Düz saat onun yarısında – durub
getmək istəyəndə, telefon zəng çaldı, Leni ona “Sabahın
xeyir!” – deyib, əhvalını soruşdu. K. tələsik təşəkkür edərək dedi ki, indi onunla çox danışa
bilməyəcək, çünki kilsəyə getməlidir.
– Kilsəyə? – Leni təəccübləndi.
– Bəli, kilsəyə...
– Kilsədə nə işin var?
K. hər şeyi ona qısa şəkildə başa salmaq istədi, ancaq çatdıra bilmədi, çünki Leni qəfildən
dedi:
– Onlar səni qızışdırır!
Diləmədiyi, gözləmədiyi bu halıyananlıq K.-nın xoşuna gəlmədi, ona görə də bir-iki sözlə
vidalaşdı, ancaq dəstəyi yerinə qoyanda, yarı özünə, yarı da uzaqda olan qıza – o bunu heç
eşitmədi – dedi:
– Bəli, məni qızışdırırlar...
Artıq gec idi, gecikmək təhlükəsi vardı.
Taksi ilə getdi, yalnız son anda yadına düşmüşdü ki,
səhər-səhər imkan tapıb kitabçanı qonağa verə bilməmişdi və onu da özü ilə götürmüşdü. İndi
onu dizinin üstünə qoymuşdu və bütün yol boyu da əsəbi halda əli onu döyəcləyirdi. Yağış
səngimişdi, ancaq hava sərin və tutqun idi, nəm iyi verirdi. Belə havada kilsədə çox şeyə
baxmaq mümkün deyildi, ancaq orda soyuq kaşının üstündə çox dayanmaq K.-nın
soyuqdəyməsini daha da mürəkkəbləşdirəcəkdi. Kilsə meydanı bomboş idi və K.-nın yadına
düşdü ki, hələ uşaq vaxtı bu dar meydanın ətrafındakı evlərin pəncərələrində pərdələrin
həmişə salınması onun diqqətini cəlb etmişdi. Ancaq belə havada bu başadüşülən idi.
Deyəsən, kilsə da boş idi, çünki belə havada heç kim bura gəlməzdi. K. hər iki köndələn
tağları gəzdi, yalnız isti şala bürünüb Müqəddəs Məryəmin əksi önündə diz çökərək ona
baxan yaşlı qadına rast gəldi. Sonra uzaqdan axsaya-axsaya yan qapıda gözdən itən itən bir
xidmətçini gördü. K. vaxtında gəlmişdi, içəri girən
kimi saat onu vurdu, ancaq italiyalı hələ
görünmürdü. K. əsas girişə tərəf qayıtdı, nə edəcəyini bilməyib orda bir az dayandı, yağış
başından tökə-tökə kilsənin ətrafına dolandı ki, bəlkə qonaq səhvən yan qapıların birinin
ağzında gözləyir. Ancaq onu heç yerdə tapa bilmədi. Bəlkə direktor vaxtı düz başa
düşməmişdi? Məgər bu adamın özünü düz başa düşmək olurdu? Hər necə olsa da, K., onu
yarım saat gözləməli idi. Yorulduğu üçün oturmaq istədi, təzədən kilsəyə girdi, pillələrdən
birində xalçaya bənzəyən palaz çırığı gördü, onu ayağının ucu ilə yaxındakı skamyanın önünə
çəkdi, bərk-bərk paltosuna büründü, onun yaxalığını yuxarı qaldırıb oturdu. Fikrini dağıtmaq
üçün kitabçanı açdı,
onu bir az vərəqlədi, ancaq tez də dayanmalı oldu, çünki ətraf birdən elə
qaranlıqlaşdı ki, başını qaldıranda, yaxındakı köndələn tağlarda belə heç nəyi seçə bilmədi.
Uzaqda – baş mehrabın üstündə üçbucaq şəklində şamlar yanırdı. K. bunları əvvəlcə görüb-
görmədiyini deyə bilməzdi. Bəlkə də yenicə yandırmışdılar. Axı kilsə xidmətçiləri elə bil
ayaqyalın gəzirlər, onları görmək olmur. K. təsadüfən geri dönəndə, arxa tərəfindəki sütuna
bərkidilmiş uzun, qalın bir şamın da yandığını gördü. Gözəl idi, ancaq qaranlıqdakı yan
mehrablardan asılmış şəkilləri işıqlandırmağa
bəs eləmirdi, qaranlığı daha da dərinləşdirirdi.
İtaliyalı gəlməməklə nəzakətsizlik eləmiş olsa da, ağıllı tərpənmişdi, onsuz da heç nəyi
görmək olmurdu, uzaqbaşı K.-nın elektrik cib fanarının işığında gömrük işçisi kimi nəyəsə
baxa bilərdi. K. bunu yoxlamaq üçün yan tərəfdəki yaxın kapellalardan birinə yaxınlaşdı, bir-
iki pillə qalxaraq ən aşağıdakı mərmər sürahiyə çatanda dayandı, onun üstündən bir az qabağa
əyilərək mehrabdakı şəkli fənərlə işıqlandırdı. K.-nın ilk gözünə sataşan, qismən də tanış
gələn şəklin lap qurtaracağında təsvir olunmuş zirehli cəngavər oldu. O qarşısındakı qupquru
torpağa – yalnız orda-burda qurumuş ot saplaqları görünürdü – sancdığı qılıncına söykənmişdi
və deyəsən, qarşısında baş verənləri diqqətlə izləyirdi.
Qəribə idi ki, o dayanıb qalmışdı və
oraya yaxınlaşmırdı. Ola bilsin, onu keşik çəkməyə qoymuşdular. Çoxdan şəklə baxmayan K.
lampanın yaşıl işığı gözlərini qamaşdırsa da, uzun-uzadı cəngavərə tamaşa elədi. Sonra işığı
şəkilin başqa tərəfinə döndərəndə Isanın sərdabəyə qoyulması mərasimini gördü. Bu səhnə
burda da bütün başqalarında olduğu kimi təsvir edilmişdi və şəkil də lap təzə idi. O, lampanı
cibinə qoyub bayaq oturduğu yerə qayıtdı.
Yəqin ki daha italiyalını gözləməyə dəyməzdi, bayırda da yağış leysana çevrilmişdi və burda
gözlədiyi qədər də soyuq olmadığı üçün K. qərara aldı ki, hələlik içəridə qalsın. Yaxınlığında
böyük bir kafedra vardı, onun balaca, yumru damına da bir-birinə tərəf əyilmiş iki qızıl xaç
bərkidilmişdi və onlar da lap son nöqtələrində kəsişirdilər. Sürahinin çöl divarı və əsas sütuna
keçid yaşıl yarpaqlardan düzəldilmiş, uçan və uçmayan balaca mələklər də onlardan
yapışmışdılar. K. kafedranın qabağına gəlib onu hər tərəfdən yoxladı:
daş çox diqqətlə
işlənmişdi, onun arxa tərəfi ilə yaşıl yarpaqlar arasındakı qatı qaranlığı sanki aldadıb oraya
salmış, ağzını da bağlamışdılar. K. əvvəlcə əlini həmin boşluğa saldı, sonra da onu ehtiyatla
daşın üstündə gəzdirdi. İndiyə qədər burda kafedranın olduğunu bilməmişdi. Həmin anda
təsadüfən o biri cərgədəki skamyaların arasında bir kilsə xidmətçisinin dayandığını gördü.
Onun çiynində qasıglı qara cübbə var idi, sol əlində burunotu qabı tutmuşdu və özü də K.-ya
tərəf baxırdı. “O nə istəyir?” – deyə K. ürəyindən keşirdi. -“Yoxsa məndən şübhələnir? Bəlkə
çaypulu istəyir?” Xidmətçi K.-nın onu gördüyünü hiss edən kimi sağ əli ilə – onun iki
barmağı arasında bir çimdik tütün vardı – qeyri-müəyyən bir istiqaməti göstərdi. K. onun
hərəkətlərindən heç nə anlamadı, bir az da gözlədi, ancaq xidmətçi dayanmırdı, əli ilə nəyisə
göstərirdi, üstəlik də təsdiq əlaməti kimi başını tərpədirdi. “O nə istəyir?” – deyə K. astadan
soruşdu, çünki burda bərkdən danışmağa cəsarət etmirdi. Sonra pulqabını çıxarıb o biri
cərgəyə keçdi ki, ona yaxınlaşa bilsin. Kişi o dəqiqə əlini yellədərək onu rədd etdi, çiyinlərini
çəkdi və axsaya-axsaya ordan uzaqlaşdı. Belə yerişi – hoppana-hoppana axsamağı – K. uşaq
vaxtı çox yeriyir, guya at çapırdı. “ Qocalığında uşaqlaşıb” – K. ürəyindən keçirdi – “Ağlı
indi yalnız kilsə xidmətçisi olmağa çatır.
Mən dayanan kimi o da durur, pusur ki, mən nə vaxt
yerimdən tərpənəcəm!” K. gülə-gülə bütün yan tağları keçib qocanı baş mehraba qədər izlədi.
Qoca hələ də dayanmadan nəyisə göstərirdi, ancaq K. qəsdlə o tərəfə baxmırdı, bilirdi ki, onu
azdırmaq üçün belə eləyir. Axırda doğrudan da qocadan əl çəkdi, çünki onu çox da qorxutmaq
istəmirdi, üstəlik də onu çox ürkütmək olmazdı, italyalı gəlib çıxsa, bunu da görərdi.
Əsas yolla geri qayıdıb kitabçanı
qoyduğu yeri axtaranda, sütunların birinin yanında, mehrab
xoru üçün qoyulmuş skamyaların lap yaxınlığında balaca, sadə, çılpaq, bomboz bir daşdan
yonulmuş kafedra gördü. Kafedra o qədər balaca idi ki, uzaqdan hansı Müqəddəsinsə