- Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq kürək, yarıya
kimi
örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə vəd edir. Çünki qadını belə
vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir. Kişini belə arzulardan “qorumaq” üçün isə
qadın çadra örtməlidir.
Nino mənə təəccüblə baxa-baxa qaldı.
- Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə şeylərdən
danışarlarmı?
- Zənn etmirəm.
- Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını sıxdı.
Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun gözlərinə
düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı. Mən biçimsiz bir şəkildə
onu xeyli öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı. İkimiz də susub alaqaranlığı seyr
edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi olaraq ayağa qalxdıq.
Əl-ələ verib Qubernator bağını tərk etdik.
Bağdan çıxarkən Nino dilləndi:
-
Hər halda, mən də gərək çadra geyəydim.
O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə qədər ötürdüm.
Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini tutdum: “Nino, bu yay
nə edəcəksən?” dedim.
- Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə, sən də gərək
oraya gedəsən.
- Çox yaxşı, belə isə yayda Şuşada görüşərik:
- Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, niyə səndən bu qədər xoşum
gəlir.
Nino
evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti qurumuş bir
kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü qadınları çox gözəldirlər,
xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə öpmək yaramaz. Çünki ətrafdan bunu
görən olur”.
Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son dərəcə şeytan olmaqlarını bilirdim.
Sonra atamı görməyə getdim.
- Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin. Səndən
istəyəcəyimin birincisini artıq bilirəm – dedim.
Bu yay Qarabağa getmək istəyirəm.
Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı.
IV
Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran çöldə tozlu,
böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra
bir gün zəlzələlərin biri
onun torpaq sahəsində yarıq əmələ gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa başlamışdı. O
gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq üçün başqa yollar axtarmağa lüzum
görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır
və onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq
bir talehin ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum
olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, xəstəxanalar,
təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə də həccə gedib hacı olmuş və orada da yetimxanalar
tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı
onun namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış,
ondan sonra da bir yorğun kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış,
bir oğlu onu tərk etmiş, o birisi
oğlu isə özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi.
Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında
yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün
buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük ziyafət salonunda
təşkil edilmişdi.
Axşam saat səkkizdə mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda İlyas bəy
pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki kəmərindən zərif xəncər
sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi.
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız
belə geyinmək
imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas bəy” deyərək, köhnə milli
adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ əlini sıxdı.
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı yırğaladım.
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə şəhərimizdə yaşayan rus müəllimlərinin
ölkəmizdən bir tikə belə xəbərləri yox idi. Ona görə də biz onları aldadıb Bakının yaxınlığında bir
cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən yayınmaq istəyirdisə, o saat o, sinif
nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər
verirdi ki, cüzamxanadan bir xəstə şəhərə qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa
çıxmış olduğunu da əlavə edərdi.
Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir.
Sinif müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar cüzamxanaya
salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi.
Bu cür əlavə tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin ağlına belə
gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir cüzamxana olub-
olmadığını soruşsun.
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə və bayram
ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko, böyük bir əda ilə salonun küncündə
oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və dərin
bir ehtiramla ona baş
əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman tələbələrinin tərcüməçiliyini mən edərdim.
Çünki xarici dilləri və ləhcələri son dərəcə cəld qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca
danışarkən elə ilk cümlələrində rus əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus
ləhcələrinin də bilirdim.
Müdirimiz Peterburqdan idi. Ona görə də onunla Peterburq ləhcəsində danışmaq lazım idi. Yəni
samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl səslənmirdi, amma son dərəcə
nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd boylarınadək inkişaf eləyən ruslaşdırma
siyasətinin yayılmış olmasından sevinirdi.
- Axşamınız
xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim.
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi?
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum.
- Nə olub ki?
- O cüzəmxana məsələsini deyirəm.
- Cüzəmxanaya nə olub axı?
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanadaqaçıb şəhərə doğru yürüşə
keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək lazım gəlmişdi. Xəstələr iki
kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od
vurub yandırmışdılar. Bu dəhşətli bir əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq