“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
652
əsiri olduğu zəmanənin, xəyali gerçəkliyin torunda özü üçün bir neçə yerdən deşik açmışdı... O
gözəl şahmat fiqurlarını itirsə də, cibində iti bıçağı vardı. İrəli, qoca Harri! İrəli, ay qoca
qurd!Tfu, lənət şeytana, həyat lap zəhər imiş! Güzgüdəki Harrinin üzünə tüpürdüm, təpiklə
vurub çilik-çilik elədim. Uğuldayan dəhliz boyu yavaş-yavaş irəlilədim, diqqətlə bir az əvvəl
çox şey vəd eləyən qapılara baxdım: ancaq heç birində lövhə yox idi. Asta addımlarla sehrli
teatrın yüz qapısından keçdim. Bəs mən bu gün maskarad balında deyildim? Eh, həmin vaxtdan
yüz il keçmişdi. Bir azdan heç illər də olmayacaq! Ancaq bir işim hələ də qalırdı: Hermine məni
gözləyirdi. Çox qəribə toy olacaq bu! Kədərli bir dalğa kədərli qulu – Yalquzağı qoynuna alıb
harasa aparırdı. Tfu, lənət şeytana!
Axırıncı qapıya çatanda dayandım. Qüssəli dalğa məni içəri aparırdı. Ah Roza, ah keçmişdə
qalan gənclik, ah Gete və Motsart!
Qapını açdım! İçəridə sadə, gözəl bir mənzərə açıldı: döşəməyə sərilmiş xalçaların üstündə iki
lüt adam uzanmışdı. Gözəl Hermine ilə gözəl Pablo idi, yanaşı uzanıb dərin yuxuya getmişdilər.
Eyş-işrət ikisini də heydən salmışdı. Adama elə gəlir, heç vaxt ondan doymaq olmaz, lakin
yaman tez doyur!
Gözəl-gözəl insanlar, qəşəng mənzərə, möcüzə dolu bədənlər... Herminenin sol döşünün altında
təptəzə yumru ləkə vardı. Oranı gözəl Pablonun parıldayan dişləri ehtirasdan göyərtmişdi. Elə
həmin ləkəli yerdən də bıçağı sapınacan yeritdim. Herminenin dümağ zərif dərisi qana bələndi.
Ayrı vaxt olsaydı, işlər əvvəlcədən başqa cür gətirsəydi, bu qanı öpə-öpə yalayardım. Ancaq
indi toxunmadım, yalnız onun necə axdığına tamaşa elədim və gördüm ki, bircə anlığa gözlərini
heyrət içərisində ağır-ağır açdı.
«Bəs niyə təəccübləndi?» – deyə ürəyimdən keçirdim. Sonra fikirləşdim ki, gözlərini bağlasam
yaxşıdır, ancaq özləri yumuldu. Deməli, bu işi də qurtardım. Azacıq yana çevrildi, qoltuğunun
altından sinəsinə tərəf ani, zərif bir kölgə axdı, nəyisə mənə xatırlatmaq istədi. Ancaq hər şeyi
unutmuşdum! O, bir daha tərpənmədi...
Dayanıb uzun-uzadı Hermineyə tamaşa elədim. Birdən diksinib ayıldım, çıxıb getmək istədim.
Həmin anda Pablo tərpənib gözlərini açdı, gərnəşdi, əyilib meyitə baxdı, gülümsədi. «Bu oğlan
heç vaxt ciddi olmayacaq, – ürəyimdən keçirtdim, – hər şey onda təbəssüm oyadır». Pablo
ehtiyatla xalçanın bir ucunu qaldırıb Herminenin sinəsinə qatladı, yaranın üstünü örtdü, sonra
səssiz-səmirsiz çıxıb getdi. Hara gedirdi? Niyə hamı məndən qaçırdı? Yarıyacan «bürünmüş»
meyitlə tək qaldım. Onu sevir, həm də qibtə edirdim. Oğlan telinə oxşayan birçəkləri alnına
səpələnmişdi və avazımış sifətində qırmızı dodaqları işıldayırdı. Gözləri bir az aralanmışdı,
saçlarından xoş bir ətir yayılır, onun arxasından da balaca qulağı görünürdü.
Axır ki, arzusu yerinə yetmişdi. Tam sahib olmamış, öz sevgilimi özüm öldürmüşdüm. Heç bir
ağla sığmayan iş tutmuşdum və indi də diz çöküb gözlərimi ona zilləmişdim, nə etdiyimi də
anlamırdım. Heç onu da bilmirdim ki, düz eləmişəm, ya yox; o ağıllı şahmatçı, Pablo buna nə
cür baxacaq. Bilmirdim! Fikirləşmək də olmurdu. Getdikcə sönən sifətində boyalı dodaqları daha
da qızarırdı. Mənim bütün həyatım belə olmuş, ani sevincim, məhəbbətim də bu hərəkətsiz
dodaqlara bənzəmişdi: ölü sifətində görünən qırmızı ləkə...
Və bu ölmüş sifətdən, bu ölmüş dümağ çiyinlərdən, bu ölmüş dümağ əllərdən gizli-gizli asta-asta
nəsə bir vahimə, tənhalıq, soyuqluq süzüldü, getdikcə də əllərim, dodaqlarım donmağa başladı.
Günəşimi söndürmüşdüm? Həyatın döyünən qəlbinimi dayandırmışdım? Yoxsa kainatın bumbuz
soyuğu içəri dolurdu?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
653
Üşərgələnə-üşərgələnə daşa dönmüş qaşlarına, donmuş saçlarına, avazımış qulaq seyvanına
baxırdım. Onlardan süzülən soyuq adamın iliyinə işləsə də, gözəl idi: nəğməyə, musiqiyə
dönmüşdü, sehrli-sehrli süzülürdü.
Nəsə səadətə oxşayan bu vahiməni – lap uzaq keçmişdə – bir dəfə də hiss etməmişdimmi? Bu
musiqini onda da eşitməmişdimmi? Bəli, Motsartdan, Ölməzlərdən eşitmişdim.
Bir vaxtlar haradansa tapdığım şeir yadıma düşdü:
Bizsə ulu ulduzların parıldadığı
Fəzaların qucağında yaşamaqdayıq.
Nə kişiyik, nə qadınıq, nə gənc, nə qoca,
Nə gün, nə də saat yükü daşımaqdayıq...
Çünki ölməz olanların ömrü əbədi
Əsl ruhlar ola bilməz adicə qonaq,
Sonsuzluqlar ölçüsündə yaşayanların
Gülüşü də ulduzlartək donuq, buz və parlaq...
Həmin anda lojanın qapısı açıldı və içəri girən adamı ilk baxışdan tanımadım. Sonra gördüm ki,
Motsartdır. Müasir dəbdə geyinmişdi. Lap yanımda oturdu. Az qala, qolundan tutub geri
çəkəcəkdim ki, Herminenin sinəsindən döşəməyə axan qana bulaşmasın. Oturaraq yanındakı
balaca cihazlarla, alətlərlə məşğul olmağa başladı. Hissələri çox diqqətlə quraşdırdı, burmacları
bərkitdi. Mən isə heyranheyran onun iti, bacarıqlı barmaqlarına tamaşa edirdim. Kaş onları bircə
dəfə fortepiano çalan görəydim! Fikirli-fikirli ona baxırdım. Daha doğrusu, fikirli-fikirli
baxmırdım, o gözəl, ağıllı əllərin sehrinə düşüb, bu yaxınlıqdan isinə-isinə, bir az da qorxa-
qorxa xəyala dalmışdım. Əslində, nə etdiyinə, nə bərkitdiyinə, nə düzəltdiyinə heç fikir
vermirdim.
Sən demə, radio cihazı quraşdırırmış. Onu işə salıb, səsini qaldırdı və dedi:
– Münhendir, Hendelin «F – Dur Concerto grosso»sunu verirlər.
Məni təsvirə gəlməyən bir heyrət, dəhşət götürürdü: əslində, o əcaib tənəkə qıfdan qrammofon
sahibləri ilə radio abunəçilərinin səs-səsə verib musiqi adlandırdıqları selik, horra tökülürdü.
Ancaq həmin bulanıq seliyin, xırıltının arasında, doğrudan da, ilahi bir musiqinin nəcib düzümü,
əzəmətli kökü, soyuq nəfəsi, simlərdən qopan gur səsi toz-torpağa bələnmiş gözəl qədimi şəkil
kimi seçilirdi.
– Aman Allah! – Dəhşət içində qışqırdım... – Neyləyirsiniz, Motsart? Doğrudanmı, məni də,
özünüzü də böyük bir günaha batırırsınız? Doğrudanmı, bizi zəmanənin fəxri hesab olunan bu
iyrənc cihaza – sənəti məhv etmək üçün yaranmış ən dəhşətli silaha təslim edirsiniz? Bunsuz
keçinmək olmazmı, Motsart? Ah! Bu dəhşətli adamdan soyuq, xəyali, səssiz bir gülüş qopdu və
həmin gülüşü ilə də hər şeyi darmadağın etdi. Səmimi ləzzətlə mənim necə əzab çəkdiyimə
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
654
baxdı, o lənətə gəlmiş burmacları qurdaladı, tənəkə qıfın yerini dəyişdi. Gülə-gülə eybəcər, ölü,
zəhərli musiqini damcı-damcı otağa çilətdi və elə gülə-gülə də mənə cavab verdi:
– Özünüzdən çıxmayın, əziz qonşu! Yeri gəlmişkən, bu ritardandoya fikir verdiniz? Əsl
tapıntıdır, hə? Elədir ki, var! Ay səbirsiz insan, gəlin bir dəfə də bu ritardandonun sehrini
duymağa çalışın. Hə, o bas səsləri eşidirsiniz? Lap allahlar kimi təntənəlidir! İndi qoyun qoca
Hendelin bu tapıntısı narahat qəlbinizə işləyib, onu sakitləşdirsin! Qulaq asın, ey insancığaz, bir
dəfə də pafossuz, kinayəsiz qulaq asın. Görün, bu gülünc cihazın səfehdən də səfeh pərdəsi
altında o ilahi musiqinin dumanlı obrazı necə də seçilir! Yadınızda saxlayın ki, ondan nəsə
öyrənmək olar. Fikir verin: bu dəli gücləndiricilər dünyanın üzdən çox səfeh, lazımsız, yasaqlı
görünən işlərini görür, onun harasındasa çalınan musiqiləri ağına-bozuna baxmadan, həm də çox
səfeh, kobud, eybəcər halda, özünə yaraşmayan yad bir yerdə səsləndirir, ancaq bununla belə
onun ulu ruhunu öldürə bilmir və səsləndirə-səsləndirə də öz texniki imkanlarının acizliyini,
mənasız hay-küyçülüyünü nümayiş etdirir. Yaxşı qulaq asın, ey insancığaz, bu sizə çox lazımdır.
Deməli, qulağınızı geniş açın! Bax belə! Görürsünüzmü, əzizim, siz indi radionun çıxardığı bu
iyrənc səslərdə belə, yalnız öz ilahiliyini qoruyub saxlayan Hendel musiqisinə qulaq asır, həm də
yer üzündəki həyatın çox gözəl, ibrətli bir hekayətini dinləyir və şahidi olursunuz. Siz radioya
qulaq asan zaman hələ də ideya ilə varlığın, əbədiyyətlə zamanın, ilahiliklə insaniliyin arasında
gedən ulu mübarizəni dinləyir və görürsünüz. Radio dünyanın ən gözəl musiqisini onca
dəqiqənin içində ağlasığmaz yerlərə gətirir, onu meşşan salonlarında, çardaqlarda laqqırtı vuran,
fikri-zikri yeməyin yanında olan, əsnəyən, yatan abunəçilərə çatdırır, onun bütün gözəlliyini
itirir, ancaq yenə də ruhunu öldürə bilmir. Həyat da, adına gerçəklik deyilən şey də dünyanın ən
gözəl şəkillərini, bax beləcə hara gəldi səpələyir. Hendelin konsertindən sonra orta səviyyəli
sənaye müəssisələrində balansı tənzimləmək yolları barədə məruzə oxutdurur, orkestrin sehrli
səsini seliyə döndərir, hər yerdə öz texnikasını, işbazlığını, azğın ehtiyacını, gəldi-gedərliyini
ideya ilə gerçəkliyin, orkestrlə onu dinləyən qulaqların arasına qoyur. Bütün həyat belədir, körpə
bala və bizim də əlimizdən heç nə gəlmir, yalnız eşşək olmayanlarımız buna gülür. Həyatı,
radionu tənqid etmək sizin kimi adamların yemi deyil. Yaxşısı budur, əvvəlcə qulaq asmağı
öyrənin! Ciddiliyə layiq olan şeyləri ciddi qəbul etməyi öyrənin və qalanlarına da gülün! Yoxsa
siz bunları daha yaxşı, daha nəcib, daha ağıllı, daha zövqlə eləmisiniz? Yox, müsyö Harri, elə
deyil, siz öz həyatınızdan iyrənc bir xəstəlik tarixi, istedadınızdan isə bədbəxtlik yaratmısınız.
Görürəm ki, belə qəşəng, cazibədar qızla da nəedəcəyinizi bilməyib, bıçağı qarnına soxmusunuz,
öldürmüsünüz! Doğrudanmı, bunu düzgün yol hesab edirsiniz?
– Düzgün? Ah, xeyr! – Ümidsizlik içində dilləndim. – Aman Allah, nə danışırsınız, hamısı
səhvdir, dəhşətli bir axmaqlıqdır, pisdir! Mən heyvanam, Motsart, axmaq, qəzəbli bir heyvan!
Burada lap yüz dəfə, min dəfə haqlısınız, mən, doğrudan da, xəstəyəm, pozğunam. Ancaq bu
qız... özü belə istəmişdi, mən yalnız onun arzusunu yerinə yetirmişəm.
Motsart səssizcə güldü və axır ki, insafa gəlib radionu söndürdü.
Bayaq sidq ürəkdən inandığım bəraət cəhdi özümə də hədsiz dərəcədə səfeh görundü. Qəflətən
xatırladım ki, nə vaxtsa Hermine zəmanədən, əbədiyyətdən danışanda, onun fikirlərini o dəqiqə
öz fikirlərimin eyni hesab eləmişdim. Mənim əlimlə ölmək fikrini isə onun öz fikri, öz arzusu
saymış, zərrə qədər də mənim təsirimdən irəli gəlməyən təbii bir şey kimi baxmışdım. Bəs onda
nə üçün bu qəribə, dəhşətli fikri yalnız qəbul etməmiş, inanmamış, həm də nə olduğunu
əvvəlcədən duymuşdum?
Bəs nə üçün Hermineni məhz bir başqasının qucağında çılpaq gördüyüm anda öldürdüm?
– Harri, – deyən Motsartın səssiz gülüşündən müdriklik, kinayə yağırdı, – başdan-ayağa
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
655
lağlağısınız. Doğrudanmı, bu qəşəng qız sizdən bıçaq yarasından başqa heç nə istəmirdi? Daha
mənə də yox! Ancaq, hər halda, yan getməyib. Yazıq uşaq həmin dəqiqə də keçinib. Deyəsən, bu
xanıma qarşı göstərdiyiniz lütfkarlığın nəticəsini özünüz üçün aydınlaşdırmaq vaxtı gəlib çatıb.
Yoxsa aradan çıxmaq istəyirsinnz?
– Xeyr! – deyə qışqırdım. – Məgər özünüz görmürsünüz? Aradan çıxmağa bax! İndi mənim
yeganə arzum günahımı yumaq, yumaq, yumaq, başımı edam kürsüsünə qoymaq, cəzamı
çəkmək, məhv olmaqdır!
Motsart dözülməz bir kinayə ilə məni süzdü:
– Yamanca coşqunsunuz! Ancaq yumoru da öyrənəcəksiniz, Harri. Yumor həmişə kədərli olur
və lazım gəlsə, onu elə dar ağacında öyrənəcəksiniz. Buna hazırsınızmı? Bəli? Yaxşı, elə isə
prokurorun yanına gedin, hansı türməninsə həyətində bir səhər çağı boynunuz vurulan ana qədər
yumordan xəbəri olmayan hakimlər dəstəsinin boşboğazlığına səbirlə dözün. Deməli, buna
hazırsınız?
Qəflətən gözlərim önündə bir lövhə canlandı:
Harrinin edamı və başımı tərpədərək razılığımı bildirdim.
Balaca pəncərələrinə dəmir tor çəkilmiş dörd divarın arasında çılpaq bir həyət, ortasında
qurulmuş tərtəmiz edam kürsüsü, əynində mantiya, sürtuk olan bir düjün cənab... Mən də
onların arasındaydım və bomboz səhərin soyuğunda üşüyürdüm, qüssə dolu bir qorxu da ürəyimi
sıxırdı.
Ancaq taleyimlə barışmışdım, hər şeyə hazırdım. Əmrə görə irəli çıxdım, əmrə görə diz
çökdüm.
Prokuror papağını çıxarıb boğazını arıtladı, qalan cənablar da onu təkrar etdilər. Prokuror
əlindəki dürməklənmiş kağızı açıb oxumağa başladı:
– Cənablar, qarşınızda dayanan cənab Haller bizim sehrli teatrdan sui-istifadə etməkdə ittiham
olunaraq təqsirli bilinir. Haller bizim gözəl şəkil qalereyasını gerçəklik adlanan şeylə dəyişik
salıb, güzgüdəki qızı güzgüdəki bıçaqla öldürməklə yalnız yüksək sənəti təhqir etməyib, eyni
zamanda, yumor hissini unudaraq teatrdan intihar vasitəsi kimi istifadə etməyə cəhd
göstərmişdir. Buna görə də Haller ömürlük həyat cəzasına məhkum olunur və ona on iki saat
müddətində bu teatra girməyə icazəverilmir. Müttəhim, eyni zamanda, bir dəfə ələ salınmaq
cəzasından da azad edilmir. Cənablar, başlayın: bir... iki... üç!
Üç sayında həmin adamların hamısı bir nəfər kimi ucadan xorla güldü. Bu o dünyadan gələn
dəhşətli bir gülüş idi, insan buna dözə bilməzdi.
Özümə gələndə gördüm ki, Motsart bayaqkı kimi yanımda oturub. Əlini çiynimə vura-vura dedi:
– Haqqınızda çıxarılan hökmü eşitdiniz. Deməli, həyatın radiomusiqisinə qulaq asmağı da
öyrənməli olacaqsınız. Xeyrini görəcəksiniz. Bu sahədə istedadınız həddən artıq zəifdir, əziz
dost, ancaq sizdən nə tələb olunduğunu tədricən başa düşdünüz. Gülməyi öyrənməlisiniz –
sizdən tələb olunan bax budur! Həyatın yumorunu – bu həyatın kədərli yumorunu anlamalısınız!
Siz isə tələb olunan şeydən başqa dünyanın hər işinə hazırsınız! Qızı öldürməyə hazırsınız!
Təntənəli edama hazırsınız! Yəqin ki, hələ yüz il də özünüzü döyməyə, qamçılamağa hazır
olacaqsınız... Elə deyil?
– Bəs necə! Sidq-ürəkdən hazıram! – deyə kədər içində dilləndim.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
656
– Əlbəttə, hazır olarsınız! Siz dünyanın ən səfeh, yumordan uzaq, hay-küylü, şit işlərinə
qadirsiniz, ey alicənab insan! Mən isə bunlardan uzağam və sizin romantik peşmançılığınıza bir
qara qəpik də vermərəm. Siz edam olunmaq, boynunuzu vurdurmaq istəyirsiniz, ey qəddar insan!
Bu səfeh ideal yolunda hələ on adam da öldürərsiniz! Ancaq, lənət şeytana, elə ona görə də
yaşamalısınız. Ən ağır cəza da sizin üçün azdır.
– Ah, görəsən, hansı cəzadır o?
– Məsələn, bu qızı dirildib, sizinlə evləndirmək.
– Yox, mən buna hazır deyiləm. Bədbəxtlik olar...
– Guya, indiyəcən elədikləriniz bədbəxtlik deyil! İndi isə coşqunluğa, qatilliyə son qoymaq
lazımdır. Ağlınızı başınıza yığın! Siz yaşamalısınız, gülməyi öyrənməlisiniz! Siz həyatın lənətə
gəlmiş radio musiqisinə qulaq asmağı, onda gizlənən ruha hörmət etməyi, ondakı hay-küyə
gülməyi öyrənməlisiniz! Vəssalam, sizdən özgə heç nə tələb olunmur.
Dişlərimi bir-birinə sıxaraq pıçıltı ilə soruşdum:
– Bəs mən istəməsəm, necə? Bəs sizə Yalquzağa əmr etmək, onun taleyinə qarışmaq ixtiyarı
verməsəm necə olar, cənab Motsart?
– Onda sizə bu gözəl siqaretlərdən birini də çəkməyi təklif edərdim, – deyə halını pozmayan
Motsart sehrkar kimi qoltuq cibindən çıxardığı siqareti mənə uzatdı və birdən gördüm ki, daha
Motsart deyil, qeyri-adi qara gözlərindən hərarətlə baxan dostum Pablodur, özü də əkiz qardaşı
kimi bayaq mənə balaca fiqurlarla şahmat oynamağı öyrədən kişiyə oxşayır.
– Pablo! – diksinərək qışqırdım. – Haradayıq, Pablo?
Pablo verdiyi siqareti yandırdı:
– Mənim sehrli teatrımda, – deyə gülümsədi. – Əgər tanqo öyrənmək, general olmaq,
Makedoniyalı İskəndərlə söhbət etmək istəyirsənsə, gələn dəfə hamısı qulluğunda olar. Ancaq
onu da deyim ki, məni bir az kədərləndirdin, Harri. Özünü tamam unutdun, balaca teatrın yumor
aləmini dağıtdın, ədəbsizlik elədin, bıçağa əl atdın, bizim bu gözəl xəyali dünyamızı gerçəklik
ləkəsi iləkorladın. Heç yaxşı iş tutmadın. Çox güman ki, yanaşı uzandığımızı görüb,
qısqanclıqdan elədin. Heyif ki, bu fiqurla oynamağı bacarmadın, ancaq mən elə bilirdim yaxşı
öyrənibsən. Eybi yox, düzələr.
Hermineni qaldırdı, qız onun barmaqları arasında balaca bir şahmat fiquruna döndü. Onu bayaq
siqaret çıxartdığı cibinə qoydu.
Qatı şirin tüstünün xoş bir ətri vardı və birdən-birə özümü elə yorğun hiss elədim ki, düz bir il
yatardım.
Ah, hər şeyi anladım, Pablonu da, Motsartı da başa düşdüm, haradansa arxa tərəfdən qorxunc bir
gülüş səsi eşitdim və bildim ki, həyat adlı oyunun yüz min fiquru yenə də cibimdədir. Sarsıla-
sarsıla həmin oyunun mənasını duydum. Onu bir də başlamağa, əzablarını bir də dadmağa,
mənasızlığından bir də dəhşətə gəlməyə, içimdəki cəhənnəm alovundan bir də – özü də lap tez-
tez keçməyə hazır idim. Haçansa bu fiqurlarla yaxşı oynayacam. Haçansa gülməyi öyrənəcəm.
Pablo məni gözləyirdi.
Motsart məni gözləyirdi...
Dostları ilə paylaş: |