ona 
məktəb uşağı kimi dərs keçmək istəyirdi? Yoxsa səmimiyyətinə görə töhmətlənirdi? Bəs nəyə 
görə həbs olunduğunu, kimin onu həbs etdirdiyini bilməyəcək? Bir az həyəcanlandı, var-gəl 
etməyə başladı, heç kəs də ona mane olmadı, köynəyinin qollarını çırmaladı, yaxasna sığal 
çəkdi, saçlarını düzəltdi, şəkillərin qarşısında dayanmış üç nəfərin yanından keçəndə dedi: 
– Mənasızlığa bax! 
Həmin üç nəfər çevrilib onu lütfkarlıqla, eyni zamanda, ciddi nəzərlərlə süzdülər. K. yenə də 
inspektorun oturduğu masaya çatanda dayandı. 
– Prokuror Hasterer yaxın dostumdur, – dedi, – ona zəng vura bilərəm? 
– Əlbəttə! – İnspektor dilləndi. – Ancaq bilmirəm, şəxsi işinizi onunla müzakirə etməyin nə 
mənası var?! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə