M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə13/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   9   10   11   12   13   14   15   16   ...   91
Muhazire fəlsəfə

Aristotelin fəlsəfi baxışları. Qədim yunan fəlsəfəsinin klassik mərhələsinin ən görkəmli nümayəndəsi Aristoteldir. Aristotel (e.ə.384-322) bəşəriyyətin fəlsəfi fikrinin inkişafı tarixində xüsusi rol oynamışdır. O, dünya şöhrətli fllosof, yunan müdrikləri içərisində universal zəkaya malik olan bir şəxsiyyət kimi tanınmışdır.
Aristotel Makedoniyanın Stagir şəhərində həkim ailəsində anadan olmuşdur. O, 17 yaşında ikən doğma şəhərini tərk edib Afinaya gedərək, Platonun akademiyasına daxil olmuş və ömrünün 20 ilini orada keçirmişdir. Platonun ideyalar haqqında təlimi Aristotelə böyük təsir göstərmişdir. Lakin Akademiyaya daxil olduqdan on il sonra, o, müstəqil fikirlər söyləməyə, öz müəlliminin təliminə qarşı çıxmağa başladı. Son nəticədə o, Akademiyanı tərk etdi, II Filippin dəvəti ilə Makedoniyaya qayıtdı və çar sarayında onun oğlu Aleksandrın tərbiyəsi ilə məşğul olmağa başladı. Aleksandr hakimiyyətə gəldikdən sonra, Aristotellə onun arasında münaqişələr, ziddiyyətlər başlandı. Aristotel Aleksandrın qəsbkarlıq siyasətini tənqid edir, onunla yola getmirdi, ona görə də çar sarayını tərk edib Afinaya qayıtdı. 337-ci ildə o burada özünün “Likey” adlanan xüsüsi fəlsəfi məktəbini yaratdı. Aristotel 150-yə qədər elmi əsərin və fəlsəfi traktatın müəllifidir.
Aristotelin ən böyük xidmətlərindən biri ondan ibarətdir ki, o, varlıq haqqında xüsusi bir təlim yaratmış, onu “birinci fəlsəfə” - “metafizika” adlandırmışdır. Onun əsərlərini bir neçə tematik qrupa bölmək olar: Birinci qrupa daxil olan Aristotelin ontoloji xarakterli əsərləridir. (Ontologiya yunanca - ontos - varlıq və loqos-təlim sözlərinin birləşməsindən əmələ gəlmişdir). Aristotel bu qəbildən olan əsərləri bir traktatda birləşdirərək onu “Metafizika” adlandırdı (fizikadan sonra). Bunlardan başqa, Aristotel təbiətin və təbiət elmlərinin fəlsəfi məsələlərinə həsr olımmuş “Fizika”, “Səma haqqında”, “Meydana gəlmə və məhv olma haqqında”, “Meteorologiya”, “Heyvanlarun meydana gəlməsi” haqqında və eləcə də ictimaiyyətşünaslıq problemlərinə dair “Siyasət”, “Ritorika”, “Etika”, “Poetika” adlı əsərlər yazmışdır. Daha sonra o, məntiqə, metodologiyaya aid “Kateqoriyalar”, “Anlayış haqqında”, “Birinci analitiklər”, “İkinci analitiklər”, “Ümumi dəlillər” adlı traktatlar işləyib hazırlamış və onları “Orqanon” adlanan ümumi bir başlıq altında birləşdirmişdir.
Aristotel fəlsəfənin ən mühüm məsələlərindən biri olan ontologiyaya xüsusi diqqət yetirmiş və hər cür varlığın əsasını “birinci materiyada” görmüşdü. Lakin o bu materiyanı varlıqla qarışdırmır, onunla eyniləşdirmirdi, hətta onu konkret varlığın sadə, tərkib hissəsi belə hesab etmirdi. Onun fikrincə, bu “birinci materiyanın” ən sadə müəyyənliyi dörd elementdən ibarətdir: od, hava, su və torpaq. Bu dörd ünsür hiss ilə qavranıla bilməyən “birinci materiya” ilə, hiss üzvləri ilə qavranılan və real surətdə mövcud olan aləm arasında müəyyən keçid pilləsidir. Aristotel yazırdı ki, hiss ilə qavranılan şeylərdə bir-birinə zidd olan iki mahiyyəti fərqləndirmək lazımdır. Bunlar istidən və soyuqdan, yaşdan və qurudan ibarətdir. Aristotelə görə, bu mahiyyətlərin 4 əsas üzrə birləşməsi, 4 əsas elementin meydana gəlməsini təmin edir:
1) Od istinin və qurunun;
2) Hava istinin və rütubətin;
3) Su soyuğun və rütubətin;
4) Torpaq isə soyuğun və qurunun birləşməsi nəticəsində yaranmışdır.
Bu dörd element, real surətdə mövcud olan və hiss ilə qavranılan şeylərin əsasını təşkil edir. Hiss ilə qavranılan bu şeylər həmin elementlərin kombinasiyalarının, qarşılıqlı təsirinin nəticəsidir.
Aristotelin nöqteyi-nəzərincə, “birinci materiyadan” fərqli olaraq, hiss ilə qavranılan varlıq dərk ediləndir. Bu varlığı isə əsas kateqoriyalar vasitəsilə müəyyən etmək olar. Aristotel belə hesab edirdi ki, konkret şeylər - hiss ilə qavranılan varlıq materiya ilə formanın birləşməsi nəticəsində yaranmışdır. Forma bu əsas elementdən gerçək real varlığı yaradır. Onun fikrincə, həqiqi varlıq materiya və formanın vəhdətindən ibarətdir. Formalar forması isə Allahdır.
Aristotelin əsərlərində bir sıra dialektik fikirlərə rast gəlirik. O, “Metafizika” və “Fizika” əsərlərində hərəkət haqqında xüsusi təlim yaratmışdı. O, “Metafizika”da sübut etməyə çalışırdı ki, hərəkətin mənbəyi ilk hərəkətverici qüvvə olan Allahdır. Aristotel “Kateqoriyalar” əsərində hərəkətin meydana gəlmə, məhv olma, artma, azalma, dəyişmə və yerdəyişmə kimi növlərini göstərmişdir.
O həm də zaman və məkan kateqoriyalarının şərhini vermiş, konkret varlıq və zaman arasında sıx əlaqə görmüş, zaman və hərəkətin qarşılıqlı əlaqəsinin izahına xüsusi diqqət yetirmişdir.
Aristotel idrak nəzəriyyəsində hissi idrakı idrakın əsas və tarixən birinci səviyyəsi hesab edirdi. O deyirdi ki, insan konkret varlığı - birinci mahiyyəti, ayrı-ayrı şeyləri hiss üzvləri vasitəsi ilə, konkret gerçəkliyin ümumi qanunauyğunluqlarını isə əql vasitəsi ilə dərk edir. Filosof idrakı inkişafda olan bir proses kimi xarakterizə edir, onun aşağı pillədən yüksək pilləyə doğru yüksəlməsini göslərirdi. Aristotel fəlsəfəsində idrakın bu inkişaf mərhələləri aşağıdakılardan ibarətdir: duyğu, təsəvvür, təcrübə, incəsənət və elm. Elm - bu inkişafın ən yüksək zirvəsidir.
Aristotel hissi idrakla məntiqi idrak arasındakı dialektik vəhdəti görürdü. O deyirdi ki, ümumini yalnız müşahidə və ya “xatırlama” vasitəsilə dərk etmək olmaz. Bunun üçün təfəkkürü praktiki fəaliyyətlə tutuşdurmaq, müqayisə etmək lazımdır. Aristotel hiss ilə qavranılan gerçəkliyə və abstraksiyalar vasitəsi ilə əldə edilən anlayışlara əsaslanan elmi idrakı mülahizədən fərqləndirirdi.
Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir. O, hesab edirdi ki, ideyalar aləmi haqqında Platonun təlimi real varlığın dərk olunmasına nəinki kömək etmir, əksinə onu bir qədər də çətinləşdirir.
Aristotelin əsərlərində məntiq problemi də mühüm yer tutur. O, məntiqi elmi idrakın silahı hesab edirdi. Məhz buna görə də özünün məntiqə dair ən böyük əsərini “Orqanon” (silah) adlandırmışdır. Aristotel bir elm kimi, məntiqin nəzəri əsaslarını işləyib hazırlamışdır.
Aristotelin kosmoloji baxışları da çox maraqlıdır. O deyirdi ki, kosmos da dünyanın mərkəzi olan Yer kürəsi kimi şara bənzərdir. Burada ayrı-ayrı ulduzlar hərəkət edirlər. Yerə daha çox yaxın olan Aydır, ondan sonra gələn Günəşdir və başqa planetlərdir. Yerdən ən çox uzaqda olan bərəkətsiz ulduzlardır. Aristotelin fikrincə, Aydan Yerə qədər məkanda nə varsa, hamısı materiya və efirlə doldurulmuşdur. Bütün Kainat 5 elementdən -od, su, hava, torpaq və efirdən ibarətdir. Aristotel belə hesab edirdi ki, göy cisimləri dəyişməzdir, lakin daimi dairəvi hərəkətdədir. Yer dəyişir, amma hərəkət etmir. Aristotelin ilk təkan ideyası, sonralar göy cisimlərinin hərəkəti haqqında teoloji konsepsiyaların meydana gəlməsinə səbəb oldu.
Aristotelin cəmiyyət və dövlət haqqındakı fikirləri onun “Siyasət” adlı traktatında şərh olunmuşdur. Filosofun sosial baxışlarında nəzər-diqqəti cəlb edən məsələlərdən biri də insanın ictimai varlıq kimi xarakterizə edilməsidir. O, quldarlıq quruluşunun ardıcıl müdafiəçilərindən biri idi. Aristotel quldarlığı cəmiyyətin təbii vəziyyəti hesab edirdi. Onun fikrincə, birinin tabelikdə olması, digərinin isə hökmranlıq etməsi əvvəlcədən müəyyən edilmişdir. Biri anadangəlmə qul olur, digəri isə quldar. Aristotel quldarlıq cəmiyyətini “əbədiləşdirsə”də başa düşürdü ki, getdikcə bu cəmiyyətin böhranı başlayır. Ona görə də o, həddindən artıq varlanmanın əleyhinə çıxır və belə hesab edirdi ki, bu, cəmiyyətdə tarazlığı pozur.
Aristotelin fikrincə, insan cəmiyyəti 3 sinifdən ibarət olmalıdır.

  1. Ən çox varlılar;

  2. Orta sinif;

  3. Son dərəcə kasıblar - azad sənətkarlar, əlmuzdu işləyənlər.

Onun fikrincə, dövlətin əmin-amanlığı üçün ən sərfəli orta sinifdir. Aristotel dövlətin 3 münasib idarə formasından danışır, onları monarxiya, aristokratiya və politeya adlandırırdı. Aristotel dövlətin vəzifəsini aşağıdakılardan ibarət hesab edirdi:

  1. Vətəndaşların həddindən artıq varlanmasının qarşısını almaq;

  2. Şəxsiyyətin siyasi hakimiyyətinin həddindən artıq güclənməsinə imkan verməmək;

  3. Qulları itaətdə saxlamaq.

Aristotelin yaradıcılığı Antik fəlsəfənin, həm də bütün qədim təfəkkürün yüksək zirvəsi idi. O, Qədim dünyanın ən böyük alimi, görkəmli filosofu idi. Fəlsəfə tarixində etika, estetika və məntiq haqqındakı təlimlər Şərq filosoflarından sonra özünün ən geniş şərhini Aristotelin əsərlərində tapmışdı. Aristotel öz dövrünün elmi nailiyyətlərini sistemləşdirməklə yanaşı, həm də onları fəlsəfi cəhətdən ümumiləşdirmişdir. Aristotel təlimi, sonrakı dövlərdə meydana gələn bir sıra fəlsəfi sistemlərin başlanğıcı oldu. O, Şərqdən bəhrələnməklə, həm də Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının fəlsəfi fikrinin inkişafına böyük təsir göstərmişdir.

Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə