ESTER. Siz buna çox sevinirsiniz?
CERALD. Əlbəttə, sevinirəm! Bu, mənim üçün hər şey deməkdir: indiyədək
xəyal etdiyim ümidlərim gerçəkləşir.
ESTER. Həyatda hər şey ümidlə bağlıdır. Həyat elə ümid deməkdir.
LEDİ HANSTENTON. Kerolayn, məncə, lord İllinqvort diplomatik işə can atır.
Yəqin ki, onu Vyanaya göndərəcəklər. Lakin bu xəbər düz çıxmaya da bilər.
LEDİ KAROLİN. Ceyn, məncə, İngiltərənin xaricdəki təmsilçisinin subay
olmasına yol verməzlər. Bu, məsələni bir qədər qəlizləşdirə bilər.
LEDİ HANSTENTON. Kerolayn, narahat olmayın. İnanın ki, siz əbəs yerə
narahat olursunuz. Bundan başqa, deyim ki, lord İllinqvort hər vaxt evlənə bilər.
Mən ümid edirdim ki, o, ledi Kelso ilə evlənəcək. Lakin məncə, o deyirdi ki,
Kelsonun ailəsi böyükdür. Ya da deyəsən, ayaqları böyükdür deyirdi? Nəsə,
ikisindən biriydi, unutmuşam. Lakin mən çox təəssüf edirəm. O qadın, elə bil,
səfir arvadı olmaq üçün yaranmışdı.
LEDİ KAROLİN. Hə, elədir, Kelsonun ad-soyadları yadda saxlamaq, adamların
sifətini isə unutmaq kimi əntiqə qabiliyyəti var.
LEDİ HANSTENTON. Kerolayn, bu ki təbiidir, elə deyil? (Nökərə) Henriyə
deyin ki, cavabı da gözləsin. Cerald, mən sizin sevimli ananıza bir neçə çümlə
yazdım; sizin işinizlə bağlı yaxşı xəbəri və onun mütləq nahara gəlməsini
arzuladığımızı da yazdım.
Nökər çıxır.
CERALD. Siz çox alicənab qadınsınız, ledi Hanstenton. (Esterə) Miss Vorsley,
bir az gəzişəkmi?
ESTER. Məmnuniyyətlə. (Ceraldla birlikdə çıxır.)
LEDİ HANSTENTON. Mən Cerald Arbetnot üçün çox sevinirəm. Axı o, mənim
havadarımdır. Həm də mən çox məmnunam ki, lord İllinqvort mənim heç bir
müdaxiləm, yaxud eyhamım olmadan özü ona iş təklif edib. Heç kəs ondan nəsə
xahiş olunmasını sevmir. Yadıma gəlir ki, zavallı Şarlotta Paqdeni cəmiyyət bir
vaxt tamamilə təcrid etdi; çünki o, elə kimi görürdü, ona öz fransız mürəbbiyəsini
təklif edirdi.
LEDİ KAROLİN. Hə, Ceyn, mən də o mürəbbiyəni görmüşdüm. Ledi Paqden
onu bizə göndərmişdi. Hələ Elinordan əvvəl idi. Mürəbbiyə çox gözəl idi və
mötəbər evlərdə işləmək üçün təhlükəliydi. Düşünürəm ki, ledi Paqden bunu
ondan yaxasını qurtarmaq üçün istəyirdi.
LEDİ HANSTENTON. Hə, onda məsələ aydındır.
LEDİ KAROLİN. Con, çəmənlik sənin üçün çox rütubətli olar. Yaxşı olar ki,
gedib çəkmələrini geyinəsən.
SER CON. Mənə belə rahatdır, Kerolayn. Narahat olma!
LEDİ KAROLİN. Con, mən səndən yaxşı bilirəm. Sözümə qulaq as! Dediyimi
elə!
Ser Con durub gedir.
LEDİ HANSTENTON. Kerolayn, siz onun nazı ilə çox oynayırsınız. Lap
ərköyünləşdirirsiniz onu! (Missis Ollonbi və ledi Statfild daxil olurlar. missis
Ollonbiyə.) Hə, əzizim, park xoşunuza gəldimi? Deyirlər, ağacları çox yaxşıdır.
MİSSİS ALLONBİ. Ah! Ledi Hanstenton, ağaclara söz ola bilməz! Möcüzədir!
LEDİ STATFİLD. Hə, hə, elədir, çox gözəldir!
MİSSİS ALLONBİ. Bütün hallarda mənə elə gəlir ki, əgər mən kənddə altıca ay
yaşasaydım, elə maraqsız olardım ki, heç kəs mənə baxıb maraq göstərməzdi.
LEDİ HANSTENTON. Əzizim, sizi əmin edirəm ki, kəndin belə bir təsiri yoxdur.
Götürək Meltorpu, heç buradan iki mil deyil, o kənddən olan ledi Belton lord
Fezersdalla qaçdı. Hadisə mənim yaxşı yadımdadır. Yazıq lord Belton üç gün
keçmədi ki, öldü; bilinmədi sevincdən ürəyi partladı, yoxsa podaqradan.
Yadımdan çıxıb nədən öldü! O vaxt bizdə çoxlu qonaq vardı, bura yığışmışdıq,
hamı elə bu hadisədən danışırdı.
MİSSİS ALLONBİ. Düşünürəm ki, qaçmaq qorxaqlıq əlamətidir. Bu, o deməkdir
ki, sən təhlükədən qaçırsan. Bizim həyatımızda isə təhlükə çox nadir hallarda baş
verir.
LEDİ KAROLİN. Mənim müşahidəmə görə, indiki müasir gənc qadınların əsas
məqsədi odla oynamaqdır.
MİSSİS ALLONBİ. Ledi Kerolayn, odla oynamağın birinci şərti yanmamaqdır. O
adamlar yanır ki, onlar oyunun qaydalarını bilmirlər.
LEDİ STATFİLD. Bəli, anlayıram. Bunu bilmək çox faydalıdır.
LEDİ HANSTENTON. Əziz missis Ollonbi, bilmirəm belə bir nəzəriyyə ilə
dünya necə yola gedəcək!
LEDİ STATFİLD. Ah! Dünya kişilər üçün yaranıb, qadınlar üçün yox!
MİSSİS ALLONBİ. Ooo, belə deməyin, ledi Statfild. Biz kişilərdən daha yaxşı
vaxt keçiririk. Kişilərə nisbətən qadınlara daha çox şey qadağandır.
LEDİ STATFİLD. Elədir, tamam doğru deyirsiniz. Bu heç mənim ağlıma
gəlməmişdi.
(Ser Con və mister Kelvil daxil olurlar.)
LEDİ HANSTENTON. Hə, mister Kelvil, işinizi qurtardınız?
KELVİL. Bu günlük yazı işlərimi bitirdim, ledi Hanstenton! Çox çətin bir iş idi.
Müasir ictimai xadim indi özünü gərgin işə verməlidir, çox gərgin işləməlidir; və
onun gərgin əməyinin qiymətləndirilməsinə də inanmıram.
LEDİ KAROLİN. Con, çəkmələrini geyindin?
SER CON. Hə, canım, geyindim!
LEDİ KAROLİN. Yaxşı olar ki, bura, mənim yanıma gələsən, Con! Bura daha
çox kölgə düşür.
SER CON. Mən tamam rahatam, Kerolayn. Narahat olma.
LEDİ KAROLİN. Məncə, yox! Dedim ki, gəl yanımda otur! (Ser Con ayağa
durub yerini dəyişir.)
LEDİ STATFİLD. Mister Kelvil, bu gün nədən yazırdınız?
KELVİL. Adi bir mövzudan, ledi Statfild! Əxlaqi təmizlikdən...
LEDİ STATFİLD. Belə bir mövzudan yazmaq, yəqin, çox maraqlı olar?
KELVİL. Əlbəttə. Bizim günlərdə belə bir mövzunun çox böyük ümumxalq
əhəmiyyəti var. Fikrim var ki, parlament sessiyası başlamazdan əvvəl bu məsələ
ilə bağlı öz seçicilərim qarşısında çıxış eləyim. Hesab edirəm ki, ölkənin yoxsul
sinfinin nümayəndələri daha yüksək mənəvi dəyərlərə nəzərəçarpacaq dərəcədə
maraq göstərirlər.
LEDİ STATFİLD. Nə yaxşı! Onlar necə də nəcibdirlər!
LEDİ KAROLİN. Mister Kettl, siz qadınların siyasətlə məşğul olmalarına
tərəfdarsınız?
SER CON. Kelvil, əzizim, Kelvil!
KELVİL. Ledi Kerolayn, qadınların siyasi həyatımıza təsirinin günbəgün artması
sabahımıza ümid doğurur. Qadınlar həmişə mənəviyyatın – həm ictimai, həm də
fərdi əxlaqın tərəfindədirlər.
LEDİ STATFİLD. Bunu sizdən eşitmək çox-çox xoşdur!
LEDİ HANSTENTON. Ah, əlbəttə! Qadınların mənəvi ləyaqəti! Bax bu çox
vacib məsələdir. Kerolayn, məncə, hörmətli lord İllinqvort qadınlarda mənəvi
keyfiyyətləri lazımınca dəyərləndirmir!
Lord İllinqvort daxil olur.
LEDİ STATFİLD. Deyirlər, lord İllinqvort çox əxlaqsız adamdır.
LORD İLLİNQVORT. Ledi Statfild, onu kim deyir, hansı adamlar deyir?
Görünür, o biri dünyanın adamlarıdır. Bu dünyanın adamları ilə isə mən çox yaxşı
münasibətdəyəm. (Missis Ollonbinin yanında oturur.)
LEDİ STATFİLD. Mənim tanıdığım hər kəs deyir ki, siz tərbiyəsiz adamsınız.
LORD İLLİNQVORT. Bizim dövrdə adamlar özlərini çox dəhşətli aparırlar:
insanın dalınca əsl həqiqəti deyirlər.
LEDİ HANSTENTON. Ledi Statfild, hörmətli lord İllinqvort tamam ümidsizdir.
Nə qədər çalışdımsa, onu düzəldə bilmədim, buna görə də daha buna cəhd də
göstərmirəm. Bundan ötrü gərək direktorlar şurasi və ödənişli katibi olan xeyriyyə
Dostları ilə paylaş: |