Füzuli – şairin yaradıcılıq psixologiyası
47
Rəmzi - “illəlləzinə” kafidir,
“Əmilüs-salihat” şafidir...
...Şüəranın lisanın ol şah
Söyləyibdir “kilidi-gəncüllah.”
Şüəra vəsfinə yetər bu rümuz:
“İnnə lillahi-təhtə ərşi künuz”,
Payeyi-şeiri bundan eylə hesab,
Dedi: “Əş-şeirü hikmətün” o cənab. (95, 178)
Burada şair əsas iki hədisə istinad edir: “İnnə lillahi-təhtə ərşi
künuz”, yəni “göyün altında xəzinələr vardır ki, [onların açarı
şairlərin dilidir]” və “əş-şeiru hikmətün”, yəni “şeir hikmətdir”.
Peyğəmbərdən verilən həmin hədislər onlardan əvvəlki “illəlləzinə
əmilus-salihat” - “saleh əməl sahiblərindən başqa” kəlamı Füzulinin
anadilli divanına yazdığı dibaçəsi ilə də səsləşir. Şair divanına
yazdığı “Dibaçə”ni belə başlayır: “Həmdi-bihədid, ol mütəkəllimi-
nitqafərinə ki, səfineyi-ümmid sükani-bihari-bihuri-nəzmi, təməv-
vüci-istiğraqi “vəş-şüəraü yəttəbiühümul-ğavun” müstəğrəqi-girda-
bi-hirman etmişkən, silsileyi-istisna “illəlləzinə amənu” buraxıb
şüərayi-islami səhihü salim sahili-nəcahə çəkmiş[dir]”. Və daha
sonra fikrini davam etdirərək deyir: “Və dürudi-namedud ol mü-
xatəbi-kəlami-möciznizamə ki, fünuni-şeiri “və ma yənbəği iəhu”
mərdudi-təba qılmış ikən lisani-hikmət-bəyani “innə minəş-şeiri-
ləhikmətün” təqriri-dilpəzirilə məqbulih-qulu-biəhli-hal etmiş[dir]”.
(77, 8-10)
Söylənilən fikirlər Füzulinin “Leyli və Məcnun” poemasında
anasının Məcnuna etdiyi nəsihətində:
“Şeirə həvəs etmə kim yamandır,
Yaxşı desələr, onu yalandır.” - şəklində,
məşhur eşqnamə-
sində - “Can vernə qəmu eşqə ki, eşq afəti-candır” misrası ilə baş-
lanan qəzəlində isə:
“Gər dersə Füzuli ki, “gözəllərdə vəfa var”,
Aldanma ki, şair sözü, əlbəttə, yalandır.” - formasında öz
əksini tapır. Verilən hər iki beytdə şeirin əsas məziyyətinin bədii
yalan - mübaliğəli təsvir olduğu poetik dillə ifadə olunur. (Bax: 40,
Əzizağa Nəcəfov
48
64) “Füzulinin poetikası” kitabının müəllifi Sabir Əliyevin fikri ilə
desək: “Şairin təsvir etdiyi bədii yalan ideal gerçəkdir”. (24, 75)
Həmin bu ideal gerçəkliyin özü, həyatın obrazlı inikası şeirin
spesifikası olsa da, Şərq poetik təfəkkürü üçün daha xarakterikdir.
Yuxarıdakılara münasibətdə XI əsr şərq
mütəfəkkiri, özü də şair
olan İbn Raşik deyır: “Şeirin ən yüksək keyfiyyəti odur ki, hər
sahədə tənbeh olunan yalan onda daha gözəl görünür”. (153, 102)
Orientalistika sahəsində müxtəlif tədqiqatlar onu söyləməyə
imkan verir ki, incəsənətdə insan təfəkkürünün obraza,
ona işarəyə
Qərbdən fərqli münasibəti, daha doğrusu, bədii yalan konsepsiyası
təkcə müsəlman mədəniyyəti daşıyıcıları arasında deyil, daha geniş
arealda - bütövlükdə Şərq aləmində yayılmışdır. Klassik Hind
ədəbiyyatını tədqiq edən ingilis müəllifi M.A.Vindernist ümumilik-
də Şərq şeirini “ornamental poeziya” adlandıraraq “Hind ədəbiyyatı
tarixi” adlı əsərində yazırdı: “Ornamental
poeziyada şairin əsas
məqsədi baqədri-qüvvə oxucularını, dinləyicilərini öz kamil bənzət-
mələri ilə heyrətləndirmək sayılır”. (89, 51) Daha dəqiq söyləsək,
orta əsr müsəlman Şərqi üçün də xarakterik olan bu ifadə üsulunda
əsas məqsəd şairin obyektiv reallığın subyektiv inikasını elə qurma-
sıdır ki, onun metaforik dillə, müxtəlif poetik vasitələrdən istifadə
əsasında adresata çatdırdığı yalan bədii həqiqət kimi dərk olunsun.
Farsdilli poeziyamızda
Xaqani və Nizaminin, anadilli şeirdə
Qazi Bürhanəddin və Şah İsmail Xətainin real (məcazi) eşqi ifadə
edib, gözəli tərənnüm edən qəzəllərində bu metaforik düşüncə tərzi
geniş yayılıb. Bu da bir çox poetik fiqurların, gözəlin, eşqin və
aşiqin iztirablarının təsvirində mübaliğəli ifadələrin işlənməsini
şərtləndirmişdir. Fikrimizi misallar əsasında əyaniləşdirək:
Tərifi gül camalın düşdükdə bu cahanə,
Valehlərin sədası yüksəldi asimanə.
Zülfün niqaba döndü, gizlətdi ay camalın,
Batdı günəş, cahanın sirri düşüb əyanə.
...Al sən mənim canımı bir busə ver, a canan!
Bir busəyə bu canım, səncə, dəyərmi, ya nə!
(Xaqani Şirvani - tərcümə M.Soltanındır.) [105, 286]
Füzuli – şairin yaradıcılıq psixologiyası
49
Nazlı yarım, camal göstər, bu gün gülzar arzularam.
Dodağından gəl busə ver, təzə nubar arzularam.
Qəribədir, vüsalının bağçasında xar görməmiş,
Ətir saçan, təravətli güllü gülzar arzularam.
...Hicranının acısından canım gəldi dodağıma,
Ləbindən busə bəxş elə, mən şəkərbar arzularam.
(Nizami Gəncəvi - tərcümə M.Rahimindir.) [90, 42]
Ağzun, sənəma, ləli-ləbün əmə gərəkdür,
Can xəstədürür, cəhd qıla əmə gərəkdür.
Mən canumı verdümü şahun şol todağına,
Götürmədi gözinə, dedi nəmə gərəkdür. [60, 49]
Yaxud:
Yüzün üstündə saçun həm çün şəb əndər ruzdur,
Qəmzən oxları nigara navəki-dilduzdur.
...Nöqtədür xalun sənün, ayətidür hüsnünün,
Nüqtədür mənisi anun süreyi-mərmuzdur.
Gözlərün tatarı üçün canı peşkəş çəkərəm,
Ta ləbündən əyağ içəm, yəni ki, novruzdur.
(Qazi Bürhanəddin) [60, 145]
Yanağın, ey pəri, can mənzilidir,
Bu bülbülün gülüstan mənzilidir.
Ayağın basdığı yer, ey dilaram,
Bu mur üçün Süleyman mənzilidir.
Saçının zülmətində təşnə Xızırəm,
Dodağın abi-heyvan mənzilidir.
Götürmə ağ yüzündən qara zülfün
Ki, əqrəb mahi-taban mənzilidir.
(Şah İsmayıl Xətai) [99, 117]
Haşiyəyə çıxaraq söyləyək ki, əsasını klassik ərəb ədəbiyya-
tından götürən orta əsr Şərq poeziyasında ənənəvi mövzular, onların
bədii həlli zaman-zaman sanki varislik ənənəsi ilə şairdən şairə
keçərək yeni məqsəd və məramla istifadə olunurdu.
Cahiliyyə
dövründən qaynaqlanan klassik qəsidə janrının girişi - nəsib, təşbib
kimi hissələrin müxtəlif süjet xüsusiyyətləri: şərabiyyə, saqinamə,