69
Ş ə r i f. İbad dadaş, sən bir spakoys ol, mən işi subutalni, dokumentalni
soruşum, sən də bil.
B a l a r z a. Sən öləsən, arvadların əlinə düşməmişik! Poz, bu saat poz, sənə
deyirəm!
A l m a z. Sizin onu zorla pozdurmağa haqqınız yoxdur.
B a l a r z a. Məni qana salma, poz, sənə deyirəm!
X a n ı m n a z. Pozar, bu saat pozar.
İ b a d. Həzrət Abbas haqqı, bu üzü qiblə haqqı, əgər biləm o buraya gəlibdir,
onun böyük tikəsini qulağına döndərməsəm, bu papaq olmasın, lap arvad ləçəyi
olsun. Onda sən də tamaşa edərsən! ( Acıqlı çıxıb gedir).
Ş ə r i f. Bilmirəm, yığıncağı yenə çağırmaq ola...
S ü k u t
.
M i r z ə S ə m ə n d ə r. Deyəndə dinc otur, xalqın forsuna dəyir. Canım, biz də
adamıq. Mənə nə düşüb xalqın işinə qarışım ki, axırda da yaman kişi olum?! Can
onun, cəhənnəm tanrının. Onunku elə odur ki, bir ərizə yazasan, alasan bir motal
pendirini, yeyəsən malını, çıxardasan canını, qurtardı getdi. Vətəndaş, vətəndaş. Bu
xalq da sənin kimi vətəndaşdır də.
A l m a z ( diqqətlə Mirzə Səməndəri dinləyir və ona yanaşıb, acı bir istehza
ilə). Vətəndaş, tfu! ( Hiddətlə tüpürür).
P ə r d ə
İKİNCİ PƏRDƏ
Kənd şurasının qabağı. B e ş - a l t ı nəfər baş-başa çatıb söhbət edir. Sonradan
adamlar bir-bir, iki-iki gəlib onlara qoşulur.
H a c ı Ə h m ə d. Deyəsən bu qız doğrudan da gələnə oxşamır.
B a l a r z a. Ay kişi, ağzımda sizə nə deyirəm? Ona elə bir düdəmeyihindi
gəlmişəm ki, daha papağını da atsalar, yığıncağa ayaq-mayaq basmaz.
H a c ı Ə h m ə d. Canın üçün elədir. Lap təcrübə eləmişəm. Yumruq çəkənin
qabağına çomağnan çıxmasan, deyər qorxdu. Ancaq bu hələ təzə-təzə culus eləyir.
Gərək bir görək sözünün əsli-məğzi nədir? Belədir, ya qeyri-belədir?
70
İ b a d. Sözünü də kəsirəm Hacı, oğlunun toyunda. Elə padlesdir, elə padlesdir,
heç zəmanədə tayı yoxdur. Sən öləsən, elə Allah-Allah eləyirdim ki, bir ağzını açıb
bir söz desin. Amma padlesliyini gör ki, dodağını dodağından ayırmadı.
H a c ı Ə h m ə d. Heç tələsmə, canın üçün gec-tez başı dəyər əlhəd daşına.
Ancaq hələ bir dişimizə vuraq. Bərkini-boşunu bilək. Bəlkə elə yola yaxındır.
Olmasa, yenə də ağa durub, ağacan durub. Belədir, ya qeyri-belədir?
B a l a r z a. Yox, Hacı, mən o qızda gördüyümü görmüşəm.
İ b a d. Bəs Molla Sübhan gəlməyəcək?
H a c ı Ə h m ə d. Yox, Molla Sübhan qoy hələ gəlməsin, işi korlar. O öz
məsələsinə arifdir. Eybi yoxdur, özü Ocaqqulunun dərsini verib göndərər.
İ b a d. A kişi, Ocaqqulu iki eşşəyin arpasını bölə bilmir.
B a l a r z a. Odur, Baloğlan gəlir.
İ b a d. Mən belə arvadmərəkə adam görməmişəm. Dünən, deyirlər, qız elə ki
döyüb ayaqlarını onunçun yerə, özünü itirib. Az qalıb yıxılsın əl-ayağına. Deyib
ona: necə ki, necə? Mən on arvad üçün ərizə yazmışam, sən birinin də işinə
baxmamışsan. İndi ki, belədir, sovsim gərək şuradan çıxasan. İspolkom gərək
arvaddan olsun.
B a l a r z a. Arvad a... Vay atonnan səni! Əcəb dünya korlandı getdi.
H a c ı Ə h m ə d. Barakallah qız, barakallah qız!
İ b a d. Ondan hələ təzə-təzə qissələr çıxacaq.
H a c ı Ə h m ə d. Sözü dəyişin, Aftil gəlir.
B a l o ğ l a n və A f t i l gəlir.
B a l o ğ l a n. Salaməleyküm, Hacı dayı!
H a c ı Ə h m ə d. Balam, bəs bu iclası haçan başlayırsınız?
B a l o ğ l a n. Hələ durun görək, bəlkə heç gəlmədi. Deyirlər naxoşdur.
B a l a r z a. A kişilər, deyirəm sizə o daha buralara gəlməz ey... O öz fitini başa
düşübdür.
A f t i l. Necə? Heç elə şey yoxdur. Vallahı, deyir, kasıbla işim yoxdur, amma
dövlətlilərin dərisinə lap saman təpəcəyəm.
H a c ı Ə h m ə d. Bizə nə var. Bizim də bir qarnımız var. Necə çalarlar, biz də
elə oynarıq.
B a l o ğ l a n. Yox, canım, yox, yox. Lap elə də deyil. Yox, yox ( Bəzən “yox”
sözünü dilini nırçıldadaraq söyləyir).
71
H a c ı Ə h m ə d. Deyir: örkən nə qədər uzun olsa, axırda gəlib doğanaqdan
keçəcəkdir.
İ b a d. Deyir, bəs dünən iki ayağını təpmişdi bir başmağa.
B a l o ğ l a n. Yox, canım, yox, yox. Əvvəl bir çımxırdı üstümə, mən də bir
təpindim ona. Sonra gördüm həstədi. Lap mumdan da yumşaq olub. Özünüz
görərsiniz də.
H a c ı Ə h m ə d. Yəni bir söz deyəndə, başa-maşa düşür?
B a l o ğ l a n. Bəli, ya... Bəli, bəli. Lap o elələrindən deyil, yox, yox.
O c a q q u l u gəlir.
O c a q q u l u. Bəs deyirlər, Xanımnazın qızı bu gün sübut eləyəcəkdir ki,
Allah olmasın.
İ b a d. Belə, bilirsən, onun əsl dediyi nədir? Uzun sözün qısası; nə Allah olsun,
nə peyğəmbər. Arvadları da doldurun bir dama, kişiləri də bir dama. Olsun
hopçılıq. Heç bir kişinin də ixtiyarı olmasın ki, öz arvadına bir ağac vursun.
Hamısının elə atdığı da bir yerdə olsun, yatdığı da. Başa düşdün? Bu vaxta qədər,
deyir, arvadlar kişilərə tabedi, indi gərək kişilər arvadlara tabe olsun. Bildin?
Buğda əkənlər də gərək zəfəran əksinlər. Bildin?
O c a q q u l u. Yəni Allaha da inanmır də?
B a l o ğ l a n. Yox, canım yox, yox. Onun dediyi o deyil. Belə fikir verəndə o
çıxır. Ancaq onu demir, yox, yox, yox.
O c a q q u l u. Yəni peyğəmbər səlavatüllaha da inanmır?
B a l o ğ l a n. Yox, canım, inanmağına inanır. Ancaq belə, elə deyir ki, olmasın
da, belə. Yoxsa ki, açıq desin. Yox, yox, yox.
Ş ə r i f. Bura bax, siz hələ bir spakoys olun. O kişinin qızı hələ subutalni,
dakumentalni öz sözünü deməyibdir. Bu saat hamı qaranlıq quyuya daş atır.
İ b a d. Bəs bu neçə vaxtda bu zalımın qızı zurna-balabandır çalır? Sizin
papağınızı başınızdan aparmasalar, ayılmazsınız. Qurtardı getdi.
B a l a r z a. Sən öləsən, işi bir çilləyə mindirəcək ki, axırda bir arvad öz ərini
tanımayacaq. Bir uşaq öz atasının sözünə baxmayacaq...
İ b a d. Qurtardı getdi!
Ş ə r i f. Siz bir spakoys olun. Ibad dadaş, mən səni subutalni, dakumentalni
başa salım. Dünən Kərbəlayı Balarzanın bir az hövsələsi təng oldu.
İ b a d. Kərbəlayı Balarza, yox ey! Belə, mən özüm qışqırdım. Mən söydüm.
Yumruq çəkənin qabağına çomağnan çıxmasan, deyər qorxdu.
Dostları ilə paylaş: |