401
Şəkil 20.5. Dünyada mühüm ərzaq bitkilərinin istehsalı (yaşıl kütlə),
1980-ci il FAO-nun məlumatı
Ərzaq probleminin baş verməsinin digər səbəbi əhalinin qidasında bir, yaxud iki ərzaq məhsulu növünün
üstünlük təşkil etməsidir, bu isə əhalinin diyetasında yekrənglik xarakteri yaradaraq gizli aclıq forması əmələ
gətirir. Məsələn, Cənubi və Cənubi- Şərqi Asiyanın əhalisinin rasionunun 70% -ni , Yava adasının (İndoneziya)
bəzi rayonlarında hətta 90% -ni düyü təşkil edir. Bu isə bəzi xəstəliklərin, o cümlədən beri-beri xəstəliyinin baş
verməsinə səbəb olur. Afrika kontinentinin bəzi dövlətlərinin əhalisinin qida rasionunda kökümeyvəlilər (yams,
batat, maniok) üstünlük edir.
Yekrəng qidalanma uşaqların kvaşiorkor deyilən xəstəliyinə tutulmasına şərait yaradır. Bu zaman uşaq
kifayət qədər kalori alsa da orqanizmə zülal çatışmır. Qidada həm kalori, həm də zülal çatışmadıqda isə «uşaqda
marazm» xəstəliyi baş verir. Hər iki xəstəlik uşaqlarda həmişə güclü diareya (mədə-bağırsaqda həzmin
pozulması) ilə müşayiət olunur. Belə uşaqlar arasında ölüm hadisəsi və psixi pozuntuların səviyyəsi yüksək
olur.
Əhalinin ərzaqla təmin edilməsində aqrokulturanın səviyyəsi böyük rol oynayır. Buna yüksək məhsuldar
bitki sortlarından, məhsuldar heyvan cinslərindən, çox müxtəlif və müasir kənd təsərrüfatı texnikasından istifadə
etməklə (məsələn, Latın Amerikasında min ha əkin sahəsinə cəmi 5 traktor; Afrikada – 1, Rusiyada –12, ABŞ-
da 30, Yaponiyada –450 traktor düşür), lazımi miqdarda gübrələr verməklə (mütəxəssislərin hesablamalarına
görə kimyəvi gübrələrdən istifadə etdikdə əsas kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 40% artır) kənd
təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri ilə mübarizə tədbirlərini həyata keçirməklə, həm də kənd
təsərrüfatı məhsullarını saxlamaq texnologiyasına riayət etməklə nail olmaq olar.
İnkişaf etməkdə olan ölkələrdə aqrokulturanın səviyyəsi hələ ki, geri qalır, bu isə kifayət qədər yüksək
məhsul alınmasını və onun artımını təmin etmir. Dünyada taxılın orta məhsuldarlığı 25 sent/ha, Afrikada 12
sent/ha (onun tropik hissəsində təsərrüfatlar hektardan 1 sent. məhsul yığır), Cənubi Amerikada 20 sent./ha
təşkil edir.
Dünyada ərzaq problemini həll etmək üçün inkişaf etməkdə olan ölkələrdə «yaşıl inqilab», inkişaf etmiş
ölkələrdə isə «biotexnoloji inqilab»ın keçirilməsi planı irəli sürülür.
«Yaşıl inqilab» yüksək məhsuldar kənd təsərrüfatı ərzaq bitkilərinin, xüsusən buğda, qarğıdalı, düyünün
becərilməsi, irriqasiya işlərinin genişləndirilməsi və müasir texnika, kimyəvi gübrələr, bitki mühafizəsi
üsullarının tətbiqi ilə həyata keçirilməlidir.
402
Lakin «yaşıl inqilab» inkişaf etməkdə olan ölkələrin sahələrinin üçdə birində müəyyən qədər tətbiq
olunmuşdur. Əkinçilikdə əsasən üç dənli bitkiyə (buğda, düyü, qarğıdalı) üstünlük verilmişdir. Aqrokulturaya
düzgün riayət edilmədiyindən «yaşıl inqilab» arzuolunmaz ekoloji nəticələr vermişdir. Belə ki, toksik kimyəvi
maddələrdən istifadə edilməsi torpaqların zəhərlənməsinə, düyü sahələrində balıqların məhv olmasına, kənd
təsərrüfatı bitkilərinin ziyanvericilərinin yayılması partlayışına səbəb olmuşdur.
«Biotexnoloji inqilab» inkişaf etmiş ölkələrdə torpağın hazırlanması (laydırsız şumlama, frezerlə
yumşaltma), suvarma (damcılı suvarma), bitkilərin ziyanvericilərdən mühafizəsi (fereonlardan istifadəsi), səpin
toxumlarının izotoplarla hazırlanması aqrotexniki yeniliklərin tətbiqi ilə bağlıdır.
Bu gün ərzaq problemi bəşəriyyətin qlobal problemi olub gələcək sivilizasiya onun həllindən asılıdır.
20.6. Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir
Bəşəriyyət tarixində müharibələr çox olmuşdur. Təxmini hesablamalara görə yalnız son 5,5 min il ərzində
Yer kürəsində 15 min müharibə və hərbi konflikt olmuş, (onlardan yarısından çoxu Avropada), xalqlar böyük
müsibət və iztirablar keçirmişlər. Özünün bütün tarixi boyu bəşəriyyət 292 il müharibə görməmişdir. XX əsrin
birinci yarısında bəşəriyyət iki dəfə zülmətli müharibəyə düçar olmuş, bu müharibələr qanlı və dağıdıcı xarakter
almışdır.
Müharibə aparılmasında texnika yüksəldikcə dinc əhalinin məhv edilməsi də artır. Dinc əhalinin ölüm
miqdarı ilə hərbçilərin ölümü arasında nisbət aşağıdakı kimi olmuşdur: birinci dünya müharibəsində – 1:20;
ikinci dünya müharibəsində –1:1; Koreyadakı müharibədə (1950-1953-cü illər) – 5:1; Vyetnamdakı müharibədə
(1964-1968-ci illər) – 20:1. Müasir silahlanma vasitələrindən istifadə edib, hətta lokal müharibə başlayarsa ölən
dinc əhalinin sayı ölən hərbçilərdən 100 dəfə çox olacaqdır (yəni 100:1). Bu müharibə əslində dinc əhaliyə qarşı
müharibə olacaq. Bununla da müasir müharibə bütün bəşəriyyətin qlobal probleminə çevrilir.
Müharibə probleminin qloballığı dünyada silahların güclü artması ilə əlaqədardır. Hazırda yalnız toplanan
nüvə silahlarının partlayış gücü indiyə qədər olan müharibələrdə istifadə olunan döyüş sursatlarının ümumi
gücündən bir neçə min dəfə çoxdur.
Hazırda dünyada müxtəlif ölkələrin arsenalında olduqca çoxlu miqdarda nüvə silahları vardır. Bu silahların
ümumi gücü 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan bombaların gücündən bir neçə milyon dəfə
güclüdür.Xirosimaya atılan bomba nəticəsində 200 mindən artıq insan həlak olmuş, şəhərin 40%-i külə dönmüş,
qalan ərazi isə tanınmayan dərəcədə eybəcərləşmişdir. Atılan atom bombalarının faciəli nəticələri Yaponiyada
hələ indi də müşahidə edilir.
Müasir silahlarla Yer üzərində bütün həyatı dəfələrlə məhv etmək mümkündür. Hətta adi vasitələrlə belə bu
gün müharibə aparılarsa bəşəriyyətə və təbiətə qlobal zərər yetirər.
Beynəlxalq humanitar məsələlər üzrə Müstəqil komissyanın məruzəsində qeyd edilir ki, silah istehsalı
bəşəriyyəti yaşatmaq ideyası ilə aparılır. Lakin hər il bir milyard dollara qədər hərbi məqsədlərə xərclənir, bu isə
inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrə olan borcu ilə müqayisə edilə bilər.
Hazırda dünya öz varını – dövlətini ağlasığmaz heç bir qiyməti olmayan silah istehsalına sərf edir. Bu isə
zəngin resursları bəşəriyyətin ehtiyacını ödəməyə yönəltməyə imkan vermir.
Hər bir ölkənin silahlı qüvvələrinin fəaliyyəti müxtəlif silah növlərini sınaqdan keçirdikdə həmçinin
köhnəlmiş silahları və döyüş sursatlarını məhv etdikdə torpaqdan, akvatoriyadan, hava boşluğundan istifadə
edərkən ekoloji problemlər yaranır.
Hərbi sənaye kompleksi (HSK) müəssisələrinin tullantıları ilə biosfer elementlərinin çirklənməsi problemi ilə
yanaşı, radioaktiv tullantıların (RAT) basdırılması və utilləşdirilməsi də həll olunmamış problem kimi qalır.
HSK-ya malik olan inkişaf etmiş ölkələr RAT-ı saxlamaq üçün inkişaf etməkdə olan ölkələrə ötürməyə və ya
Dünya okeanının yaşayış olmayan adalarında dənizin dibində basdırmağa çalışır. Məsələn, «Yeni Torpağın»
yanında 11 mindən artıq RAT konteyneri, 15 qəzaya uğramış reaktorlar və «Lenin» buzqıranı basdırılmışdır. Bu
zaman mütləq təhlükəsizliyə nail olunmur, belə ki, konteynerlərin materialı korroziyaya uğrayır: metal
konteynerlər 10 ildən sonra, beton konteynerlər isə 30 il ərzində dağılır.
Nüvə silahlarının sınaqdan keçirilməsi nəticəsində ətraf mühit radioaktiv maddələrlə (xüsusən sezium – 137
və stronsium -90) çirklənəcək və orta temperatur dəfələrlə aşağı düşəcəkdir. Bu zaman kənd təsərrüfatının əsas
ekosistemləri qlobal ekoloji fəlakətə məruz qalacaqdır.
Atom bombası atıldıqda müəyyən iqlim dəyişkənliklərilə bərabər yanğın və radioaktiv yağışlar nəticəsində
geniş miqyasda səhralaşma baş verəcək, enerji və rabitə sistemləri sıradan çıxacaq, atmosferin ozon qatının
qalınlığı azalacaq, su və hava zəhərli maddələrlə və qazlarla zəhərlənəcəkdir.
Nüvə müharibəsi nəticəsində təbii mühitin və cəmiyyətin sosial-iqtisadi strukturlarında qlobal dağılma baş
verəcək və müharibədən əvvəlki ilkin vəziyyətə qayıtmaq mümkün olmayacaqdır. Bu zaman radioaktiv
çirklənmə, kəskin ultrabənövşəyi şüalanma, aşağı temperatur, aclıq və digər mənfi faktorlar insanların məhvinə
səbəb olacaqdır. Bu nəticələr göstərir ki, qlobal nüvə müharibəsində qalib tərəf olmayacaq və müharibənin
faciəli nəticələrindən kənarda qalan olmayacaqdır.