15
A r t u r R a s i z a d ə (Baş nazirin birinci müavini): Hörmətli cənab Baş nazir!
Hörmətli hökumət üzvləri!
Azərbaycan prezidenti möhtərəm Heydər Əliyevin Milli Məclisin deputatı, Dövlət Neft Şirkətinin birinci
vitse-prezidenti İlham Əliyevin Baş nazir təyin olunması haqqında fərmanını çox düzgün və müdrik qərar hesab
edirəm. Bu təyinat Nazirlər Kabinetinin daha məhsuldar işləməsinə, möhtərəm prezidentimizin respublika
hökuməti qarşısında qoyduğu vəzifələrin uğurla həyata keçirilməsinə səbəb olacaqdır.
Hamımız İlham Əliyevi təcrübəli siyasətçi, iqtisadiyyatı dərindən bilən dövlət adamı kimi tanıyırıq. Biz İlham
Əliyevin ətrafında sıx birləşməli, daha məsuliyyətlə və əzmlə işləməliyik.
İcazə verin, hamınızın adından hörmətli İlham Əliyevi ürəkdən təbrik edim, Heydər Əliyev siyasi xəttinin
davamçısı kimi fəaliyyətində ona uğurlar arzulayım.
* * *
İ l h a m Ə l i y e v: Hörmətli Ramiz müəllim!
Hörmətli Artur müəllim!
Nazirlər Kabinetinin hörmətli üzvləri!
İlk növbədə mənə göstərilən bu böyük etimada görə cənab Prezidentə, Milli Məclisə təşəkkürümü bildirmək
istəyirəm. Sizi əmin etmək
istəyirəm ki, çalışacağam öz fəaliyyətimdə bu yüksək etimada layiq olum.
Azərbaycanda Heydər Əliyev tərəfindən aparılan iqtisadi siyasəti çox yüksək qiymətləndirirəm. Onun icrası
ilə bilavasitə bağlı Nazirlər Kabinetinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu, yeganə
düzgün siyasətdir. Bu siyasət bizə imkan verir ki, çox qısa bir müddət ərzində Azərbaycan iqtisadi cəhətdən
möhkəmlənsin, güclənsin, ölkədə güclü iqtisadi potensial yaransın.
Təkcə neft sektorunda görülən işlərin sadalanması kifayətdir bildirək ki, biz hansı əhəmiyyətli, irimiqyaslı
layihələri həyata keçiririk. Bu layihələr təkcə bizim üçün deyil, bütün region üçün, bütün dünya üçün böyük
əhəmiyyət kəsb edir.
Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində insanlarımızın rifah halı günü-gündən yaxşılaşır. Cənab
Prezidentin son sərəncamları bir
də onu göstərir ki, insana qayğı bizim siyasətin, cənab Prezidentin siyasətinin
ən vacib bir hissəsidir. Çətin bir şəraitdə, hələ ki, Azərbaycanın bəlkə o qədər də iqtisadi imkanlarının olmadığı,
məhdud olduğu bir vaxtda böyük bir təbəqənin maaşları artırılıbdır. Ümumiyyətlə isə, onların həyat səviyyəsi
yenə də yaxşılaşacaqdır. Qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğı, yeni salınan şəhərciklər, qəsəbələr
onu göstərir ki, Azərbaycanda aparılan iqtisadi siyasət düzgün siyasətdir və gərək biz hamımız bu siyasəti
davam etdirək.
Mən Artur müəllimin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Artur müəllim cənab Prezidentin çox
etibarlı silahdaşıdır. Uzun illər ərzində onun rəhbərliyi altında fəaliyyət göstərən Nazirlər Kabineti çox
mütəşəkkil
bir qurumdur, çox yaxşı fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsində Azərbaycan iqtisadiyyatda
böyük uğurlar əldə edibdir. Mən əminəm ki, bundan sonra da biz hamımız birlikdə bu siyasəti davam
etdirəcəyik.
Mən vaxtınızı çox almaq istəmirəm. Bir məqama da toxunmaq istəyirəm. Yəqin ki, bəzi siyasi möhtəkirlər,
müxalifətdə olan bəzi şəxslər bu məsələləri onların maraqlarına cavab verən tərzdə təhlil edəcəklər. Yenə də
çalışacaqlar ki, iqtidar daxilində hansısa ziddiyyət toxumları səpsinlər. Mən bunu dəfələrlə demişəm, hesab
edirəm, bu gün də bunu demək lazımdır. Sizə bir daha bəyan edirəm ki, Azərbaycanda vahid bir komanda
mövcuddur. O da Heydər Əliyev komandasıdır. Mən də o komandanın üzvüyəm, biz hamımız onun üzvüyük.
Mənim öz komandam yoxdur və olmayacaq.
Ona görə istəyirəm hamı bunu
bilsin ki, Nazirlər Kabineti bu vaxta qədər işlədiyi tərzdə öz fəaliyyətini
davam etdirəcəkdir. Bu günə qədər görülən işlər bunu deməyə əsas verir. Görülən işlər çox gözəl nəticələrini
artıq verir və bundan sonra da verəcəkdir. Ona görə, sadəcə olaraq, bunu bəyan etmək istəyirəm ki, biz hamımız
bundan sonra da adi rejimdə işləyəcəyik. Burada heç bir dəyişiklikdən söhbət gedə bilməz. İqtisadiyyatda
aparılan siyasət dəyişməz olaraq qalacaq və Nazirlər Kabinetində mövcud olan işlər də köhnə qaydada
saxlanılacaqdır.
Mən əminəm ki, biz birlikdə bundan sonra da cənab Prezidentin iqtisadi siyasətinin həyata keçirilməsini
davam etdirəcəyik. Hamımız birlikdə çalışacağıq ki, Azərbaycanda iqtisadiyyat güclənsin, insanlarımız rahat,
firavan və rifah içində yaşasınlar. Sağ olun. Təşəkkür edirəm.
16
BAŞ NAZİR İLHAM ƏLİYEVİN
JURNALİSTLƏRƏ MÜSAHİBƏSİ
J u r n a l i s t: Cənab İlham Əliyev, Sizi Baş nazir təyin olunmağınız münasibəti ilə təbrik edirik. Sizə
yeni vəzifənizdə uğurlar arzulayırıq.
İ l h a m Ə l i y e v: Çox
sağ olun, təşəkkür edirəm.
S u a l: Cənab İlham Əliyev, Siz Baş nazir vəzifəsinə təyin olunmağınızın yekdilliklə dəstəklənəcəyini
gözləyirdinizmi? Bu nəticədən məmnunsunuzmu?
C a v a b: Əlbəttə ki, çox məmnunam. Doğrusu, yekdilliklə mənə səs verəcəklərini gözləmirdim. Bilirsiniz
ki, bizim parlamentdə bir çox partiyaların, o cümlədən müxalifətin və bitərəflərin nümayəndələri təmsil
olunurlar. Buna baxmayaraq, mən yekdilliklə bu vəzifəyə təsdiq olundum və buna görə mənə səs verənlərə
təşəkkür edirəm.
S u a l: Cənab İlham Əliyev, ilk olaraq hansı addımları atacaqsınız?
C a v a b: İlk növbədə onu deyə bilərəm ki, prezident Heydər Əliyevin siyasi xəttini davam etdirəcəyəm.
Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatında böyük uğurlar əldə edilib, ciddi nailiyyətlərimiz var. Azərbaycanda
iqtisadi islahatlar həyata keçirilir və bunun nəticəsində ölkəmiz əsaslı şəkildə inkişaf edir. Hesab edirəm ki,
qazandığımız təcrübəni və mövcud potensialı daha da genişləndirmək lazımdır. Hamımızın
məqsədi bundan
istifadə edib Azərbaycanı qüdrətli, güclü dövlətə çevirməkdir. Biz buna nail oluruq və mən də gələcək
fəaliyyətimdə bu amala xidmət edəcəyəm. Mənim iqtisadi sahədə də kifayət qədər biliyim var. Məsələləri daha
dərindən təhlil edib, konkret addımlar atacağıq.
S u a l: Hökumətin tərkibində hər hansı bir dəyişiklik olacaqmı?
C a v a b: Hökumətdə heç bir dəyişiklik olmayacaq. Bilirsiniz ki, belə dəyişikliklərin edilməsi cənab
Prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, bizim əsas məqsədimiz yaranmış iqtisadi sabitliyi qoruyub
saxlamaq və bu istiqamətdə irəliləməkdir. Mən hansısa kəskin hərəkətlərin tərəfdarı deyiləm. Hesab edirəm ki,
hər şey tədricən həll olunmalıdır.
S u a l: İlham müəllim, Siz cənab Prezidentə parlamentin qərarı barədə məlumat verəcəksinizmi?
Yəqin ki, möhtərəm Heydər Əliyev buna çox sevinəcəkdir. Cənab Prezidentin səhhəti və Vətənə
qayıtması ilə bağlı nə deyə bilərsiniz?
C a v a b: Təbii ki, mən buradan çıxandan sonra cənab Prezidentə zəng vuracam və inanıram ki, o, buna
ürəkdən sevinəcəkdir. Onu da deyim ki, cənab Prezidentin səhhəti yaxşıdır, müalicəsi davam edir. Onun Vətənə
qayıtması barədə təkliflər var idi, bir neçə gün bundan əvvəl cənab Prezident qayıtmaq istəyirdi. Amma yenidən
bəzi müayinələrdən keçməsi üçün qalması məsləhət görüldü. İnanıram ki, yaxın gələcəkdə Vətənə qayıdacaqdır.
S u a l: İlham müəllim, Milli Olimpiya Komitəsinin prezidenti kim olacaq?
C a v a b: Hesab edirəm ki, mən bu vəzifəni də icra edə bilərəm. Onu da deməliyəm ki, səkkiz ildir Milli
Məclisin deputatıyam, bu bina mənim üçün doğma bir evdir. Deputat yoldaşlarıma minnətdarlığımı bildirirəm,
onlar bu məsələyə müsbət münasibət bildirdilər. Əlbəttə ki, mən gələcək fəaliyyətimdə çalışacağam ki, bu
yüksək etimadı doğruldam. Mən bu vaxta qədər çalışmışam ki, tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlim,
mənə göstərilən etimada layiq olum. Siz özünüz də gördünüz, burada da səsləndi ki, mənə tapşırılan
vəzifələri
necə ləyaqətlə yerinə yetirmişəm. Hesab edirəm ki, bu vəzifədə də gözəl nailiyyətlər əldə edəcəyəm.
S u a l: Siz Baş nazir təyin edildikdən sonra yəqin bəziləri deyəcəklər, prezident Heydər Əliyev elə bir
vəziyyətdədir ki, onun siyasi xəttinin davam etdirilməsinə möhkəm təminat verəcək etibarlı əlin olmasına
kəskin zərurət yaranmışdır. Siz bu arqumenti təkzib etməli olsanız, bunu necə edərdiniz?
C a v a b: Hər bir insanın öz fikri ola bilər. Mən şərh vermək fikrində deyiləm. Müxtəlif fikirlər, kifayət
qədər saxtakarlıq olacaqdır. Ona görə də hesab edirəm ki, mənim üçün başlıcası, diqqəti bu gün mənə həvalə
olunan vəzifənin üzərində cəmləşdirməkdir. Bu, çox böyük məsuliyyətdir. Mən ilk növbədə bu barədə
düşünməliyəm. O ki qaldı bunu
kimin necə qəbul edəcəyinə, bu məni o qədər də düşündürmür.
J u r n a l i s t: Çox sağ olun, Sizə uğurlar arzulayırıq.
İ l h a m Ə l i y e v: Siz də sağ olun.