273
Qeyd etmək lazımdır ki, əvvəllər enliminalayıcı palıd güvəsi respublikamızın ərazisində təsadüf
edilməmişdir. Lakin bir vegetasiya dövrü ərzində bu ziyanvericilər geniş ərazini tutaraq Balakəndən İsmayıllıya
qədər 250 km-lik məsafədə yayıla bilmişdir.
2004-cü ilin yazında ziyanverici həşəratların daha böyük «partlayışı» müşahidə olundu. Həşəratların
sürfələri əsasən palıd yarpaqlarına daraşaraq ağacları çılpaqlaşdırırdı. Biz iyul ayında Xızı rayonunun Altıağac
qəsəbəsinə gedərkən bunu müşahidə etdik. Xızı-Altıağac yolu boyu və qəsəbənin ətrafındakı meşələrdə dəyişik
ipəksarıyanın iki fazası – sürfə və kəpənəklər halında olub nəinki palıd ağaclarında,
hətta digər ağac növlərinin
də (vələs, ağcaqayın, göyrüş və s.) yarpaqlarını yeyirdilər. Ancaq nədənsə sürfələr fıstıq ağaclarında müşahidə
olunmurdu. Lakin kəpənəklər fıstığın da gövdəsində yumurta qoyur. Bəzi ağaclar demək olar ki, tamamilə
çılpaqlaşmışdı (yarpaqsızlaşmışdı). Dəyişən ipəksarıyanın sürfələri ziyanvericilərin 80-90%-ni təşkil edirdi.
Bundan başqa həlqəvi ipəksarıyan, qızılqarın kəpənək və palıd ipəksarıyanın sürfələrinə də rast gəlinirdi.
2004-cü ildə ziyanverici həşəratlar Şamaxı, İsmayıllı və digər rayonların meşələrinə də böyük ziyan vurdu.
Biz Qubanın meşələrində olarkən ziyanverici həşəratlara rast gəlmədik. Onu da qeyd edək ki, həşəratlar il
ərzində iki nəsil verir.
Ziyanvericilərə qarşı mübarizə məqsədilə respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi həşəratların
sürfələrini yığaraq və kəpənəklərin yumurtalarını ağacların gövdələrindən qazıyaraq yandırdılar. Lakin belə
mübarizə üsulları geniş meşə ərazilərində heç bir nəticə verə bilməzdi və vermədi də. Hazırda meşələrimizdə
ağacların gövdələrində kəpənəklərin milyonlarla yumurtaları mövcuddur və yazda sürfələrin yeni «partlayışı»
gözlənilir.
Palıd ağaclarında olan ziyanvericilər və xəstəliklər hazırda respublikamızın meşələri üçün böyük təhlükə
yaradır. Əgər bunun qarşısı vaxtında alınmazsa biz meşələrimizin 30 faizindən çoxunu itirmək qorxusu altında
qalmış oluruq. Odur ki, təxirə salınmadan palıd meşələrində meşə-patoloji yoxlama işləri aparılmalı,
ziyanvericilərin və xəstəliklərin mənbəyini müəyyənləşdirməli, orada sanitar qırmaları, digər meşə təsərrüfatı
tədbirləri həyata keçirməli, bioloji və kimyəvi mübarizə üsullarından istifadə etməlidir.
Yeri gəlmişkən onu da qeyd edək ki, 2004-cü ildə Bakı şəhəri və şəhərətrafı rayonların yaşıllıqlarında və
bağlarında ağacların yarpaqlarının bükülməsi, saralması müşahidə olundu. Buna amerika ağ kəpənəyinin
sürfələrinin geniş yayılması səbəb oldu. Təbiəti mühafizə işçilərinin başçılığı ilə məktəbliləri və digər
vətəndaşları səfərbər edib sürfələri vaxtında (kəpənək fazasına keçməmiş) toplayaraq məhv etmək yolu ilə
həşəratların nəslini kəsmək olardı, lakin buna əməl olunmadı.
Qafqaz vələsi meşələri
Azərbaycanda vələs meşələri bütün dağ sistemlərində yayılmışdır.Ona həmçinin Lənkəran və Samur-Dəvə-
çi düzənliyində və Qanıx-Həftəran vadisində rast gəlinir. Vələs fıstığa yaxındır, lakin fıstıq vələsə nisbətən çox
kölgəsevər və çox rütubətsevərdir. Ona görə vələs həm sırf, həm də palıd və fıstıqla qarışıq meşəliklər yaradır.
Vələsin Böyük və Kiçik Qafqazın bütün yüksəklik qurşaqlarında rütubətli iqlim şəraitində bir çox sahələrdə
başdan-başa örtük əmələ gətirməsi, həmçinin meşənin yuxarı sərhədinə kimi qalxması, Samur-Dəvəçi düzənli-
yində (Yalama meşəsi), dəniz səviyyəsinə qədər enməsi bu ağac növünün geniş iqlim amplitudu şəraitində ya-
yılmasını təsdiq edir.
Kiçik Qafqazın cənub-şərq yamacında Həkəriçay hövzəsində iqlimin nisbətən quru olması ilə əlaqədar fıstı-
ğa rast gəlinmir. Burada vələs meşələri orta dağ-meşə qurşağında əsasən yamacların şimal baxarlarında münbit
karbonatlı meşə torpaqlarında yayılmışdır.
Böyük və Kiçik Qafqazda, həmçinin Talış dağlarında törəmə tipli sırf vələs meşələri də yayılmışdır. Belə
meşələrin əmələ gəlməsi qarışıq fıstıq-vələs və palıd-vələs meşələrinə antropogen amilin təsirilə əlaqədardır.
Yuxarıda göstərilən üç ağac cinsinin(şərq fıstığı və 4 palıd növünün (iberiya, şərq, şabalıdyarpaq, uzunsap-
laq palıd) və qafqaz vələsinin üstünlük təşkil etdiyi meşələr respublikamızın meşə ilə örtülü ümumi sahəsinin
87%-i qədərdir, yerdə qalan 13% meşə ilə örtülü ərazi kiçik sahələrdə ardıc növləri, qovaq növləri, tozağac, də-
mirağac, cökə, ağcaqayın növləri, qoz, şabalıd, cökə üstünlük təşkil edən meşələrin payına düşür.
Bir çox ağac cinsləri (yalanqoz, qaraçöhrə, adi xurma, qarmaqvarı şam, ayıfındığı, ipək akasiyası, azatağac
və b.) isə ya olduqca kiçik sahələrdə meşəlikdə üstünlük təşkil edir, yaxud ağaclığın tərkibinə qarışır.
Göstərilən ağac növləri haqqında geniş məlumatı «Azərbaycanın meşələri» (Məmmədov, Xəlilov, 2002) kitabın-
da almaq olar.
13.4. Meşəsizləşdirmə qlobal ekoloji problemdir
«Meşəsizləşdirmə» termini dünya ədəbiyyatına son onilliklərdə daxil olmuş və hazırda geniş işlənir. BMT-
nin ekoloji proqramı «Jynep» – in işlərində meşəsizləşdirmə insan fəaliyyəti və ya təbii səbəblərdən müəyyən
ərazidə meşənin sıradan çıxması və ya başqa təsərrüfat tipi istifadəsinə keçməsi kimi ifadə olunur.
İnsan həyata qədəm qoyduqdan sonra ilk dəfə istifadə etdiyi təbii resurslardan biri meşə olmuşdur. Qədim
tayfa və icmalar vəhşi heyvanları ovlarkən dövri olaraq meşə yanğınları törətmişlər. Neolit dövründə aqrar tə-
sərrüfata keçərkən tarla və otlaq sahəsi əldə etmək məqsədilə də meşələri yandırmışlar. Balta icad olunduqdan